Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1109/2023 19.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər X4 və Maraqlı şəxs2, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi anası xx.xx.1953-cü il təvəllüdlü X2 və bacısı xx.xx.1985-ci il təvəllüdlü Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, anası xx.xx.1953-cü il təvəllüdlü X4 ciddi yaddaş pozğunluğundan əziyyət çəkir. Nəzarətsiz qalması mümkün deyil və qulluğunda mütləq kimsə olmalıdır. Durub birdən harasa gedir, sonra yadına sala bilmir ki, niyə və hara gedirdi. Bacısı xx.xx.1953-cü il təvəllüdlü X4 isə beş yaşındakı uşaq kimidir. Ümumi ehtiyaclarını qarşılaya bilsə də, özünü sərbəst idarə edə bilmir, daim nəzarətə ehtiyacı var. Anası və bacısı həmişə birlikdə yaşayıb qardaşı ilə bir həyətdə. Lakin son vaxtlarda qardaşı və gəlini anası və bacısına baxmadığına görə məcbur olub onları yanında saxlayır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X4 bildirdi ki, məhkəməyə niyə gətirildiyini bilmir. Oğlu başından vurandan sonra heç nə yadında deyil. Vüsalə yaxşıdır, onu incidmir. Qızı ilə yaşamaq istəyir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 məhkəməyə bildirdi ki, 30 yaşı var. Məktəbdə oxumayıb. Evdən tək çıxa bilmir. Qardaşından qorxur. Bəzən çörək almağa gedir. Özü çimir. Suyu da özü açır. Anası ilə birlikdə bacısı Vüsalə ilə yaşamaq istəyir. Bir bacısı da var, o Qazaxıstanda yaşayır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X5 ərizənin təmin edilməsinə etiraz etmədiş Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 322 saylı rəyində göstərilmişdir ki, “ ... X3 naməlum mənşəli demensiya (ağıl zəyifliyi) (F03) müəyyən edilir. ... X4 onda qeyd olunan naməlum mənşəli demensiya (ağıl zəyifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. ... X4 hazırkı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 323 saylı rəyində göstərilmişdir ki, “ ... Maraqlı şəxs2 orta əqli gerilir davranış pozuntuları ilə (F71.1) müəyyən edilir. ... Maraqlı şəxs2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. ... Maraqlı şəxs2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, xx.xx.1953-cü il təvəllüdlü X4 və xx.xx.1985-ci il təvəllüdlü Maraqlı şəxs2 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyillər. Bu baxımdan onlar fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X4 (FİN: 5E4Z9TB) və xx.xx.1985-ci il təvəllüdlü Maraqlı şəxs2 (FİN: xxxxxxx) fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsinlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-1109/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1109/2023
19.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver