Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-123/2025 19.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı "X4" Şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 398421.598 4478724.335; 2. 398432.095 4478726.790; 3. 398434.792 4478715.041; 4. 398424.295 4478712.682 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 5-ci sahəsində və Şirkətin saziş ərazisi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozumaqla özbaşına tikili inşa edilmişdir. Hesab edirlər ki, cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirmələrinə ciddi maneə yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, Şirkət tərəfindən İnzibati Məhkəmədə cavabdehə məxsus bələdiyyə qərarı mübahisələndirilmiş və nəticədə həmin qərarın heç bir hüquqi qüvvəsinin olmadığı müəyyən edilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə artıq quyunun fəaliyyətdə olubolmaması nəzərə alınmamaqla, ümumi mühafizə xətti 300 metr müəyyən edilib. Bundan başqa hazırda tikilinin ətrafında fəaliyyətdə olan quyu yoxdur. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, torpağa dair bələdiyyə sənədləri və etibarnamə olsa da, çıxarışı yoxdur. Bu günə qədər torpaq sahəsi ilə bağlı onlara məlumat belə verilməyib. Hazırda iddia tələbini qəbul etmir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X6 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X6 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. 7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2014cü il tarixli, 183 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 835 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə vətəndaş X1 adına fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə ayrılmış 400, 0 kv.m torpaq sahəsi onun adından notarial qaydada razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh adına keçirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-3581/2024 saylı qərardadından görünür ki, Saziş qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və istər 15 may 2005-ci il tarixindən əvvəl, istərsə də bundan sonra Kontrakt sahəsi barəsində qəbul olunmuş bütün sənədlər ləğv edilir və hüquqi qüvvəyə malik ola bilməyəcəyindən, konkret halda da, məhz Biləcəri bələdiyyəsinin üçüncü şəxsin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 183 saylı xx.xx.2014-cü il tarixli qərar qəbul olunduğu gündən heç bir hüquqi qüvvəyə malik deyildir. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("xxxx"), X6 Bi.Vi və ARDNŞ-ın Ortaq Şirkəti (“Podratçılar ”) arasında Saziş (“ Saziş ”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış və 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş 901 saylı Qanunun: 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı, Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunların, fərmanların, yaxud inzibati sərəncamların (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür Başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Qanunun qeyd olunan normalarında göründüyü kimi, Saziş qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və istər 15 may 2005-ci il tarixindən əvvəl, istərsə də bundan sonra Kontrakt sahəsi barəsində qəbul olunmuş bütün sənədlər ləğv edilir və hüquqi qüvvəyə malik ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-1xx-xx/9831 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 1 saylı mədənin 5-ci sahəsində (1. 398421.598 4478724.335; 2. 398432.095 4478726.790; 3. 398434.792 4478715.041; 4. 398424.295 4478712.682 koordinatlar daxilində) inşa edilmiş fərdi yaşayış evinin baxış zamanı təqdim olunmuş 151420 nömrəli ləğv olunmuş neft quyusundan 107 metr məsafədə yerləşdiyinə görə, həmin fərdi yaşayış evinin neft quyusunun 75 metrlik neft quyusunun mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 1 saylı mədənin 5-ci sahəsində (1. 398421.598 4478724.335; 2. 398432.095 4478726.790;
3. 398434.792 4478715.041; 4. 398424.295 4478712.682 koordinatlar daxilində) inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişə görə ekspertiza xərci 50 manatdır. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edilən və cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməklə özbaşına tikilidir və iddiaçının istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikinti aparıldığından onun tələbi əsaslıdır. Bununla belə məhkəmə o qənaətə gəlir ki, özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Məhkəmənin bu qənaəti “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı mövqedən formalaşmışdır. Belə ki, həmin qərarın məzmunundan görünür ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymtləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökümət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökümət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bu səbəbdən də ilk növbədə tikililərin sökülməsi və cavabdehin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qətnamənin icrası müddəti müəyyənləşdirilməlidir. Bu məqam məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmiş və müəyyən edilmişdir ki, cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evinin yaxınlığında fəaliyyətdə olan neft quyusu yoxdur. Sadəcə həmin evin yerləşdiyi torpaq sahəsi şirkətin saziş ərazisi hüdudlarında yerləşir. Göründüyü kimi tikilinin sökülməsi və cavabdehin çıxarılmasının təcililiyi ilə bağlı hal yoxdur. Bu səbəbdən də qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan cavabdeh aztəminatlı əhali kateqoriyasına aiddirsə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində (1. 398421.598 4478724.335; 2. 398432.095 4478726.790; 3. 398434.792 4478715.041;
4. 398424.295 4478712.682 koordinatlar daxilində) inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. Qətnamə özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev