Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1226/2022 21.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 1-ci döngə, 125B saylı ev üzrə (abonent kodu **********000) əsassız hesablanmış 475 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,sözügedən ünvanda iddiaçıdan başqa onun mərhum atası X1 qeydiyyatda olmuşdur. Cavabdeh tərəfindən verilmiş hesab fakturada həmin ünvan üzrə 475 manat borcun olduğu, habelə ailə tərkibinin 8 nəfərdən ibarət olması göstərilmişdir. Evdə su sayğacı əvvəllər mövcud olsa da, sonradan xarab olmuş, cavabdeh tərəfindən dəyişdirilməmişdir. Buna görə də, borc ailə tərkibinə görə hesablanmışdır. Belə olan halda isə evdə 2 nəfər qeydiyyatda olmasına baxmayaraq, 8 nəfərə görə borcun hesablanması əsassızdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq bildirişlər göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. İş materiallarında olan: - “yaşayış yeri üzrə qeydiyyat haqqında” 07 dekabr 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında İddiaçı və X1 qeydiyyatdadır. - Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanılandırılmış xəbərdarlıqdan görünür ki, iddiaçıya 24 may 2021-ci il tarixdə istifadə edilən su təchizatı və kanalizasiya xidmətlərinə görə 520,42 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borc hesablanmışdır. - ödəniş qəbzinin surətindən görünür ki, 29 noyabr 2021-ci il tarixdə **********000 abonent kodu üzrə 60 manat ödəniş edilmişdir. - Cavabdeh ASC Binəqədi rayon sukanal idarəsi tərəfindən verilmiş hesab fakturadan görünür ki, **********000 abonent kodu üzrə Bakı şəhəri, ünvan 2 ünvanına 2021-ci ilin dekabr ayına 475 manat borc hesablanmış, həmin ünvan üzrə ailə tərkibi 8 nəfər göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: - 5.1 və 5.1.5-ci bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçının hüquqlarından biridir. - 7.1-ci bəndinə əsasən, suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının mənzilində 2 nəfər qeydiyyatda olduğu halda cavabdeh tərəfindən borc 8 nəfərə görə hesablanmışdır. Qeydiyyatda olan şəxslərin sayı barədə müvafiq məlumatın istehsalçıya verilməsi vəzifəsi istehlakçıya, yəni hazırki halda İddiaçı məxsus olsa da, belə məlumatın verilməməsi halında su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılmalıdır. “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən, icraçı (iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar) görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının (şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs ) təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. Qanunun həmin maddəsinin məzmunundan belə nəticəyə gəlinir ki, bu tip mübahisələrdə sübutetmə vəzifəsi icraçının, yəni Cavabdeh ASC-nin üzərinə düşür ki, hazırki işdə ASC tərəfindən borcun hansı səbəblə yaranmasını, hansı əsasla iddiaçının yaşadığı evdə 8 nəfər ailə üzvünün qeyd edildiyini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 1-ci döngə, 125B saylı ev üzrə (abonent kodu **********000) hesablanmış 475 manat borc əsassız hesab edilərək silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1226/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1226/2022
21.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver