Məhkəmə qərarları › İş №2(001)-115/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-115/2022

28.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-115/2022 28.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Xaçın-Çay Təmir Tikinti Koorperativinin Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən küçəsi 2, korpus 100, 303 saylı özbaşına inşa edilmiş evin və əlavə tikililərin sökülməsinə, Dövlət Əmlak Komitəsinin təsdiq etdiyi baş plana və texniki pasporta uyğun olaraq zəbt edilmiş 200 m2 torpaq sahəsinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Xaçın-Çay Təmir Tikinti Koorperativi Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən küçəsi 2, korpus 100, 303 saylı özbaşına inşa edilmiş evin və əlavə tikililərin sökülməsinə, Dövlət Əmlak Komitəsinin təsdiq etdiyi baş plana və texniki pasporta uyğun olaraq zəbt edilmiş 200 m2 torpaq sahəsinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Xaçın-Çay Tikinti Koorperativinin direktoru X7 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Xaçın-Çay Tikinti Kooperativi xx.xx.1990cı ildən rəsmi dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərir. Kooperativ 1993-cü ildə ünvan 1 ünvanında yerləşən sahəsi 165 m2 olan qeyri-yaşayış sahəsini icarayə götürmüş fasiləsiz olaraq icarəsində olan həmin obyektə görə icarə haqqını ödəməklə taxta məmulatları istehsal edir. Hüquqi şəxsin ********** VÖEN-i, bankda hesablaşama hesabı, möhürü, blankı və hüquqi ünvanı vardır. xx.xx.2002-ci ildən təşkilati-hüquqi forması dəyişdirilərək MMC edilmişdir. Xaçın-Çay Təmir Tikinti kooperativi hüquqi şəxs olaraq Dövlət Əmlak Komitəsi tərəfindən rəsmi qaydada təsdiq edilmiş müqaviləyə və baş plana əsasən qanuni istifadəsində olan sahədə qaydalara və qanunlara uyğun fəaliyyət göstərir. Torpaq sahəsi və tikili Dövlət Əmlak Komitəsinin balansındadır. Tikili 1941-ci ildə inşa edilmiş, hazırda baş plana uyğun olaraq torpaq sahəsi kooperativin icarəsindədir. Cavabdeh heç bir qanuni əsaslar və hüquq müəyyənedici sənədlər olmadan baş planda göstərilən kooperativin istifadəsində olan torpaq sahəsinin 300 m2 özbaşına zəbt etmişdir. Texniki pasport və baş planda göstərilən torpaq sahəsinin 300 m2 cavabdeh tərəfindən qanunsuz zəbt edildiyinə görə aralarında məhkəmə çəkişmələri olmuşdur. Lakin cavabdeh qanun və qaydalara əhəmiyyət vermir və torpaq sahəsini boşaltmaqdan imtina edir. Şantaj və təhdid etmək yolu ilə torpaq sahəsinin qalan hissəsini də zəbt edib tikinti aparmaq niyyəti vardır. Baş planda və texniki pasportda göstərilən sahənin bir hissəsini zəbt edən cavabdeh həm də X15 Şirkətinin təxminən 0,50 ha torpaq sahəsini özbaşına zəbt etmiş və tikinti-quraşdırma işləri aparmışdır. Şirkətlə olan məhkəmə mübahisəsinə Binəqədi Rayon Məhkəməsi xx.xx.2008-ci il tarixdə baxaraq 2(001)-363/08 saylı qətnamə qəbul etmiş, şirkət qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirmişdir. Eyni zamanda Cavabdeh şirkətin həmin ərazidə 0,50 ha torpaq sahəsini qanunsuz zəbt edərək özbaşına fərdi ev və əlavə tikililər inşa etmişdir. Cavabdeh onun qanuni fəaliyyətinə bütün vasitələrlə mane olur. Cavabdeh özbaşına tikilidə yaşadığı və Xaçın-Çay Tikinti Kooperativinə və X16 Şirkətinə məxsus torpaq sahələrini zəbt etdiyi halda əsasız şikayətlər verib onun fəaliyyətini dayandırmaq, maddi ziyan vurmaq istəyir. Ona görə də Cavabdeh ünvan 2 ünvanda özbaşına inşa edilmiş evin və əlavə tikililərin sökülməsinə, baş plana və texinki pasporta uyğun olaraq zəbt edilmiş 200 m2 torpaq sahəsinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Xaçın-Çay Tikinti Koorperativinin nümayəndəsi X9 iddiaçının nümayəndəsi Ş.Q.Rüstəmovun izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Cavabdeh yaşadığı evi 1974-cü ildə tikmiş, həmin torpaq sahəsi Cavabdeh ərinə məxsus olan sahədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə, X3 və X8 qarşı Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən onun adına verilmiş xx.xx.2006-cı il tarixli 1367 saylı saxta sərəncamı ilə ona vurulmuş maddi zərərin real bazar qiymətləri əsasında hesablanaraq bələdiyyədən tutulub verilməsi və yaxınlıqda yerləşən 164013 saylı neft quyusunun təhlükəsizliyinin təmin olunması, cavabdeh Rüstəmovlar tərəfindən tutulmuş, evinə giriş yolunun açılmasını təmin etmək məqsədi ilə cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması və aparılmış qanunsuz tikililərin sökülməsi barədə iddiası və X5, X1 Cavabdeh, X6 qarşı X4 adına verilmiş xx.xx.1997-ci il tarixli 058240 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi, qeyri-qanuni inşa edilmiş evlərin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi, yolun açılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-1079/2009 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirlmədən saxlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)-1507/2011 saylı xx.xx.2011-ci il tarixli qərarına əsasən X1 mülkiyyətinə 600 m2 torpaq sahəsinin bağ-bostan kimi ayrılmasına dair X2 187 saylı xx.xx.2002-ci il tarixli qərarı və X5 mülkiyyətinə 600 m2 torpaq sahəsinin bağ-bostan kimi ayrılmasına dair X2 188 saylı xx.xx.2002-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. İddiaçının istifadəsində olmasını iddia etdiyi torpaq sahəsi X15 Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsidir. Cavabdeh iddiaçının fəaliyyətində yaranan səs-küylə bağlı şikayət etmiş, nəticədə iddiaçı inzibati məsuliyyətə cəlb olunaraq cərimə olunmuşdur. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İcarəyəverən Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə icarəçi Xaçın- Çay TTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli 8530\7099 saylı icarə müqaviləsindən müəyyən olunur ki, ümumi sahəsi 165 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixdək icarəçiyə icarəyə verilmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən, icarəyəverənin yazılı icazəsi olmadan icarəçi tərəfindən icarəyə verilən sahədə əsaslı təmir-tikinti işləri, rekonstruksiya, yenidənqurma aparılması qəti qadağandır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu müəssisə və obyektin xx.xx.2000-ci il tarixli 000789 saylı texniki pasportundan müəyyən olunur ki, Azərbaycan Respublikası DNŞ X14 Çıxarma İdarəsinin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Xaçın-Çay tikinti materialları emalı,təmiri, tikinti kooperativinə icarəyə verilmiş və tikinti altı sahəsi 284,1 m2 ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-1079/2009 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Binəqədi qəsəbə Bələdiyyəsinə, X3 və X8 qarşı Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən onun adına verilmiş xx.xx.2006-cı il tarixli 1367 saylı saxta sərəncamı ilə ona vurulmuş maddi zərərin real bazar qiymətləri əsasında hesablanaraq bələdiyyədən tutulub (və ya əvəzində ona uyğun torpaq sahəsinin verilməsi) və yaxınlıqda yerləşən 164013 saylı neft quyusunun təhlükəsizliyinin təmin olunması, cavabdeh Rüstəmovlar tərəfindən tutulmuş, evinə giriş yolunun açılmasını təmin etmək məqsədi ilə cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması və aparılmış qanunsuz tikililərin sökülməsi barədə iddiası və X5, X1 Cavabdeh, X6 qarşı X4 adına verilmiş xx.xx.1997-ci il tarixli 058240 saylı qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi, qeyri-qanuni inşa edilmiş evlərin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi, yolun açılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-1079/2009 saylı qətnaməsindən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirlmədən saxlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)-1507/2011 saylı xx.xx.2011-ci il tarixli qərarından müəyyən olunur ki, X1 mülkiyyətinə 600 m2 torpaq sahəsinin bağ-bostan kimi ayrılmasına dair X2 187 saylı xx.xx.2002-ci il tarixli qərarı və X5 mülkiyyətinə 600 m2 torpaq sahəsinin bağ-bostan kimi ayrılmasına dair X2 188 saylı xx.xx.2002-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. X15 Şirkətinin Azərbaycan Respublikasındakı filialının Xaçın-Çay Tikinti Kooperativinin direktoru Ş.Q.Rüstəmova ünvanladığı xx.xx.2021-ci il tarixli 03\1367 saylı məktubundan müəyyən olunur ki, ünvan 4 ünvanına baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı ünvanda Şirkətə aid heç bir neft quyusu mövcud deyildir, lakin həm Cavabdeh aid tikili, həm də Xaçın-Çay Tikinti Kooperativinin binası Şirkətə məxsus 144013, 144014, 144053, 144008, 142122 saylı quyuların mühafizə zolağı daxilində yerləşir. Bundan başqa Cavabdeh yaşadığı evin yerləşdiyi torpaq sahəsi, həm də Kooperativin binasının yerləşdiyi torpaq sahəsi Şirkətin Saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilindədir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-363\2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə X2 Cavabdeh 400 m2 torpaq sahəsinin ayrılmasına dair 1367 saylı xx.xx.2006-cı il tarixli sərəncamı etibarsız hesab olunaraq ləğvv edilmiş, eyni zamanda Cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi və topraq sahəsinin boşaldılması qət edilmişdir. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)-1507/2011 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə X2 Ş.Q.Rüstəmova 600 m2 torpaq sahəsinin ayrılması barədə 188 saylı xx.xx.2002-ci il tarixli qərarı etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında (xx.xx.2005-ci il tarixli 901-İİQD №-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən isə Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X17 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə bağlanmış, 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişdən müəyyən olunur ki, Saziş üzrə Əməliyyat şirkəti qismində X15 şirkəti fəaliyyət göstərir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının özünün istifadəsində olan torpaq sahəsi X17 Bi.Vi. şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişə əsasən X15 Şirkətinin Azərbaycan Respublikasındakı filialına ayrılan sənaye təyinatlı dövlət torpaqlarına aid olmaqla Şirkətin Saziş ərazisi hüdudlarında, yəni Şirkətə məxsus 144013, 144014, 144053, 144008, 142122 saylı quyuların mühafizə zolağı daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsində inşa olunan tikililərin sökülməsini, dövlətə məxsus torpaq sahəsinin boşaldılmasını tələb etmək üçün subyektiv hüquqa malik olmadığından iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Xaçın-Çay Təmir Tikinti Koorperativinin Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən küçəsi 2, korpus 100, 303 saylı özbaşına inşa edilmiş evin və əlavə tikililərin sökülməsinə, Dövlət Əmlak Komitəsinin təsdiq etdiyi baş plana və texniki pasporta uyğun olaraq zəbt edilmiş 200 m2 torpaq sahəsinin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar