Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-105/2026 15.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X3 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “2025-ci il # #### tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat əsas borcun, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8130 manat dəymiş maddi ziyanın, müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış 4360 manat əlavə istifadə haqqının, gecikdirilmiş günlər üzrə hesablanmış 180 manat cərimənin və 133 manat dövlət rüsumunun, cəmi 14203,00 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
2. ##.##.2025-ci il tarixli **/***** nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin: - 1.1-ci bəndinə əsasən, lizinqə (istifadəyə) verən buraxılış ili 2014-cü il olan, 561321 şassi (zavod) nömrəli, **AB*** dövlət qeydiyyat nömrəli, SR-2045 markalı taxılyığan kombayn adlı kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə lizinq alana (istifadəçiyə) müvəqqəti istifadəyə verir. - 1.3-cü bəndinə əsasən, müqavilə ##.##.2025 - ##.##.2025-ci il tarixli istifadə müddətinə ümumi dəyəri 1800 manat olmaqla bağlanılır. - 2.1.6-cı bəndinə əsasən, müqavilə müddəti bitdikdən sonra texnika müəyyən edilmiş son istifadə tarixində lizinqə alan (istifadəçi) tərəfindən parka təhvil verilmədiyi halda, gecikdirilmiş günlərin sayını aktlaşdırır və gecikdirilmiş hər gün üçün bu müqavilə üzrə müəyyən edilmiş aylıq dəyərin 1 günlük norması həcmində əlavə ödənişin edilməsini lizinq alandan (istifadəçidən) tələb edir. - 2.2.2-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) ödəniş məbləğini müqavilə (istifadə) müddəti ərzində (Əlavə 2-yə uyğun) uyğun olaraq (kombaynlar istisna olmaqla) ödəməyi öz üzərinə götürür. - 2.2.5-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, sığorta ödənişlərini və təmirin öz hesabına həyata keçirilməsini, GPS avadanlıq dəstinin işlək vəziyyətdə saxlanmasını və texnikanın üzərində icazəsiz konstruktiv dəyişiklik edilməməsini öhdəsinə götürür. - 2.2.9-cu bəndinə əsasən, lizinq alan (istifadəçi) bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda qeyd-şərtsiz lizinqə (istifadəyə) verənə geri qaytarmağı üzərinə götürür. - 2.2.17-ci bəndinə əsasən, lizinq alan (istifadəçi) müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq, bu müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0.1%-i miqdarında cərimə ödənilməsini təmin edir.
3. ##.##.2025-ci il tarixdə bağlanmış texnikanın müvəqqəti istifadəyə verilməsi barədə * nömrəli akta əsasən, **AB*** dövlət qeydiyyat nömrəli, 2014-cü il buraxılış ili olan, 561321 şassi nömrəli, Z28970 mühərrik nömrəli, Sampo SR-2045 model taxılyığan kombayın saz vəziyyətdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
4. ##.##.2025-ci il tarixdə bağlanmış texnikanın müvəqqəti istifadəyə verilməsi barədə * nömrəli akta əsasən, həmin texnika nasaz vəziyyətdə iddiaçıya geri qaytarılmış, həmin akt cavabdeh tərəfindən imzalanmamışdır.
5. ##.##.2025-ci il tarixdə iddiaçı tərəfindən tərtib edilmiş aktda cavbadehin * nömrəli akta imza çəkməkdən imtina etdiyi qeyd edilmişdir.
6. ##.##.2025-ci il tarixdə tərtib edilmiş qüsur aktında cavabdehin kombaynla yol hərəkəti zamanı ötürmələr qutusunda yaranmış nasazlıq və ərazinin maili olması səbəbilə qəzaya uğradığı, kombaynın sol yan üstə aşdığı, nəticədə yararsız vəziyyətə düşdüyü qeyd edilmiş və onun mövcud texniki vəziyyəti müəyyən edilmişdir.
7. Qeyd edilən qüsur aktına əsasən iddiaçı tərəfindən tərtib edilmiş arayışdan müəyyən edilir ki, kombaynın işlək vəziyyətə gətirilməsi üçün sərf olunacaq məbləğ cəmi 8130 manat olaraq hesablanmışdır.
8. İş materiallarında olan ##.##.2026-cı il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə 1800 manatdan 400 manat ödəniş edilmiş, 1400 manat ödənilməmiş borcu qalmış, 4360 manat əlavə istifadə haqqı və 180 manat cərimə borcu hesablanmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdeh Cavabdeh (bundan sonracavabdeh) qarşı “2025-ci il # #### tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat əsas borcun, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8130 manat dəymiş maddi ziyanın, müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış 4360 manat əlavə istifadə haqqının, gecikdirilmiş günlər üzrə hesablanmış 180 manat cərimənin və 133 manat dövlət rüsumunun, cəmi 14203,00 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Həmin müqaviləyə əsasən 1800 manat öhdəlikdən 400 manat ödəniş edilmiş və cavabdehin iddiaçıya hazırda 1400 manat borcu var. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilələrin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini müqavilə (istifadə) müddəti ərzində bu müqavilənin 1.3-cü bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən cavabdeh öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni zamanda həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Lizinq alanın texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş texnikaya baxış keçirilmiş və nəticədə texnikaya 8130 manat zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikaların tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, kombaynın tam bərpası üçün cəmi 8130 manat dəymiş maddi ziyan hesablanmışdır. Müqavilə şərtlərinə əsasən lizinq alan (istifadəçi) müqavilə predmeti olan 1 ədəd Nova 340 markalı taxılyığan kombaynı ##.##.2025-ci il tarixindən Lizinq verənə AKT 2 əsasında təhvil verməli olduğu halda, texnikanı müqavilə müddətinin başa çatmasından 4 ay sonra 2025-ci il # ###### tarixində parka gətirmiş, lakin akta imza etməkdən boyun qaçırmışdır. Buna əsasən, hazırkı dövrədək olan əlavə istifadə haqqının məbləği 4360 manat təşkil etmişdir. Həmçinin bağlanmış müqavilənin 2.1.8-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq, müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0,1 faizi miqdarında cərimə ödənilməsini tələb edir. Hazırkı dövrədək olan cərimənin məbləği 180 manat təşkil etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, taxılyığan kombaynın aşma tarixi haqqında dəqiq məlumatları yoxdur. Bu hadisədən sonra kombaynı İsmayıllı rayon postundan təhvil almışlar. Həmin tarixədək kombayn cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh kombaynı təmir etdiyini bildirsə də, qismən təmir işləri aparılsa da mühüm hissələri yarasız vəziyyətdədir. Hazırda həmin kombaynın istifadə edilməməsini və biçin sezonunda başlanmasını nəzərə alsalar, bu onlar üçün əlavə zərər deməkdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 12 Şəki Kommersiyа Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Cavabdeh ## #### 2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat əsas borc, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8130 manat dəymiş maddi ziyan, müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış 1227,3 manat əlavə istifadə haqqı, gecikdirilmiş günlər üzrə hesablanmış 131.37 manat cərimə borcu olmaqla, ümumilikdə 10888,67 manat pul və 101.66 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən ## #### 2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat əsas borc, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8130 manat dəymiş maddi ziyan, müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış 1227,3 manat əlavə istifadə haqqı, gecikdirilmiş günlər üzrə hesablanmış 131.37 manat cərimə borcu olmaqla, ümumilikdə 10888,67 manat pul tələb etməkdə haqlıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 427.3, 442, 462.1, 462.3, 467, 748-7.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilərək iddia tələbinin 1400 manat hissəsində təmin edilməsini xahiş etmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə qətnaməsinin qət etdi hissəsini iddianın təmin olunmuş hissələrinə münasibətdə hər bir bənd üzrə mövqeyini bildirmək istəyir. Qətnamənin nəticə hissəsində deyilir: 1.Cavabdeh ## #### 2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat əsas borc, 2. 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8130 manat dəymiş maddi ziyanın, 3. müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış 1227.3 manat əlavə istifadə haqqı, 4. gecikdirilmiş günlər üzrə hesablanmış 131.37 manat cərimə borcla, 5. ümumilikdə 10888.67 manat pul və 101.66 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. O, iddianın qalan hissədə rədd edilməsini qəbul etdiyindən tələbin digər təmin olunmamış hissəsini mübahisələndirməyərək hər bir tələbə yuxarıda qeyd etdiyi təmin olunmuş sıra sayı ilə cavab vermək istəyir. Qətnamənin təmin olunmuş birinci hissəsinə münasibətini bildirir: 1.Cavabdeh ## #### 2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat əsas borcun tutulmasının təmin edilməsi qeyd edilir. Bildirir ki, o, # #### 2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Həmin müqaviləyə əsasən 1800 manat öhdəlikdən 400 manat ödəniş edilmiş və onun iddiaçıya 1400 manat borcu qalmışdır. Bu hal mübahisələndirilməyən haldır ki, o, bununla bağlı mövqeyini təsdiqləyir. Bəli həqiqətən də onun 1400 manat müqavilə üzrə borcu qalmışdır. O, kombaynı götürmüşdür. Kombayna ehtiyat hissələrinə 3500 manatadək xərc çəkmişdir. İşlək vəziyyətə gətirmişdir. Bütün bunlara rəğmən o, 1400 manat borcunun olduğunu qəbul edir.
2. 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8130 manat dəymiş maddi ziyanla bağlı; O, qətnamənin bu hissəsini tamamilə rədd edir. Kombaynı tərəfiindən hazır vəziyyətə yəni işlək vəziyyətə öz tərəfindən 3500 manat vəsait sərf etməklə, detallarını yeniləməklə o gətirmişdir. İddiaçı bu məbləği onun üzərinə yükləyən zaman hansı əsasla bu fikri ona aydın deyil. O, kombaynı təhvil götürəndən sonra 10 gün taxıl biçimi ilə məşğul olmuşdur. Sonra isə qonşu rayonu Qəbələ rayonu Nic və Mirzəbəyli kəndinə biçimlə bağlı getmişdir. X1 saxlamışdır. Sonra ondan rüşvət istəmişdir. Qeyd etmişdir ki, pul qazanırsan, bizim də haqqımızı verməlisən. O, qeyd etmişdir ki, hələ işə başlamamışam. Olan məbləği də səlyarkaya vermişəm. İşləyim qayıdanda Sizə arpa və yaxud da taxıl verərəm. Onunla razılaşmamışdır. O, ona 80 manat nağd, 70 manatı isə kartına vurmuşdur. Bundan sonra isə gedib işləmişdir. Ancaq onun gözü doymayıb. Bu dəfə bu qayının istiqamətilə, digər yol patrul əməkdaşları onu saxlayaraq 550 manat pulunu alaraq onlar tərəfindən kombaynını onların müşayəti ilə aparacaqlarını bildirmişlər. O, yolu davam etmişdir, sonra isə sürət qutusu atdığından o, kombaynı sağa çıxartmışdır və kombayn bir tərəfi üstə aşmışdır. Sonra isə həmin kombaynı çıxararaq İsmayıllı-Qaraməryəm postuna yerləşdirmişlər. Bundan sonra ondan 2500 manat pul istəmişlər. O, həmin pulu verməyə gücünün çatmadığını bildirmişdir. Kombaynını tam əsassız olaraq orada saxlamışlar. Ona nə cərimə yazılmış, nə də kombaynı buraxmışlar. Burada kombayn dəfələrlə müraciətlərinə baxmayaraq buraxılmamışdır. Bu səbəbdən də qeyd etdiyi post tam əsassız olaraq onlara aid olan kombaynı uzun bir müddət burada saxlamışdır. Hətta vəziyyət o yerə getmişdir ki, onlar işlədiyi rüşvəti vermədiyi üçün onunla bağlı bu qanunsuzluqları etməkdən belə çəkinməmişlər. Burada hansı könüllü saxlanmadan söhbət gedə bilər. Bir də ki, kombaynın çıxmasına maneə olan qeyd olunan postdur ki, iddiaçı həmin pulu ödəyir və sonra isə ondan tələb edir. Onun heç bir halda həmin idarəyə pul ödəmək öhdəliyi yoxdur. O, bu barədə bütün dövlət orqanlarına müraciət etmişdir. O, qeyd etmişdir ki, müqavilə müddətindən sonrakı ay ərzində o, kombayndan istifadə edə bilməmişdir. Çünki kombayn saxlanılmışdır. İstifadə etməməsinin səbəbini hazırkı iddiaçıya bildirmişdir. O işləmədiyi halda və dövlət orqanından götürə bilmədiyi halda onun üzərinə 4300 manatın yazılması ədalətli deyil. Bundan başqa kombayn tam işlək vəziyyətdə olmuşdur. Kombaynın nə sürəti vardır ki, əzilsin. Təxminən əzilən hissə xıdır hissəsidir ki, bahalı deyil, düzələcək şəkildədir. Başqa kombayna zərər dəyməmişdir. Əksinə o, özü onu hazırlayıb işlək vəziyyətə gətirmişdir. Hər bir detalın video çəkilişi vardır. Düşünür ki, bunlar tutarlı sənədlərdir və məhkəmə tərəfindən mütləq mənada araşdırılacaq. Zərurət yaranarsa ekspertiza edilməlidir. Bu səbəbdən də 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8130 manat dəymiş maddi ziyanın ona heç bir aidiyyatı yoxdur. Qətnamənin təmin olunmuş digər hissəsi: müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış 1227.3 manat əlavə istifadə haqqı ilə razı deyil. O, kombayndan müqavilə üzrə müəyyən olunan müddətdən sonra istifadə etməmişdir. Bu barədə lizinq təşkilatına məlumat vermişdir. Onlar kombaynın postda qanunsuz olaraq saxlanıldığını bilirdilər. Mülkiyyətçi olaraq bildikləri andan müqavilə müddəti bitdiyini bilə-bilə bir mülkiyyətçi kimi həmin kombaynın geri qaytarılmasını istəmişlər. Bu müddəti onlar da bilirdilər. O, istifadə etmədiyi dövrün hansı faizi ödəməlidir ki, hələ əlavə istifadə haqqı da verməlidir. Qeyd edilən halları əsassız hesab edir. Düşünür ki, bütün bunlar da ədalətsizliyin bir formatıdır. O, qeyd olunan kombaynın postda qalmasını, bütün bunları polisin etməsini, hətta ondan rüşvət almasını təsdiq edən əsasları vardır.
4. gecikdirilmiş günlər üzrə hesablanmış 131.37 manat cərimə borcla bağlı; O, qətnamənin bu hissəsini də qəbul etmir. Həmin hissə onun cərimə borcunun olması ilə bağlı məsələni müəyyənləşdirir. O, bu hissəni tamamilə rədd edir. Heç bir cərimə borcundan söhbət belə gedə bilməz. Onun əsas borcu olmadığı halda cərimə borcu belə ola bilməz. Bütün bunlar əsassız bir haldır. O, cərimə borcu ilə məsələni tamlığı ilə rədd edir.
5. ümumilikdə 10888.67 manat pul və 101.66 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamənin bu hissəsi də doğru deyil. Çünki qətnamənin bu hissəsi toplanmış iddiaçının əsassız iddiası üzərində formalaşdığından onun borcu 1400 manat olduğu halda 10888.67 manata yönəldiyindən tam əsassız hesab edərək rədd edir. 1400 manatı ödəməlidir. Bununla razılaşır. Digər məbləğlər isə rədd olunmalı hallardır ki, bunları da rədd edir. Qeyd olunanlara əsasən, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e- *-*(*-**)-**/**** saylı qətnaməsinin 8130 manat maddi ziyanın, 1227,30 manat əlavə istifadə haqqının və 131,37 manat cərimənin tutulmasına dair hissələrinin ləğv edilməsi və iddia tələbinin yalnız 1400 manat əsas borca münasibətdə təmin edilməsi, qalan hissədə isə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
18. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin yalnız 1400 manat əsas borca münasibətdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddia tələbinin yalnız 1400 manat əsas borc hissəsini qəbul etdiyindən, qətnamənin iddianın təmin olunmuş qalan hissəsini mübahisələndirmişdir. Bu səbəbdən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir..
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 748-7. Lizinq müqaviləsinin tərəfləri arasında risklərin bölüşdürülməsi 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. (...).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)- **/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
49. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
50. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir.
51. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
52. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
53. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir.
54. Müəyyən edilmişdir ki, tərəflər arasında kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə ##.##.2025-ci il tarixli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən eyni tarixli aktla 1 ədəd **AB*** dövlət qeydiyyat nömrəli Sampo SR-2045 model taxılyığan kombayın iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər istifadə müddətinə ümumi dəyəri 1800 manat olmaqla saz vəziyyətdə cavabdehə təhvil verilmiş, bundan sonra ##.##.2025-ci il tarixdə akta əsasən həmin texnika nasaz vəziyyətdə iddiaçıya geri qaytarılmış, lakin cavabdeh həmin aktı imzalamamışdır.
55. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İddia tələbləri qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir.
56. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehdən ## #### 2025-ci il tarixli **/***** nömrəli operativ lizinq müqaviləsinə əsasən 1400 manat əsas borc, 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 8130 manat dəymiş maddi ziyan, müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış 1227,3 manat əlavə istifadə haqqı, gecikdirilmiş günlər üzrə hesablanmış 131.37 manat cərimə borcu olmaqla, ümumilikdə 10888,67 manat pul tələb etməkdə haqlıdır.
57. Apellyasiya şikayətinin başlıca tələbi iddia tələbində tələb edilən dəymiş maddi ziyan, müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış əlavə istifadə haqqı və cərimə borcu ilə bağlıdır.
58. Cavabdeh iddia tələbi üzrə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində texnikaya dəymiş maddi ziyanı və hesablanmış əlavə istifadə haqqını mübahisələndirmişdir. Belə ki, həmin texnikanın təmiri üçün təxminən 3500 manat məbləğində xərc çəkdiyini, texnikaya dəymiş ziyan üçün tələb edilən məbləğin çox olduğunu, daha az qiymətə təmir edə biləcəyini, texnikanın müqavilədə nəzərdə tutulan müddətdən gec təhvil verilməsinin ondan asılı olmayan səbəbdən yəni cərimə meydançasında saxlanılmasından asılı olmasını bildirmişdir.
59. Qeyd edildiyi kimi iddiaçı texnikanın tam bərpası üçün 8130 manat dəymiş ziyan hesablandığını və həmin borcun cavabdehdən tutulmasını da xahiş etmişdir. Cavabdeh bu hissəyə münasibətdə texnikaya ziyan dəydiyini qəbul etsə də, tələb edilən məbləğin çox olduğunu, həmin texnikanın təmiri üçün təxminən 3500 manat məbləğində xərc çəkdiyini, onun özünün həmin texnikanı daha aşağı qiymətə təmir etdirə biləcəyini, bunun üçün ona vaxt verilməsini xahiş etmişdir. Lakin cavabdehin texnikanı təmir etdirəcəyini və texnikaya xərc çəkməsini bildirməsinə baxmayaraq bununla bağlı heç bir sübut təqdim etməməsi hallarını nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
60. Bundan əlavə olaraq iddiaçı müqaviləyə əsasən texnikanın cavabdeh tərəfindən ##.##.2025-ci il tarixindən qaytarılmalı olduğu halda, ##.##.2025-ci il tarixindən qaytarıldığını bildirərək müqavilə müddətindən artıq istifadə üzrə hesablanmış 4360 manat əlavə istifadə haqqının cavabdehdən tutulmasını xahiş etmişdir.
61. Cavabdeh tərəfindən texnikanın nəzərdə tutulmuş müddətdən gec təhvil verilməsinin səbəbi iddiaçının nümayəndəsinin də təsdiq etdiyi kimi nəqliyyat vasitəsinin polis postunda saxlanması olmuşdur.
62. Birinci instansiya məhkəməsi qeyd edilən halları, texnikanın təhvil verilməsinin gecikməsinin səbəbinin birbaşa cavabdehin təqsiri üzündən baş verməməsi ilə bağlı halları, yəni hər iki tərəfin mənafelərini nəzərə alaraq 1 ay müddət üçün əlavə isifadə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ədalətli hesab etmişdir.
63. Belə ki, taxıl biçin mövsümünün iyul ayı daxil olmaqla avqust ayının əvvəllərinədək aparılması nəzərə alınarsa texnikanın cavabdehdə qaldığı 2025-ci ilin noyabr ayınadək deyil, ən azı avqust ayı daxil olmaqla gündəlik lizinq haqqına uyğun haqqın hesablanmasını qanuni və əsaslı hesab edir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.6-cı bəndinə əsasən, müqavilə müddəti bitdikdən sonra texnika müəyyən edilmiş son istifadə tarixində lizinqə alan (istifadəçi) tərəfindən parka təhvil verilmədiyi halda, gecikdirilmiş günlərin sayını aktlaşdırır və gecikdirilmiş hər gün üçün bu müqavilə üzrə müəyyən edilmiş aylıq dəyərin 1 günlük norması həcmində əlavə ödənişin edilməsini lizinq alandan (istifadəçidən) tələb edir.
64. Tərəflər texnikadan istifadənin dəyərini ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixə qədər olan 44 gün üçün 1800 manat müəyyənləşdirmişlər. Bu səbəbdən iddiaçı 1 ay müddət üçün 1227,3 manat (1800/44 gün=40,91 manat, 40,91*30 gün=1227,30 manat) əlavə istifadə haqqı tələb etməkdə haqlıdır.
65. Bundan başqa birinci instansiya məhkəməsi iddia tələbinin gecikdirilmiş günlər üzrə hesablanmış 180 manat cərimə borcunun tutulmasına münasibətdə bildirmişdir ki, müqavilənin şərtlərinə əsasən iddiaçı qeyd edilən əsaslarla cavabdehdən cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Eyni zamanda hər iki tərəfin mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsi ümumilikdə 2627,3 manat əsas borcun 5%-i həcmində, yəni 131,37 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ağlabatan və ədalətli hesab etmişdir.
66. Kollegiya tərəflərin davranışı, iddiaçının vaxtında tələbləri irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulan cərimə borcunun məbləği qanuni, əsaslı, həm də ədalətlidir
67. Birinci instansiya məhkəməsinin lizinq müqavilələri üzrə qət etdiyi cərimənin həcmi təmin olunan əsas borcun 5%-ni təşkil edir ki, bu da məhkəmə kollegiyasının mövqeyinə görə, MM-in 467-ci maddəsinin tələbləri, habelə bu sahədə formalaşmış məhkəmə təcrübəsi baxımından tərəflərin əmlak mənafelərinə uyğun hesab edilməlidir.
68. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
69. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
70. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11. 07. 1997-ci il tarixli * saylı qərarının Qərarın 2. 4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
71. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
72. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
73. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
75. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
76. Hazırkı kommersiya mübahisəsi üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*-*(*-**)-**/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov