Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1072/2021 01.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, 19, 26 saylı həyət evində qazdan istifadəyə qaydalarının pozulması ilə əlaqədar tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 399,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, X6 küçəsi 19 ünvanında yerləşən 26 saylı həyət evi xüsusi mülkiyyət hüququ əsasında mərhum anası X1 məxsus olmuşdur. Həmin mülki anası hələ sağlığında ikən (2016-cı ildə) ona və bacısına bağışlamış, bu barədə onların adlarına xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Anası xəstə olduğundan 2012-ci ilin iyun ayından etibarən onun yanında yaşamağa başlamış, son illərdə yataq xəstəsi olmuş və xx xxxxxxxx 2019-cu il tarixində vəfat etmişdir. 2012-ci ilin iyun ayının sonlarından həmin evdə heç kim yaşamamış, qazdan istifadə edilməmişdir. Həmin vaxta kimi olan borclar tam ödənilmişdir. Bu faktı cavabdeh tərəfindən verilmiş “Abonent saldosu” adlanan elektron cədvəl də təsdiq edir. Həmin cədvəldən də məlum olur ki, qeyd olunan ünvanda sonuncu dəfə 2012-ci ilin may ayında (170 kub.m.) qazdan istifadə olunmuş və cəmi 36,3 manat borc qalmışdır. Həmin borc da 2012-ci ilin iyun ayında tam ödənilmişdir. 2012-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayınadək qaz sərfiyyatı yoxdur (0,00). Lakin 2019-cu ilin fevral ayında sərfiyyat 3996 kub.m. qeyd olunmuş və 399,6 manat borcu olduğu göstərilmişdir. Cavabdeh tərəfindən əsassız hesablanmış həmin borca qəti surətdə etirazını bildirir. Belə ki, 2020-ci ilin iyul ayında xüsusi mülkiyyətində olan həmin evdən istifadə etmək istədikdə məlum oldu ki, küçədə quraşdırılmış qaz sayğacı yerində yoxdur. 2020-ci ilin avqust ayında bu barədə cavabdehə ərizə ilə müraciət etmiş və ərizəsinə verilmiş xx xxxxxx 2020-ci il tarixli cavabdan məlum oldu ki, cavabdehin təşkilatların əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" ******* nömrəli akt tərtib olunmuş, akta əsasən sayğac çıxarılmış və yoxlamaya göndərilmişdir. Yoxlamanın nəticəsinə əsasən rəy verilmiş və həmin rəyə əsasən “Təbbi qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt tərtib olunmuş və həmin akta əsasən 399,60 manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsini və həmin akta əsasən hesablanmış 399,6 manat borcun silinməsini xahiş etsə də, qərəzli olaraq bundan imtina olunmuşdur. Ona görə də məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan faktlar ərizəsinə əlavə olunan sənədlərlə tam təsdiq olunur. Həmin faktları qohumu və qonşuları da təsdiq edə bilərlər. Ona görə də belə hesab edir ki, cavabdeh təşkilat tərəfindən xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, 19, 26 saylı həyət evində qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli akt qanunsuz və əsassız olduğundan ləğv edilməli, habelə həmin akta əsasən hesablanmış 399,6 manat borc silinməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ona məxsus ev həyət evidir və sayğac küçədə quraşdırılıb. Sayğacı dəyişəndə ümumiyyətlə ona xəbər verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X6 küçəsi 19, 26 saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş, həmin evin hüquq sahibləri “Q” tikilisi üzrə X4, “A” tikilisi üzrə X3, “B” ½ hissəsi üzrə tikilisi İddiaçı və Kərimova Dilarə Vəkil qızı müəyyən edilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 331 nömrəli reyestr kitabının 30930 nömrəli vərəqində qeydiyyat aparılmışdır; 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, AZ-İİ seriyalı, 035962 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxxx 2019-cu il tarixdə essensial hipertenziya səbəbi ilə Bakı şəhərində ölmüşdür. Bu barədə akt qeydləri kitabında xx xxxxxxxx 2019-cu il tarixdə 1691 nömrə ilə qeyd edilmişdir; “Cavabdeh” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Məmmədova Simnaza aid ünvanda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3996m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə xx xxxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, **********50000 kodlu abonentin qaz sayğacı əvəz edilmişdir; “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, xətalar normadan artıqdır, çıxış yivli birləşmə korroziyaya uğramışdır. Sol metrologiya plombunun üzərində boya mövcuddur; Qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-02712 saylı aktdan görünür ki, xətalar normadan artıqdır, 1202AQ**********8 nömrəli sayğacın LCD ekranında rəqəmlər qarışıb. Çıxış yivli birləşmə korroziyaya uğrayıb. Sol metrologiya plombunun üzərində boya mövcuddur; **********50000 saylı abonent X2 abonentin saldosundan görünür ki, onun 2019-cu ilin fevral ayı üçün borcu 399,6 manat təşkil edir; Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, sonuncuya 399,6 manat məbləğində borcunun olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evində quraşdırılmış sayğacda qüsurların olduğunu müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 399,6 manat borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 399,6 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia borcun silinməsi hissəsində təmin edilməli, İddiaçı qazdan istifadəyə görə hesablanmış həmin borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməlidir. İddia tələbinin akt ləğv edilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin akt laboratoriya aktına əsaslanmaqla, dəymiş ziyanın hesablanmasını özündə əks etdirir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi həmin hissədə rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı (Abonent kodu: **********50000) qazdan istifadəyə görə hesablanmış 399,6 (üç yüz doxsan doqquz manat, altmış qəpik) manat məbləğində hesablanmış borc cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1072/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1072/2021
01.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver