Məhkəmə qərarları › İş №2(001)-1075/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1075/2021

23.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1075/2021 23.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi cəlb edilməklə) imtina barədə ərizələrin etibarsız saylıması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlar tərəfindən verilmiş və 1 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilməklə müvafiq olaraq 8İ-55763 və 8İ-746 nömrələrlə reyestrdə qeydiyyata alınmış miras əmlakdan çatası paydan Cavabdeh xeyrinə imtina edilməsi barədə ərizələrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, xx xxxxxxx 2019-cu il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş atası - X4 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan onlara çatası paydan mərhumun arvadı, doğma anaları - Cavabdeh xeyrinə imtina etmişlər. Həmin ərizələr 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiq edilməklə xx xxxxxxx 2019-cu il tarixdə 8İ-55763 və 8İ-55746 nömrə reyestrdə qeydiyyata alınmışdır. Lakin, bundan sonra vərəsəliklə əlaqədar müvafiq sənədlərin rəsmiləşdirilməsi zamanı onlara məlum olmuşdur ki, mərhum atası ilə anası arasında Səadət Sarayında (Bakı nikah evi) xx xxxxxx 1979-cu il tarixdə 5335 nömrəli aktla qeydə alınmış nikah Bakı şəhəri Binəqədi rayon Xalq Məhkəməsinin xx xxxxxxx 1993-cü il tarixli qətnaməsinə əsasən (xx xxxxxxx 1993-cü ildə qanuni qüvvəyə minmişdir) ləğv edilmişdir. Bu barədə isə onların heç bir məlumatı olmamış və bu səbəbdən də bilməyərəkdən, yanlış olaraq atalarından qalan mirasdan doğma anaları, hazırda qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasına daxil olmayan Cavabdehmın xeyrinə imtina barədə ərizə vermişlər. Mərhum atalarının isə onlardan, yəni iki qız övladından başqa qanuni vərəsəsi yoxdur. Eləcə də miras əmlakın qəbul edilməsi barədə vərəsələr arasında hər hansı mübahisə mövcud deyildir. Eyni zamanda mirasın qəbulundan imtina barədə ərizələri etibarsız hesab edilmədiyinə görə atalarından qalan, hal-hazırda sahibliklərində və istifadələrində olan miras əmlakı - X4 və onun ailə üzvlərinin adına Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 4/145 saylı Qərarı və “Şəms” bağçılıq yoldaşlığının xx xxxxxxxx 1996-cı il tarixli 09 saylı protokolu əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən xx xxx 2006-cı il tarixli şəhadətnamə və “Torpaq sahəsinin planı və ölçüsü” verilmiş Türkan bağ massivində yerləşən 2/3745-3746 saylı 0,10 hektar bağ sahəsini nə doğma analarının adına, nə də öz adlarına rəsmiləşdirmək mümkün deyildir. Ona görə də yuxarıda qeyd olunanları nəzərə alıb, yanılma nəticəsində İddiaçı2 tərəfindən verilmiş **********763 saylı və İddiaçı1 tərəfindən verilmiş **********746 saylı və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilməklə reyestrdə müvafiq olaraq 8İ-55763 və 8İ-746 nömrə ilə qeydiyyata alınmış miras əmlakdan çatası paydan Cavabdeh xeyrinə imtina edilməsi barədə ərizələrin ləğv edilməsi xahişi ilə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna tərəflərindən müraciət edilmişdir. Ərizələrinə cavab olaraq, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx xxxxxxx 2020-ci il tarixli 718 saylı cavab məktubunda 8İ-55763 və 8İ746 № ilə qeydiyyata alınmış mirasın qəbulundan imtina barədə ərizələrin notarius tərəfindən ləğv edilməsinin mümkün olmaması göstərilməklə imtina edilmiş və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Həmin imtina məktubu onlara rəsmi qaydada poçt vasitəsilə xx xxxxxxx 2020-ci il tarixdə verilmişdir. Qanunvericilik birmənalı şəkildə vərəsənin mirası qəbul etməkdən imtina etməsi zamanı yalnız qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilməsini nəzərdə tutur. Ona görə də notarius vərəsələrin mirası qəbul etməkdən imtina barədə ərizələrini təsdiq edərkən xeyrinə imtina edilmiş şəxsin vərəsələr sırasına aid olub-olmaması məsələsini aydınlaşdırmadan həmin ərizələri təsdiq etmişdir. Bundan əlavə, birgə iddiaçılar tərəfindən mirasın qəbulundan imtina barədə ərizə verilərkən varisin vəfat edənə qədər xeyrinə imtina edilmiş şəxslə, yəni birgə iddiaçıların doğma anası ilə faktiki nikahda olması, onunla birgə təsərrüfatı idarə etməsi və bir yerdə yaşaması vacib əhəmiyyətli yanılma kimi əqdin bağlanmasına ciddi təsir göstərmişdir. Ona görə də, mirasın qəbulundan imtina barədə ərizələr verildiyi andan məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Pandemiya ilə əlaqədar olaraq Bakı şəhərində üzün müddət xüsusi karantin tədbirlərinin tətbiqi, eləcə də Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü nəticəsində ölkədə hərbi vəziyyətin elan edilməsi məhkəmədə vaxtında iddia qaldırılmasına təsir edən üzrlü səbəb kimi məhkəmə tərəfindən nəzərə alınması xahiş olunur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Digər İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclaslanın yeri və vaxtı barədə cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş çıxarışdan görünür ki, X6 ilə X9 arasında nikah xx xxxxxx 1979-cu il tarixdə 5335 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Musayeva soyadı verilmişdir. xx xxxxxxxx 1985-ci il tarixdə Kirov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 oktyabr dekabr 1984-cü il təvəllüdlü X1 atası X6, anası isə Cavabdehdır. xx xxxxxxxx 1986-cı il tarixdə Kirov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1981-ci il təvəllüdlü X2 atası X6, anası isə Cavabdehdır. JN-30396D, 00305016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Türkan bağ massivində yerləşən 0.10 hektar 2/3745-3746 saylı bağ sahəsi X4 müıkiyyətinə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin qətnaməsindən çıxarışdan görünür ki, X6 ilə X7 arasında olan nikah ləvğ edilmişdir. Qətnamə xx xxxxxxx 1993-cü il tarixdən qanuni qüvvəsini almışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxx 2019cu il tarixdə ürəyin xroniki işemik xəstəliyindən ölmüşdür. İddiaçı2 tərəfindən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində verilmiş və reyestrdə 8İ-55763 nömrə ilə qeyd edilmiş **********763 nömrəli ərizənin surətindən görünür ki, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş atası - X4 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan mərhumun arvadı - Cavabdeh xeyrinə imtina edir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsi ona oxunmuş və notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz və mirasdan imtina etməklə o, nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur. İddiaçı1 tərəfindən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində verilmiş və reyestrdə 8İ-55746 nömrə ilə qeyd edilmiş **********746 nömrəli ərizənin surətindən görünür ki, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş atası - X4 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan mərhumun arvadı - Cavabdeh xeyrinə imtina edir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsi ona oxunmuş və notarius tərəfindən ona izah edilmişdir ki, Azərbaycan Respublikası 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürülə və ya ləğv edilə bilməz və mirasdan imtina etməklə o, nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı2 və İddiaçı1 ünvanlanmış məktubun surətindən görünür ki,xx xxxx 2019-cu il tarixində vəfat etmiş ataları X4 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan onlara çatası paydan Cavabdeh Maksud qızının xeyrinə imtina etməklə bağlı yazdıqları və həmin tarixdə notarius tərəfindən təsdiq edilmiş ərizələrin ləğvi barədə müraciətlərinə baxılmışdır. Ərizələrə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.256cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Eləcə də həmin Məcəllənin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Odur ki, onların mirasın qəbulundan imtina barədə xx xxxxxxx 2019-cu il tarixli 8İ- 55763 və 8İ-55746 reyestr nömrəli ərizələrin notarius tərəfindən ləğv edilməsi mümkün deyildir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyy Nazirliyi Qeydiyyat və notariat baş idarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx xxxxxx 2020-ci il tarixli, 05/2-7573/13 nömrəli cavab məktubundan görünür ki, N.Musayevlə Cavabdeh xx xxxxxx 1979-cu il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) nikaha daxil olmuş, həmin nikahın pozulması xx xxxx 1994-cü ildə Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx xxxxxx 2020-ci il tarixli, 975 nömrəli cavab məktubundan görünür ki, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş X4 adına vərəsəlik işi açılmamışdır. Yalnız İddiaçı1 və İddiaçı2 ərizələrində imzaların həqiqiliyinin təsdiqi notariat hərəkəti rəsmiləşdirilmişdir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx xxxxxx 2020-ci il tarixli, 130 nömrəli cavab məktubundan görünür ki, vətəndaş Əliyeva və İddiaçı2 xx xxxxxxx 2019-cu il tarixdə Bakı 1 saylı “ASAN” XM-də ƏN-nin notariat ofisinə xx xxxx 2019-cu il tarixdə vəfat etmiş ataları X3 miras qalmış əmlak paylarından mərhumun arvadı Cavabdeh xeyrinə imtina ərizələrində imzalarının təsdiqi notariat hərəkətinin rəsmiləşdirilməsi üçün müraciət etmişlər. Ərizələrin məzmunu X5 Sistemi üzərindən tərtib edilmiş, hər iki vətəndaşa ərizənin məzmunu oxunmuş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin məzmunu izah edilmiş, aparılmış notariat hərəkətinin gələcəkdə yarada biləcəyi hüquqi nəticələr barədə ətraflı məlumat verilmiş, daha sonra ərizələr təsdiq olunaraq onlara təqdim olunmuşdur. Həmin tarixdə və ondan sonrakı tarixlərdə mərhuma məxsus miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün hər hansı digər vərəsə tərəfindən notariat ofisinə müraciət daxil olmamışdır. Bir müddətdən sonra vətəndaşlar İddiaçı1 və İddiaçı2 mərhum Nurəddin Musayevdən miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiklərini, bunun üçün başqa notariat ofisinə müraciət etdiklərini, lakin orada X5 Sistemi üzərindən axtarış aparılarkən xx xxxxxxx 2019-cu il tarixdə təsdiq etdirdikləri mirasdan imtina ərizələri aşkar olunduğu üçün mirasın qəbulu barədə ərizələrinin notarius tərəfindən qəbul edilmədiyini bildirərək, əvvəlki ərizələrinin ləğv edilməsi və X5 Sistemi üzərində ləğv qeydiyyatlarının aparılması xahişi ilə notariat ofisinə müraciət etmişlər. Bununla bağlı vətəndaşlara təkrar olaraq izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əlavə olaraq bildirilmişdir ki, X5 Sistemi üzərində xx xxxxxx 2021-ci il tarixdə aparılmış ən son axtarışda mərhum X4 adına hər hansı bir notariat ofisində açılmış vərəsəlik işi aşkar olunmamışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx xxxxxx 2020-ci il tarixli, 297 nömrəli cavab məktubundan görünür ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx xxxx 2019-cu il tarixdə vəfat etmiş X4 adına vərəsəlik işi açılmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 ilə Cavabdeh birgə nikahından iddiaçılar İddiaçı2 və İddiaçı1 anadan olmuş, daha sonra isə Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin qətnaməsi ilə X6 ilə Cavabdeh arasında olan nikahın pozulması xx xxxx 1994-cü ildə Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. xx xxxx 2019-cu il tarixdə X6 vəfat etmişdir. İddiaçılar 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində müraciət edərək vəfat etmiş ataları - X4 məxsus miras paydan cavabdehin xeyrinə imtina etmişlər. Hazırda isə iddiaçılar ərizə yazdıqları vaxtda valideynləri arasında olan nikahın pozulmasından məlumatlı olmadıqlarını bildirərək, həmin ərizələrin etibarsız hesab edilməsini xahiş edirlər, cavabdeh isə iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər; 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Hazırki iş üzrə isə X6 ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edildiyindən sonuncu mərhumun qanun üzrə vərəsəsi ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış və iddiaçıların birtərəfli iradə ifadəsini əks etdirən əqdlər, yəni iddiaçıların miras əmlakdan onlara çatası paydan cavabdehin xeyrinə imtina edilməsi barədə ərizələr etibarsız sayılmalıdırlar. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı hesab edilməklə təmin edilməli və 1 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-55763 nömrə ilə qeydiyyata alınmış İddiaçı2 miras əmlakdan ona çatası paydan Cavabdeh xeyrinə imtina edilməsi barədə ərizəsi (**********763) və 1 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-55746 nömrə ilə qeydiyyata alınmış İddiaçı1 miras əmlakdan ona çatası paydan Cavabdeh xeyrinə imtina edilməsi barədə ərizəsi (**********746) etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 1 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-55763 nömrə ilə qeydiyyata alınmış İddiaçı2 miras əmlakdan ona çatası paydan Cavabdeh xeyrinə imtina edilməsi barədə ərizəsi (**********763) etibarsız hesab edilsin. 1 saylı Bakı “ASAN-xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə təsdiq edilmiş və reyestrdə 8İ-55746 nömrə ilə qeydiyyata alınmış İddiaçı1 miras əmlakdan ona çatası paydan Cavabdeh xeyrinə imtina edilməsi barədə ərizəsi (**********746) etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar