Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1300/2024 20.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sudan istifadəyə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi hüquqlarının bərpa edilməsini və hesablanmış 2196 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən obyekt gözəllik salonunda uzun müddətdir ki, çalışır və sahibkarlıq fəaliyyətti ilə məşğul olur. Bakı Şəhəri, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən verilən torpaq sahəsindən sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında qərara əsasən 30 aprel 2007-ci il tarixli qərar da bu öz əksini tapmışdır. 10 oktyabr 2023-ci il tarixdə AZƏRSU Açıq Səhmdar Cəmiyyəti Sahəsinin əməkdaşları tərəfindən 602321 nömrəli Akt tərtib edilmiş və aktda əsasən bildirilmişdir ki, 66 obyektə baxış keçirilən zaman sayğacdan kənar 15MM-lik borus vasitəsi ilə Sudan qeyri- qanuni istifadəsi aşkar edilməsi barədə akt tərtib edilmişdir. AZƏRSU ASC-nin əməkdaşları hadisədən bir neçə gün əvvəl sayğac quraşdırılmasını bildirdikdən sonra həmin ünvanda yeni su sağyacı quraşdırılmış və laborotoriyada yoxlanılaraq heç bir problemin olmaması bildirilmişdir. Daha sonra Həmin əməkdaşlar həmin ərazidə su xətlərini xarab etdikdən sonra heç bir yaranan nasazlığı aradan qaldırmamış və çöldə yerləşən sayğaca heç bir dəxli olmadan guya qeyri-təbii üsulla sudan istifadə etməyi bildirilmişdir. Lakin bildirmək istəyir ki,həmin sözügedən ünvanda qeyri-təbii yolla sudan istifadə olmamışdır. Belə ki boruda yaranan nasazlığa əsasən sudan istifadə üçün boru bağlandıqda belə həmin borudan su gəlməyə davam etmişdir. Buna baxmayaraq AZƏRSU ASC-nin əməkdaşları buna məhəl qoymayaraq 2196 manat maddi ziyanın ödənilməsi ilə bağlı olaraq ona qarşı qanunsuz və əsasssız akt tərtib edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əri öləndən sonra ilk növbətə kommunal xidmətlərlə bağlı sayğacları öz adına keçirməyə çalışmışdır. Həmin ərəfədə məlum olmuşdur ki, ərindən qalan obyektin sudan istifadə üçün nəzərdə tutulan sayğacı xarabdı. Belə ki, sayğac üçün karta ödəniş edilsə də, istifadə etmək olmurdu. Tərəfindən bir neçə dəfə müraciət edildikdən sonra 12.10.23-cü il tarixində cavabdehin əməkdaşları gəlib, sayğaca baxış keçirmişlər. xx.xx.2023-cü il tarixində isə həmin sayğacı çıxarmış və yerinə yenisini qoymuşlar. Lakin həmin sayğacdan istifadə üçün kart təqdim edilmədi. Kartı almaq üçün idarəyə yaxınlaşdıqda isə, sudan istifadə ilə bağlı borcun olduğu məlum olmuş, həmin borcu da, balansa yüklədiklərindən edilmiş ödənişlər borca silinir. Borcun hesablanma səbəbi kimi sayğacdan kənar qanunsuz qoşulma qeyd edilsə də, iş üzrə ekspertiza keçirilmiş və məlum oldu ki, qanunsuz qoşulma faktı yoxdur.
4. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
5. ünvan 2 ünvanında içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış və abonentə 105172 abonent kodu verilmişdir. Müqavilədə abonentin qeyri-əhali qrupuna aid olmaqla xidmətin gözəllik salonuna edildiyi göstərilsə də, abonentin fərdi sahibkar olaraq vergi ödəyicisi kimi qeydiyyatı yoxdur.
6. 10.10.2023-cü il tarixdə Cavabdeh ASC-nin nümayəndələri tərəfindən ünvan 2 ünvanında yerləşən obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacdan kənar diametri 15 mm boru vasitəsilə sudan qeyriqanuni istifadə var. Bu barədə 602321 nömrəli AKT tərtib edilmişdir. Həmin AKT-ın abonentin iştirakı ilə tərtib edildiyi qeyd edilsə də, abonent tərəfindən imzalanması və ya imzalamaqdan imtina etməsi barədə hər hansı qeyd aparılmamışdır.
7. Bundan sonra xx.xx.2023-cü il tarixdə abonentin müraciəti əsasında su sayğacı dəyişdirilmiş və bu barədə qeydiyyat aparılmışdır. Həmin qeyddə göstərilmişdir ki, sayğac normal işləmədiyi üçün dəyişdirilmiş və laboratoriyaya aparmaq üçün abonentə təhvil verilmişdir.
8. 27.10.2023-cü il tarixli Laboratoriya yoxlamasının nəticəsi barədə rəy tərtib edilmiş və rəydə qeyd edilmişdir ki, sayğacın klapanı işləmədiyindən balans tükəndikdə klapan bağlanmayıb, mexaniki hissə işləkdir, hesabat mexaniki göstəriciyə əsasən aparıla bilər, sayğac təmirə və istismara yararsızdır.
9. Su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə ilə bağlı xx.xx.2023-cü il tarixli, 602321 nömrəli AKT-a əsasən abonentə 2196 manat dəymiş maddi ziyana görə borc hesablanmış və borcun ödənilməsi tələb edilmişdir.
10. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/281 saylı rəyindən görünür ki, tədqiqat obyekti olan və ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş və tədqiqata təqdim edilmiş boruya adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupaların köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək tədqiq edilmiş, bu zaman qeyd olunan borunun üzərində trasaloji zədə aşkar edilməmişdir. Tədqiqatın nəticəsi kimi qeyd edilir ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. İşin halları ilə müəyyən edilir ki, mübahisənin mahiyyəti deliktə(mülki hüquq pozuntusu) əsaslanaraq hesablanmış borcun silinməsi ilə bağlıdır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq edilən “X1” 1.6-cı bəndinə əsasən STKM tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.
13. Həmin qaydaların 2.1.9.2-ci yarım bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə STKM suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etməlidir.
14. Həmin qaydaların 6.1-ci bəndinə əsasən STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində AİBNDA-nın və STKM-in plombu olan müvafiq su ölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır.
15. Həmin qaydaların 8.6-cı bəndinə əsasən Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.
16. Həmin qaydaların 8.7-ci bəndinə əsasən Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.
17. Həmin qaydaların 8.9-cu bəndinə əsasən Suyun verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 8.1.2-ci və 8.1.9-cu yarımbəndləri istisna olmaqla) STKM tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
24. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
25. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, abonent tərəfindən sayğacdan kənar sudan qeyri-qanuni istifadə edilməmişdir. Belə ki, aparılmış ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Bundan başqa akt istehlakçının iştirakı ilə tərtib edilməmiş və AKT-ın bir nüsxəsi ona təqdim edilməmişdir.
26. Odur ki, abonentin sayğacdan kənar qanunsuz sudan istifadə etməsi faktı öz təsdiqini tapmadığından iddia əsaslıdır və hesablanmış 2196 manat borc abonentin hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
30. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
31. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
33. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
34. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
36. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən hesablanmış 2196 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: 105172) silinməli və istehlakçının ödəməkdən azad olduğu 41,96 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
37. Bundan başqa iddia təmin edildiyindən keçirilmiş ekspertiza tədqiqatının dəyəri qismində 65 manat vəsait cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən hesablanmış 2196 (iki min yüz doxsan altı)manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: 105172) silinsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində Cavabdeh ASC-dən 41,96 (qırx bir manat, doxsan altı qəpik) manat vəsait tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri qismində 65 (altmış beş) manat vəsait Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev