Məhkəmə qərarları › İş №2(001)-1249/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1249/2024

15.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1249/2024 15.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktı qanunsuz hesab etməklə qazdan istifadəyə görə qanunsuz hesablanmış 4320 kub.m qaz sərfiyyatı və onun əsasında hesablanmış 518,40 manat məbləğində pulun əsassız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus ünvanı kimi qeyd edilən ünvanında yerləşən ona məxsus fərdi yaşayış evində 2008-ci il tarixdən yaşayır. Həmin ünvana artıq uzun müddətdir ki, qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının göstəricisinə uyğun olaraq ödənişləri vaxtı-vaxtında ödəmişdir. "Azəriqaz” İB-nin mühəndisləri tərəfindən xx.xx.2022- ci il tarixdə, ******* saylı akt tərtib olunaraq guya sayğacın yivli bitləşmələri korrroziyaya uğrayıb, əsas əsas çap vərəqinin üzərində kənar təsir izləri aşşkar olunur və informasiya oxunmadı kimi qeydlər aparılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "Azəriqaz” İB əməkdaşları tərəfindən sayğaca ümumi baxış keçirilmiş, qaz itkisi və müdaxilə olunması kimi akta qeyd etməklə ona qarşı əlavə borc olaraq 4320 m3 qaz işlətməyi göstərilmişdir. Qaz sayğacının göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtı-vaxtında ödəmiş və bu barədə həmin günə qədər heç kim, heç bir irad bildirməmişdir. Sayğac sökülərkən hər hansısa müdaxilə aşkar edilmədiyi halda, sonradan sayğacı hara və hansı şəraitdə aparılmasından xəbəri olmadığı halda, sayğaca kim tərəfindən müdaxilə olunmasına özlərinin nəzarət etməli olduqları halda sayğacda hansısa zədənin olması sayğac çıxarılıb aparıldıqdan sonra yaranma ehtimalı daha böyükdür. Azəriqaz İB-nə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qayda da, qaz sərfiyyatına görə ödənişləri kart vasitəsi ilə eyni qaydada etdiyini və tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirmişdir. Bundan başqa qaz sayğacında hər hansısa qüsur aşkar edildiyi zaman iştirakı ilə və 2 hal şahidinin iştirakı ilə aktın tərtib edilməsini bildirmişdir. Sayğaca nəzarəti özlərinin etdiyini və sayğacın evin içində olmamasını, küçədə hər bir müdaxilənin özləri tətəfindən edildiyini iradla onlara bildirmişdir. Dəfələrlə sayğaca baxış keçirilmiş, lakin bu barədə irad bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən nəzarəti də "Azəriqaz” İB-nin əməkdaşları etmişdir. Heç vaxt sayğaca müdaxilə etməmişdir. Sayğacı apararkən sayğaca nəzarəti özlərinin etdiyini və sayğacın sökülüb aparıldıqdan sonra müdaxilənin özləri tətəfindən edildiyini iradla onlara bildirmişdir. Bu barədə X1 əməkdaşlarının qanunsuz hərkətləri barədə məlumat vermiş və yalnız qanunsuz olaraq heç bir borcu olmadığı halda sayğacdan kənar olaraq 4320 kub.m qaz işlətdiyini və dəyərini ödəməyini və pul ödənildikdən sonra borcun silinəcəyini bildirmişlər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, ilk əvvəl quraşdırılan sayğac mexaniki olmuşdur. Daha sonra 2021-ci ildən mexaniki sayğacı smart sayğacla əvəz etmişlər. Həmin sayğacın da, ekranı işləmədiyindən dedilər onun istismar müddəti bitib. Onu da, 2022-ci ilin yanvar ayında çıxardıqdan sonra yerinə mexaniki sayğac quraşdırmışlar. Bundan başqa ona 518 manatdan əlavə 200 manat da borc hesablanmışdır ki, həmin borcdan aylıq ödənişlər etdikcə çıxılmalar olmuşdur. Belə ki, sayğacın ekranının işləmədiyi dövrdə cavabdehin əməkdaşlarının köməkliyi ilə sayğacın mexaniki göstəriciləri nəzərə alınmaqla ödəməli olduğu məbləğləri ona bildirirdilər. Atasının xəstəliyi ilə əlaqədar yaranan sıxıntılara görə bir müddət borcdan ödəniş edə bilməmişdir. 518 manatlıq borcunun olması barədə ona 2 il ərzində məlumat verilməmişdir. Sayğaca tərəfindən müdaxilə edilməmişdir. Belə ki sayğac evdən kənarda bayırda yerləşir və sayğaclara müdaxiləni mümkünsüz edən plombları var. Yayda qazdan istifada aşağı olsa da, qışda 40, 50, 60 manat olmuşdur. Evlərində 5 nəfər ailə üzvləri qalırlar.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, evində smart tipli elektron sayğac idi. Təxminən iki il əvvəl sayğacın ekranı xarab oldu. Bu barədə Cavabdeh İB-nin əməkdaşlarına məlumat vermiş, daha sonra Cavabdeh İB-nin əməkdaşları onun evdə olmadığı vaxt evə gələrək sayğacı mexaniki sayğacla əvəz etdilər. Sayğacın işləmədiyi dövr üçün, təxminən 2 ay üçün ona 200 manat borc yazılmış və o da həmin borcu ödəmişdir. Lakin sayğac dəyişiləndən iki il sonra Cavabdeh İB tərəfindən ona 518 manat borc hesabladıqları barədə məlumat verdilər. Halbuki, Cavabdeh İB-nin əməkdaşları akt tərtib edərkən onun iştirakı təmin olunmamış və tərəfindən akt imzalanmamışdır. O, təbii qazdan istifadəyə görə vaxtı-vaxtında ödənişlərini etmişdir. Ümumilikdə atası xərçəng xəstəliyinə tutulduğuna görə sıxıntı olduğu üçün ödənişləri gecikdirmiş, lakin sonradan 2023-cü ilin fevral ayında 200 manat miqdarında yığılmış borcu da ödəmişdir.

5. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməsə də, nümayəndəsi iddiaya etirazını və ona əlavə edilmiş sənədləri elektron qaydada məhkəməyə təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********01100 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1602AZ**********90 sayğac çıxarılaraq yoxlanılması üçün "Azəriqaz” İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, "Qaz sayğacının yoxlanılması barədə" MSK- 29/1710-00024-1 saylı Akta əsasən "sayğacın yilvi birləşmələr korroziya uğrayıb, əsas çap vərəqinin üzərində kənar təsir izləri aşkar olundu, qaz itkisi, müdaxilə" barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2022-ci il tarixli, ******* saylı "Təbii X2nın pozulması haqqında" Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli tələbnəməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 4320 m³ təşkil etmişdir. Hesablanmış 518,40 manat məbləğində dəymiş ziyan 2022-ci ilin yanvar ayından abonentin koduna yerləşdirilmişdir Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "X2"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirilir ki, **********01100 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, ünvanında yerləşən evə Azəriqaz tərəfindən **********01100 abonent kodu verilməklə təbii qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilə bağlanılmışdır.

7. 21.12.2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, ünvanında yerləşən evə **********01100 abonent kodu üzrə Zenner G4T mexaniki tipli, **********1 nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğac quraşdırılarkən ehtimal olunur ki, əvvəlki smart tipli sayğac çıxarılmış və laboratoriya yoxlanışına göndərilmişdir. Sayğacın çıxarılması və quraşdırılması barədə AKT iş materiallarında mövcud olmadığı kimi cavabdeh də belə AKT-ın mövcudluğuna etirazında istinad etməmiş və üzərindən ötəri olaraq keçmişdir.

8. Smart tipli sayğacın nə vaxt çıxarıldığı bilinməsə də, BRQS Departamentinin dövlət yoxlamasına gətirilmiş və G4 markalı İtron tipli qaz sayğaclarına 19 yanvar 2022-ci il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, bu barədə xx.xx.2022-ci il tarixində MSK-29/1710-00024-1 saylı AKT tərtib edilmişdir. Həmin akt-da qeyd edilmişdir ki, baxış keçirilən 1602AZ**********90 zavod nömrəli sayğaca baxış keçirilmiş, sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı, sayğacın elementinin bitdiyi, müvəqqəti element quraşdırıldığı, əsas çap vərəqinin üzərində kənar təsir izlərinin aşkar olunduğu və informasiyanın oxunmadığı qeyd edilmişdir.

9. Bunun əsasında Cavabdeh İB-nin BRQSD-nın Binəqədi üzrə qrup rəhbəri, mühəndis və çilingər tərəfindən Təbii X2nın pozulması haqqında ******* saylı, xx.xx.2022ci il tarixli akt tərtib edilmiş və həmin AKT-da qeyd edilmişdir ki, abonent kodu **********01100 olan ünvanda sayğaca baxış keçirilmiş və baxış zamanı aşkar olunanlar: “yivli birləşmələri korroziyaya uğrayıb. Əsas çap vərəqinin üzərində kənar təsir izləri aşkar olundu və informasiya oxunmadı”. Lakin aktın üzərindən hansı sayğaca baxış keçirildiyi göstərilməmişdir.

10. Həmin AKT-a əsaslanaraq BRQSD-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən 31 yanvar 2022-ci il tarixdə “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilmişdir. Həmin tələbnaməyə əsasən qaz sayğacının nominal qaz sərfi 4 kub.m orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcminin 4320 kub.m olduğu ehtimal edilmişdir.

11. Bundan sonra itirilmiş qazın həcminin dəyəri olaraq 518.4 manat borc kimi abonentin koduna hesablanmışdır.

12. 06.11.2023-cü il tarixinə aid borca dair bildirişdə borcun məbləği 792,36 manat kimi qeyd edilmişdir. İddiaçı isə həmin məbləğdən 518,40 manat borcun əsassız olaraq hesablandığını, qalıq məbləğində isə bir müddət edə bilmədiyi ödənişlərdən qaynaqlandığını, lakin həmin borcu da fevral ayında tamamilə ödədiyini bildirmişdir. Hazırda isə 518,40 manat borcu mübahisələndirir.

13. Belə ki, iddiaçı sayğacının smart olduğuna görə ödənişlərini kartla etdiyini, ödəniş etdiyi qədər istifadə etdiyini, hesablanan borc məbləği barədə ona daha əvvəl məlumat verilmədiyini, ümumiyyətlə sayğacın çıxarılması zamanı iştirakının təmin edilmədiyini bildirməklə, onun tərəfindən sayğaca hər hansı müdaxilə faktının olmadığını bildirir. Bununla yanaşı iddiaçı sayğacın ekranının işləməməsi barədə Cavabdeh İB-nə özü məlumat vermiş, hətta sayğacın ekranının işləmədiyi dövrlərdə də, onun mexaniki göstəricilərinin oxunması yolu ilə yaranan borcu ödədiyini və bundan yayınmadığını bildirir. Hansı ki, sayğac məhz həmin qüsura görə yenisi ilə əvəzlənmişdir.

14. Cavabdeh tərəf isə iddianı ona görə əsassız və yazılan cəriməni ona görə əsaslı hesab edir ki, istehlakçı tərəfindən sayğaca müdaxilə edilmişdir. Nəticədə istehlakçının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində onlara ziyan vurulmuşdur. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:

16. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

17. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

18. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

21. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

22. Həmin qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

23. Həmin qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

24. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

25. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

26. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

27. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

28. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

29. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixli dəyişikliyədək) Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

31. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

34. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ona hesablanmış borcun əsassız olduğunu və hər hansı hüquqa zidd əməl törtətmədiyinə görə cavabdehin hərəkətinin qanunsuz olduğunu və borcun silinməsini tələb edir.

36. Cavabdeh tərəf isə iddiaçının hüquqa zidd əməl törətmiş olmasını tərtib edilən AKTlarla sübut etməyə çalışır.

37. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən vurulmuş zərərin həcmi qismində 518,40 manat məbləğində abonentə borc hesablaması əsassız olmuşdur.

38. Belə ki, əvvəla sayğaca müdaxilə faktı öz təsdiqini tapmır. Çünki sayğacın ümumiyyətlə nə vaxt, hansı şəraitdə, kimlərin iştirakı ilə çıxarılması müəyyən edilmir. Nəzərə alınmalıdır ki, sayğacın işləməməsi zamanı istehlakçının məsuliyyəti yalnız onun sayğaca hər hansı qanunsuz müdaxiləsinin sübut edildiyi halda yarana bilər. Lakin Cavabdeh İB-nin tabeliyində olan Metrologiya Departamenti tərəfindən tərtib edilən AKT-a əsasən “Təbii X2nın pozulması haqqında” AKT-la birliyin nümayəndələri abonentə ona görə itirilmiş qazın dəyəri kimi borc hesablamışdır ki, sayğacın yivli birləşmələrinin korroziyaya uğramış, sayğacın elementi bitib, müvəqqəti element quraşdırılmış, əsas çap vərəqinin üzərində kənar təsir izləri aşkar olunmuş və informasiyanın oxunmamışdır. Halbuki həmin izlər istənilən səbəbdən yarana bilər və sayğacı bu cür təsirlərdən qorumaq abonentin vəzifəsi deyildir. Həmçinin yivli birləşmələrinin korroziyaya uğraması və elementin bitməsi sayğacın istismar müddətindən qaynaqlanır, qanunsuz müdaxilə hesab edilməməlidir. Bundan əlavə çıxarılan sayğac smart olmuş, ödənişlər kart vasitəsilə edilmişdir. Hətta smart sayğacın ekranının işləmədiyi dövrdə də, iddiaçı qazdan istifadə etmiş bu cür imkanının olmasını isə birliyin əməkdaşları tərəfindən sayğacın mexaniki göstəricisinə uyğun olaraq hesablanmış və tərəfindən edilən ödənişlər hesabına etdiyini bildirir.

39. Odur ki, abonentin sayğaca müdaxilə etməsi faktı təsdiq olunmadığından və tədqiq edilən abonentin saldosu istehlakçının qazdan istifadəsi nəticəsində əsassız varlanma və hər hansı hüquqdan sui istifadə qənaəti yaratmadığından məhkəmə hesab edir ki, iddia əsaslıdır və hesablanmış 518,40 manat borc abonentin hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

43. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

44. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

45. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

46. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

47. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

48. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

49. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 518,40 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********01100) silinməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

50. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu **********01100) silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar