Məhkəmə qərarları › İş №2(001)-113/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-113/2025

16.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-113/2025 16.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı şirkətinin nümayəndəsi X4, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı – İddiaçı şirkətinin cavabdeh – Cavabdeh qarşı “cavabdehin 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasınında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X9 Bi.Vi. və ARDNŞ-in ortaq şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 nömrəli qanuna əsasən Saziş qanun statusunu almışdır.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qirməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqların daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin 5-ci Əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir.

3. Sazişin 2 və 8-ci maddələrinin və X9 şirkətləri arasında imzalanmış “Birgə Əməliyyat” Sazişinin 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış kontrakt sahəsində, əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təlimat və öhdəliklərinin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, neft-qaz əməliyyatları üçün podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz.

4. İddiaçı şirkəti qeyd edilənləri rəhbər tutaraq Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 398109.723 4478438.338; 2. 398121.742 4478437.298; 3. 398121.049 4478421.755; 4. 398109.492 4478422.390 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı şirkətinin Saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 nömrəli mədənin 5-ci sahəsində və şirkətin Saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, iddiaçının qanunla qorunan hüquqları və dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. İddiaçı daha sonra qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin olduğu torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılması barədə bələdiyyə qərarının və ya İcra Hakimiyyətinin sərəncamının olması, həmçinin cavabdehin özbaşına inşa etdiyi tikilidə pasport qeydiyyatında olması mübahisələndirilən özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasına mane olmur.

Cavabdehin etirazları:

6. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə etiraz məhkəməyə təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində dəqiqləşdirilməmiş belə bir fikir irəli sürülür ki, guya cavabdeh ünvan 1 ünvanında inşa edilmiş yaşayış sahəsini lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozmaqla özbaşına tikinti inşa etmişdir. Tərəf daha sonra iddia edir ki, tikili ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Aşağıda qeyd edilmiş səbəblərə görə, bütün bunlar iddiaçının birtərəfli mövqeyinə əsaslanır və heç bir hüquqi əsası yoxdur. İddiaçı özü qanunvericiliyin tələblərini pozmuş və məhkəməni aldatmağa uğursuz cəhd etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, İddiaçı iddia tələbi maddi və prosessual qanunvericiliyin pozulması ilə verilmişdir. Habelə onun belə bir iddia ilə çıxış etməyə subyektiv hüququ yoxdur. Düzdür Azərbaycan Respublikası MPM-nın 4-cü maddəsinə əsasən hər kəs pozulmuş hüquqlarının bərpası üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. Lakin öncə müraciət edən şəxs hansı hüquqlarının pozulduğunu əsaslandırmalı, tələb etmək hüququnun olub-olmadığını sübuta yetirməlidir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunun kənarında yerləşən daşınmaz əmlak Biləcəri Bələdiyyəsinin 13 may 2005-ci il tarixli, 56 saylı qərarı ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş cizgi əsasında 600,0 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə vətəndaş X1 (əlavə olunur). Sonuncu isə 2018-ci ildə daşınmaz əmlakı bizə vermişdir. Bundan savayı qəsəbədə bizimlə bərabər yüzlərlə sakin torpaq sahəsi alaraq fərdi yaşayış evi tikmiş, əraziyə dövlət tərəfindən işıq, qaz, su xətləri çəkilmiş və abonentlərin istifadəsinə verilmişdir. Hər kəs öz sənədlərinə uyğun ərazi hüdudlarını müəyyənləşdirmiş, o cümlədən piyada və avtomobillər üçün yollar salınmışdır. Ötən illər ərzində iddiaçı daşınmaz əmlaka dair öz etirazını bildirməmiş, qəbul edilmiş 13 may 2005ci il tarixli qərarı məhkəmədə mübahisələndirməmişdir. Fikrimizcə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Biləcəri yolunun kənarında yerləşən mübahisəli daşınmaz əmlak özbaşına tikili sayıla bilməz. Ən azından sahəyə dair Biləcəri Bələdiyyəsinin 13 may 2005-ci il tarixli, 56 saylı ləğv edilməmiş qərarı mövcuddur. Bundan başqa, tərəflərin sahibliyində olan mübahisəli torpaq sahəsinin hüdudları və kimin mülkiyyətində olması barədə sübutlar alınmadan fikir irəli sürülməsi qanuni və əsaslı deyildir. Bundan başqa, iddia olunan ərazinin iddiaçının istifadəsinə hansı tarixdən verilməsi də aydınlaşdırılmalıdır. Bundan başqa, “ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığını” təsdiq edəcək heç bir mötəbər sübut növü təqdim edilməmişdir. Bundan başqa, iddiaçı Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli qərardadına istinad edərək “ev sənədlərinin etibarsız hesab edilməsi və torpaq sahəsinin boşaldılması barədə iddia qaldırmaq” hüquqlarının mövcudluğunu bildirsə də, tələbində 13 may 2005-ci il tarixli, 56 saylı Qərarın etibarsız hesab edilməsi xahiş edilməmişdir. Bundan başqa, Azərbаycаn Respublikаsı Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə müvafiq olaraq mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur və sairə. Göründüyü kimi iddiaçının dəlilləri əsassızdır. Vurğulanmalıdır ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldırılarkən ilk öncə daşınmaz əmlakın mülkiyyətçisi ilə bağlı hallar öyrənilməlidir. Əks halda məhkəmədə bu cür iddia qaldırmağa subyektiv hüquq yaranmayacaqdır. Hazırkı iş üzrə İddiaçınin Cavabdeh qarşı “qanunsuz tikintinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir.

7. 16.01.2026-cı il tarixində keçirilən məhkəmə baxış iclası zamanı cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verilərək iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılması xahiş edilmişdir.

Tərəflərin izahatları:

8. İddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, elektrik xətti var, elektrik xətti balanslarındadır, fond 100 metrdən az məsafədədir, hazırda aktiv fond yoxdur. Bələdiyyə 2017-ci ildə saxta sənəd verib.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, onlar iddia tələbini qəbul etmirlər, bələdiyyə qərarı var, ev 2017-ci ildə inşa edilib. Bələdiyyə qərarı 2017-ci il tarixli deyil, xx.xx.2005-ci il tarixlidir, orada böyük yaşayış massivi salınıb, yol asfaltlanıb, ordan qaz və işıq su xətti keçmir. Küçələrə ad verilib. İddiaçının icazəsilə qəsəbə tikilib. İddia müddəti ötürülüb, subyektiv hüququ yoxdur. Ləğv edilməmiş bələdiyyə qərarı var. Bakı İnzibati Məhkəməsində bələdiyyə qərarının ləğvi ilə bağlı iddia qaldırıldı. İddia müddəti ötürülüb deyə mümkünsüz sayıldı.

ƏSASLANDİRİCİ HİSSƏ: Faktiki hallar və sübutlar:

10. İş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan müəyyən edilir ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur.

11. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 56 saylı qərarından və torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün əlavə olunmuş cizgi əsasında 600,0 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə ünvan 2 ünvanda yaşayan vətəndaş X2 qərara alınmış və X3 torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv.metr 11.200 (on bir min iki yüz) manat olmaqla, Biləcəri bələdiyyəsinin «Kapitalbank»ın 1 saylı Binəqədi filialında olan ********** saylı h/hesabına ödənilməsi barədə qəbzin Biləcəri bələdiyyəsinə təqdim edilməsi həvalə edilmişdir.

12. İş materiallarında olan xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən müəyyən edilir ki, X5 Bakı şəhəri Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 56 saylı qərarına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m. torpaq sahəsindən 320 kv.m. torpaq sahəsinə dair hüquqları Cavabdeh etibar etmişdir.

13. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-3930/2024 saylı qərardadına əsasən İddiaçı Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı 3-cü şəxslər X5 və Cavabdeh işə cəlb edilməklə qərarın etibarsızlığının tanınması barədə iddia tələbi üzrə İddiaçı Şirkətinin iddiası mümkün sayılmamışdır.

14. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2234/2024 saylı qərardadına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3930/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3003/2024 saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2234/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-2263/2025 nömrəli məktubuna əsasən müəyyən edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçı şirkətinin kontrakt sahəsinin hüdudları daxilində yerləşir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - Maddə 13. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. - Maddə 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. - Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. - Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - Maddə 75.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - Maddə 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (AR TM): - Maddə 109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. - Maddə 111. 1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. - Maddə 111. 2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. - Maddə 111. 3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

20. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X9 Bi.Vi. və ARDNŞnin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu: - Maddə 1. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X9 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. - Maddə 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 14 oktyabr tarixli 150 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra "Hökumət təminatı" adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin. - Maddə 3. Sazişin əsas mətninə edilmiş doqquz (9) Əlavə və bir (1) Qoşma (bundan sonra "Əlavələr" adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin. - Maddə 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. - Maddə 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. - Maddə 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin ) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ: “Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarı: - 28. Məhkəmə bir daha bildirir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu olduğunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənası daxilində onun “əmlakı” ilə əlaqəli olsun. “Əmlak” anlayışı “mövcud əmlak”la məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “legitim gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağı ilə əlaqəli olan hüquqi akta əsaslanırsa, “qanunidir”. - 29. Məhkəmə qeyd edir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən qanunsuz tikili kimi müəyyən olunub. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun mövzusunu təşkil edə bilməzdi. - 30. Hazırkı işdə ərizəçi evi özü tikməyib, onu 2008-ci ildə başqa bir şəxsdən alıb. Daxili qanunvericiliyin tələbinə əsasən, daşınmaz əmlakla bağlı əqdlər notarius tərəfindən təsdiq olunmalıdır (yuxarıda § 13) və ərizəçi ilə satıcı tərəfindən imzalanmış alqı-satqı müqaviləsində, həqiqətən, müqavilənin notariat qaydasında imzalanması üçün razılaşdırılmış tarixlə bağlı müddəa var idi və bu hissə tərəflər tərəfindən boş buraxılıb. Bundan başqa, Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrində tələb olunan şəkildə Dövlət reyestrinə heç bir qeyd daxil edilməyib (yuxarıda § § 5 və 12). Ərizəçinin alqı-satqı müqaviləsinin notarius tərəfindən təsdiq edilməməsi və dövlət reyestrində qeyd edilməməsi, Hökumətin iddia etdiyi kimi, evə dair müvafiq tikinti və mülkiyyət sənədlərinin olmaması ilə izah edilə bilər (bax: yuxarıda § 24). Buna görə də, ərizəçi evi alarkən onun qanunsuz tikili olduğunu bilirdi və ya bilməli idi. - 31. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı ərizəçinin həmin müddəaların sözügedən evə münasibətdə tətbiq edilməyəcəyinə inanmasına səbəb olacaq heç bir qeyri-müəyyənlik mövcud olmayıb. - 33. Bundan başqa, müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı iddia qaldırıla bilməz. Həmçinin bu hal özlüyündə ərizəçinin evə olan mülkiyyət marağının 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə olunan mənada “mülkiyyət” sayılacaq həddə tanınan və əhəmiyyətli olduğu qənaətinə gəlmək üçün kifayət deyildi. - 35. Bundan da belə nəticəyə gəlmək olar ki, şikayətin bu hissəsi 35-ci maddənin 3 (a) bəndi mənasında Konvensiyanın müddəaları ilə ratione materiae baxımından uyğunsuzdur və 35-ci maddənin 4-cü bəndinə uyğun olaraq rədd edilməlidir. - 44. Ərizəçinin sözügedən mənzildən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən qanuni müddəalara və zəbt edilmiş torpaqların sahiblərinə və ya qanuni istifadəçilərinə qaytarılması barədə tənzimləmələrə əsaslanıb. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad edib. Məhkəmə, onun daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, razılaşır ki, ərizəçinin mənzildən çıxarılması barədə qərar verən milli məhkəmə qərarları daxili qanunvericiliyə uyğundur. - 48. Bundan əlavə, hazırki işdəki kimi halların olduğu işlərdə mütənasiblik testi hakimiyyətin geri almağa çalışdığı torpağı nə üçün istifadə etmək istəməsi ilə qırılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə “Azneft” yerli məhkəmələr qarşısında qaldırdığı iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməyiblər. - 51. Nəhayət, ərizəçi üçün alternativ məskunlaşma imkanının çatımlı olduğunu araşdıracaq hər hansı prosedurun olması da Hökumət tərəfindən iddia edilmədi. Bundan əlavə, ərizəçi dövlət orqanları tərəfindən pulsuz və ya münasib qiymətə mənzil verilməsi üçün müraciət etmək hüququna malik olan şəxslərin hər hansı konkret kateqoriyasına aid edilmir (yuxarıda § § 19-21). Hökumət sosial sığınacaqda müvəqqəti qalmanın (yuxarıda § 22), alternativ məskunlaşma imkanlarının araşdırılması üçün heç bir prosedur olmadığı halda, hazırki işin hallarında mütənasiblik tələbini təmin edən həll yolu kimi qəbul edilə biləcəyini də mübahisələndirmədi. - 52. Belə olduğu təqdirdə, ərizəçi onun işi üzrə mövcud olan şəxsi hallar nəzərə alınmaqla müdaxilənin mütənasibliyinə, yəni, onun sözügedən evdən çıxarılmasına adekvat şəkildə yenidən baxılmasına imkan verən prosedurla da təmin edilmədi. - 53. Bu səbəblərə görə, Məhkəmə, köçürülmə haqqında qərarın belə bir yoxlama olmadan icra olunması durumunda Konvensiyanın 8-ci maddəsinin pozulacağına qərar verir.

“Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarı: - Ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin, hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəsi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdir. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır. - Ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə çıxır ki, onun hüquqları pozulmamışdır.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

24. Belə ki, mübahisə predmeti olan tikili dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, sənaye təyinatlı torpaq sahəsində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmişdir, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

25. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, İddiaçı şirkətinə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü aparması üçün 2004-cü il tarixli sazişlə istifadəsinə torpaq sahəsi ayrılmışdır. Həmin saziş ərazisində fəaliyyət göstərən və ya göstərməyən neft quyuları vardır. 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 398109.723 4478438.338; 2. 398121.742 4478437.298; 3. 398121.049 4478421.755; 4. 398109.492 4478422.390 koordinatlar) cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi yerləşir. Həmin fərdi yaşayış evinin və ya torpaq sahəsinin cavabdehin mülkiyyətinə və ya istifadəsinə verildiyini təsdiq edən hüquq müəyyənedici sənəd yoxdur. Bu aspektdən yanaşdıqda həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilir.

26. Odur ki, 1 saylı mədənin 5-ci sahəsində Şirkətin (iddiaçının) saziş ərazisi hüdudları daxilində (1. 398109.723 4478438.338; 2. 398121.742 4478437.298; 3. 398121.049 4478421.755; 4. 398109.492 4478422.390 koordinatlar) torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir.

27. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad edilmiş normalarının tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin sözügedən qanunvericiliyin tələbinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

28. İstinad edilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edilən və cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə özbaşına tikilidir və iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikinti aparıldığından onun tələbi əsaslıdır.

29. Bununla belə məhkəmə o qənaətə gəlir ki, özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Bu baxımdan Avropa Məhkəməsinin bu qətnamənin 20-ci bəndində istinad edilmiş presedent hüququ mühüm əhəmiyyət kəsb edir.

30. Məhkəmə həmçinin qeyd edir ki, bu qətnamənin 20-ci bəndində Avropa Məhkəməsinin istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

31. Bu səbəbdən də ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qətnamənin icrası müddəti müəyyənləşdirilməlidir.

32. Bu məqam məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmiş və müəyyən edilmişdir ki, cavabdehin faktiki sahibliyində olan torpaq sahəsinin yaxınlığında iddiaçı tərəfdən hal-hazırda aktiv neft-qaz əməliyyatları həyata keçirilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.

33. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan cavabdeh aztəminatlı əhali kateqoriyasına aiddirsə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.

34. İddia müddətinin tətbiq edilməsinə dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili ərizəsində hazırki iddia tələbinə münasibətdə hansı iddia müddətinin tətbiq edilməli olduğunu qeyd etməmiş, eləcə də bunu əsaslandırmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, hazırki iddia tələbi iddia müddətinin şamil edilmədiyi tələblərə aid olub, bu tələbə iddia müddəti tətbiq edilə bilməz. Ona görə də məhkəmə qeyd edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilə bilməz.

35. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 398109.723 4478438.338; 2. 398121.742 4478437.298; 3. 398121.049 4478421.755; 4. 398109.492 4478422.390 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.

36. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

NƏTİCƏ HİSSƏSİ:

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 398109.723 4478438.338; 2. 398121.742 4478437.298; 3. 398121.049 4478421.755; 4. 398109.492 4478422.390 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın.

3. Qətnamə özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin.

4. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

6. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar