Məhkəmə qərarları › İş №2(001)-1290/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1290/2021

05.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1290/2021 05.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı 31.01.2020-ci il tarixli 053/K saylı əmrinin ləğv edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunmasına, 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək hər ay aldığı 1200 manat əmək haqqının və digər ödənişlərin, 06.11.2017 – 06.11.2020-ci illər üçün məzuniyyət pulunun, 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay əmək haqqından “195” hesabına tutulan məbləğin onun xeyrinə tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı 31.01.2020-ci il tarixli 053/K saylı əmrinin ləğv edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunmasına, 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək hər ay aldığı 1200 manat əmək haqqının və digər ödənişlərin, 06.11.2017 – 06.11.2020-ci illər üçün məzuniyyət pulunun, 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay əmək haqqından “195” hesabına tutulan məbləğin onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçının vəkili və nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə bağladığı 06.11.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Göyçay rayonunda satış üzrə nümayəndə təyin edilmişdir. İddiaçı işlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, müdiriyyət tərəfindən heç bir intizam tənbehi almamışdır. 2019-cu ilin yanvar ayında cavabdehin müştəriləri və iddiaçını aldatması səbəbindən işdə ixtilaf yaranmış və 01.07.2019-cu il tarixdən cavabdeh iddiaçını işdən kənarlaşdırmışdır. Belə ki, işəgötürən satdığı məhsulun qiymətinin artacağını bildirib müştərilərə daha çox satmağı təklif etmiş, lakin məhsulun qiyməti qalxmamış, mal satılmamışdır. İddiaçıya cavabdehin baş ofisindən işdən azad edildiyi bildirilmişdir. İddiaçı cavabdehdən işdən çıxarılmasının səbəbini soruşduqda və bu barədə əmrin surətinin verilməsini xahiş etdikdə, cavabdeh tərəfindən heç bir reaksiya olmamışdır. Vəkil sorğusu ilə müəyyən edilmişdir ki, cavabdeh özünün 31.01.2020-ci il tarixli 053/K saylı əmrilə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əsassız və qanunsuz olaraq işdən azad etmişdir. Cavabdehin vəkil sorğusuna cavabından aydın olmuşdur ki, guya iddiaçının əmək haqqı 06.11.2017-ci ildən 01.03.2019-cu il tarixinədək 180 manat, bu tarixdən isə işdən azad edilənədək 315 manat olmuşdur. Bu qətiyyən belə deyildir. Belə ki, iddiaçı əmək fəaliyyətinə başlayan andan əvvəlcə 180 manat, daha sonra isə 315 manat əmək haqqını bank kartı vasitəsilə alsa da, hər ay cavabdehin Göyçay filialının müdiri Seymur Fərzəliyevdən bundan ötrü hazırlanmış tabel cədvəli üzrə ***-**** manat arası nağd pul şəklində əmək haqqı da almışdır. Bundan başqa cavabdehin vəkil sorğusuna cavabından aydın olur ki, guya iddiaçıya 14 gün əsas məzuniyyət pulu ödənilməlidir. İddiaçıya işlədiyi müddətdə məzuniyyət verilməmiş, habelə bunun əvəzində qanunla iddiaçıya verilməli məzuniyyət pulu da verilməmişdir. Bundan başqa işə başlayan aydan 2019-cu ilin iyul ayınadək iddiaçıya verilən nağd əmək haqqından işdən azad ediləndə hər hansı zərər və sair olarsa, həmin zərəri ödəmək üçün hər ay iddiaçıdan cavabdehin “195” hesabına 80 manat pul tutulmuş, lakin bu məbləğ də iddiaçıya qaytarılmamışdır. Bundan başqa cavabdehin sözügedən əmrinin verilməsində əsas kimi kənar auditin rəyi göstərilmişdir. Bu rəy əsaslı deyil və hətta əsaslı olsa belə iddiaçının adı çəkilən maddə ilə işdən azad edilməsinə əsas ola bilməz. Ona görə ki, iddiaçı doğurdan da cavabdehə maddi zərər vurmuşdursa, bu halda cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq bu zərəri iddiaçıdan tələb edə bilərdi. Başqa sözlə mübahisəli “kənar audit rəyi” əmrdə rəhbər tutulan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndi və 70-ci maddəsinin “ç” bəndi ilə uzlaşmır və ya maddələrin dispoziyasına uyğun gəlmir. Cavabdeh iddiaçını işdən azad edərkən iddiaçıya verilməli olan son haqq-hesab məbləğini də verməmişdir. Cavabdehə bununla bağlı 01.11.2020-ci ildə rəsmi qaydada müraciət edilsə də, cavabdeh müraciəti cavabsız qoymuşdur. Beləliklə, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi əsassız olmuşdur. İddiaçı əmək fəaliyyəti zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin sözügedən maddəsinin təsiri altına düşən heç bir əmələ yol verməmişdir. Habelə cavabdeh işdən azad edilməsinin qanunla nəzərdə tutulmuş qaydalarını pozmuş, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən iddiaçıdan Həmkarlar Komitəsinə üzvülük haqqı tutulduğunun qeyd olunduğu halda, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Həmkarlar Komitəsinin razılığı alınmamışdır. Cavabdehin məzuniyyətlə bağlı məhkəməyə təqdim etdiyi ərizəni iddiaçı cavabdehə təqdim etməmişdir. Həmin ərizədə olan imzanın iddiaçıya məxsus olub-olmasının yoxlanılmasını tələb etmir. İddiaçı iddia müddətini də ötürməmişdir. Belə ki, iddiaçıya əmək kitabçası, əmrin surəti verilməmişdir. Ona görə də 31.01.2020-ci il tarixli 053/K saylı əmrinin ləğv edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə iddiaçının vəzifəsinə bərpa olunmasına, 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək hər ay aldığı 1200 manat əmək haqqının və digər ödənişlərin, 06.11.2017 – 06.11.2020-ci illər üçün məzuniyyət pulunun, 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay əmək haqqından cavabdehin “195” hesabına tutulan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, təxminən bir il əvvəl yeni işə düzəlmək istəyərkən ona maddə ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olması məlum olmuşdur. Cavabdeh onu 2019-cu ilin iyul ayında işdən kənarlaşdırmış, əmək haqqını verməmişdir. Onun aylıq əmək haqqı 1100-1200 manat olmuşdur. Cavabdeh onun barəsində əvvəl Binəqədi rayon Prokurorluğuna müraciət etmişdir. O, Binəqədi rayon Prokurorluğuna müraciət edərkən də işdən azad olunmasını bilmişdir. Cavabdeh ona işdən azad olunması barədə əmrin surətini verməmiş, əmək kitabçasını cavabdehdən götürməsi barədə cavabdehin məktubunu almamış, özü bir il sonra cavabdehdən əmək kitabçasını istəmiş, sonuncu dəfə əmək haqqı kartına 2020-ci ilin fevral ayında baxmışdır. 2018-ci ildə əmək məzuniyyətinə çıxaması ilə bağlı ərizədəki imza ona məxsus deyildir. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 06.11.2017-ci il tarixli 17/1439 saylı əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə, aylıq əmək haqqı 180 manat olmaqla, satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC ilə İddiaçı arasında 06.11.2017-ci il tarixdə işçinin tam maddi məsuliyyət daşıması haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən işçi ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmağı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamağı, ziyankarlığa qarşı mübariz olmağı öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 26.10.2018-ci il tarixli ərizəsinə əsasən ona 01.11.2018-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına icazə verilməsini xahiş etmiş, Cavabdeh MMC-nin 26.10.2018-ci il tarixli 003/M saylı əmri ilə ona 01.11.2018-ci il tarixdən 22.11.2018-ci il tarixədək 21 təqvim günü əmək məzuniyyəti verilmişdir. Cavabdeh MMCnin 2018-ci ilin noyabr ayı üzrə əmək haqqı cədvəlindən görünür ki, Cavabdeh MMC-nin satış üzrə nümayəndəsi İddiaçı 21 gün məzuniyyət günlərinə görə 122,85 manat hesablanmışdır. Həmin vaxt MMC-yə xidmət göstərən YapıKredi Bank Azərbaycan QSC iddiaçının hesabından çıxarış verilməsi üçün məhkəmə qərarının tələb olunmasını bildirdiyindən ödənişin faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsini təsdiq edən çıxarışın məhkəməyə təqdim edilməsi mümkün deyildir. İddiaçı öz hesabından çıxarışı məhkəməyə təqdim edə bilər. Cavabdeh MMC-nin 31.01.2020-ci il tarixli 053/K saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq 70-ci maddənin “ç” bəndinə əsasən, işçinin istifadə etmədiyi 14 gün üçün əsas məzuniyyətinin pul əvəzinin ödənilməklə, 31.01.2020-ci il tarixdən xitam vermişdir. Cavabdeh MMC-nin 31.01.2020-ci il tarixli 053/K saylı əmrinin verilməsinə əsas kənar auditin rəyi olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X7 Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı 03.07.2019-cu il tarixə olan mal qalığının auditini aparmış, 25.07.2019-cu il tarixli 54/4 saylı audit rəyinə əsasən İddiaçı 03.07.2019-cu il tarixə 13473,72 manat çatışmazlığını aşkar etmişdir. Auditin aparılmasında İddiaçı özü də iştirak etmiş 03.07.2019-cu il tarixdə yazdığı izahatı ilə 13473,72 manat məbləğində əksiyinin olmasını etiraf etmişdir. Cavabdeh MMC-nin 31.01.2020-ci il tarixli məktubu ilə İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndini rəhbər tutaraq, 70-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyi bildirilmiş, ondan Z.Bünyadov 13 ünvanında yerləşən Cavabdeh MMC-yə gəlib əmək kitabçasını təhvil alması xahiş olunmuşdur. 31.01.2020-ci il tarixli xəbərnamədən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən 31.01.2020-ci il tarixdə ünvanlanmış məktub 02.02.2020-ci il tarixdə İddiaçı tərəfindən alınmışdır. Paşa Bank ASC-nin 16.12.2020-ci il tarixli kart hesabından çıxarışına əsasən İddiaçı kart hesabına 31.01.2020-ci il tarixdə son haqq hesab üzrə 63,75 manat mədaxil edilmişdir. Göyçay Rayon Prokurorluğunun Cavabdeh MMC-nin prezidenti Ceyhun Abbasova ünvanladığı 12.04.2021-ci il tarixli ********* saylı məktubdan görünür ki, Cavabdeh MMC-dən Respublika Baş Prokurorluğu vasitəsi ilə rayon prokurorluğuna daxil olmuş materialda Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Göyçay rayon prokuroru R.R.Hüseynov tərəfindən həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqın aparılması müstəntiq N.Yahyazadəyə həvalə edilmişdir. Cinayət işi üzrə Cavabdeh MMC-nin müvəkkil edilmiş nümayəndəsinin zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması və dindirilməsi üçün rayon prokurorluğuna gəlməsinin təmin edilməsi xahiş olunmuşdur. İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən işə götürən heç bir hüquq pozuntusuna yol verməmişdir. İddiaçı həmkarların üzvü olmamışdır. İddiaçı 2019-cu ilin iyul ayından öz əmək funksiyalarını yerinə yetirmədiyi üçün, barəsində aparılan araşdırma ilə bağlı işdən kənarlaşdırıldığı üçün ona əmək haqqı ödənilməmişdir. İddiaçıya müəssisəyə vurduğu ziyanı ödəməsi üçün vaxt verilmiş, lakin iddiaçı vurduğu ziyanı ödəmədiyindən onun barəsində ilkin olaraq Binəqədi rayon Prokurorluğuna müraciət olunmuşdur. Cavabdeh iddiaçının əmək haqqından 195 saylı hesaba hər hansı bir tutma aparmayıb, belə bir hesab yoxdur. İddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. İddiaçı öz iddia ərizəsində hələ 01.07.2019cu il tarixdə işdən kənarlaşdırıldığını bildiyini, hətta baş ofisdən iddiaçıya işdən azad edildiyinin bildirildiyini qeyd etmişdir. İddiaçının cavabdehə məxsus pul vəsaitlərini mənimsədiyi barədə əsaslı şübhələr yarandığına görə iddiaçının dislokasiyasına aid satış nöqtələrində audit yoxlamasına başlanmış və müəyyən araşdırmalar aparılmışdır. Aparılmış araşdırmaların yekun nəticəsi olaraq iddiaçının müəssisəyə məxsus əmlakı mənimsədiyi müəyyən olunduğuna görə iddiaçı 31.01.2020-ci il tarixli əmrlə işdən azad edilmişdir. İddiaçıya işdən azad edildiyi barədə 31.01.2020-ci il tarixli məktubla məlumat verilmiş, Cavabdeh MMC-nin baş ofisinə yaxınlaşaraq əmək kitabçasını götürməsi iddiaçıdan xahiş edilmişdir. Göndərilmiş məktub iddiaçıya 02.02.2020-ci il tarixdə çatdırılmışdır. Məhkəmə iclasında iddiaçı izahatında bir ilə əvvəll işəd düzəlmək istəyərkən işdən azad olunmasını bildiyini, 2020-ci ilin fevral ayında əmək haqqı kartından istifadə etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı işdən azad edildiyini 2020-ci ilin əvvəlində bildiyindən, 2019-cu ilin iyul ayından işdən kənarlaşdırılamsını bildiyindən məhkəməyə məhkəməyə 18.11.2020-ci il tarixli iddia ərizəsi ilə müraciət etmişdir. Bundan başqa iddiaçı Cavabdeh MMC-yə məxsus əmlakı mənimsəməklə müəssisəyə zərər vurduğuna görə iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi məqsədi ilə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edilmiş, müraciət baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna, daha sonra isə Göyçay Rayon Prokurorluğuna göndərilmişdir. Hal-hazırda cavabdehin şikayəti əsasında Göyçay Rayon Prokurorluğunda araşdırma aparılmaqdadır. Həmin araşdırma ilə bağlı iddiaçı 23.09.2020-ci il tarixdə Binəqədi Rayon Prokurorluğuna, daha sonra isə Göyçay Rayon Prokurorluğuna çağırılmış və izahatı alınmışdır. Həmin vaxt da iddiaçıya işdən azad edildiyi bəlli olmuşdur. İddiaçının işdən azad edilməsi ilə bağlı son haqq hesab məbləği iddiaçının kartına mədaxil edilmiş və bundan iddiaçının məlumatının olmaması qeyri-mümkün idi. Əmək Məcəlləsinin tələbinə əsasən işə bərpa ilə bağlı işçi 1 ay müddətində, əmək haqqı tələbi ilə 1 il müddətində müraciət edə bilərdi. Ona görə də İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbrinin əsassız olması və iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 06.11.2017-ci il tarixli 17/1439 saylı əmək müqaviləsindən müəyyən olunur ki, işçi İddiaçı Cavabdeh MMC-yə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əmək müqaviləsinin 3.1-ci bəndindən müəyyən olunur ki, işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür: müşayətedici sənədlərə uyğun olaraq anbardan yükləri qəbul edir; qablaşdırmanın bütövlüyünü yoxlayır; yüklərin təyin olunmuş yerə çatmasını müşayiət edir, onların nəql edilməsi zamanı lazım olan mühafizə rejimini həyata keçirir; gətirilmiş yükü təhvil verir, qəbul - təhvil sənədlərinin rəsmiləşdirir; bölgə müdiri və menecerinin verdiyi tapşırıqlara vaxtında və keyfiyyətlə əməl etmək; qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir; Cavabdeh şirkətinə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşü; Cavabdeh şirkətinə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək; satış nümayəndəsi Cavabdeh şirkətinin satış məntəqələrində olan maddi (pul, invertar və s.) vəsaitə nəzarət edir, onun məsuliyyətini daşıyır; müştərilərdən (ticarət nöqtələrindən) Cavabdeh şirkətinə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıyır; birbaşa tabe olduğu müdirə hər günün sonunda gördüyü işlər barəsində məlumat və hesabat verməlidir; satış nümayəndələri satış nöqtəsinin anbardakı Cavabdeh məhsullarının varlığına nəzarət etməlidir; daxili nizam-intizam qaydalarına riayət etmək. Əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər ay 180 manat məbləğdə əmək haqqı ödənilir. Əmək müqaviləsinin 4.26-cı bəndinə əsasən işçinin iş ilini 06.11.2017-06.11.2018 ibarət dövr əhatə edir və ona hər növbəti iş ili üçün müddəti Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək məzuniyyəti verilir. Əmək müqaviləsinin 4.29-cu bəndinə əsasən əmək məzuniyyətinin ümumi müddəti 21 təqvim günüdür. Əmək müqaviləsinin bağlanması ilə bağlı 06.11.2017-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı 06.11.2017-ci il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 180 manat olmaqla Cavabdeh MMC-yə əsas iş yeri üzrə satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 06.11.2017-ci il tarixli tam maddi məsuliyyət daşınması haqqında müqavilədən müəyyən olunur ki, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübariz olmaq işçinin vəzifəsidir. Cavabdeh MMC-nin Satış Departamentinin satış nümyəndəsinin vəzifə təlimatından müəyyən olunur ki, işçi İddiaçı təlimatı 06.11.2017-ci il tarixdə imzalamaqla təlimatla tanış olduğunu və bir nüsxəsini aldığını təsdiq etmişdir. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 26.10.2018-ci il tarixli ərizəsindən müəyyən olunur ki, İddiaçı ona 01.11.2018-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxmasına icazə verilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin 26.10.2018-ci il tarixli 003/M saylı əmrdən çıxarışdan müəyyən olunur ki, Satış Departamentinin satış üzrə nümayəndəsi İddiaçı onun ərizəsi əsasında 01.11.2018-ci il tarixdən 22.11.2018-ci il tarixədək toplam 21 təqvim günü əmək məzuniyyəti verilmiş, əsas məzuniyyət Bayraq gününə təsadüf etdiyi üçün 1 təqvim günü uzadılmış, işçi 23.11.2018-ci il tarixdən işə başlamalıdır. Cavabdeh MMC-nin 2018-ci ilin noyabr ayı üzrə əmək haqqı cədvəlindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh MMC-nin satış üzrə nümayəndəsi İddiaçı 21 gün məzuniyyət günlərinə görə 122,85 manat hesablanmışdır. Cavabdeh MMC-nin 31.01.2020-ci il tarixli 053/K saylı əmrdən çıxarışdan müəyyən olunur ki, cəmiyyətin Satış Departamentində satış üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndini rəhbər tutaraq 70-ci maddənin “ç” bəndinə əsasən, işçinin istifadə etmədiyi 14 gün üçün əsas məzuniyyətinin pul əvəzinin ödənilməklə, 31.01.2020-ci il tarixdən xitam vermişdir. Cavabdeh MMC-nin 31.01.2020-ci il tarixli 053/K saylı əmrinin verilməsinə əsas kənar auditin rəyi olmuşdur. Azərbaycan Respublikasının Auditorlar Palatası sərbəst auditor X5 25.07.2019-cu il tarixli 54/4 saylı audit rəyindən müəyyən olunur ki, auditor Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı 03.07.2019-cu il tarixə mal qalığının auditini aparmış, audit 12.07.2019-cu il tarixdə başlanmış və 25.07.2019-cu il tarixdə başa çatmışdır. Auditora görə Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı 03.07.2019-cu il tarixə 13473,72 manat çatışmazlıq (əskiklik) ilkin sənədlərə uyğun olaraq onda düzgün və ədalətli təsəvvür yaradır. 25.07.2019-cu il tarixli audit prosedurlarının aparılmasına dair aktdan müəyyən olunur ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verimiş 28.12.2016-cı il tarixli SA 074 saylı İcazə ilə fəaliyyət göstərən sərbəst auditor X7 Cavabdeh MMC ilə bağlanmış 08.07.2019-cu il tarixli 54 saylı müqaviləyə əsasən cəmiyyətin satış üzrə nümayəndəsi mühasibat uçotu sənədlərinə və tərtib olunan hesabata əsasən aparılmış auditin nəticəsi olaraq Cavabdeh MMC-nin satış üzrə nümayəndəsi İddiaçı 02.07.2019-cu il tarixdən 03.072019-cu il tarixədək olan dövr ərzində mal-pul dövriyyəsinin auditini aparmış, auditin aparılmasında cəmiyyətin baş auditoru X8, cəmiyyətin auditoru X2 iştirak etmiş, daxili auditin aparılması zamanı Avrova MMC-in sabiq satış üzrə nümayəndəsi İddiaçı daxili audit yoxlamasında iştirak etmişdir. Auditə təqdim olunan sənədlərlə müəyyən olunmuşdur ki, araşdırma zamanı İddiaçı cəmiyyətdə satış nümayəndəsi vəzifəsində işləyərkən, maddi-məhsul şəxs olmaqla onunla bağlanmış fərdi əmək müqaviləsinin şərtlərini pozmaqla, pərakəndə ticarət obyektlərində satmaq məqsədi ilə cəmiyyətin anbarından götürdüyü malın pulunu tam olaraq cəmiyyətə təhvil vermədiyindən onun maddi məsuliyyətində 03.07.2019-cu il tarixə 13473,72 manat məbləğində satış pulunun çatışmazlığı aşkar edilmişdir. İddiaçı 03.07.2019-cu il tarixdə yazdığı izahatla 13473,72 manat məbləğində əksiyinin olmasını etiraf etməklə yanaşı, tezliklə bu məbləği cəmiyyətə ödəyəcəyinə söz vermiş, lakin bu günədək ödəməmiş, kənar audit yoxlamasına İddiaçı əlavə sənəd təqdim edə bilməmişdir. Cavabdeh MMC-nin 31.01.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı onunla bağlanılmış əmək müqaviləsinə 31.01.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndini rəhbər tutaraq, 70-ci maddəsinin ç bəndinə əsasən xitam verildiyi bildirilmiş, ondan Z.Bünyadov 13 ünvanında yerləşən Cavabdeh MMC-yə gəlib əmək kitabçasını təhvil alması xahiş olunmuşdur. 31.01.2020-ci il tarixli xəbərnamədən müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən 31.01.2020-ci il tarixdə ünvanlanmış məktub 02.02.2020-ci il tarixdə İddiaçı yaşadığı ünvan üzrə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 31.01.2020-ci il tarixli əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işçi İddiaçı ilə 06.11.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə işəgötürənin 31.01.2020-ci il tarixli 053 saylı əmri ilə xitam verilmişdir. Paşa Bank ASC-nin 16.12.2020-ci il tarixli kart hesabından çıxarışından müəyyən olunur ki, İddiaçı kart hesabına 31.01.2020-ci il tarixdə son haqq hesab üzrə 63,75 manat mədaxil edilmişdir. Paşa Bank ASC-nin 05.05.2021-ci il tarixli çıxarışından müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı 31.01.2020-ci il tarixdə son haqq hesab üzrə 63,75 manat ödəniş etmişdir. İddiaçı 16.12.2020-ci il tarixli son haqq hesabın hesablanmasına dair Cavabdeh MMC-nin çıxarışından müəyyən olunur ki, Cavabdeh MMC-nin satış üzrə nümayəndəsi İddiaçı son haqq hesab üzrə istifadə olunmayan 14 gün məzuniyyət günlərinə görə 66,07 manat hesablanmış, həmin məbləğdən 1,98 manat pensiya fonduna, 0,33 manat işsizlikdən sığortaya görə tutulmuş, ödəniləcək məbləğ 63,75 manat müəyyən edilmişdir. Göyçay rayon Prokurorluğunun Cavabdeh MMC-nin prezidenti Ceyhun Abbasova ünvanladığı 17.12.2020-ci il tarixli 2072xid-20 saylı məktubdan müəyyən olunur ki, Cavabdeh MMC-nin prezidenti Ceyhun Abbasova Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı 06.11.2017-ci il tarixdən 02.07.2019-cu il tarixədək işlədiyi müddətdə fəaliyyətində 13473,72 manat çatışmazlıq (mənimsəmə) aşkar edilməsi ilə bağlı Cavabdeh MMC-dən Respublika Baş Prokurorluğu vasitəsi ilə rayon prokurorluğuna daxil olmuş material əsasında müvafiq araşdırma aparılması, material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan sonra nəticəsi barədə ona məlumat veriləcəyi bildirilmişdir. Göyçay rayon Prokurorluğunun Cavabdeh MMC-nin prezidenti Ceyhun Abbasova ünvanladığı 12.04.2021-ci il tarixli ********* saylı məktubdan müəyyən olunur ki, Cavabdeh MMC-dən Respublika Baş Prokurorluğu vasitəsi ilə rayon prokurorluğuna daxil olmuş materialda Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş İddiaçı ilə 06.11.2017-ci il tarixdə əmək və tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilələr imzalandığı, İddiaçı Göyçay, Ağdaş və Ucar rayonu ərazisində yerləşən satış nöqtələrində 06.11.2017-ci il tarixdən 02.07.2019-cu il tarixədək işləməklə satış nöqtələrindən yığılmış pulları vəzifə səlahiyyətlərinə görə Göyçay şəhərində yerləşən Cavabdeh MMC-nin filialına ödədiyi, sonuncu dəfə 02.07.2019-cu il tarixdə cəmiyyətin daxili audit şöbəsi tərəfindən İddiaçı xidmət göstərdiyi ərazidə bütün satış nöqtələri üzrə fəaliyyəti yoxlanılmaqla 13473,72 manat çatışmazlıq (mənimsəmə) aşkar edildiyi göstərilmişdir. Eyni zamanda həmin materialda X3 16.02.2018-ci il tarixdən 02.07.2019-cu il tarixədək Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləməklə satış nöqtələrindən yığılmış pulları vəzifə səlahiyyətlərinə görə Göyçay şəhərində yerləşən Cavabdeh MMC-nin filialına ödəməsi, sonuncu dəfə 02.07.2019-cu il tarixdə cəmiyyətin daxil audit şöbəsi tərəfindən Elşad Hacıyevin işlədiyi ərazidə bütün satış nöqtələri üzrə fəaliyyəti yoxlanılmaqla 13322,43 manat çatışmazlıq aşkar edilməsi göstərilmişdir. Cavabdeh MMC-dən Respublika Baş Prokurorluğu vasitəsi ilə rayon prokurorluğuna daxil olmuş materialda Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Göyçay rayon prokuroru R.R.Hüseynov tərəfindən həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqın aparılması müstəntiq N.Yahyazadəyə həvalə edilmişdir. Cinayət işi üzrə Cavabdeh MMC-nin müvəkkil edilmiş nümayəndəsinin zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması və dindirilməsi üçün rayon prokurorluğuna gəlməsinin təmin edilməsi xahiş olunmuşdur. Auditor xidməti haqqında Azərbaycan Respublikası Qanununun 1.1.-ci maddəsinə əsasən bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində (Ələt azad iqtisadi zonası istisna olmaqla) fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə (bundan sonra - təsərrüfat subyektləri) şamil edilir. Həmin Qanunun 2-ci maddəsinə əsasən audit-əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik maliyyə hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının ona maddi ziyan vurmasını aşkar edən cavabdeh iddiaçını işdən kənarlaşdırmış, cavabdehin təşəbbüsü ilə keçirilən audit yoxlaması nəticəsində tam maddi məsuliyyət daşıyan işçinin işə götürənə maddi ziyan vurması aşkar olunduğundan tərəflər arasında bağlanan əmək müqaviləsinə işə götürənin təşəbbüsü ilə xitam verilmiş, bundan sonra işə götürən hüquqmühafizə orqanına müraciət etmiş və Göyçay rayon Prokurorluğu tərəfindən fakta görə cinayət işi başlanılaraq istintaqı aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, audit yoxlaması nəticəsində İddiaçı Cavabdeh MMC-yə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozması öz təsdiqini tapdığından Cavabdeh MMC-nin 31.01.2020-ci il tarixli 053/K saylı əmri əsaslıdır, ona görə də iddiaçının cavabdehin 31.01.2020-ci il tarixli 053/K saylı əmrinin ləğv edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunmasına dair iddia tələbləri əsasızdır, təmin edilə bilməz. Məhkəmə iddiaçının 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək, yəni işdən kənar edildiyi vaxt ərzində hər ay aldığı 1200 manat əmək haqqının və digər ödənişlərin ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Maddi hüquq normalarının tələbinə əsasən işdən kənarlaşdırılan işçiyə işəgötürən əmək haqqı ödəməli olmadığından, iddiaçı əmək haqqının 1200 manat olmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə bu iddia tələblərini də əsassız hesab edib təmin etmir. Məhkəmə iddiaçının 06.11.2017 – 06.11.2020-ci illər üçün məzuniyyət pulu tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müddət ərzində məzuniyyət hüququndan istifadə etməsi, işdən azad olunarkən ona istifadə etmədiyi məzuniyyət günlərinə görə də müvafiq ödəniş edilməsi öz təsdiqini tapdığından iddiaçının bu tələbi də əsassızdır, təmin edilə bilməz. Məhkəmə iddiaçının 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay əmək haqqından “195” hesabına tutulan məbləğin ona geri qaytarılması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı onun əmək haqqından cavabdeh tərəfindən qanunun tələblərinə zidd tutmalar aparılmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilmədiyindən iddiaçının bu tələbi də əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iddiaçının tələblərinin iddia müddətinin ötürülməsi səbəbindən də təmin edilməsini qeyri-mükün hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı işdən azad olunmasını 2020-ci ilin fevral ayında son-haqq hesabını almaqla bildiyi halda, iddia ərizəsi ilə məhkəməyə yalnız 24.11.2020-ci il tarixdə müraciət etməklə iddia müddətini də ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM-nin 375.1.,375.2. mad.) Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının iddia tələblərinin iddia müddətinin ötürülməsi səbəbində də, təmin edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı 31.01.2020-ci il tarixli 053/K saylı əmrin ləğv edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunmasına, 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək hər ay aldığı 1200 manat əmək haqqının və digər ödənişlərin, 06.11.2017-06.11.2020-ci illər üçün məzuniyyət pulunun, 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay əmək haqqından “195” hesabına tutulan məbləğin onun xeyrinə tutulmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar