Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1316/2023 03.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “alqısatqı müqavilənin etibarsız sayılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “alqısatqı müqavilənin etibarsız sayılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 ilə aralarında Bakı şəhəri 32 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi belə əsaslandırılmışdır ki, 32 saylı notariat kontorunda Cavabdeh1 ilə aralarında xx.xx.2022-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərində müqavilə predmeti sayılan ünvan 2 ünvanında yerləşən mənzil 128000 manat qarşılığında Cavabdeh1 satılması nəzərdə tutulmuşdu. Qeyd etmək istəyir ki, həmin alqı-satqı müqaviləsinin bağlanmasında onun sərbəst iradə ifadəsi mövcud olmamışdır. Bu səbəbdən də həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin ev onun mülkiyyətinə qaytarılmalıdır. Belə ki, cavabdehlə aralarında uzun müddət borc münasibəti mövcud olmuş, cavabdeh həmin borcun qaytarılması üçün uzun müddət ona hədə qorxu gələrək təzyiq göstərmişdir. Bir daha bildirmək istəyir ki, sözügedən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına cavabdeh tərəfindən edilən təzyiq, hədə-qorxu nəticəsində razılıq vermişdir. Həmin alqı-satqı müqaviləsinin etibarsız olmasını müxtəlif xüsusatlardan anlamaq mümkündür. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzilin qiyməti 128000 manat məbləğində deyil, təxminən 250 000 manat məbləğ civarında olmalı idi. Yəni, qeyd edilən miqdar həmin evin bazar dəyərindən xeyli aşağıdır. Qiymətləndirmə ekspertizası təyin etməklə bunu asan şəkildə müəyyən etmək mümkündür. Göstərilənlərə əsasən qeyd edir ki, cavabdehlə bağladıqları daşınmaz əmlakın alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək məqsədilə bağlanmışdır, heç bir hüquqi nəticəsi olmamışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2(001)-1316/2023 saylı mülki iş üzrə iddia ərizəsində göstərilən əsaslar, tələblər onların tərəfindən qəbul edilmir və hesab edirlər ki, aşağıda göstərədikləri əsaslara görə hazırkı iş üzrə iddia tələbi təmin edilə bilməz. Belə ki, iş üzrə İddiaçı iş üzrə Cavabdeh1Talıb oğluna qarşı Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 3 ünvanda yerləşən mənzilin mülkiyyətinə qaytarılmasını tələb edir. İşin faktiki hallarından göründüyü kimi iş üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzilini Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında 128.000 (bir yüz iyirmi səkkiz min) (əslində 130.000 manat) manata Cavabdeh1 Talib oğluna satmışdır. İş üzrə cavabdeh daimi olaraq Rusiya Federasiyasının Surqut şəhərində yaşayır və il ərzində bir və ya iki dəfə Azərbaycana gəlir. Həmin evi də Bakı şəhərində gələcəkdə yaşaması üçün almışdır. Cavabdeh heç vaxt iddiaçını tanımamış, onunla ünsiyyətdə olmamışdır. Notariat ofisinin sənədlərindən də görünür ki, mənzilin alqı-satqısı qanunvericiliyə uyğun şəffaf aparılmış, müqavilə tərəfləri müqaviləni notariat ofisinin notariusunun şəxsən iştirakı ilə, kamera qarşısında imzalamış və bu imzalanma notariat ofisinin kameraları tərəfindən qeyd olunmaqla şəkilləri çəkilmişdir. Bundan başqa mənzilin dəyəri nəğd şəkildə notariat ofisinin tələbi əsasında Muğanbankda depozit hesaba qoyulmuş və müqavilə imzalandıqdan sonra iddiaçı tərəfindən götürülmüşdür. Bank xidmətləri üçün cavabdeh 256 manat pul ödəmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, guya cavabdehə borcu olmuş və cavabdeh həmin borcu ödəməsi üçün iddiaçıya hədə-qorxu gəlmişdir. Lakin iddiaçı nədənsə qeyd etmir ki, onunla cavabdeh arasında hansı borc münasibəti olmuş, bu borcun yaranma tarixi, səbəbi nədir və nəhayət borc məbləği nə qədər olub. İddia ərizəsindən görünür ki, iddiaçı sadəcə cavabdehə borcunun olmasını və bu əsasla həmin mənzili borcunun əvəzinə cavabdehə satdığını bildirir və hesab edir ki, belə qeyd edəcəyi halda bu mübahisə Mülki Məcəllənin 337-ci maddəsinin təsiri altına düşəcək. Əslində iddiaçı iddia ərizəsində özü də bilmədən istinad etdiyi halları özü tərəfindən təkzib edir. Bir tərəfdən qeyd edir ki, cavabdeh uzun müddət mütəmadi olaraq onu təhdid etmiş, hədə-qorxu gələrək borcunu tələb etmiş, digər tərəfdən qeyd edir ki, həmin mənzilin bazar qiyməti 250.000 manat təşkil edir. İddiaçı əgər mənzili bazar qiymətindən ucuz satmışdırsa onda nədən MM-nin 347-ci maddəsinə istinad etməmişdir? Vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdi imzalamışdırsa bu əsasla da müqavilənin ləğvini mübahisələndirməli idi. İddiaçı hesab edirsə ki, O, cavabdehə olan borcunu hədə-qorxu təsiri altında qalaraq həmin borcu ödəmək üçün bu əqdi imzalamışdır, o zaman cavabdehlə aralarında borcun mövcud olduğuna dair hər hansı sübuta istinad etməli idi. Yuxarıda qeyd etdikləri kimi iddiaçı ilə cavabdeh əvvəllər bir birini tanımamış, heç vaxt bir birini görməmiş, aralarında heç bir rabitə və ya 3-cü şəxslərin vasitəsilə tanışlıq olmamışdır. Qeyd etdiyi kimi cavabdeh çox uzun illərdir ki, Rusiyada yaşayıb işləyir. Əgər həqiqətən iddiaçı cavabdehi müqavilə bağlanmazdan əvvəllər tanımışdırsa, buna dair hər hansı bir sübut təqdim etsin. Cavabdeh hazırkı mənzili Bakıda yaşayan tanışları vasitəsilə alqı-satqı saytlarından tapmış, elə həmin tanışları vasitəsi ilə də iddiaçı ilə danışıqlar aparmış və mənzilə behi də tanışları vermişdir. Cavabdeh iddiaçını yalnız notariat ofisində müqavilə imzalayarkən ilk dəfə görmüşdür. İddiaçının iddiası tamamilə əsassız yalan üzərində formalaşdırılmış, əsl niyyəti isə mənzilin dəyərini artırmaq olmuşdur. Belə ki, iddiaçı mənzili satdıqdan bir neçə gün sonra həmin mənzilin satıldığına dair alqı-satqı saytında elana rast gəlmiş və elanda mənzilin qiymətinin satdığı qiymətdən artıq olduğunu görmüşdür. İddiaçı dərhal cavabdehin dostuna zəng edərək mənzili ucuz satdığını, əgər ona 10.000 (on min) manat ödənilməyəcəyi təqdirdə məhkəmədə iddia qaldıraraq mənzili geri qaytaracağını bildirmişdir, (buna dair votsap yazıları mövcuddur) İddiaçı unudur ki, cavabdeh bu mənzili alqı-satqı saytlarındakı elan vasitəsilə bəyənmişdir və mənzilin elandakı satış qiymətini də iddiaçı özü təyin etmişdir. İddiaçını qəzəbləndirən səbəb həmin mənzilin cavabdeh tərəfindən aldığı qiymətdən daha yuxarı qiymətə satışa çıxarması olmuşdur. İddiaçı unudur ki, özü bu mənzili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında cəmi 50.000 (əlli min) manata əldə etmişdir. İddiaçının məntiqi ilə çıxış etsələr onda gərək mənzili ona satan şəxs X1 da ona qarşı eyni məzmunlu iddia qaldırmış olmalıdır. Bundan başqa iddiaçı unudur ki, mənzili cavabdehə deyil "xxxx"ASC-yə olan ödəmə vaxtı keçmiş 59.936 manat borcuna görə satmışdır. İstinad etdikləri fakt bankla iddiaçı arasında 15 dekabr 2022-ci il tarixli "RAZİLAŞMA" ilə təsdiq olunur. Hələ iddiaçı ilə cavabdeh arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmazdan 1 gün əvvəl "xxxx" ASC xx.xx.2022-ci il tarixli məktubla 32 saylı Notariat kontoruna müraciət edərək həmin mənzilə görə iddiaçının 59.936 manat borcu olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçı cavabdehdən mənzilə görə aldığı pul hesabına banka olan borcunu bağlamışdır. Sadaladıqları işin faktiki hallarına dair sübutlar iddiaçının gerçək niyyətinin cavabdehdən əlavə pul almaq istəyidir. Göründüyü kimi iddia ərizəsində MM-nin 337-ci və 340-cı maddələrinə edilmiş istinadlar əsassızdır. İşin faktiki halları hər hansı əqdi pərdələmək niyyətinin olmasını istisna edir. Hesab edirlər ki, iş üzrə əllərində olan sübutlar əqdin etibarsızlığını mümkünsüz edir. Cavabdeh alqı-satqı zamanı vicdanlı davranmış, mənzil üçün satıcı tərəfindən tələb olunan və razılaşdırılmış qiyməti ödəmişdir. İddia tələbi əsaslı olmalı formal mülahizələrə əsaslanmalı deyil. Ona görə də iş üzrə etirazlarında təqdim edilən sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbdən baş verdiyinə dair sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 işə mahiyyəti üzrə baxılmasını tələb etdiyinə görə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraza uyğun izahat verib, iddia tələbinin əsassız olduğunu bildirərək, onun rədd edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 32 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 14 dekabr 2022-ci il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı “satıcı”, Cavabdeh1 “alıcı” olmaqla bağlanmış müqaviləyə əsasən, İddiaçı tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 5 ünvanında yerləşən mənzili satmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********CX73301 olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 5 ünvanıında yerləşən mənzili yüklüdür. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, satıcı daşınmaz əmlakı 128.000 manat ( yüz iyirmi səkkiz min) qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Həmin Müqavilənin 5-ci bəndinə əsasən, alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləğin 59936 (əlli doqquz min doqquz yüz otuz altı) manat pulu "xxxx" ASC-nin 1843 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən AZ27NABZ******************** nömrəli hesabına, qalan 67180,42 (altmış yeddi min yüz səksən manat 42 qəpik) hissəsini isə Satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. "xxxx" ASC-nin ünvan 6 ünvanladığı xx.xx.2022-ci il tarixli 1843 №-li məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16 mart 2022-ci il tarixli KE/39155/85/3 saylı Kredit sazişində əmələ gələn öhdəliyin icrası məqsədilə, 29 iyun 2021-ci il tarixli 3M-310 reyestr nömrəli İpoteka müqaviləsinə əsasən, Bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 34,132 saylı mənzilin yuxarıda qeyd edilən kredit öhdəliyinin tam icra edilməsi şərti ilə, alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsinə etiraz etmirlər. İddiaçı KE/39155/85/3 saylı kredit sazişi üzrə "xxxx" ASC-yə olan borcu 59936(əlli doqquz min doqquz yüz otuz altı) manat təşkil edir və həmin borc məbləğinin AZ27NABZ******************** nömrəli hesablarına köçürülməsinin təmin edilməsini xahiş etmişlər. 14 dekabr 2022-ci il tarixli 50 № Elanın surətindən görünür ki, Cavabdeh1 alqısatqı üzrə 128.000(yüz iyirmi səkkiz min) manat məbləğində ödəniş etmişdir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15 dekabr 2022-ci il tarixli Razılaşmanın surətindən görünür ki, Bankla Kredit alan İddiaçı onlar arasında bağlanmış 29 iyun 2021-ci il tarixli L026/2021/3 №-li “Kredit limitinin ayrılması haqqında müqavilə” qüvvədən düşmüş hesab edilmişdir. 06 yanvar 2021-ci il tarixli AN-İ seriyalı ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 “satıcı”, İddiaçı “alıcı” olmaqla bağlanmış müqaviləyə əsasən, satıcı X2 tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 5 ünvanında yerləşən mənzili 50.000(əlli min) manata alıcı İddiaçı satmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı mübahisə üzrə isə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Belə ki, iddiaçı tərəf iddia tələbini “cavabdehlə aralarında uzun müddət borc münasibətinin mövcud olması, cavabdehin həmin borcun qaytarılması üçün uzun müddət ona hədə qorxu gələrək təzyiq göstərməsi” ilə əsaslandırmış olsa da, həmin hallarla əlaqədar məhkəməyə mötəbər sübut, yəni cavabdehlə aralarında borc müqaviləsindən irəli gələn münasibətlərinin olmasına dair sübutlar təqdim edilməmişdir. Əksinə iş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanan zaman Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 34 ünvanında yerləşən 132 saylı mənzil iddiaçının kredit borcunun təminatı üzrə "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş və "xxxx" ASC-nin razılığı əsasında həmin mənzil satıldıqdan sonra 59936 manat məbləğində pul vəsaiti "xxxx"ASCnin hesabına ödənilmişdir. Bütün bunlar isə, cavabdehə olan borcuna görə sonuncunun ona hədə qorxu gələrək təzyiq göstərməsi altında alqı-satqı müqaviləsinin bağlandığına dair iddiaçının irəli sürdüyü arqumentlərin də əsassız olduğu mənasına gəlir. Beləliklə, məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsinə səbəb olan qanunda göstərilmiş əsaslar müəyyən edilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqavilənin etibarsız sayılması” barədə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 32 saylı Notariat Ofisinə qarşı “alqısatqı müqavilənin etibarsız sayılması” tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik еdən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-1316/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1316/2023
03.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver