Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1225/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu, döngə 10-da yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacla bağlı "xxxx" ASC tərəfindən əsassız hesablanmış 1182 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu, Döngə 10-da yerləşən fərdi yaşayış evində quraşdırılmış 16104338 nömrəli, tipi M550A5/100v 220 olan elektrik sayğacı "xxxx" ASC-nin əməkdaşları tərəfindən çıxarılmışdır və əvəzinə yeni, **********81 nömrəli sayğac quraşdırılmışdır və bu barədə 12.01.2021-ci il tarixdə və 22.12.2021-ci il tarixdə protokol tərtib edilmişdir. Çıxarılan sayğacla bağlı 206282 nömrəli akt tərtib edilmişdir və dəyişdirilən sayğacın qruftunun əridiyi göstərilmişdir, protokolların surəti ona təqdim edilsə də aktın surəti təqdim edilməmişdir. Lakin tərəfindən protokollara da imza edilməmişdir. Bu yaxınlarda ona bildirilmişdir ki, laboratoriyada yoxlama zamanı sayğacda qüsur aşkar edilmişdir və bu səbəbdən də 1182 manat məbləğində borc hesablanmışdır. Borc tamamilə əsassızdır, belə ki, o, enerji sərfiyyatı ilə bağlı hər ay ödənişlər etmişdir və bu qədər borcun yaranması mümkünsüzdür və absurddur. Belə ki, sayğac küçədə yerləşir, tərəfindəndən sayğaca hər hansı bir müdaxilə edilməsi absurddur. Belə ki, dövlət yoxlaması zamanı akt tərtib edilməsi barədə ona məlumat verilməmişdir, onun iştirakı təmin edilməmişdir və qaz sayğacına heç bir kənar müdaxilə olmamışdır, yəni qaz sayğacına tərəfindən müdaxilə olmamışdır. Əsassız olaraq itirilmiş qaz hesablanmışdır. Hesab edir ki, formal olaraq belə bir akt tərtib edilmişdir və ona borc hesablanması tamamilə əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, onun heç vaxt borcu olmamışdır. Vaxtı-vaxtında borcunu ödəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, 2021-ci ilin noyabr ayında ona yazılan borc qəbzi ilə əlaqədar "xxxx" ASC-yə şikayət etmişdir. Belə ki, noyabr ayında ona 92 manat borc məbləği hesablanmışdır. O, sayğacın düzgün işləyib-işləməməsindən şübhələnmişdir. Borcuna görə ilk öncə 50 manat, daha sonra 40 manat ödəniş etmişdir. ASC-dən ona sayğacla bağlı məsələnin araşdırılacağı deyilmişdir. Daha sonra sayğaca baxış keçirilmiş və dekabr ayında sayğacı yenisi ilə dəyişdirilmiş, digəri yoxlanış üçün laboratoriyaya göndərilmişdir. Bundan sonra ona 1182 manat borc yazılmışdır. O, 2014cü ildən ödənişlərini vaxtında yerinə yetirir. Bu borcun yaranma əsası ona məlum deyildir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının 14 fevral 2021-ci il tarixinə 773,50 manat borcu olub. 430 manat məbləğində borc isə limitdən artıq istifadəyə görə hesablanıb. İddiaçıya cəmi 1203,50 manat məbləğində borc hesablanıb. Həmin borcu təsdiq edən maliyyə arayışı da təqdim edilib. 04.01.2022-ci il tarixinə 1179,64 manat borcu vardır. İddiaçı sayğacının 2021-ci ilin noyabr ayında düzgün işləmədiyini desə də, onun artıq 14 fevral 2021-ci il tarixinə 1203,50 manat məbləğində borcu olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
5. 08 yanvar 2021-ci il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu **********1099M olan İddiaçı məxsus ünvanda olan sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, elektrik sayğacı yükü hiss etmir və öz özünə artıq yazır. Nəticədə sayğacın dəyişdirilməsi və laboratoriyaya göndərilməsi qənaətinə gəlinmişdir.
6. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* saylı protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən İddiaçı məxsus ünvana (abunə kodu **********1099M olan) 12.01.2021-ci il tarixdə 206282 saylı akt əsasında A180834751 nömrəli sayğac yeni 16104338 nömrəli sayğacla əvəz olunmuşdur. Protokolda qeyd edilir ki, çıxan sayğacın qrafiti əyilib.
7. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında 030983 saylı protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən İddiaçı məxsus ünvana (abunə kodu **********1099M olan) 22.12.2021-ci il tarixdə smart dəyişim aparılmış və **********81 nömrəli, MP106 tipli sayğac quraşdırılmışdır.
8. Abunə haqqında sənəddən görünür ki, İddiaçı məxsus ünvana (abunə kodu **********1099M olan) sayğac oxunmasına uyğun 3773,71 manat, aktlar üzrə 745,77 manat hesablanmışdır. İddiaçı tərəfindən 3228,10 manat ödəniş etmiş, nəticədə abonentə 1291,38 manat borc hesablanmışdır.
9. Həmçinin abunə haqqında sənəddən görünür ki, 14.02.2021-ci il tarixinə 773,50 manat, həmin tarixdə limitdən artıq istifadəyə görə 430 manat məbləğində borc hesablanmışdır.
10. 26.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, abonent kodu **********1099M olan İddiaçı elektrik enerjisindən istifadə etməsi nəticəsində 24.06.2008-ci il tarixdən hazırki günədək 04.01.2022-ci il tarixədək (1179,64 manat) məbləğində "xxxx" ASC qarşısında borcu yaranmışdır. 14.02.2021-ci il tarixində elektrik sayğacının göstəricisi (11050) bazaya işlənərkən 773,50 manat (0,07 qəpik) və limitdən artıq sərfiyyatla isə 430 manat (0,11 qəpik) ümumi 1203,50 manat borc yaranmışdır. Borc araşdırılarkən məlum olmuşdur ki, sayğac işləmir. X4 və Uçota Nəzarət İdarəsinə rəyə göndərilmişdir. SQUN-nun 22.12.21-ci il tarixli 30983 saylı protokoluna əsasən sayğacın düz işlədiyi göstərilir. Bu səbəbdən də abonentin borcuna köməklik göstərə bilməmişlər.
11. Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsi tərəfindən tərtib edilən 09.22.2021-ci il tarixli, 208607 saylı protokoldan görünür ki, A180834751 nömrəli sayğac laboratoriya yoxlamasından keçmişdir. Müəyyən edilmişdir ki, sayğacın faza xəttinin iki yuvası texniki təsir nəticəsində yanmışdır. Xəta faizlərini yoxlamaq mümkün olmamışdır. Göstərici isə sayğacın gövdəsinin arxa hissəsi açılaraq oxunmuşdur. Sayğac istismara yararsızdır.
12. Sayğac Quraşdırma və Uçota Nəzarət İdarəsi tərəfindən tərtib edilən 19.03.2021-ci il tarixli əhali istehlakçılar qurupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, M- 500, № 16104338 saylı sayğacda qüsur kimi, sayğac yükünü hiss etmədiyi, öz-özünə yazıldığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu, Döngə 10-da yerləşən fərdi yaşayış evi(Abunə haqqında elektron saldoda abonentin ünvanı şərti olaraq ünvan 2 edilmişdir) iddiaçının faktiki sahibliyində və istifadəsindədir. İddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə münasibətləri vardır. Uzun müddətdir ki, iddiaçı elektrik enerjisindən əvəzini ödəməklə istifadə etmişdir. 2020-ci ilin sonralarında iddiaçı sayğacın isti olduğundan narahat olaraq cavabdehə bu barədə məlumat vermişdir. İddiaçıya şifahi qaydada bununla bağlı tədbirləri görüləcəyi barədə cavab verilmişdir. Sayğacın 2020-ci ilin noyabr və dekabr ayları ərzində göstəriciləri müvafiq olaraq 44394 və 45345 kv.t olmuş və iddiaçı 951 kv.t fərqə əsasən 0.07 manatdan hesablanmaqla 66.57 manat ödəniş etmişdir. Bundan sonra 08.01.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək AKT tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, elektrik sayğacı yükü hiss etmir və öz-özünə artıq yazır. Eyni zamanda Sayğacın laboratoriya tərəfindən yoxlanılması və yenisi ilə əvəz olunması barədə tələb AKT-da öz əksini tapmışdır. 12.01.2021-ci il tarixdə isə yuxarıda qeyd edilən AKT-ın tələbinə əsasən sayğac dəyişdirilmiş və sayğac çıxarılan zaman qriftinin əridiyi müəyyən edilmişdir. 09.02.2021-ci il tarixdə Sayğacın yoxlanması protokolu tərtib edilmiş və həmin protokola əsasən laboratoriya yoxlaması zamanı sayğacın faza xəttinin hər iki yuvasının texniki təsir nəticəsində yanması, xəta faizlərinin yoxlanmasının mümkün olmaması, sayğacın istismara yararsız olması kimi qüsurlar aşkar edilmiş və sayğacın gövdəsinin arxa hissəsini açmaqla göstəricinin 056395 müəyyən edildiyi qeyd edilmişdir. Bundan sonra həmin göstərici əsas götürülməklə əvvəl olan göstərici arasındakı 11050 (56395-45345) kv.t fərqə əsasən cəmi 1203.5 (773.5 manat limit üzrə və 430 manat limitdən artıq sərfiyyata görə) manat məbləğdə borc abonentin hesabında əks olunmuşdur. İddiaçı faktiki olaraq iddia tələbində hesablanmış həmin borc məbləğini mübahisələndirir və ehtimal olunur ki, aylıq ödənişlərdən müəyyən hissədə silinmələr aparıldığına görə qalıq qalmış 1182 manat məbləğində borcun silinməsini tələb etmişdir. Cavabdeh isə hesablanmış borc məbləğinin düzgünlüyünü yalnız laboratoriya yoxlaması zamanı müəyyən edilmiş göstəricilərə işarə etməklə izah etmişdir. Lakin istehlakçının 1 ay ərzində, yəni 04.12.2020-ci ildən(həmin tarix istehlakçının sayğac çıxarılana qədər sayğac göstəricisinə əsasən aparmış olduğu son ödənişdir) 12.01.2021-ci il tarixədək(sayğac yenisi ilə əvəz edilən tarix) 1203.5 manat dəyərində elektrik enerjisi sərf etməsinin mümkünlüyü barədə tutarlı dəlillər gətirə bilməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
15. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qaydalarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.
20. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
21. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər.
22. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.
23. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.
24. Həmin Qaydaların 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır.
25. Həmin Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
26. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.
27. İşin müəyyən edilmiş faktiki hallarına görə iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə münasibətləri olmuş və satıcı alıcını elektrik enerjisi ilə təchiz etmək, alıcı isə satıcıya göstəricilərə əsasən sərf olunmuş elektrik enerjisinə görə əvəzini ödəmək barədə öhdəlik götürmüşdür. Lakin satıcı yoxlama zamanı müəyyən etmişdir ki, quraşdırdığı sayğac texniki təsir nəticəsində yanmış və istismara yararsızdır. Eyni zamanda sayğac yükü hiss etmir və öz-özünə artıq yazır.
28. Göründüyü kimi cavabdehin özü tərəfindən aparılan yoxlama zamanı sayğacın səhv işlədiyi, istifadəyə müvafiq olaraq göstəriciləri əks etdirmədiyi müəyyən edilmiş və həmin texniki nasaslığın iddiaçının müdaxiləsi nəticəsində əmələ gəldiyi aşkar edilməmişdir. Belə ki, yoxlama zamanı yanmanın(ərimənin) kənar müdaxilə nəticəsində deyil, texniki təsir nəticəsində baş verməsi müəyyən edilmişdir.
29. Bu fakt isə onu təsdiq edir ki, sayğacın göstəriciləri düzgün olmamış və iddiaçının məsuliyyəti olmadan ona əsassız olaraq borc hesablanmışdır. Həmçinin borcun əsassız olduğu onunla müəyyən edilir ki, iddiaçı müvafiq il üzrə cəmi 295 manat dəyərində elektrik enerjisindən istifadə etməsinə baxmayaraq, ona bir ay üçün elektrik enerjisindən istifadə ilə bağlı 1203.5 manat borc hesablanılmışdır.
30. İddiaçının hesabladığı həmin məbləğdə borcun sərfiyyata görə olmadığı aşkardır, bu zaman ehtimal olunur ki, həmin məbləğin iddiaçıdan tələb edilməsi onun təqsirli hərəkətləri ilə əlaqələndirilmişdir.
31. Halbuki Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin tələbinə görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda zərərvuranın üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
32. Lakin işin halları ilə iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə zərər vurması müəyyən edilmir.
33. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə iddia tələbi ilə bağlı olduğundan yalnız silinməsi tələb edilən 1182 manat borcun əsassızlığı bağlı iddia ərizəsini yoxlamışdır. Tətbiq edilən prosessual normalar:
34. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.7-ci maddəsinə əsasən iddianın qiyməti ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
36. Həmin qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda- 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.
37. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu, döngə 10 ünvanına (abonent kodu: **********1099M) "xxxx" ASC tərəfindən hesablanmış 1182 manat məbləğində borc əsassız olduğundan silinməlidir.
38. İddianın qiyməti nəzərə alınmaqla iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə 31.82 manat məbləğdə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu, döngə 10 ünvanına (abonent kodu: **********1099M) "xxxx" ASC tərəfindən hesablanmış 1182 (bir min yüz səksən iki manat) manat məbləğində borc məbləği silinsin. İddiaçının ödəməkdən azad edildiyi 31.82 (otuz bir manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev