Məhkəmə qərarları › İş №2(001)-1196/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1196/2025

23.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1196/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı qızı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək istehlakçı hüquqlarının bərpa edilməsi və əsassız olaraq hesablanmış 907 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X.Həsən ünvanında yerləşən fərdi yaşayış evində uzun müddətdir ki, yaşayır. Bildirmək istəyir ki, Binəqədi rayon Qaz İstismar İdarəsinin əməkdaşları tərəfindən 31 avqust 2023-cü il tarixində ******* nömrəli akt tərtib edilmiş və akta əsasən mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi və buna görə də 907 manat borc tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin ünvanda ay ərzində demək olar ki, çox yaşamır və abonentin saldosuna diqqət yetirdikdə görmək olar ki, hər ay üçün qazdan istifadə limiti və sərfiyyat qeyd olunur. Bu səbəbdən ona qarşı tərtib edilmiş akt əsassız və qanunsuzdur. Belə ki, abonent saldosuna nəzər yetirdikdə görmək olar ki, ortalama həmin qaz sərfiyyatından istifadə etməmişdir və bundan əlavə olaraq sözügedən mexaniki qaz sayğacı çöldə yerləşir, akt tərtib olunan zaman nə o, nə də ki, ailə üzvlərindən hər hansı biri iştirak etməmişdir. X1 əməkdaşları akt tərtib etdikdə belə o, həmin yerdə olmamışdır. Özlərinə bu barədə şikayət etdikdə cərimənin ödənilməsini dəfələrlə ona bildirmişdilər. Ödəməyəcəyi təqdirdə isə qaz xəttinin kəsiləcəyini ona bildirmişdilər. Hazırda 1 ilə yaxındır ki, həmin evdə qazdan istifadə olunmamışdır. Hazırki vəziyyətdə onun 907 manat borcun silinməsinə maddi imkanı çatmır. Odur ki, həmin məbləğ silinməli və əsassız tutulmuş 907 manat pul ona geri qaytarılmalıdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. İddia tələbinin əsasını iddiaçının (**********00124 istehlakçı hesabı üzrə) qaz xəttinə qanunsuz qoşulması nəticəsində hesablanmış 907 manat borcun silinməsi təşkil edir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00124 saylı abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına baxış keçirilən zaman sayğacdan kənar sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Aşkar olunmuş qanunazidd fakt dərhal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Eyni zamanda iddia ərizəsində qeyd edildiyi kimi fotoşəkillərdə də qaz xəttlərinin boru vasitəsi ilə birləşdirildiyi aşkar görünür. Bu qanunazidd hərəkət nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. Yuxarıda qeyd olunmuş qanunazidd faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 7560 m3 təşkil etmişdir. Hesablanmış 907,20 manat məbləğində dəymiş ziyan 2023-cü ilin avqust ayından abonentin koduna yerləşdirilmişdir. Beləliklə müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı borcun silinməsi barədə iddia tələbi əsassızdır. Tərəflər arasında imzalanmış, «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi»nin 2.3.1-ci bəndinin tələblərinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsi barədə iddia ərizəsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməklə, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda sayğaca ümumi baxış keçirilmiş, təbii qazdan sayğacsız qeyri-qanuni birləşmə ilə istifadə edildiyi müəyyən olunmuşdur. Tələb kimi dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, istehlakçı İddiaçı aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 7560 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; **********00124 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2023-ci il üzrə qalıq akt üzrə borcu 907,20 manat təşkil edir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd olunan maddə xx.xx.2022-ci il tarixdə Qanuna əlavə edilmiş və həmin maddə 2022-ci ilin may ayının 1-dən qüvvəyə minmişdir. Mübahisəli akt 2023-cü ilin avqust ayında tərtib edilmişdir. Göründüyü kimi, cavabdehin qaz sayğacına müdaxiləsi ilə bağlı təqsiri müvafiq icra hakimiyyətinin və ya məhkəmə qərarı ilə müəyyən edilməməsi halı artıq həmin aktın etibarsızlığına dəlalət edir. Belə olan halda, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli nömrəli akt etibarlı olmadığından məhkəmə hesab edir ki, həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00124) hesablanmış 907 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 1.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta görə İddiaçı (Abonent kodu: **********00124) hesablanmış 907 (doqquz yüz yeddi) manat borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar