Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4157/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İddiaçı “X3” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılaraq həmin yaşayış evinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-67/2024 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “X3” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 qarşı “istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılaraq həmin yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 67/2024 nömrəli qərardadı ilə iddiaçı “X3” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 qarşı “istifadə hüuquna xitam verilməsi, fərdi yaşayış evindən çıxarılaraq həmin yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
3. Ərizəçi Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, e-2(008)-67/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 67/2024 nömrəli qərardadı ilə iş üzrə Cavabdeh2 tərəfindən verilmiş icraatın təzələnməsi barədə ərizənin təmin edilməmə qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdeh2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barəsində ona məlumat verilməmişdir. Buna görə də məhkəmə iclasında iştirak edərək işə baxılmasını tələb edə bilməmişdir.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259.0.7. İşə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İşdən görünür ki, məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, cavabdehlərin birlikdə yaşadıqları ünvana (ünvan 1 göndərilmiş, cavabdeh X4 (Cavabdeh2 oğlu) məhkəmə iclasında iştirak etmiş, həmçinin ərizə təqdim edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir.
13. Kollegiya qeyd edir ki, Cavabdeh2 həm məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli ərizəsində, həm də Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətində yaşadığı ünvan kimi qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Hüseyn küçəsi 12k ünvanını göstərmişdir.
14. Göründüyü kimi, Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmuş, lakin iclasa gəlməməsinin səbəbləri haqqında məlumat vermədən məhkəmə iclasında iştirak etməmiş, bunun üzürlü səbəblərdən baş verməsinə dair sübutlar təqdim edilməmişdir.
15. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-67/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: