Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-355/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı iddiaçı1 cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin təhvil verilməsi və ya dəyərinin ödənilməsi, öhdəliklərin icra olunmaması, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, Iddiaçı iddiaçı1 cavabdeh “xxxx” QSC-yə qarşı “lizinq obyektinin təhvil verilməsi və ya təhvil verilməsi mümkün olmadıqda əvəzində pulun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. “X1” QSC (indiki adı “xxxx” QSC) (lizinq verən) ilə iddiaçı1 (lizinq alan) arasında 2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən lizinq verən ümumi məbləği 73.500 ABŞ dolları olan 1 ədəd FADIS air jet iplik puntalama makinası, 1 ədəd kompressor, 1 ədəd hava quruducu, 1 hava depolama tankını lizinq alana lizinqə vermişdir.
2. Lizinq alan müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmiş, buna görə də 2017-ci il # ### tarixli təhvil-təslim aktına əsasən lizinq müqaviləsinin predmeti olan 1 ədəd “Fadis” air jet iplik puntalama makinası, 1 ədəd kompressor, 1 ədəd hava quruducu, 1 ədəd tonluq hava depolama tankını tam işlək vəziyyətdə lizinq verənə təhvil vermişdir.
3. Daha sonra qalan lizinq borcu lizinq alan tərəfindən lizinq verənə tam ödənilmişdir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
4. Iddiaçı iddiaçı1 (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsinin predmeti olan 1 ədəd FADIS air jet iplik puntalama makinası, 1 ədəd kompressor və 1 ədəd hava quruducu işlək vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsini, bu mümkün omadıqda isə onların dəyəri olan 71.500 ABŞ dolları məbləğin və ödənilmiş 415 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, 2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsi üzrə lizinq ödənişləri borcu olduğuna görə iddiaçı qeyd olunmuş lizinq avadanlıqlarını 2017-ci il # ### tarixində müvəqqəti olaraq, yəni lizinq borcunu tam ödəyənədək cavabdehə təhvil vermişdi. Iddiaçı 2019-cu il # ######## tarixində lizinq borcunu tam ödəmiş və lizinq obyektinə mülkiyyə hüququnu əldə etmişdir. Lakin indiyədək lizinq müqaviləsinin predmeti olan avadanlıqlar iddiaçıya təhvil verilməmişdir. Bununla bağlı iddiaçı ilə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər etsə də, cavabdehin vəzifəli şəxsləri ilə bir neçə dəfə görüşsə də, cavabdeh müxtəlif bəhanələrlə avadanlıqları iddiaçıya qaytarmamışdır, halbuki lizinq müqaviləsinin şərtlərinə əsasən, həmin avadanlıqlar artıq iddiaçının mülkiyyətidir. 2008-ci il aprel tarixli *** saylı X2 müqaviləsinə 2013-cü il ## ###### tarixli * saylı Əlavənin 3-cü bəndinə əsasən, bu əlavədə qeyd olunmuş borc məbləği ödənildikdən sonra Lizinq obyektinə mülkiyyət hüququ iddiaçıya keçir.
6. Daha sonra məhkəməyə təqdim edilmiş iddia tələbinin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı avadanlığın bir hissəsi olan 1 ədəd hava depolama tankını cavabdehdən almışdır. Avadanlığın digər hissəsi olan 1 ədəd kompressor cavabdehin anbarında saxlanılmışdır. Avadanlığın digər 2 hissəsi olan 1 ədəd FADIS air jet iplik puntalama makinası və 1 ədəd hava quruducu cavabdehin anbarında saxlanılmır, habelə cavabdeh onların hazırki mövcudluğu və yeri barədə məlumat verməmişdir.
7. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, daxili maliyyə lizinq müqaviləsinin şərtlərində nəzərdə tutulan öhdəliklər lizinq verən cavabdeh tərəfindən tam şəkildə icra edilsə də, lizinq alan iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməyərək X2 müqaviləsi üzrə ödənilməsi nəzərdə tutulan lizinq ödəniş borcunu dəfələrlə gecikdirmiş, hər dəfə müraciət edərək lizinq verəndən ödənişlər üçün möhlət istəmiş və lizinq verən tərəfindən lizinq alana hər müraciətində güzəştlər edilərək ödənişdə müddət artırılma möhləti verilmişdir. Lizinq alana edilən əlverişli şərtlər və güzəştlər lizinq alan iddiaçı tərəfindən dəyərləndirilməmiş və son müddətin də icra müddətinin bitməsindən sonra yenə də sui-istifadə halına yol verərək ödənişləri etməmişdir. Belə olduğu təqdirdə lizinq verən dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq predimetlərini lizinq alandan geri təhvil almışdır. Cavabdeh ilə bağlanılmış X2 müqaviləsinin müvafiq müddəasının (V bənd) tələblərindən məlum olur ki, lizinq alan lizinq obyektini lazımi ehtiyat və qayğıkeşliklə saxlamadıqda, lizinq obyektinin texniki keyfiyyəti psləşdikdə, lizinq ödənişləri lizinq alan tərəfindən Ödəniş Cədvəlinə uyğun ardıcıl olaraq iki dəfədən çöx ödənilmədikdə, tam ödənilmədikdə və ya gecikməklə ödənildikdə, əmlakın vəziyyətinin qənaətbəxş hesab edilməməsi müəyyən edildikdə və s. hallarda Lizinq verən Lizinq alana bildiriş verməklə bu Müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edə bilər. Öhdəliklərin icrası istiqamətində heç bir müsbət addım atmayan lizinq alan müqavilə və müqaviləyə əlavələrin icra müddəti bitdiyi halda lizinq verənə müraciət edərək ona yenə güzəşt edilməsini xahiş etmişdir. Lizinq verən bütün bunlara baxmayaraq humanistlik edərək icra müddəti bitmiş müqavilə olmasına və uzun illərin gecikməsi nəticəsində yaranmış borcun sonradan hissə hissə ödənilməsinə rəğmən lizinq predimetini Lizinq alana verəcəyinə dair köməklik göstərmiş, lizinq predimetini saxlanılan anbardan istədiyi vaxt götürə biləcəyini bildirmişdir. Hətta 1 ədəd tonluq hava depolama tankına dair mülkiyyət hüququnun keçməsinə dair tərəflər arasında 2024-cü il 24 yanvar tarixində AKT tərtib edilmişdir. Iddiaçı Lizinq verən qarşısında müqavilə üzrə iddia tələbi ilə müraciət etmək hüququna malik olmadığından onun tərəfindən əsassız və qanunsuz iddia tələbinin mübahisələndirilməsi mövcud mülki qanunvericiliyin konkret tələblərinə və X2 müqaviləsinin birmənalı tələblərinə ziddir. Lizinq verən cavabdeh lizinq predimetini öhdəliklərini icra etməyən iddiaçıdan geri aldıqdan sonra anbarda təhvil aldığı vəziyyətdə saxlamış, həmin lizinq predimeti hal-hazıradək istifadəsiz olaraq anbarda saxlanılmaqdadır. Qeyd edilən qanuni müddəalara və Lizinq alan tərəfindən yol verilən pozuntulara baxmayaraq cavabdehdən yenə də lizinq predimetinin anbarda saxlanıldığı vəziyyətdə Lizinq alan iddiaçı tərəfindən götürülməsinə etiraz etmir. Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanılmış X2 Müqaviləsi üzrə bu cür tələbin (Müqavilədən yaranan münasibətlər üzrə iddia tələbi) edilməsi üçün Qanunvericilik 3 illik iddia müddəti nəzərdə tutur. Öhdəlik icra edildiyi gündən tələb hüququ yarandığından və lizinq predimetinin götürülməsi ilə bağlı iddiaçıya məlumat verildiyindən aradan 4 il 9 ay keçdikdən sonra məhkəmədə iddiaçı tərəfindən əsassız iddia qaldırılması həqiqətən də təəccüb doğuran haldır. Iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulan 3 illik iddia müddəti uzun zaman ötürülməklə verilmişdir, həmçinin, Müqavilə üzrə icra müddəti restrukturizasiya şərtləri üzrə son icra müddəti 2017-ci il tarixdə bitdikdən 7 il sonra iddia tələbi mübahisələndirilmişdir. Mövcud mülki qanunvericiliyin bu tip işlər üçün konkret olaraq nəzərdə tutduğu 3 illik iddia müddəti ötürülməklə iddia verilmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ######## tarixli, e-*-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsinin predmeti olan 1 ədəd dəyəri 71.000 manat olan FADIS air jet iplik puntalama makinası, 1 ədəd dəyəri 3.300 manat olan kompressor və 1 ədəd dəyəri 1.000 manat olan hava quruducu işlək vəziyyətdə alınaraq iddiaçıya təhvil verilməsi, bu mümkün olmadıqda isə həmin avadanlıqların dəyəri olan 75.300 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 249 manatın əvəzinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
9. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında X2 müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh 2008-ci il # ##### tarixində bağlanmış *** saylı X2 Müqaviləsinə əsasən lizinq predmeti olan 1 ədəd FADIS air jet iplik puntalama makinası, 1 ədəd kompressor, 1 ədəd hava depolama tankı və 1 ədəd hava quruducusunu iddiaçıya təhvil vermiş, lakin iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmiş, buna görə də 2017ci il 3 may tarixli təhvil-təslim aktına əsasən lizinq müqaviləsinin predmeti olan 1 ədəd “Fadis” air jet iplik puntalama makinası, 1 ədəd kompressor, 1 ədəd hava quruducu, 1 ədəd tonluq hava depolama tankı iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
10. Lizinq obyekti olan 1 ədəd “Fadis” air jet iplik puntalama makinası, 1 ədəd kompressor, 1 ədəd hava quruducu və 1 ədəd tonluq hava depolama tankının iddiaçı tərəfindən cavabdehə tam işlək vəziyyətdə verilməsi, həmin linzinq obyektinin cavabdehin anbarında saxlanılması, lizinq obyekti təhvil verildikdən sonra qalan lizinq borcu ödənilərək lizinq obyektinin iddiaçıya qaytarılması barədə, yəni lizinq müqaviləsi üzrə öhdəliyin icrası müddətinin uzadılmasına dair tərəflər arasında razılaşma olması və lizinq ödənişlərinin iddiaçı tərəfindən cavabdehə tam ödənilməsi işin mübahisəsiz hallarıdır. Çünki cavabdehin nümayəndəsi özü də bu faktları təsdiq etmiş, etiraz etməmişdir.
11. Iş materiallarına əlavə olunan sənədlərdən də görünür ki, iddiaçı 2019-cu il 6 sentyabr tarixində lizinq borcunu tam ödəmişdir. Bu hal 2019-cu il 6 senyabr tarixli və 2022-ci il ## ####### tarixli cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktublarla da öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə gedişatı zamanı cavabdehin nümayəndəsi izahatında və yazılı etirazında müvafiq avadanlıqların anbarlarında saxlanıldığını və lizinq predmetlərinin anbarda saxlanıldığı vəziyyətdə lizinq alan iddiaçı tərəfindən götürülməsinə etiraz etmədiklərini bildirmişdir. Lakin iş üzrə keçirilən ekspertiza və qiymətləndirmə zamanı lizinq predmetlərindən 1 ədəd hava depolama tankı və 1 ədəd kompressorun cavabdehin anbarında saxlanıldığı müəyyən olunmuş, həmin avadanlıqlardan yalnız hava depolama tankı iddiaçıya təhvil verilmiş, 1 ədəd kompressor anbardan təhvil verilməmiş, digər avadanlıqlar - 1 ədəd Fadis air jet iplik puntalama makinası, 1 ədəd hava quruducusunun hazırkı mövcudluğu və yeri barədə məlumat olmamış, anbarda aşkar edilməmişlər.
12. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Çünki tərəflər arasında lizinq obyekti lizinq ödənişləri tam ödənilənədək cavabdehdə qalması, tam ödənildikdən sonra iddiaçıya verilməsi şərti ilə razılaşma olmuş, həmin razılaşma üzrə Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – “MM”) 748-2.5-ci maddəsinə əsasən mübahisə predmeti olan lizinq obyektinə mülkiyyət hüququ, 2019-cu il # ######## tarixində bütün lizinq ödənişləri ödənildikdən sonra iddiaçıya keçmişdir. Mübahisə predmeti olan lizinq obyekti qeydiyyata alınmalı daşınar əmlak olmadığından, bütün lizinq ödənişinin tam ödənildiyi vaxt, yəni sonuncu ödənişin edildiyi 2019-cü il # ######## tarixi iddiaçının mülkiyyət hüququ əldə etdiyi vaxtdır. Bundan sonra iddiaçı mülkiyyətçi kimi öz əmlakını cavabdehdən şifahi və yazılı formada dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh lizinq obyekti olmuş və iddiaçının mülkiyyətinə keçmiş əmlakın qaytarılmasına etiraz etməsə də, onun qaytarılması üçün zəruri hərəkətlər etməmiş, şərait yaratmamışdır. Belə ki, məhkəmə iclaslarının gedişində cavabdehin nümayəndəsinə anbarda olan əmlakların iddiaçı tərəfindən götürülməsi üçün şərait yaradılması təklif edilmiş, sonuncu bu təkliflə razılaşmış, ancaq son nəticədə, iddiaçı tərəfə hava depolama tankından başqa digər hissələr verilməmişdir. Bu da bir daha cavabdehin sözdə əmlakı qaytarmağa razı olmasına baxmayaraq, əməldə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmədiyini təsdiq edir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Çünki MM-in 157.2-ci maddəsinə əsasən bütün lizinq ödənişlərini ödəyərək lizinq obyektinə mülkiyyət hüququ əldə etmiş iddiaçının, mülkiyyətçi olaraq cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Buna görə də 2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsinin predmeti olmuş 1 ədəd FADIS air jet iplik puntalama makinası, 1 ədəd kompressor və 1 ədəd hava quruducu işlək vəziyyətdə cavabdehdən təhvil alınaraq iddiaçıya verilməlidir.
14. Bununla yanaşı iddiaçı iddia tələbində avadanlıqların təhvil verilməsi mümkün olmadıqda onların dəyəri olan 71.500 ABŞ dolları məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Iddiaçı tələb etdiyi əmlakların bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə-qiymətləndirmə ekspertizası təyin olunmuş və “xxxx” MMC-nin 2025-ci il ## #### tarixli, CVN/İ **-***/** nömrəli rəyinə əsasən 2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsinin predmeti olan 1 ədəd “FADIS” air jet iplik puntalama makinasının 2008-ci ildən 2017-ci ilədək 9 ay müddətinə normal istifadəsi (amortizasiyası) nəzərə alınmaqla 2025-ci il ## #### tarixinə bazar dəyəri 71000 manat, 2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsinin predmeti olan 1 ədəd DALGAKIRAN KOMPRESSOR SAN. VE TIC LTD.ŞTI ISTANBUL TÜRKIYE istehsallı kompressorun 2008-ci ildən 2017-ci ilədək 9 ay müddətinə normal istifadəsi (amortizasiyası) nəzərə alınmaqla 2025-ci il ## #### tarixinə bazar dəyəri 3300 manat, 2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsinin predmeti olan 1 ədəd hava quruducusunun 2008-ci ildən 2017-ci ilədək 9 ay müddətinə normal istifadəsi (amortizasiyası) nəzərə alınmaqla 2025-ci il ## #### tarixinə bazar dəyəri 1000 manat təşkil edir.
15. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə avadanlıqlar olmadığı halda onların dəyərinin tutulması zəruri olduğundan, həmin avadanlıqların dəyəri 2025-ci il ## #### tarixli CVN/İ **-***/** saylı qiymətləndirici rəydə qeyd edilən məbləğlə uyğun olaraq müəyyən edilməlidir. Çünki iddiaçı ilkin alış qiymətinə uyğun məbləğ tutumasını tələb etsə də, həmin avadanlıq bir müddət, 9 il iddiaçı tərəfindən istifadə edilmiş, həmçinin alındığı vaxtdan 17 il vaxt keçmişdir. Odur ki, 1 ədəd FADIS air jet iplik puntalama makinasının dəyəri 71.000 manat, 1 ədəd kompressorun dəyəri 3.300 manat və 1 ədəd hava quruducusunun dəyəri 1.000 manat olmaqla, avadanlıqların cəmi dəyəri 75.300 manat müəyyən edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı lizinq ödənişlərini tam ödədiyi üçün lizinq obyekti onun mülkiyyətinə keçdiyindən, iddiaçının hazırkı tələbi mülkiyyətçi olaraq onun mülkiyyət hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olduğundan və bu cür iddia tələbinə MMin 384.0.4-cü
16. maddəsinə əsasən iddia müddəti tətbiq edilmədiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilə bilməz.
17. Məhkəmə mövqeyini MM-in 139.2, 152.1, 152.5, 157.2, 372, 373.2, 375.2, 377.1, 377.2, 380.1, 380.2, 384.0.4, 425.1, 425.2, 747.1, 748-1.8, 748-1.9, 748- 1.12.4, 748-2.1, 748-2.3, 748-2.5, 748-10.1 və 749.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “FADIS air jet” iplik puntalama makinasının dəyərinin 71.000 manat, kompressorun dəyərinin 3.300 manat, hava quruducunun dəyərinin 1.000 manat, onların ümumi dəyərinin 75.300 manat müəyyən olunması hissələrində dəyişdirilərək, “FADIS” air jet iplik puntalama makinasının bazar dəyəri 64.800 manat, “DALĞAKIRAN” KOMPRESSOR SAN. VE TIC LTD.ŞTI ISTANBUL TÜRKIYE” istehsallı kompressorun bazar dəyəri 2.950 manat, hava quruducusunun bazar dəyəri 500 manat, onların ümumi dəyəri isə 68.250 manat müəyyənləşdirilməsi qət edilmişdir (sədrlik edən –E.Həsənov, hakimlər – T.Qocayev və S.Cəfərov).
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qaytarılmasını tələb etdiyi əşyaların iddia etdiyi ədəddə (miqdarda) olduğu və onların cavabdehin sahibliyində saxlanıldığı (cavabdehin sahibliyinə verildiyi) işin mübahisəli halı olmadığından, hazırkı halda bu məsələ sübutetmə predmetinə daxil deyil. Əşyaların iddiaçının mülkiyyətində olduğu isə işin müəyyən olunan halıdır; belə ki, həm müqavilədə, həm də qanunvericilikdə lizinq obyektinə mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin şərti kimi lizinq alan tərəfindən bütün lizinq ödənişlərinin ödənilməli olması müəyyənləşdirilmişdir və işin hallarından görünür ki, iddiaçı lizinq ödənişlərini tam şəkildə həyata keçirmişdir.
21. Cavabdehin əşyalara sahibliyinin mahiyyəti ilə bağlı kollegiya qeyd etmişdir ki, əşyalar onun sahibliyinə qanuni əsasla, yəni saxlanılması üçün iddiaçının özü tərəfindən verilmiş, lakin iddiaçı əşyaların mülkiyyətçisinə çevrildikdən sonra əşyaların qaytarılmasını tələb etdiyi andan cavabdehin sahibliyinin qanuni əsası qalmamışdır.
22. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi “2008-ci il # ##### tarixli *** saylı X2 müqaviləsinin predmeti olan 1 ədəd “FADIS air jet” iplik puntalama makinasının, 1 ədəd kompressorun və 1 ədəd hava quruducunun cavabdehdən işlək vəziyyətdə alınaraq iddiaçıya təhvil verilməsi, bu mümkün olmadıqda isə həmin avadanlıqların dəyərinin iddiaçının xeyrinə tutulması” barədə düzgün nəticəyə gəlmişdir.
23. Iddiaçının iddia müddətini ötürmüş olması dəlilinə münasibətdə qeyd edilmişdir ki, iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır və bu baxımdan həmin iddiaya iddia müddətinin tətbiq edilməsi, ümumiyyətlə, istisna edilir.
24. Bununla belə kollegiya, müvafiq avadanlıqların dəyəri ilə bağlı məhkəmənin gəldiyi nəticəni əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı əşyaların məhz həmin dəyərdə olduğuna dair sübut təqdim etməmiş, məhkəmənin əsas götürdüyü qiymətləndirici rəyi isə yalnız hava kompressoruna baxış keçirilməklə tərtib olunmaqla yanaşı, “FADIS air jet” iplik puntalama makinasının 2008-ci ildə olan ilkin satış qiyməti ilə hazırda müəyyənləşdirilən qiymətinin tənasübsüzlüyü rəyin mötəbərliliyinə şübhə yaratmışdır. Apellyasiya baxışı zamanı təyin olunan qiymətləndiricinin rəyi ilə müəyyən olunmuşdur ki, 2008-ci ildən 2017-ci ilədək 9 il müddətinə normal istifadələri (amortizasiya) nəzərə alınmaqla 2026-cı il ## ###### tarixinə 1 ədəd “FADIS” air jet iplik puntalama makinasının bazar dəyəri 64.800 manat, 1 ədəd “DALĞAKIRAN” KOMPRESSOR SAN. VE TIC LTD.ŞTI ISTANBUL TÜRKIYE” istehsallı kompressorun bazar dəyəri 2.950 manat, 1 ədəd hava quruducusunun bazar dəyəri 500 manat təşkil edir. Rəydən aydın olur ki, qiymətləndirici 2026-cı il ## ###### tarixinə Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən anbarda saxlanılan avadanlıqlara iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə yerində baxış keçirmiş, baxış zamanı mübahisə predmeti olan 1 ədəd “FADIS air jet iplik puntalama makinası anbar ərazisində aşkar edilməmiş, əvəzində cavabdeh tərəfindən poliqrafiya çap avadanlığı (Heidelberger Druckmaschinen) təqdim olunmuş, həmin avadanlıq mübahisə predmetinə aid olmadığından qiymətləndirməyə daxil edilməmişdir. Digər iki avadanlıq - 1 ədəd kompressor və 1 ədəd hava quruducusu vizual olaraq anbar ərazisində aşkar edilmiş, avadanlıqların işə salınması mümkün olmamış, işləkliyə dair texniki sınaq aparılmamış, bu səbəblə mövcud olmayan avadanlıqlar qiymətləndirilərkən təqdim olunan texniki pasporta əsasən, ölkə daxilində və xaricində oxşar 2-ci əl bazar, müqayisəli satışlar və sənəd əsaslı yanaşma ilə aparılmışdır.
25. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı əldə olunmuş qiymətləndirmə rəyini daha ağlabatan hesab etmişdir. Belə ki, həmin rəy mövcud əmlaklara baxış keçirilməklə və müqayisəli tədqiqat aparılmaqla hazırlanmış, qiymətləndirici gəldiyi nəticəni inandırıcı şəkildə əsaslandırmışdır. Buna görə də kollegiya qətnamənin dəyişdirilməsini, “FADIS” air jet iplik puntalama makinasının bazar dəyərinin 64.800 manat, “DALĞAKIRAN” KOMPRESSOR SAN. VE TIC LTD.ŞTI ISTANBUL TÜRKIYE” istehsallı kompressorun bazar dəyərinin 2.950 manat, hava quruducusunun bazar dəyərinin 500 manat müəyyənləşdirilməsini məqsədəuyğun hesab etmişdir.
26. Apellyasiya baxışı zamanı əldə olunmuş digər qiymətləndirici rəyi natamam olduğundan və qiymətləndirici zəruri tədqiqatı həyata keçirmədiyindən, kollegiya həmin rəyi mötəbər hesab etməmişdir.
27. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 157.2, 372.1, 373.2, 373.3, 375.2, 377.1, 377.2, 377.3, 380.1, 384.0, 385, 386.1, 425, 747.1, 747.3, 748-1.8, 748-1.12, 748-2.1, 748-2.5, 748-10.1 və 750-ci, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
29. MPM-in 4, 8, 9, 14, 88, 217.1, 217.2 və 217.3-cü maddələri üzrə - Bakı Kommersiya Məhkəməsinin qətnaməsi məhz prosessual şəxs olan cavabdehin iştirakı təmin edilmədən keçirilmiş, çəkişmə, hüquq bərabərliyi və s. prinsiplərin pozulması ilə elan edilmişdir. Lakin buna baxmayaraq apellyasiya instansiya məhkəməsi bu pozuntunu da əhəmiyyətsiz hesab edərək, MPM-in konkret tələblərini pozmuşdur. Bu iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlara lazımi hüququ qiymət verilməmiş və mövcud sübutlar tam araşdırılmamışdır. Məhkəmə tərəfindən qətnamədə MPM-in 217.1, 217.2, 217.3-cü maddələrində nəzərdə tutulmuş normalara lazımi hüquqi qiymət verilməmişdir.
30. Məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillər üzrə - ərizədə və iş materiallarına əlavə edilmiş sübutlardan məlum olur ki, tərəflər arasındakı müqavilənin icra müddəti bitmiş və cavabdeh hüquq pozuntusu törədərək öhdəliklərini icra etməmişdir. Müqavilənin icra müddəti bitdiyi üçün həm müqavilə şərtlərinə uyğun olaraq, həm də mülki qanunvericiliyin tələblərinə uyğun olaraq əmlak geri alınmışdır. MM-in tələbindən məlum olur ki, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Konstitusiya Məhkəməsinin qərarına və digər qanunvericilik aktlarının normalarına istinad edən apellyasiya məhkəməsinin tələb edilən birmənalı normaların ziddinə qərar qəbul etməsi həqiqətən də qəbul edilmiş qərarın ədalətliliyini şübhə altına almışdır.
31. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və MM-in 425-ci maddələrinin tələblərini pozmuşdur.
32. Kassasiya şikayətinin “Digər məsələlər” hissəsində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən obyektiv, hərtərəfli və tam araşdırma aparmalı idi. Iddiaçının X2 müqaviləsi üzrə müqavilə bağlandığı andan müqavilənin son icra müddətinin bitənədək öhdəliklərini icra etməməsi səbəbindən heç bir satınalmada üstünlük hüququnun yaranmamasına əhəmiyyət verməyən birinci və apellyasiya instansiya məhkəmələri mülkiyyət hüququ yaranmadığı halda iddia müddətini ərizə verilməsinə rəğmən tətbiq etməmiş, iddiaçını dövlət büdcəsinin vəsaiti hesabına alınmış əmlakın mülkiyyətçisi hesab etmişdir. Halbuki, mövcud mülki qanunvericiliyin konkret və aşkar müddəasında əks edilir ki, müqavilə üzrə ödənişlərini vaxtında edən lizinq alan lizinq predimetinin dəyərini vaxtında və tam şəkildə ödədikdə lizinq verənin razılığı olduğu halda və müqavilədə nəzərdə tutulduğu halda satınalmada üstünlük hüququ əldə edir. Apellyasiya instansiya məhkəməsilizinq predimeti üzrə mülkiyyət hüququnun yaranma əsaslarının nədən ibarət olduğunu bildiyi halda məhz lizinq müqaviləsi üzrə öhdəlikləri icra etməyən və qanunvericiliyin mülkiyyət hüququ ilə bağlı təsir dairəsinə düşməyən iddiaçını mülkiyyətçi olaraq qəbul etmiş, qəbul etdiyi qətnamədə iddia tələbinin doğruluğunu qanuni əsaslarla əsaslandıra bilməmiş, sadəcə formal mülahizələrinə istinadən qətnaməsini elan etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iddiaçı tərəfin tələb etdiyi əsassız tələbin reallığına heç bir əhəmiyyət verməmiş, təyin edilmiş ekspertiza üzrə Dövlət Ekspertizası Mərkəzinin rəy verə bilməsinin qeyri-mümkünlüyünü qəbul etdiyi halda sahibkar olan MMC-nin tərtib etdiyi rəy əsasında Dövlət adından qərar qəbul etmişdir ki, hüquqi müstəvidə bu cür yanaşma qətiyyən yoxdur. Məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmənin yalnız bir tərəfiniddiaçının mövqeyindən çıxış etməsi, təqdim edilmiş sübutlar üzrə hərtərəfli, obyektiv deyil, ancaq iddiaçı tərəfin formal mülahizələri əsasında, həmçinin qəbul edilmiş qətnamənin işin hallarına uyğun gəlməməsi ilə təsdiq edilir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Qanunvericiliyin tələblərinə nəzər saldıqda məlum olur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Iddiaçı isə qanunun konkret tələblərinin ziddinə hərəkət etməklə öhdəlikləri icra etməmiş, lizinq predimeti olan mülkiyyətə satınalmada üstünlük hüququnu itirmişdir. Eyni zamanda iddiaçının mübahisələndirilən tələblə çıxış etməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət də ötürülmüşdür. Müddət anlayışı mülki hüquqda mühüm əhəmiyyətə malikdir. Mövcud mülki qanunvericiliyin konkret və birmənalı tələblərindən aşkar olaraq bəlli olur ki, ən vacib məsələlərdən biri iddia müddətinin axımının hansı andan başlanmasıdır. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. Kredit öhdəliyi kimi icra müddəti əvvəlcədən müəyyən edilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Iddia tələbi üzrə iddia müddəti iddiaçı tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulan 3 illik iddia müddəti uzun zaman ötürülməklə verilmişdir, həmçinin, müqavilə üzrə icra müddəti restrukturizasiya şərtləri üzrə son icra müddəti 2017-ci il tarixdə bitdikdən 7 il sonra iddia tələbi mübahisələndirilmişdir. Mövcud mülki qanunvericiliyin bu tip işlər üçün konkret olaraq nəzərdə tutduğu 3 illik iddia müddəti ötürülməklə iddia verilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini elan edərkən iddia müddətinin tətbiqi barədə ərizəyə də nəzər salmamış, bu vacib xüsusata qətiyyən əhəmiyyət verməmişdir. Qətnamədə qeyd edilir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün ekspertiza xərci olan 500 manatın müəyyən hissəsi cavabdehdən tutulmalıdır. Ekspertiza isə rəy verə bilməməsi ilə əlaqəli məhkəməyə müraciət ünvanlamışdır. Belə olduğu halda keçirilməyən ekspertiza üçün məbləğ tutulması əsassızdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
34. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“ Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.”
“Maddə 372. Iddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.”
“Maddə 384. Iddia müddətinin şamil edilmədiyi tələblər 384.0. Iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.”
“Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.”
“Maddə 747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır.”
“Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.”
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.”
“Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.”
“Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.”
“Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
39. Kassasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz.
40. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
41. Kassasiya şikayətinin dəlillərinin işin hallarına və sübutlara düzgün qiymət verilməməsi, habelə işin hallarının tam araşdırılmaması ilə əlaqələndirilməsi isə əsassızdır.
42. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
44. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilibedilməməsini yoxlayır.
45. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
46. Kassasiya şikayətində qeyd olunan prosessual hüquq normalarının pozulması barədə dəlillər o vaxt əsaslı hesab edilə bilərdi ki, apellyasiya məhkəməsi tərəfindən MPM-in 14.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozularaq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasın, cavabdehin istinad etdiyi dəlillərə və təqdim edilmiş sübutlara qiymət verilməsin, habelə məhkəmə qətnaməsi əsaslandırılmasın. Lakin hazırkı işdə həmin pozuntulara yol verilməmiş, habelə MPM-in 392.2-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən cavabdehin şikayətinin qismən təmin edildiyini qətnamədə göstərmişdir.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
48. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.