Məhkəmə qərarları › İş №2(001)-1100/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1100/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1100/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:

1. İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 02 iyun 2020-ci il tarixli MAS-2411 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 02 iyun 2020-ci il tarixli MAS-2411 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 avqust 2021ci il tarixə 229,48 manat gecikdirilmiş əsas, 167,78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 265,83 manat dəbbə pulu, 540 manat dəymiş zərər, ümumilikdə 1203,09 manat borc və ödənilmiş 32,44 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə X6 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli MAS-2411 saylı "X9"nə əsasən X1 ilə 2020-ci il buraxılışlı, "Khazar SD" minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220478 ban nömrəli, qara rangli avtomobil 13300 manat məbləğinə "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "X9"nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə Nº3) əsasən X6 illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu "xxxx" MMC nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 23 fevral 2021-ci il tarixdə X6, Əliyev İlkin Akif oğlu və "xxxx" MMC arasında MAS-2411 saylı "Ohdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış və 02 iyun 2020-ci il tarixli MAS-2411 saylı "Daxili lizinq” müqaviləsi üzrə Əliyev İlkin Akif oğlu bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 03 mart 2021-ci il tarixdə Əliyev İlkin Akif oğlu, X7 və "xxxx" MMC arasında MAS-2411 saylı "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış ve 02 iyun 2020-ci il tarixli MAS-2411 saylı "Daxili lizinq" müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür.24 aprel 2021-ci il tarixdə X7, Cavabdeh və "xxxx" MMC arasında MAS-2411 sayli "Öhdəliklərin ötürürülməsi" müqaviləsi bağlanmış ve 02 iyun 2020-ci il tarixli MAS-2411 saylı "Daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan "Khazar SD" minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 avqust 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobile 540 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 17 iyul 2021-ci il tarixdə 1073 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 02 iyun 2020-ci il tarixli MAS-2411 saylı "Daxili lizinq" müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 avqust 2021-ci il tarixə 229.48 manat gecikdirilmiş əsas, 167.78 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 265.83 manat dəbbə pulu, ümumilikdə 663.09 manat gecikmə borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibət:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı İddiaçı MMC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanmış və mülki işə nümayəndənin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi xahiş edilmişdir.

4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə avtomobil 2 dəfə təhvil verilmişdir. Birinci dəfə avtomobil özü tərəfindən qaytarılsa da, ikinci dəfə avtomobili iddiaçının nümayəndəsi cavabdehdən almış və şirkətə təhvil vermişdir. Həmin təhvil zamanı avtomobilin qüsurları ortaya çıxmış və mütəxəssis tərəfindən müvafiq qüsur aktı tərtib edilmişdir.

5. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Buna baxmayaraq, məhkəmə işə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı MMC ilə X6 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, MAS-2411 saylı X9nə və ona 3 saylı əlavəyə əsasən İddiaçı MMC lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alan X2 müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan X6 isə lizinq obyektini qəbul etməyi və 48 ay müddətində, aylıq ödəniş 397,67 manat olmaqla illik 19 % ilə 13300 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İlkin ödəniş tarixi 02.06.2020-ci il, sonuncu ödəniş tarixi 01.01.2024-cü il olaraq müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq obyekti lizinq alan tərəfindən seçilib. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilənin əsas məbləğini 13300 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı ilkin lizinq ödənişi edilmədən qeyd olunan məbləği 45 ay müddət ərzində illik 19 % həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə № 3) əsasən aparılır. Müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmri ilə bağlı bütün xərcləri ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdiriən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 % hesablanmaqla cərimə ödəyir. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzi ödənilmədən ləğv edə bilər.

7. 02 iyun 2020-ci il tarixli, MAS-2411 saylı X9nə 1 saylı əlavədən görünür ki, 1 saylı əlavənin predmetini tərəflər arasında bağlanmış 02.06.2020-ci il tarixli, MAS-2411 saylı X9 üzrə əldə olunan əmlakın adı və dəyəri təşkil edir. Əlavəyə əsasən liziq müqaviləsi ilə lizinq alan tərəfindən ümumi dəyəri 13300 manat olan Khazar SD markalı avtomobil əldə edilmişdir.

8. 02 iyun 2020-ci il tarixli, MAS-2411 saylı X9nə 02 iyun 2020-ci il tarixli,2 saylı Əlavədən görünür ki, avtomobil lizinq alan X3 təhvil verilmişdir.

9. İddiaçı MMC ilə X6 (öhdəlikləri ötürən) və Əliyev İlkin Akif oğlu (öhdəlikləri qəbul edən) arasında bağlanmış 23 fevral 2021-cu il tarixli, MAS-2411 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış 02.06.2020-ci il tarixli, MAS-2411 saylı X9 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür.

10. İddiaçı MMC tərəfindən təsdiq edilən X6 ilə Əliyev İlkin Akif oğlu arasında bağlanmış 23.02.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X6 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar SD markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Əliyev İlkin Akif oğluna təhvil vermişdir.

11. İddiaçı MMC ilə Əliyev İlkin Akif oğlu (öhdəlikləri ötürən) X7 (öhdəlikləri qəbul edən) arasında bağlanmış 03 mart 2021-ci il tarixli, MAS-2411 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış 02.06.2020-ci il tarixli, MAS-2411 saylı X9 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Müqavilənin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir;

12. İddiaçı MMC tərəfindən təsdiq edilən Əliyev İlkin Akif oğlu ilə X7 arasında bağlanmış 03.03.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Əliyev İlkin Akif oğlu istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar SD markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 təhvil vermişdir.

13. İddiaçı MMC ilə X7 (öhdəlikləri ötürən) və Cavabdeh (öhdəlikləri qəbul edən) arasında bağlanmış 24 aprel 2021-ci il tarixli, MAS-2411 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış 02.06.2020-ci il tarixli, MAS-2411 saylı X9 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Müqavilənin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir;

14. İddiaçı MMC tərəfindən təsdiq edilən X7 ilə Cavabdeh arasında bağlanmış 24.04.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, X7 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar SD markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir.

15. İddiaçı MMC tərəfindən 14.10.2021-ci il tarixində tərtib edilən qüsur aktından görünür ki, Khazar SD markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.10.2021-ci il tarixində servisə daxil olmuş və dəmirçi işinə, armaturçu işinə və rəngsaz işinə görə ümumi xidmət haqqı üçün 540 manat hesablanmışdır.

16. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Cavabdeh 04 iyul 2021-ci il tarixində Khazar SD markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlanca təqdim etmişdir. Təhvil alınan nəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin arxa sağ qanadı zədələnmişdir.

17. 17 iyul 2021-ci il tarixdə tərtib edilmiş AKT-dan görünür ki, Khazar SD markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir.

18. Azərmaş” MMC tərəfindən tərtib edilən 24 avqust 2021-ci il tarixli aktda görünür ki, Khazar SD markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimi aparılmışdır. Təhvil-təslimi aparan şəxslər X14 və X11 olmuşdur. Təhvil alınan avtomobildə qabaq kapotun qırağı əzik olmuş, buferində cızıqlar olmuşdur.

19. İddiaçı MMC tərəfindən təqdim edilən 27 yanvar 2022-ci il tarixli 303 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 02 iyun 2020-ci il tarixli, MAS-2411 saylı Daxili lizinqi müqaviləsi üzrə 24.08.2021-ci il tarixinə 229,48 manat əsas, 167,78 manat mükafat, 265,83 manat cərimə borcu olmaqla, cəmi 663,09 manat məbləğində borcu vardır.

20. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 28 oktyabr 2021-ci il tarixli, 2259 nömrəli pretenziya məktubunun surətinə əsasən cavabdehə 02 iyun 2020-ci il tarixli, MAS-2411 saylı Daxili lizinqi müqaviləsi üzrə lizinq obyektinə dəymiş zərərə görə borcunun yarandığı bildirilmiş və həmin məbləğin ödənilməsi ondan tələb edilmiş, əks halda X8 ləğv edilməsi və yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir;

21. 17 dekabr 2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı MMC tərəfindən qaldırılmış iddia üçün 32,04 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları:

22. İddiaçı MMC ilə X6 arasında bağlanmış 02 iyun 2020-ci il tarixli, MAS-2411 saylı X9nə və ona 3 saylı əlavəyə əsasən İddiaçı MMC lizinq obyektini öz mülkiyyətinə əldə etmiş və muzdla lizinq alan X2 müvəqqəti sahibliyinə və istifadəsinə vermiş, lizinq alan X6 isə lizinq obyektini qəbul etməyi və 48 ay müddətində, aylıq ödəniş 397,67 manat olmaqla illik 19 % ilə 13300 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.

23. Lizinq müqaviləsi ilə lizinq alan tərəfindən ümumi dəyəri 13300 manat olan Khazar SD markalı avtomobil ələ edilmişdir.

24. Daha sonra, 23 fevral 2021-cu il tarixli, MAS-2411 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləyə əsasən qeyd olunan müqavilə üzrə öhdəliklər Əliyev İlkin Akif oğluna, 03 mart 2021-ci il tarixli, MAS-2411 saylı müqaviləyə əsasən isə X5, sonuncu dəfə isə 24 aprel 2021-ci il tarixli, MAS-2411 saylı müqaviləyə əsasən Cavabdeh ötürülmüşdür.

25. Həmin müqavilənin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Cavabdeh isə 04.07.2021-ci il tarixində kredit borcunu ödəyə bilmədiyindən nəqiyyat vasitəsini duracağa təhvil vermişdir.04.07.2021-ci il tarixli akta əsasən avtomobil Cavabdeh tərəfindən duracağa təhvil verilən zaman nəqliyyat vasitəsinin sağ arxa qanasında əziklər olmuşdur.

26. Bundan sonra avtomobil yenidən 17 iyul 2021-ci il tarixdə Cavabdeh təhvil verilmişdir.

27. 24.08.2021-ci il tarixində avtomobil iş materillarında kimliyi məlum olmayan X11 tərəfindən yenidən MMC-yə təhvil verilmişdir.

28. 24.08.2021-ci il tarixli akta əsasən avtomobildə qabaq kapotun qırağı əzik olmuş, buferində cızıqlar olmuşdur.

29. İddiaçı MMC-nin servis xidməti tərəfindən tərtib edilən 14.10.2021-ci il tarixli qüsur aktına əsasən dəymiş zərər məbləği 540 manat olaraq müəyyən edilmişdir.Həmin qüsur aktına əsasən dəmirçi işi 150 manat, armatur işi 70 manat, rəngsaz işi 320 manat dəyərində qiymətləndirilmişdir.

30. Avtomobil cavabdehə təhvil təslim edilən vaxt 100 manat lizinq verənə xidmət haqqı ödənilmiş və bundan başqa cavabdeh tərəfindən cəmi 1471(398+1073) manat lizinq ödənişi həyata keçirilmişdir.

31. Ödəniş qrafiki üzrə lizinq alan hər ay 397.67 manat ödəməli, bundan təqribən orta hesabla(aprel-avqust aylarına nisbətdə)265 manat əsas borcdan, 125 manat mükafat məbləğində çıxılmalı idi.

32. Cavabdeh 24 aprel 2021-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Həmçinin lizinq obyektinə zərər vurmuşdur.

33. Hazırda iddiaçı lizinq müqaviləsi üzrə avtomobilin təhvil-təslimini apardığı 24.08.2021-ci il tarixinə yaranmış borc məbləğini və lizinq obyektinə-avtomobilə dəymiş zərərin əvəzini cavabdehdən tələb edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

35. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

36. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

37. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır;

38. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

39. - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

40. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

41. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

42. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir;

43. - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər;

44. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur;

45. - 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

46. - 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır;

47. - 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir;

48. - 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir;

49. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

50. - 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir.

51. - 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

52. 02 iyun 2020-ci il tarixli, MAS-2411 saylı X8 5.4-cü bəndində qeyd edilmişdir ki, lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan- 1) müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək; 2) Lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək; 3) öz hesabına bu müqaviləyə əsasən istifadəsinə verilmiş Lizinq obyektinə analoji olan əmlak əldə etmək və Lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək kimi hərəkətlərdən birini dərhal həyata keçirməlidir.

53. Məhkəmə cavabdehdən lizinq müqaviləsinə əsasən yaranmış borcun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.

54. İşin halları ilə müəyyən edildiyi kimi lizinq obyekti olan avtomobil lizinq alanın istifadəsində təqribən 4 ay olsa da, o, cəmi 1471 manat ödəniş etmişdir. Halbuki o lizinq obyektindən istifadə ilə bağlı həmin müddət üçün cəmi 1590.68 manat ödəməli idi. Buna baxmayaraq iddiaçının da tələb etdiyi 397.26 manat məbləğ(əsas və mükafat borcuna görə) əsaslı hesab edilə bilməz. Çünki cavabdehin lizinq predmetinin istifadəsi ilə bağlı həmin məbləğdə borcu qalmamışdır.

55. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini tam icra etməli və lizinq obyektinin onun istifadəsində olduğu müddət üçün lizinq ödənişini(əsas məbləğ+ mükafat məbləği) iddiaçıya ödəməlidir.

56. Odur ki, cavabdehdən 119.68(1590.68-1471) manat məbləğində lizinq ödənişi(əsas məbləğ+mükafat məbləği) tutularaq iddiaçıya ödənilməlidir.

57. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə hesab edir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır.

58. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

59. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

60. Qeyd edilən norma məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir.

61. Məhkəmə işin hallarını, yaranmış borcu nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu endirilməli və 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

62. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehin lizinq obyektinə vurduğu zərərin əvəzi də tutulmalıdır.

63. Belə ki, lizinq alanın lizinq müqaviləsi üzrə lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq, o cümlədən lizinq obyektinin qəbul AKT-ını imzaladığı andan sonra lizinq obyektinin saxlanmasına görə tam məsuliyyət daşıması və lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görmək barədə vəzifəsi vardır.(Lizinq müqaviləsi 4-cü maddə)

64. Lakin lizinq alan müqavilədən imtina etdiyi vaxt avtomobili saz vəziyyətdə təhvil verməli olmasına baxmayaraq, şəxsən lizinq verənlə avtomobilin təhvil-təslimini aparmamış, əksinə avtomobil zədəli vəziyyətdə lizinq verənin işçiləri tərəfindən aşkar edilmiş və şirkətə təhvil verilmişdir.

65. Lizinq obyektinə dəyən zərər isə müvafiq qüsur aktı ilə təsdiq edilir və həmin qüsur aktının mübahisələndirilməsinə məhkəmə tərəfindən hər hansı əsas müəyyən edilmir.

66. Odur ki, cavabdehdən lizinq obyektinə vurulmuş zərərə görə 540 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

67. Məhkəmə müqavilənin ləğv edilməsinə dair iddia tələbinə münasibətdə isə hesab edir ki, iddia bu hissədə əsassızdır.

68. Belə ki, Lizinq müqaviləsinin 9.2-ci maddəsində göstərilmişdir ki, bu müqavilə lizinq verən tərəfindən birtərəfli qaydada ləğv edildikdə, lizinq obyekti lizinq alan tərəfindən lizinq verənin sahiblik və istifadəsinə görə qaytarılır və lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq verəndən tələb edilə bilməz.

69. İşin hallarından göründüyü kimi lizinq müqaviləsindən qarşılıqlı razılıq əsasında imtina edilmiş və lizinq obyekti lizinq verənə qaytarılmışdır. Eyni zamanda iddiaçı bu əsasla cavabdehdən yalnız lizinq obyektinin onun istifadəsində olduğu müddət üçün lizinq ödənişini tələb etmişdir. Yəni iddiaçı da fərqindədir ki, lizinq müqaviləsindən imtina edilmiş və lizinq müqaviləsi müvafiq qaydada ləğv edilmişdir.

70. Odur ki, lizinq müqaviləsinin ayrıca məhkəmə qətnaməsi ilə ləğv edilməsinə əsas yoxdur.

71. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tətbiq edilən prosessual normalar:

72. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi) Nəticə:

73. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh lizinq ödənişinə görə 119,68 (əsas məbləğ+ mükafat məbləği) manat, cərimə borcuna görə 10 manat, vurulmuş zərərə görə 540 manat olmaqla, ümumilikdə 669,68 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

74. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 18 manat məbləğində hissəsi İddiaçı xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. Cavabdeh lizinq ödənişinə görə 119,68 (yüz on doqquz manat, altmış səkkiz qəpik) manat, cərimə borcuna görə 10 (on) manat, vurulmuş zərərə görə 540 (beş yüz qırx) manat olmaqla, ümumilikdə 669,68 (altı yüz altmış doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 18 (on səkkiz) manat məbləğində hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar