Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1111/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq, Şəhərsalma Baş İdarəsi, Binəqədi rayonu İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi cəlb edilməklə) qanunsuz tikilmiş yaşayış və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 11 saylı evin 2 saylı mənzilinin pəncərələrinin və eyvanın qarşısında Cavabdeh tərəfindən mişarlanmış əhəng daşından inşa olunmuş 9.2 x 5.4 m ölçüdə yaşayış sahəsindən və 5.8 x 2.6 metr ölçüdə qeyri-yaşayış sahəsindən ibarət olan hündürlüyü 2.4 metr olan tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1988-ci ildən həqiqi hərbi xidmətdə olmuş, 01.08.1992-ci il tarixdən 13.02.2012-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və qurumlarda müxtəlif vəzifələrdə xidmət keçmişdir. 1992-ci ilin sentyabr ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında ağır yaralanmış və 8 dəfə cərrahiyə əməliyyatı keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ qrup Qarabağ əlili, Azərbaycan Respublikası Silahlı Qüvvələrin veteranı, ehtiyatda olan polkovnikdir. Daşınmaz əmlakın Dövlət reyestrindən MA N:0013449 saylı, 06.11.2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 11, mənzil 2 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd olunan ünvanda yaşadığı binanın pəncərəsinin və eyvanın qarşısında cavabdeh tərəfindən tikinti işləri aparılaraq özbaşına olaraq qeyri-yaşayış və yaşayış sahəsi tikilmişdir. Bununla da küçəyə açılan pəncərələrin qabaq hissəsini cavabdeh tamamilə tutmuş, nəticədə mənzilə gələn havanın və günəş şüasının qarşısı alınmışdır. Həmçinin, əgər binada hər hansı bir fövqəladə hal baş versə, onda həmin halın qarşısını almaq mümkünsüz olacaqdır. Bu isə binada yaşayan insanların həyatı üçün təhlükəlidir. Tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma idarəsinə şikayət ilə müraciət edilmiş, komitənin əməkdaşları tərəfindən araşdırma aparılmış və təsdiq olunmuşdur ki, onun pəncərələrindən 6 metr məsafədə, 30 kv.m yaxın sahədə tikinti işləri aparılaraq hazırda həmin tikintinin bir hissəsindən yaşayış otaqları kimi, digər hissəsindən isə qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Göstərilən ünvandakı torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən, eləcə də tikinti işlərinə dair mövcud qanunvericiliyinin tələblərinə uyğun sənədləşmə aparılması barədə heç bir sənəd təqdim edilməmişdir. Cavbadeh qanunsuz qeyri-yaşayış və yaşayış sahəsi tikməklə onun mülkiyyətində olan evinini pəncərəsinin qarşısını bilərəkdən tutmuşdur. Həmçinin, yaşayış binasının funksiyası və zahiri görkəmi pisləşdirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, 08.05.2021-ci il tarixli, 10/579 saylı ekspert rəyi ilə müəyyən edilmişdi ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 11 saylı evin 2 saylı mənzilinin pəncərələrinin və eyvanın qarşısında Cavabdeh tərəfindən mişarlanmış əhəng daşından inşa olunmuş 9.2 x 5.4 m ölçüdə yaşayış sahəsindən və 5.8 x 2.6 metr ölçüdə qeyri-yaşayış sahəsindən ibarət olan hündürlüyü 2.4 metr olan tikililər mövcuddur. Cavabdeh tərəfindən inşa olunmuş tikiliyə dair mülki iş materialında hər hansı bir sənəd olmadığına və ekspert vəsatətində qeyd olunan hüquq müəyyənedici və texniki sənədlər təqdim edilmədiyinə görə, tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarına əsasən tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olur. Həmçinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş tikililər ilə iddiaçının mənzilinə qədər olan məsafə bir tərəfdən 8.1 metr, digər tərəfdən isə 1.7 metrdir. Tikilinin 9.2 metr hissəsi iddiaçıya məxsus mənzilin qarşısına düşür. İddiaçının yaşadığı mənzilin qonaq otağında hava cərəyanının sürəti 0.00 m/s (norma 0.2 m/s), işıqlanma 61 lk (norma 150 lk), mətbəxdə 0.00 m/s (norma 0.2 m/s), işıqlanma 46 lk (norma 150 lk) olmuşdur. Yəni ki, iddiaçının mənzilinə daxil olan havanın və günəş işığının miqdarı normadan aşağıdır. Fövqəladə hal baş verdiyi təqdirdə cavabdeh tərəfindən inşa olunmuş tikililər Fövqəladə halların aradan qaldırılmasında maneçilik yaradacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 11, mənzil 2 İddiaçı mülkiyyətindədir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 noyabr 2019-cu il tarixli qərarın surərindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və müraciət müəllifinə tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, müraciət müəllifinə özbaşına tikintilərin qarşısının alınması, yerli səviyyədə şəhərsalma nəzarətinin mütəmadi olaraq həyata keçirilməsi, qanunsuz tikintilərin dayandırılması və bu barədə müvafiq tədbirlərin görülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Tikintidə X1 Agentliyinə yazılı məlumat verilməsi, habelə tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatının tətbiq edilməsi yerli icra hakimiyyəti oqanlarının səlahiyyətlərinə aid olduğu və aidiyyəti üzrə müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 01 iyul və 12 avqust 2020-ci il tarixli məktubların surətlərindən görünür ki, müraciət müəllifinə özbaşına tikinti obyektlərinin sökülməsi ilə bağlı tədbirlərin görülməsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid edildiyi bildirilmişdir; Binəqədi rayon İcra başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən İddiaçı ünvanlanmış 28 noyabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, araşdırma nəticəsində İddiaçı məxsus mənzilin qarşı tərəfində Qubadlı rayonundan məcburi köçkün Hicran adlı şəxs tərəfindən heç bir qanuna müvafiq sənəd əldə etmədən özbaşına tikinti işi aparıldığı və hal-hazırda həmin ünvanda yaşadığı müəyyən edilmiş, göstərilən ünvanda bir müddət əvvəl inşa edilmiş özbaşına tikilmiş olan evdə hal-hazırda yaşayış olduğundan həmin evin sökülməsi səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İddiaçı ünvanlanmış 20 fevral 2020-ci il tarixli məktubun surətindən görünür ki, aparılmış araşdırma nəticəsində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus mənzilə heç bir təhlükə yaratmadığı müəyyən edilmiş, bu səbəbdən hal-hazırda qeyd olunan tikili ilə əlaqədar hər hansı bir tədbir görülməsi məqsədəmüvafiq hesab olunmamışdır; Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə sorğuya cavab olaraq ünvanlanmış 13 iyul 2021-ci il tarixli, 02/851 nömrəli məktubdan görünür ki, Binəqədi rayonunda müvəqqəti qeydiyyatda olan Qubadlı rayonundan məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsində yerləşən 9 saylı evin 29 nömrəli mənzilində və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 94 ünvanında müvəqqəti məskunlaşmış və özü, eləcə də ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2021-ci il tarixli, 10/579 nömrəli rəyindən görünür ki, baxış zamanı əldə olunmuş məlumatlara və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin və Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə X1 Agentliyinin mütəxəssis rəylərinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, 11 saylı evin 2 saylı mənzilinin pəncərələrinin və eyvanın qarşısında Cavabdeh tərəfindən mişarlanmış əhəng daşından inşa olunmuş 9.2 x 5.4 metr ölçüdə yaşayış sahəsindən və 5.8 x 2.6 metr ölçüdə qeyri-yaşayış sahəsindən ibarət olan hündürlüyü 2.4 metr olan tikililər mövcuddur. Həmçinin qeyd olunur ki, cavabdeh tərəfindən inşa olunmuş tikiliyə dair mülki iş materiallarında hər hansı bir sənəd olmadığına və ekspert vəsatətində qeyd olunan hüquqmüəyyənedici və texniki sənədlər təqdim edilmədiyinə görə, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 nömrəli qərarına əsasən tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olundu. Cavabdeh tərəfindən inşa olunmuş tikililər və iddiaçının mənzilinə qədər olan məsafə bir tərəfdən 8.1 metr, digər tərəfdən isə 1.7 metrdir. Tikilinin 9.2 metr hissəsi iddiaçıya məxsus mənzilin qarşısına düşür. İddiaçının yaşadığı mənzilin qonaq otağına hava cərəyanının surəti 0.00 m/s (norma 0.2 m/s), işıqlanma 60 lk (norma 150 lk), mətbəxdə 0.00 m/s (norma 0.2 m/s), işıqlanma 46 lk (norma 150 lk) olmuşdur. Yəni ki, iddiaçının mənzilinə daxil olan havanın və günəş işığının miqdarı normadan aşağıdır. Həmçinin qeyd olunur ki, fövqəladə hal baş verdiyi təqdirdə cavabdeh tərəfindən inşa olunmuş tikililər həmin halların aradan qaldırılmasına maneçilik yaradacaqdır; Bildirişlərə əsasən aparılmış məhkəmə tikinti-texniki tədqiqatın dəyəri 50 manat, mütəxəssis rəyinin dəyəri isə 200 manat təşkil edir; 28 oktyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş 004085 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin qabağında cavabdeh tərəfindən lazımi icazələr almadan və şəhərsalma və tikinti normaları və qaydalarını pozmaqla özbaşına yaşayış və qeyriyaşayış sahələri inşa edilmişdir. Həmin tikililərin 9.2 metr hissəsi iddiaçının mülkiyyətində olan mənzilin qarşısına düşməklə həmin mənzilə daxil olan havanın və günəş işığının qarşısını alır. Bundan başqa, hər hansı fövqəladə hal baş verdiyi təqdirdə cavabdeh tərəfindən inşa olunmuş tikililər həmin halların aradan qaldırılmasına maneçilik yaradacaqdır. Bununla bağlı iddiaçı aidiyyəti dövlət qurumlarına müraciətlər etsə də, müraciətləri nəticəsiz qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh məcburi köçkün olmaqla ailə üzvləri ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsində yerləşən 9 saylı evin 29 nömrəli mənzilində və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 94 ünvanında müvəqqəti məskunlaşmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun birinci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarından göründüyü kimi, cavabdehin hərəkəti nəticəsində iddiaçının mənzilindən dinc istifadə etmək, sanitariya-gigiyena və ekoloji tələblərə cavab verən, habelə təhlükəsiz şəraitdə özünə məxsus yaşayış sahəsində yaşamaq hüququ pozulmuş, bununla da iddiaçının qanuni mənafeyinə xələl gətirilmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən yaşayış sahəsi ilə bərabər qeyriyaşayış sahəsi də inşa edilmişdir və həmin yaşayış sahəsi onun yeganə məskunlaşdığı yer deyil. Bununla belə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 11, 2 saylı mənzilin qarşısında cavabdeh tərəfindən mişarlanmış əhəng daşından inşa olunmuş tikililərin iddiaçının mənzilinin pəncərələri və eyvanının qarşısına düşən 9.2 metr uzunluğunda hissəsinin sökülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, məhz həmin tikililərin bu hissəsi iddiaçının qanuni mənafeyinə xələl gətirir və tikililərin digər hissələrinin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur, bu hüquq müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən müharibə veteranları və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müharibə veteranı, cavabdeh isə məcburi köçkün olduğundan iş üzrə məhkəmə xərcləri onlardan tutulmamalı, habelə iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 11, 2 saylı mənzilin qarşısında Cavabdeh tərəfindən mişarlanmış əhəng daşından inşa olunmuş tikililərin iddiaçının mənzilinin pəncərələri və eyvanının qarşısına düşən 9.2 metr uzunluğunda hissəsinin sökülməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-1111/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1111/2021
30.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver