Məhkəmə qərarları › İş №2(001)-1200/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1200/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1200/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh anası X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 29 saylı evin 18 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 29 saylı evin 18 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli Çıxarışına əsasən iddiaçının anası X1 xüsusi mülkiyyəti kimi xx xxxxxxx 2011-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxxxxx 2020-ci il tarixdə Xubizər Süleymanova həmin mənzilə dair hüquqlarını etibarnamə ilə iddiaçıya ötürmüşdür. Mənzildə iddiaçının 6 nəfər ailə üzvündən başqa dayısı qızı Cavabdeh 2004-cü ildən həmin mənzildə qeydiyyatdadır. 2004-cü ilin sonunda cavabdeh ailə qurmuş və evdən köçərək ailəsi ilə birlikdə başqa ünvanda yaşamaqdadır. Cavabdehin iddia tələbində göstərilən mənzildə yaşamadığını yaxın qonşular tərəfindən tərtib olunmuş akt da təsdiq edir. Hazırda cavabdehin iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda olması iddiaçıya mülkiyyət hüquqlarından istifadə etməyə məhdudiyyət yaratdığından o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda O.S.Mədətov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qanunvericliyin tələblərini, eləcə də yuxarıda göstərilən halları nəzərə almaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 29 saylı evin 18 saylı mənzili üzərində X1 mülkiyyət hüququ xx xxxxxxx 2011-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 13 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 20 saylı arayışdan görünür ki, Cavabdeh qıız 2004-cü ildən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 29 saylı evin 18 saylı mənzilində qeydiyyatdadır. - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 29 saylı evin 3, 30 və 22 saylı mənzillərində yaşayan X5, X3 və X6 tərəfindən notarial qaydada yazılmış ərizədə göstərilmişdir ki, Cavabdeh 2004-cü ildən evləndiyi üçün ünvan 1 mənzil 18 ünvanında köçüb getmişdir və həmin ünvanda yaşamır. - xx xxxxxxxx 2020-ci il tarixli etibarnamədən görünür ki, X2 bütün əmlakını idarə etməyi, onunla bağlı sərəncam vermək və s. bununla bağlı hüquqlarını qızı İddiaçı etibar etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, cavabdeh mübahisəli mənzildə yaşamır və onun həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, hazırkı halda cavabdehin mübahisə predmeti olan mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində həm sərəncam vermək, həm də əmlakdan maneəsiz istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 29 saylı evin 18 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində qeyd olunmuşdur ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır... Qeyd olunan normanın məzmunundan görünür ki, qüvvədə olan qanunvericiliyə əsasən qeydiyyatdan çıxarılma məsələsi məhkəmənin deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia cavabdehin mənzildən qeydiyyatdan çıxarılması hissəsində təmin olunmamalıdır. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiası qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 29 saylı evin 18 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar