Məhkəmə qərarları › İş №2(001)-1172/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1172/2021

17.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1172/2021 17.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə (İB) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” İB tərəfindən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9 saylı QİS, ev 992V ünvanına (abonent kodu – **********30000) hesablanmış 358,3 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddia ərizəsində göstərilən fərdi yaşayış evi ona məxsusdur. Cavabdehin əməkdaşları xx xxxx 2020-ci il tarixdə ona məxsus evə gələrək mənzildəki köhnə smart kart tipli sayğacı dəyişdirmiş və yeni mexaniki qaz sayğacı quraşdırmışlar. Bu barədə həmin tarixdə 402270 saylı akt tərtib olunmuş, aktda köhnə sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. Bundan sonra ona istifadə etdiyi təbii qazın dəyərinin ödənilməsi barədə bildiriş göndərilmiş, bildirişdə onun əlavə olaraq 358,3 manat borcunun olduğu göstərilmişdir. Halbuki, o, həmin mənzildə yaşadığı vaxtdan təbii qaz sayğacı smart kart tipli olmuş, belə olanda borcun yaranması qeyri-mümkündür. Çünki, smart karta yüklənmiş pul üzrə verilmiş təbii qaz balans bitdikdə avtomatik dayandırılır. O, məsələnin araşdırılması ilə bağlı cavabdehə müraciət etsə də, müsbət cavab almadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçıya təyin olunmuş borcun xx xxxx 2020-ci il tarixdə tərtib edilmiş aktla heç bir əlaqəsi yoxdur, borc 2013-cü ildə yaranmışdır. Sonda S.İ.Qasımova məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Binəqədi şossesində yerləşən ünvanda qeydiyyatsız yaşayır. - “Cavabdeh” İB-nin nümayəndələri və İddiaçı iştirakı ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus mənzilin “G-4” markalı smart tipli təbii qaz sayğacı istismar müddətinin bitmə səbəbi ilə çıxarılmış, mənzilə “G-4” markalı mexaniki sayğac quraşdırılmışdır. - 1x xxxxxxxx 2020-ci il tarixli borc xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı 358,3 manat borc təyin edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki iş üzrə iddiaçıya, yəni təbii qaz üzrə istehlakçıya hansı əsasla borcun hesablanmasını sübut etmə yükü istehsalçının, yəni cavabdeh “Cavabdeh” İB-nin üzərinə düşür. Cavabdehin nümayəndəsi izahatında mövcud borcun 2013-cü ildə yarandığını bildirmiş, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, iş materiallarında olan, sonuncusunun tarixi xx.xx.2017-ci il olan ödəniş qəbzlərində həmin tarixə köhnə borcun olmadığı göstərilmiş, həmçinin, abonentin saldosunda İddiaçı 358 manat borcun 2020-ci ilin avqust ayında hesablandığı göstərilmişdir. Beləliklə, cavabdeh iddiaçının borcunun yaranma əsasları barədə məhkəməyə sübut təqdim etmədiyindən borc əsassız hesab edilməli və iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9 saylı QİS, ev 992V ünvanına (abonent kodu – **********30000) “Cavabdeh” İstehsalat Birliyi tərəfindən hesablanmış 358,3 manat məbləğində borc əsassız hesab edilərək silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar