Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1304/2024 15.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə (Abonent kodu: **********10000) əsassız olaraq borc kimi yazılmış 3110 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********10000 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 2022-ci ilin noyabr ayında cavabdehin əməkdaşları onun ünvanına gələrək sayğacın istismar müddətinin keçdiyini bildirib və bu səbəbdən də sayğacın dəyişdirilməli olduğu bildirmişlər. Buna görə də sayğac yenisi ilə dəyişdirilmiş və həmin vaxt evdə olan şəxslərə bu barədə bildirilmişdir. Bundan sonra ona yeni smart kart verilmiş və qazın verilişi bərpa olunmuşdur. Qeyd etmək istəyir ki, sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. 17 noyabr 2023-cü il tarixində qaz bitdiyi üçün tərəfindən smart kartda pul yükləmək istəyərkən məlum olmuşdur ki, X2 tərəfindən 30 aprel 2023-cü il tarixində onun iştirakı və xəbəri olmadan 2022-ci ilin noyabr ayında yaşadığı ünvandan götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün 3110 manat borc yazılıb. Guya onun özü də, həmin aktı imzalamaqdan imtina etdiyini bildirilmişdir. Sayğaca müdaxilə olunmasına əsas kimi - sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə tərtib etdiyi akt olmuşdur. Qeyd etmək istəyir ki, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o harasa dəvət olunmamışdır. 3110 manat pul borcu qanunsuz və əsassız olaraq yazılmışdır. Bir daha bildirmək istəyir ki, sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan "Sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması" barədə tərtib edilmiş akta əsasən müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış olan 3110 manatın X2 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Hətta sayğac dəyişdirildikdən sonra da, yenə eyni məbləğdə ödənişlər edir. Sayğaca müdaxilə edəcək qədər həmin qurğudan anlayışlı deyil. 7 aydan sonra kənddən qayıdanda məlum olmuşdur ki, ödənişlərindən silinmə olur. Cavabdeh tərəflə əlaqə saxladıqda ona borc məbləğinin olması barədə məlumat verilmişdir. Evindan sayğac çıxarılan zaman plombu üstündə olmuşdur. Əgər hər hansı müdaxilə olsaydı plomb qırılmalı idi. Lakin belə bir hal olmamışdır. Dövlət rüsumu ilə bağlı isə iddia ərizəsində texniki yalnışlığa yol verilmişdir.
4. Əvvəlki məhkəmə iclasında isə iddiaçı bildirmişdir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Fərzəliyev küçəsi, döngə 3, 17 saylı ev onun mülkiyyətindədir. O təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişlər etmişdir. Təxminən 2022-ci ilin noyabr ayında Cavabdeh İB-nin əməkdaşı ünvanına gələrək sayğacın dəyişdirilməsinin zəruriliyini bildirərək, sayğacı dəyişdirmişdir. Sayğacın dəyişdirilməsi barədə AKT-da sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparmamışlar. O AKT oxuduqdan sonra imzalamışdır. Lakin laboratoriya yoxlamasından sonra müəyyən etmişlər ki, guya sayğacın plastmas borusu deşilmişdir. Onun tərəfindən sayğaca heç vaxt müdaxilə edilməmişdir. Azəriqazın əməkdaşları 3-4 ildən bir onun qonşularının da sayğacını dəyişdirib borc yazırlar. O, yay aylarında həmin evdə yaşamır. Evdə kombidən, kalonkadan və dörd göz qaz piltəsindən istifadə edir. Evdə o və yoldaşı yaşamaqla aylıq 150-200 manat arası ödənişlər edir. Sayğac dəyişdirilənədək hər hansı nasazlıq olmamışdır. Həm əvvəlki, həm də yeni quraşdırılan sayğac smart tiplidir. Sayğac çöldə yerləşir və qutunun içərisindədir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir.
6. Lakin iddiaya etirazını məhkəmə təqdim edərək, aşağıdakı kimi əsaslandırmışdır: İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********10000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1202AQ**********4 sayğac çıxarılaraq yoxlanılması üçün "Azəriqaz” İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, "Qaz sayğacının yoxlanılması barədə" MSK- 29/1710-04505-1 saylı Akta əsasən "sayğacın çıxış plastmas borusu deşikdir, qaz itkisi, müdaxilə" barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı "Təbii X3nın pozulması haqqında" Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnəməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 25920 m³ təşkil etmişdir. Hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyan 2023-cü ilin sentyabr ayından abonentin koduna yerləşdirilmişdir Məhkəmənin nəzərinə çatdırılır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "X3"nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirilir ki, **********10000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları:
7. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilməsi və alqısatqısı ilə bağlı Cavabdeh ilə İddiaçı arasında müqavilə (abonent kodu: **********10000) münasibətləri vardır.
8. 17.11.2022-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akta əsasən İddiaçı məxsus İtron G4 markalı, 1202AQ**********4 saylı sayğac, N.D. yoxlaması üçün çıxarılmış, Zenner G4 markalı **********381 saylı sayğac quraşdırılmışdır.
9. Çıxarılan sayğac X1 Metrologiya Departamentində 20 aprel 2023-cü il tarixdə yoxlamadan keçmişdir. Yoxlamanın nəticəsinə görə MSK-29/1710-04505-1 nömrəli akt tərtib edilmiş və müəyyən edilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissəsi korroziyaya uğrayıb. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda - 100 % nisbi xətayla işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Qüsura görə nəticə qaz itkisi müdaxilə kimi qeyd edilmişdir.
10. Laboratoriya yoxlamasından sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh İB tərəfindən ******* nömrəli AKT tərtib edilmiş və MSK-29/1710-04505-1 nömrəli akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələri korroziyaya uğradığı, çıxış plastmas borusunun deşildiyi qeyd edilmişdir. Bundan sonra eyni tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və qaz sayğacının maksimal qaz sərfi 6 kub.m, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın dəyəri kimi 25920 kub.m vurulmuş zərər hesablanmışdır. 2023-cü ilin may ayında abonentin hesabına akta görə 3110.4 manat borc yazılmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
11. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh tərəfindən istehlakçıya qaz sayğacına müdaxilə etdiyi əsası ilə borc hesablanmışdır. Lakin iddiaçı hüquqa zidd əməl törətmədiyini və hesablanmış borcun əsassız olduğunu bildirir.
12. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
13. 13-cü maddəsinin 8-ci bəndində əsasən bu Qanunun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
14. Həmin maddənin 8-1-ci bəndinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.
15. 9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X3nın təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarının(xx.xx.2023-cü il tarixədək olan dəyişikliyə əsasən) 6.5-ci bəndində qeyd edilmişdir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Göründüyü kimi mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir.
23. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.
24. Məhkəmə göstərilən normaları və işin müəyyən edilmiş faktiki hallarını dəyərləndirərək o qənaətə gəlir ki, Cavabdeh tərəfindən abonentə hesablanmış 3110 manat məbləğində borc əsassızdır və silinməlidir.
25. Belə ki, birincisi sayğacın çıxarıldıqdan 5 ay sonra laboratoriya yoxlamasından keçməsi cavabdehin hərəkətlərinin obyektivliyini şübhə altına alır. Belə ki, sayğacın çıxarılmasından sonra onun hansı şəraitdə saxlanması qeyri-müəyyəndir. İkincisi laboratoriya yoxlamasının qaz paylayıcısının tabeçiliyində olan qurumda aparılması özlüyündə onun mötəbərliliyinə şübhə altına alır. Üçüncüsü sayğaca müdaxilə edildiyi iddia edilən abonentin 2022-ci ilin yanvar ayında 180 manat, fevral ayında 100 manat, mart ayında 200 manat, oktyabr ayında 50 manat ödəniş etdiyi müəyyən edilir. Hansı ki, həmin hal abonentin hüquqdan sui-istifadə edərək əsassız olaraq varlandığı təəssüratı yaratmır.
26. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, abonentə hesablanmış 3110 manat məbləğində borc məbləği əsassız olduğundan silinməlidir. Tətbiq edilən prosessual normalar
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
30. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir
31. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda— qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə
32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
33. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır
34. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır
35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:
36. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış 3110 manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********10000) silinməli və istehlakçının ödəməkdən azad olduğu 51,10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 3110(üç min yüz on) manat məbləğində borc İddiaçı abonent hesabından (abonent kodu: **********10000) silinsin. Cavabdehndən 51.1 (əlli bir manat, on qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev