Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1161/2024 14.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında tək yaşayır, iki qızı var, lakin onlar ərə gedərək ailə qurmuşlar və başqa ünvanda yaşayırlar. Gündəlik tələbatlarını ödəmək üçün evdə bir ədəd 4 gözlü qaz plitəsindən və bir ədəd “İran peçi”ndən istifadə edir. Özü dərzi işləyir, səhər işə gedib axşam evə qayıdır, işə gedəndə təhlükəsizlik baxımından evdə işlətdiyi qaz və elektrik cihazlarını söndürür. Normal halda evinin gündəlik qaz sərfiyyatı təxminən 0.50-0.70 qəpik təşkil edir. Bu yaxınlarda noyabrın 11-də 10 manat qaz pulu ödəmiş, lakin üstündən 3-5 gün keçməmiş qaz qurtarmış, 15 noyabrda yenə qaza görə 10 manat ödəmiş, 3-5 gün keçməmiş yenə qaz qurtarmış, 21 noyabrda 10 manat ödəmiş və ərazi üzrə Qaz İdarəsinə gedərək müdirin qəbuluna düşmüş və ona vəziyyəti bildirmişdir. Qaz İdarəsinin müdiri ona 31 may 2023-cü il tarixli Aktın surətini, Abonentin saldosunu və Dəymiş ziyanın bərpasına dair Tələbnamənin surətini vermiş və bildirmişdir ki, onu evinin küçəsində quraşdırılmış köhnə qaz sayğacı 2023-cü ilin fevralında Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış, əvəzində təzə qaz sayğacı quraşdırılmışdır. Sonradan, yəni 31 may 2023-cü il tarixdə evindən çıxarılmış köhnə qaz sayğacına Cavabdeh İB-nin Labaratoriyasında baxış keçirilmiş və guya qaz sayğacının hansısa rezini yerində olmamış, ona görə də qaz sayğacı korroziyaya uğramış, istismara yararsız hala düşmüş və ona 3110 manat cərimə yazılmışdır. O, Qaz İdarəsinin müdirinə iradını bildirərək demişdir ki, “ay müdir, sizin dediyinizə görə qaz sayğacı fevral ayında çıxarılıb, üstündən 5 ay keçəndən sonra labaratoriyada mənim xəbərim və iştirakım olmadan qaz sayğacıma baxış keçirilib. Labaratoyiya mənim qaz sayğacıma baxış keçirərkən məni nə üçün dəvət etməyibdir, nə üçün mənim iştirakımı təmin etməyibdir? Mən tənha qadınam, evimdə bir nəfər də olsun kişi xeylağı yaşamır, qaz sayğacından başım çıxmır, nə də ki, mən heç vaxt qaz sayğacına müdaxilə etməmişəm”. Qaz İdarəsinin müdiri demişdir ki, o, bilmir, bu rəyi Labaratoriya Komissiyası verib. O, Qaz İdarəsinin müdirindən labaratoriyanın yerini soruşub ki, ora gedib məsələni araşdırsın, lakin ona demişdir ki, labaratoriyanı tapa bilməzsiniz, əgər narazılığınız varsa, gedin məhkəməyə müraciət edin. Qaz İdarəsi tərəfindən tərtib edilmiş həmin sənədlərdə - 31 may 2023-cü il tarixli Aktda, Abonentin saldosunda və “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də onun ünvanı da düzgün yazılmamışdır. Belə ki, həmin sənədlərdə onun ünvanı səhvən Binəqədi rayonu, X1 sahəsi, İ Mədən küçəsi, ev 43, mənzil 15 göstərilmişdir, əslində isə onun ünvanı ünvan 3u bir daha sübuta yetirir ki, Cavabdeh İB və Labaratoriyası tərəfindən onun xəbəri və iştirakı olmadan baxış keçirilən qaz sayğacının ümumiyyətlə ona heç bir aidiyyəti yoxdur, çox güman ki, səhv ediblər, çünki o, heç vaxt qaz sayğacına müdaxilə etməmiş, qadındır, anadır, onun qaz sayğacından başı çıxmır. O, hesab edir ki, Cavabdeh 31 may 2023-cü il tarixli, ******* №-li Aktı etibarsız hesab edilməlidir və onun xəbəri və iştirakı olmadan tərtib edilmiş həmin Akt əsasında qaz sərfiyyatına görə onun adına yazılmış 3110 manat məbləğində əsassız borc onun abonent hesabından silinməlidir. Buradan açıq-aşkar aydın olur ki, Cavabdeh İB-nin işçiləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin fevral ayında çıxarılıb aparılmış yaşadığı evdən kənarda küçədə quraşdırılmış qaz sayğacına onun xəbəri, iştirakı olmadan birtərəfli baxış keçirilmiş, nəticədə əsassız olaraq guya qaz sayğacının hansısa rezinin olmaması, qaz sayğacının korroziyaya uğraması, istismara yararsız hala düşməsi bəhanəsi ilə qaz sərfıyyatına görə ona əsassız olaraq 3110 manat borc yazılmışdır. Göründüyü kimi, Azəriqazın əməkdaşları qanunsuzluğa yol vermişlər, çünki belə olmasa idi, onu dəvət etmədən qaz sayğacına baxış keçirtməzdilər. Sadalananlardan tam şəkildə aydın olur ki, onun istehlakçı hüquqları pozulub, nəticədə ona 3110 manat əsassız borc yazılıb. Cavabdeh İB-nin bu kimi qanunsuz hərəkətləri ona çox pis təsir etmişdir, onların qanuna zidd hərəkətləri nəticəsində onun istehlakçı hüquqları pozulduğundan o, ağır sarsıntılar-iztirablar keçirmiş, sağlamlığına, işgüzar nüfuzuna ağır zərər yetirilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus-44, ev 34Q ünvanına dair qaz sərfıyyatına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* №-li Aktın etibarsız hesab edilməsi və həmin Akt əsasında yaşayış evinə dair əsassız hesablanmış 3110 manat borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, qaz sayğacına onun tərəfindən hər-hansı müdaxilənin edilməməsini əsas gətirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdehnə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2023-cü il üçün 0 manat borcu vardır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 44-cü korpus ünvanına məxsus “İTRON Smart” tipli G-4 markalı 1402A**********633 saylı qaz sayğacı çıxarılaraq, yeni “ZENNER SMART” tipli G-4 markalı **********231 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvana baxış keçirilmiş, baxış zamanı Sayğacın üzərində kipləşdirici təbəqə aşkar olunmamış, sayğacın mənfiyə işlədiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 31 may 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan ünvana baxış keçirilmiş, baxış zamanı sayğacda Alarm-1 rejimi aşkar edilmişdir. Dəymiş ziyanın həcminin hesablanması qrafasında isə “6 x 24 x 180 = 25920 kub metr” göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətində “Sayğacın üzərində kipləşdirici təbəqə aşkar olunmamış, sayğacın mənfiyə işlədiyi aşkar edilmişdir” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış (25920 kub metr x 0.12 = 3110.40 manat) 3110 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt etibarsız hesab edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus-44, ev 34Q ünvanına (abonent kodu: **********00150) dair hesablanmış 3110 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə də qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 51 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş 31 may 2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt etibarsız hesab edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, Korpus-44, ev 34Q ünvanına aid qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********00150) hesablanmış 3110 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 51 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-1161/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1161/2024
14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver