Məhkəmə qərarları › İş №e-2(3-6)-4336/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4336/2026

21.09.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4336/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın həyətində qanunsuz tikilməkdə olan tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə əsl olmayan iddiaçının əsl iddiaçı İddiaçı ilə əvəz edilməsinə dair ərizə vermiş və məhkəmə tərəfindən əsl olmayan iddiaçı Nümayəndə əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın həyətində qanunsuz inşa edilmiş tikililərin sökülməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayəti ilə birlikdə müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin üzrlü hesab edilməsi və müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün hesab edilərək, apellyasiya icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadından şikayət və müddətin bərpa edilməsi barədə ərizə təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəyə və şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinə uyğunluğunun yoxlanılması məqsədi ilə mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1 müddətin bərpası barədə ərizəsinin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh “xxxx” MMC-nin nümayəndəsi-vəkili vəkil2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərardad ## ###### 2025-ci ildə qəbul edilmiş, ## ###### 2026-cı ildə "Elektron Məhkəmə" informasiya sisteminə yerləşdirilmiş və iddiaçının nümayəndəsinin elektron kabinetində qərardad mövcud olmuşdur. Bu hallar iddiaçının nümayəndəsinin qərardaddan məlumat almaq imkanının mövcud olduğunu təsdiq edir. Prosessual qanunvericilik nümayəndənin məlumatlı olmasını tərəfin məlumatlı olması kimi qiymətləndirir. Nümayəndə, iş üzrə bütün prosessual hüquq və vəzifələri həyata keçirən şəxsdir. Belə olduğu halda, nümayəndənin elektron kabinetinə yerləşdirilmiş qərardad barədə iddiaçının məlumatı olmamasına istinad edilməsi qanuna uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadında iddiaçının şikayət vermək hüququndan sui-istifadə etməsi halının müəyyən edilmədiyini qeyd edərək, bu amili prosessual müddətin bərpası üçün əsaslardan biri kimi qiymətləndirmişdir. Lakin məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına, prosessual qanunvericiliyin tələblərinə və nümayəndəlik institutunun hüquqi mahiyyətinə uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı bütün məhkəmə icraatı müddətində peşəkar nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Nümayəndə işdə iştirak edən şəxsin adından və onun maraqlarına uyğun olaraq prosessual hüquqları həyata keçirir, prosessual vəzifələri icra edir və ona təqdim olunan məhkəmə sənədlərinin hüquqi nəticələri birbaşa təmsil etdiyi şəxs üçün hüquqi nəticələr doğurur. Bu baxımdan nümayəndənin məhkəmə aktı ilə tanış olması və ya tanış olmaq imkanına malik olması hüquqi baxımdan təmsil olunan şəxsin həmin akt barədə məlumatlandırılması kimi qiymətləndirilməlidir. Mübahisələndirilən qərardad iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş və onun həmin qərardadı əldə etmək imkanı olmuşdur. Bu halda iddiaçının qərardaddan xəbərsiz olması barədə arqumenti hüquqi əhəmiyyət kəsb etmir. Çünki nümayəndənin prosessual hərəkətləri və ya hərəkətsizliyi, o cümlədən məhkəmə sənədləri ilə vaxtında tanış olmaması və ya həmin sənədlər üzrə qanunla müəyyən edilmiş müddətdə müvafiq prosessual tədbirləri görməməsi təmsil olunan şəxs üçün prosessual nəticələr yaradır və sonradan müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz. İddiaçı nümayəndə vasitəsilə məhkəmə prosesində iştirak etmiş, nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş məhkəmə aktının hüquqi nəticələrindən xəbərdar olmaq imkanına malik olmuş, lakin həmin imkanlardan vaxtında istifadə etməmiş, sonradan isə qərardaddan xəbərsiz olduğunu əsas gətirərək prosessual müddətin bərpasını tələb etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-***/**** saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1 şikayət verərək, həmin qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı “Elektron Məhkəmə” İnformasiya Sistemində iddiaçının deyil, həmin dövrdə işdə atası Nümayəndə oğlunun nümayəndəsi qismində çıxış etmiş vəkil Ağazadə İlkin İlqar oğlunun elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı vəkil Ağazadə İlkin İlqar oğluna onu təmsil etmək üçün hər hansı bir etibarnamə verməmişdir. Vəkil Ağazadə İlkin İlqar oğlu iddiaçını məhkəmədə təmsil etməmişdir. İddiaçı ilə imzalanmış ##.##.2026-cı il tarixli müqavilə və verilmiş etibarnamə əsasında iddiaçının bilavasitə özü hazırda tərəfindən təmsil edilir. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən qərardaddan şikayət vermək üçün müddətin buraxılmasının üzrsüz olması o əsasla motivləşdirilmişdir ki, iddiaçı peşəkar vəkil vasitəsilə təmsil olunduğundan, vəkilin (nümayəndənin) hərəkət və hərəkətsizliyi təmsil olunan şəxs üçün hüquqi nəticələr doğurur və buna görə də iddiaçının qərardaddan xəbərsiz olması barədə istinadları müddətin bərpası üçün əsas ola bilməz. Konkret halda, iş materiallarından göründüyü kimi, iddiaçının atası Nümayəndə vəkillə müqaviləni və etibarnaməni öz adından, özünü təmsil etdirmək məqsədilə imzalamışdır, iddiaçının adından deyil. Deməli, vəkil Ağazadə İlkin İlqar oğlu prosessual mənada iddiaçının deyil, iddiaçının atasının nümayəndəsi olmuşdur. Bu şəxsin hərəkəti və ya hərəkətsizliyi, o cümlədən qərardadın onun elektron kabinetinə yerləşdirilməsi, yalnız Nümayəndə üçün üçün hüquqi nəticə doğura bilər, iddiaçı üçün yox. Bu baxımdan, birinci instansiya məhkəməsinin “iddiaçının nümayəndəsi peşəkar vəkil vasitəsilə təmsil olunmuşdur, buna görə də vəkilin hərəkətləri iddiaçı üçün nəticə doğurur” qənaəti faktiki cəhətdən yanlış faktiki əsasa (təmsilçilik subyektinin qarışdırılmasına) əsaslanır və hüquqi cəhətdən əsassızdır. İddiaçı “Elektron Məhkəmə” İnformasiya Sistemində qeydiyyatdan keçməmişdir, qərardad ona poçt vasitəsilə göndərilməmişdir və o, öz adından təmsil olunmadığından, qərardad haqqında obyektiv olaraq məlumatlı ola bilməzdi. İddiaçı qərardadın mövcudluğu barədə ilk dəfə yalnız ## ###### 2026-cı il tarixdə, cavabdeh tərəfindən şikayət verilməsi barədə məlumatı olduqdan dərhal sonra vəkilə müraciət etmiş və onların vasitəsilə ona “SİMA” proqramı açmaqla proqram vasitəsilə qərardadın mətnini əldə edə bilmişdir. Bu hallar iddiaçının iradəsindən asılı olmayan, obyektiv xarakter daşıyan hallardır və Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin mənasında üzrlü səbəb kimi qiymətləndirilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından “şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə İddiaçı nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş ərizəyə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin: - 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 130.1-ci maddəsinə görə isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. - 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Prosessual müddətin bərpası məsələsində əsas şərt müddətin hansı səbəbdən buraxıldığının və həmin səbəbin prosessual hərəkətin vaxtında həyata keçirilməsinə obyektiv maneə yaradıb-yaratmadığının müəyyən edilməsidir. Hazırkı iş üzrə müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı “Elektron Məhkəmə” informasiya sistemində ## ###### 2026-cı il tarixdə yerləşdirilməklə Nümayəndə vəkili Ağazadə İlkin İlqar oğlunun elektron kabinetində də əks olunmuşdur. Lakin iş materiallarından görünür ki, Ağazadə İlkin İlqar oğlu həmin dövrdə hazırkı iddiaçı İddiaçı deyil, onun atası Nümayəndə vəkili qismində çıxış etmişdir. Başqa sözlə, həmin vəkilin iddiaçı İddiaçı məhkəmədə təmsil etmək üçün verilmiş səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Bu baxımdan, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının prosessual nümayəndəsinin peşəkar vəkil vasitəsilə təmsil olunmasını əsas götürərək həmin vəkilin məhkəmə aktı ilə tanış olmaq imkanının iddiaçının da məlumatlandırılması kimi qiymətləndirilməsi barədə nəticəsi işin faktiki hallarına uyğun deyildir. Çünki prosessual nümayəndənin həyata keçirdiyi hərəkətlərin təmsil olunan şəxs üçün hüquqi nəticə doğurmasının ilkin şərti həmin şəxslə nümayəndə arasında lazımi qaydada rəsmiləşdirilmiş nümayəndəlik münasibətinin mövcud olmasıdır. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən isə vəkil işdə iştirak edən şəxsin tapşırığı ilə vəkalət əsasında məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş digər hüquqlardan istifadə edir. Məhkəmə Kollegiyası hesab edir ki, Nümayəndə vəkili olmuş Ağazadə İlkin İlqar oğlunun elektron kabinetinə məhkəmə aktının yerləşdirilməsi həmin prosessual sənədin İddiaçı rəsmi qaydada təqdim edilməsi kimi qəbul edilə bilməz. Belə ki, sözügedən vəkilin iddiaçı İddiaçı nümayəndəsi kimi iş materiallarında səlahiyyətini təsdiq edən hər hansı sənəd müəyyən edilməmişdir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tətbiqi üçün məhkəmə sənədinin işdə iştirak edən şəxsin özünün və ya onun lazımi qaydada səlahiyyətləndirilmiş nümayəndəsinin elektron kabinetində yerləşdirilməsi və bununla həmin şəxsə rəsmi qaydada çatdırılması məsələsi müəyyən edilməlidir. Hazırkı halda isə məhkəmə aktının iddiaçının öz elektron kabinetində yerləşdirilməsi və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməsi müəyyən edilməmişdir. Bu səbəbdən yalnız həmin qərardadın iddiaçının atasının vəkilinin elektron kabinetində yerləşdirilməsi faktına əsasən iddiaçının qərardaddan məlumatlı olduğu və prosessual müddətin onun üçün həmin tarixdən başladığı qənaətinə gəlmək mümkün deyildir. Digər tərəfdən, iş materiallarından iddiaçının hazırkı nümayəndəsi-vəkili ilə ## ###### 2026cı il tarixdə müqavilə bağladığı, həmin tarixdə qərardaddan məlumat əldə etdiyi və bundan sonra prosessual müddətin bərpası üçün müraciət etdiyi görünür. Bu hallar iddiaçının əvvəlki vəkil vasitəsilə təmsil olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticənin yenidən qiymətləndirilməsini zəruri edir. Bununla yanaşı, Məhkəmə Kollegiyası qeyd edir ki, prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi və ya edilməməsi məsələsi üzrə bütün hüquqi əhəmiyyətli hallar, o cümlədən ## ###### 2025-ci il tarixli qərardadın iddiaçıya hansı qaydada çatdırılması, həmin tarixdə iddiaçının özünün və ya lazımi qaydada səlahiyyətləndirilmiş nümayəndəsinin olubolmaması, habelə müddətin buraxılmasının səbəblərinin Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələbləri baxımından üzrlü hesab edilə bilib-bilməməsi birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmalıdır. Bu baxımdan, hazırkı mərhələdə müddətin bərpası barədə ərizənin mahiyyəti üzrə yekun nəticəyə gəlmək üçün iş materiallarının birinci instansiya məhkəməsinə qaytarılması məqsədəuyğundur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmalı, xüsusilə ## ###### 2025-ci il tarixli qərardadın iddiaçı İddiaçı və ya onun həmin vaxt səlahiyyətli nümayəndəsinə qanunla müəyyən edilmiş qaydada təqdim edilib-edilmədiyini müəyyən etməli və bundan sonra Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərinə uyğun olaraq ərizə üzrə əsaslandırılmış prosessual qərar qəbul etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı müddətin buraxılmasının əsasını təşkil edən halların müəyyən edilməsində və nümayəndəlik münasibətlərinin düzgün qiymətləndirilməsində yol verilmiş nöqsanlara görə ləğv edilməli, İddiaçı nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından “şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə İddiaçı nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş ərizəyə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ləğv edilsin. Mülki iş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadından “şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası” barədə İddiaçı nümayəndəsi-vəkili vəkil1 tərəfindən verilmiş ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar