Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1095/2022 05.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (qardaşı) X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi (Abonent kodu: **********00198) ünvanına xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmış 494 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (qardaşı) X6 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməmiş və iddiaya qarşı verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək, bildirmişdir ki, istifadə edilmiş elektrik enerjisi barədə iddiaçıya hər ay məlumat təqdim edilmişdir. Həmin qəbzlərdə ay ərzində istifadə olunmuş elektrik enerjisinin hesabı və ümumi borc məbləği göstərilmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmış borc hər ay üzrə hesab-qəbzdə göstərilmişdir. Lakin iddiaçı göstərilən borc barədə xəbərdar olsa da, məhkəməyə yalnız 2021-ci ildə, yəni mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötdükdən sonra müraciət etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı istifadə və sahibliyindədir. Həmin ev cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təchiz edilmiş və bununla bağlı həmin ünvanda elektrik sayğacı quraşdırılmaqla iddiaçıya **********00198 nömrəli abonent kodu verilmişdir. Lakin iddiaçı istifadə edilmiş elektrik enerjisinin ölçüsünə uyğun olaraq ödənişlər aparılmadığından onun cavabdehə borcu yaranmış və borc məbləği iddiaçının hesabına (saldosuna) daxil edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 494 manat məbləğində borcun hesablandığını, bu borcun tələb edilməsi üçün iddia müddətinin ötürüldüyünü bildirir və iddia müddətinin ötürülməsi səbəbindən iddia müddətini tətbiq etməklə borcun silinməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, qeyd edilən dövrdə iddiaçının ümumilikdə 404,73 manat məbləğində borcunun yarandığını, istifadə edilmiş elektrik enerjisi barədə iddiaçıya hər ay məlumat təqdim edildiyini, həmin qəbzlərdə ay ərzində istifadə olunmuş elektrik enerjisinin hesabının və ümumi borc məbləğinin göstərildiyini, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmış borcun hər ay üzrə hesab-qəbzdə göstərildiyini, lakin iddiaçının bu barədə xəbərdar olunmasına baxmayaraq məhkəməyə yalnız 2021-ci ildə, yəni mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötdükdən sonra müraciət etdiyini bildirir və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir; 1.3-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi elektrik enerjisinin alğı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanmalıdır; 7.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır; 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə görə Enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Məhkəmə, ilk növbədə qeyd edir ki, hər iki tərəf iddia müddətinin tətbiq edilməsini tələb edir. İddiaçı bu müddəti tətbiq etməklə iddianın təmin edilməsi, cavabdeh isə iddianın rədd edilməsini tələb edir. Halbuki, qüvvədə olan qanunvericiliyin bu məsələni tənzimləyən müddəalarının mənası və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən, habelə digər aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından hər iki tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Başqa sözlə, iddiaçı onun cavabdehə yaranmış borcunu iddia müddəti tətbiq edilməklə silinməsini tələb edə bilməz. Cavabdehin bu barədə ərizəsi əsasında da iddianın rədd edilməsi istisna olunur. Məhkəmə, o halı da qeyd edir ki, silinməsi tələb edilən məbləğ istifadə edilmiş elektrik enerjisinin dəyərinin ödənilməməsi, yəni iddiaçı tərəfindən öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində yaranmış borc məbləğidir. İddiaçı bu borcu yaranma tarixinə uyğun olaraq müvafiq ay üzrə istifadə edilmiş elektrik enerjisinin dəyəri olaraq ödəməli idi. Bu baxımdan iddiaçının ünvanına cavabdeh tərəfindən sayğacın quraşdırılması tarixindən etibarən tərəflər arasında müqavilə münasibətləri yaranmış və bu münasibətlər çərçivəsində cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz etmək, iddiaçı isə istifadə edilmiş elektrik enerjisinin ölçüsünə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürmüşdür. Lakin iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, istifadə edilmiş elektrik enerjisinin ölçüsünə uyğun olaraq ödənişlər etməmiş, nəticədə cavabdehə borcu yaranmışdır. Cavabdeh də məhz bu münasibətlərə istinadən iddiaçıya borc hesablamışdır. Lakin nəzərə alınmalıdır ki, iddia edilən borc məbləği xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək yaranmış borc məbləğidir və bu xidmətlərə görə ödənişlər vaxtaşırı ödənişlərə aid edildiyindən Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbləri baxımından iddiaçı 2016-cı ilin 22 dekabr tarixindən sonra (iddia xx.xx.2021-ci il tarixdə qaldırılmışdır) yaranmış borc məbləğini ödəməlidir. Belə ki, bu tarixədək yaranmış borcun ödənilməsi haqqında tələb 5 il keçdiyindən qüvvəsini itirmiş olur. Bununla da cavabdehin borcun ödənilməsi üzrə 2016-cı ilin dekabr ayının 22 tarixinədək yaranmış öhdəliyinə müddət etibarı ilə xitam verilməlidir. Bununla belə məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək hesablanmış (123,90 + 19,12 + 109,98 + 97,72 + 55,05 = 405,77) 405,77 manat silinməlidir. Bu məbləğin cavabdeh tərəfindən göstərilən məbləğdən 1,04 manat çox olması 2017-ci il üzrə 8,04 manat artıq ödənişin edilməsi və 2018-ci il üzrə 7 manat borcun yaranması ilə bağlı olmuşdur (8,04 – 7 = 1,04 manat). "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi (Abonent kodu: **********00198) üzrə İddiaçı tərəfindən istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun 405,77 manat hissəsi silinməli, iddia qalan hissədə rədd edilməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və İddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət mədaxilinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evi (Abonent kodu: **********00198) üzrə İddiaçı tərəfindən istifadə edilmiş elektrik enerjisinə görə yaranmış borcun 405,77 (dörd yüz beş manat, yetmiş yeddi qəpik) manat hissəsi silinsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1095/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1095/2022
05.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver