Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1218/2024 13.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ”Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 may 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış (Abunə kodu **********00102) elektrik sayğacı üzrə xx.xx.2023-cü il tarixli akta əsasən əsassız hesablanmış 1063 (bir min altımış üç) manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, faktiki olaraq ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və həmin tarixdə 035909 nömrəli akt tərtib edilmişdir. Aktda sayğaca kənar mənbədən sıfır xətti götürülərək sayğacın dövrədən qismən kənarlaşdınlması göstərilmişdir. Nəticədə 1063 (min altmış üç) manat borc hesablanmışdır. Qeyd olunmalıdır ki, yaşadıqları ərazidə elektrik bəzi hallarda qəfil sönür və yaxud zəifləyir və əvvəllər fərdi yaşayış evində olan məişət texnikası sıradan çıxırdı və bunun qarşısının alınması məqəsədi ilə torpaqlama etmişdir. Həmin vaxt sayğac dövrədən qismən ayrıldığı üçün 746 manat məbləğində cərimə edilmiş və həmin cərimə də tərəfindən tam şəkildə ödənilmiş və torpaqlama ayrılmış və bir daha təkrarlanmamışdır. Bildirir ki, elektirik cərəyanın dəyişkən olması səbəbindən yaşayış evinin mətbəx otağında quraşdırılmış elektirik avadanlıqlarının mühafizəsi üçün tərəfindən əvvəllər torpaqlama xətti çəkilmişdir və ona görə də cərimə də ödənilmişdir. Elektrik sayğacına heç bir kənar müdaxilə olmamış, yəni sayğaca tərəfindən müdaxilə edilməmişdir. Əsassız olaraq itirilmiş sərfiyyat hesablanmışdır. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan enerji itkisi hesablanmışdır, tərəfindən qeyri-qanuni istifadəyə yol verilməmiş və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Abonentin saldosundan da görünür ki, aylıq ödəmələr elektrik eneıjisindən əlavə istifadəyə şübhə doğurmur. Hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmiş və itirilmiş enerji sərfıyyatı hesablanmışdır. Əməkdaşlar yalnız sayğaca baxış keçirmişlər, heç bir digər qanusuz əməl aşkar etməmişlər, akt onun iştirakı olmadan tərtib edilmiş, sayğacdan az yükün keçməsi hər hansı bir pozuntuya yol verilməsinə sübut deyildir. Fərdi yaşayış evinə baxış keçirməmiş və kənar mənbədən sıfır xətti götürülməsi barədə cavabdeh tərəfdə heç bir sübut yoxdur. Həmçinin sayğaca texniki cəhətdən nəzarət etmək vətəndaşa aid deyil, baş vermiş hər hansı bir hadisə nəticəsində istehlakçı məsuliyyət daşımır, enerji paylayıcı tərəfindən sayğaca ümumiyyətlə əvvəllər baxış keçirilməmişdir. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, sayğaca müdaxilə əlavə enerjidən istifadəni nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır. Belə ki, tərəfindən istifadə edilmiş enerji sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənəşdirmək mümkündür. Sayğaca vaxtında baxış keçirilməməsi birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş halların da aradan qaldırılması birbaşa cavabdehin borcudur. Onun qeyri-qanuni istifadə etməyi ilə bağlı hər hansı bir sübut yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olaraq hesablanmışdır. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdehin istehlakçının təqsirini, yaranmış borcun mənbəyini, borcun hansı meyarlarla, hansı əsaslarla yaranması sübuta yetirilmədən borc hesablanması qanunsuz və əsassızdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqında AR Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki , “insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onun ratifikasiya etmiş bir dövlət kimi 2002-ci ilin aprel ayının 15- dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiq məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, bir dəfə sayğaca onun tərəfindən torpaqlama xətti çəkildiyindən ona 746 manat cərimə yazılmış və o, həmin cəriməni tam ödəmişdir. Hal-hazırda sayğaca müdaxilə olunmayıb və baxış keçirilməyib, lakin ona yenidən akt tərtib olunaraq, 1063 manat cərimə yazılmışdır. O, həmçinin qeyd etmişdir ki, sayğaca baxış keçirilərkən sxem səhvi aşkarlanmış, tərəfindən müdaxilə olunmamışdır. Xəttin biri tez-tez qızırdı, ona görə torpaqlama etmiş. Evi iki otaqlı evdir və tək yaşayır. Hazırda sxem düzgündür və o, aylıq sərfiyyatı ödəyir. İstinad olunan xətti sayğac oxumur. Yalnız mətbəxə 1 razetka üçün sıfır xətt gedir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, sayğaca baxış keçirilmiş və akt tərtib olunmuşdur. Məhkəməyə iş üzrə zəruri olan baxış zamanı çəkilən video görüntüləri əks etdirən CD diski təqdim edir və ona baxış keçirilməsini xahiş etdi. 2023-cü ildə baxış keçirilmiş və cərimə tam ödənilmişdir. Sayğaca hər ay baxış keçirilmir və nəzərətçi yalnız sərfiyyəti görür. 137 günə 1063 manat məbləğində sərfiyyat hesablanmışdır. Məhkəmə baxışı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdeh ”Azərişıq” ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: "xxxx" ASC tərəfindən tərtib olunmuş 18 noyabr 2023-cü il tarixli, 035909 nömrəli aktından görünür ki, 60, mənzil 102 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış (Abunə kodu **********00102) sayğaca baxış keçirən zamanı məlum olmuşdur ki, kənar mənbədən sıfır xətti götürülərək sayğac dövriyyədən qismən kənarlaşdırılmışdır. Kənar axan yüklər ampermasa vasitəsi ilə ölçülmüş və İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 1093.72 manat cərimə hesablanmışdır.. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli satış sahələri üzrə tələblərdən görünür ki, İddiaçı ona məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş məlum olmuşdur ki, sayğacın qoşulma sxemi pozulmuş, kənar mənbədən sıfır xətti götürülərək sayğac qismən dövrədən kənarlaşdırılmış və İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 778 manat cərimə hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış (Abunə kodu **********00102) elektrik sayğacının 2022-ci il üçün enerji sərfiyyatı 295 manat təşkil edir. X3 xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, kommunal xidmət (qaz, su, elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Əvvəllər qanunsuz (sayğacdankənar) qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil. Göstərilən səbəblərə görə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək qərardad icrasız saxlanılaraq iş materialları geri qaytarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.8. Torpaqlama və elektrik təhlükəsizliyinin mühafizə tədbirləri 1.8.1.1. Qaydanın bu bəndi 1 kV-dək və daha yüksək gərginlikli, dəyişən və sabit cərəyanlı bütün elektrik qurğularına şamil olunur və onların torpaqlanmasına və elektrik qurğularının normal iş rejimində və həm də izolyasiyası zədələndikdə, insanların və heyvanların elektrik cərəyanı vurmasından mühafizəsinə olan ümumi tələbləri əhatə edir. Əlavə tələblər bu Qaydanın müvafiq bəndlərində göstərilir. Əlavə tələblər bu Qaydanın müvafiq bəndlərində göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə hesablaşma elektrik sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı, o cümlədən məişət abonenti tərəfindən həmin sayğaclarının zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmişdir. Bununla belə, bu işlərin görülməsini təmin edən, o cümlədən sayğacın işlək vəziyyətdə saxlanılmasına və elektrik enerjisindən düzgün istifadə edilməsinə nəzarət edən enerji təchizatı müəssisəsinin əməkdaşları bu sahədə hər hansı pozuntular aşkar etdikdə bunun səbəblərini qanunvericiliyin tələblərinə uyğun araşdırmalı və rəsmiləşdirməlidir. Bu zaman pozuntular bilavasitə istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını sübut etmək vəzifəsini də məhz enerji təchizatı müəssisəsi daşıyır. Əks halda, pozuntunun istehlakçı tərəfindən yol verilməsinə dair aparılmış hər hansı rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, bunun nəticəsi olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və məlum olmuşdur ki, kənar mənbədən sıfır xətti götürülərək sayğac dövriyyədən qismən kənarlaşdırılmışdır (buna dair aparılmış videoçəkiliş məhkəmə iclasında tədqiq edilmişdir). Bununla bağlı kənar axan yüklər ampermasa vasitəsi ilə ölçülmüş və İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 1093,72 manat cərimə hesablanmışdır. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı ona məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş məlum olmuşdur ki, sayğacın qoşulma sxemi pozulmuş, kənar mənbədən sıfır xətti götürülərək sayğac qismən dövrədən kənarlaşdırılmış və bununla bağlı 23 yanvar 2023-cü il tarixdə akt tərtib edilərək İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 778 manat cərimə hesablanmış, həmin cərimə iddiaçı tərəfindən ödənilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına kənar mənbədən sıfır xətti götürülərək sayğacı dövriyyədən qismən kənarlaşdırma halı iddiaçı tərəfindən ilk dəfə baş verməmişdir. Bu hal məhkəmə iclasında iştirak edən İddiaçı izahatı ilə də təsdiq edildiyindən, məhkəmə hesab edir ki, sıfır xətti götürülərək sayğacı dövriyyədən qismən kənarlaşdırma halı işin mübahisəsiz halıdır. Ona görə də qeyd edilən faktla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə aktın tərtib edilməsi qanuni və əsaslıdır. Lakin məhkəmə akt tərtib edilərkən 1093,72 manat məbləğində borcun hesablanması hissəsi ilə razılaşmır. Belə ki, məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi izahatında qeyd edilən 1093,72 manat məbləğində borcun 137 günə hesablanmış sərfiyyata əsasən müəyyən edildiyini bildirmişdir. Bununla bağlı ilk növbədə qeyd edir ki, aktdan da göründüyü kimi “kənar mənbədən sıfır xətdi götürülərək sayğac dövriyyədən qismən kənarlaşdırılmışdır”. Yəni sayğaca müdaxilə tam olmamışdır. İşə əlavə edilmiş Abunə haqqında məlumatdan müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış (Abunə kodu **********00102) elektrik sayğacının 2022-ci il üçün enerji sərfiyyatı 295 manat olmuşdur. Məhkəmə 365 günə 295 manat enerji sərfiyyat edildiyi halda, 137 günə 1063 manat enerji sərfiyyatını ağlabatan hesab etmir. Ona görə də hesab edir ki, akt tərtib edilərkən düzgün hesablama aparılmamış və nəticədə İddiaçı əsassız olaraq artıq məbləğdə sərfiyyat hesablanmışdır. Qeyd edilən hesablamanın hansı meyarlarla aparılması ilə bağlı isə məhkəməyə cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir rəsmi sübut təqdim edilməmişdir. Halbuki mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə görə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış (Abunə kodu **********00102) elektrik sayğacı üzrə xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış borc 300 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış (Abunə kodu **********00102) elektrik sayğacı üzrə xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış borc 300 manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1218/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1218/2024
13.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver