Məhkəmə qərarları › İş №2(001)-1337/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1337/2024

07.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1337/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Zumrud Alıevanın, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi (DYP-nin alt hissəsi), 4-cü məhəllə adlanan ünvanda yerləşən iddiaçıya məxsus evin qaz sayğacına özlərindən yalan bəhanələr uyduraraq qanunsuz akt tərtib edərək qaz sayğacına (abonent kodu: **********00030) 4544,40 manat əsassız borc hesablamışdır. Halbuki, yuxarıda qeyd olunan ünvanda həmin borc yazılan müddətlərdə ümumiyyətlə təbii qazdan istifadə edilməmişdir. Cavabdeh tərtib etdiyi aktda guya iddiaçının sayğacdan kənar xətt aparmağına istinad edir. Aktlar yazılan vaxtlarda iddiaçının heç qaz sayğacı belə olmamışdır. Əvvəllər iddiaçının qaz sayğacı olmadığı üçün həmin evdə yalnız elektrik enerisindən istifadə ediblər. Qanunsuz cərimə borcun yazılmasından xəbər tutan kimi iddiaçı müvafiq orqanlara işimin araşdırılması ilə bağlı yazılı müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-dən bu işin araşdırılması barədə iddiaçıya absurd bir cavab məktubu göndərilmişdir. Cavab məktubunda yazılanlar ağ yalandan başqa bir şey deyil. Ona görə də həmin qanunsuz və əsasız yazılmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, ev ona məxsus olsa da, orada yeni ailə qurmuş qohumu - xalası oğlu X4 yaşayır. Orxan 2023-cü ilin mart ayında qaz xətti çəkilməsi üçün müraciət etmiş, özünü Cavabdeh əməkdaşı kimi təqdim etmiş X6 800 manat ödəyəndən sonra qaz xətti çəkilərək ona abonent kodu verilmişdir, lakin sayğac abonent kodu veriləndən aylar keçdikdən sonra quraşdırılmışdır. Sayğacın quraşdırılmasını və qaz verilməsini xahiş etdikdə cavabdeh tərəf bildirmişdir ki, Prezidentin göstərişi ilə ilkin olaraq şəhid və qazi ailələri qazla təmin edildikdən sonra onlara da sayğa qoyulub qaz veriləcəkdir. Lakin həmin müddətdə elə Azəriqazın əməkdaşları özləri qaz verilərək, borularda sızma və ya başqa xətanın olub-olmamasını rezin boru vasitəsilə yoxlamışlar. Cavabdehin səlahiyyəti var ki, əgər qazdan qanunsuz istifadə varsa ünvana gələn qaz borusunu kəsərək qaynaqla bağlasınlar. Sayğac qoyulana kimi gəlib qanunsuz olaraq akt tərtib edərək cərimə yazmışlar. Onlar tərəfindən sayğaca heç vaxt müdaxilə olunmayıb, qaz sayğacına yazılmış borc məbləği əsassızdır, ümumiyyətlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü məhəllə adlanan ünvanda cərimə yazılan müddətlərdə təbii qazdan istifadə edilməmiş, həmin ünvanda yaşayış olmamış, belə olan halda qaz sayğacına müdaxilə edilməsi onların marağında deyildi. İstehlakçı bir vətəndaş olaraq üzərinə düşən bütün addımları atıb və dəfələrlə tələb edib ki, sayğac qoyulsun. Sayğacın qoyulması yalnız onda gecə ilə təmin edildi ki, cavabdehin əməkdaşlarına məhkəməyə müraciət etdiyini bildirdilər. Sayğac abonent kodu açılandan bir il bir ay müddət keçəndən sonra gətirilib qoyulmuşdur. Halbuki, bu 21 gün ərzində edilməli idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Zumrud Alıeva izahatında məhkəməyə bildirdi ki, iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Sayğac həqiqətən də abonent kodu açılandan uzun müddət sonra qoyulub və bu yaqin ki, ona görə baş verib ki, abonent evdə olmayıb. X5 Cavabdeh əməkdaşı olub-olmaması barədə məlumatı yoxdur. Mübahisəli ünvanda yaşayış olub, qaz xəttindən qeyri-qanuni istifadə edilib, borc hesablanıb və həmin borc abonent tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında məhkəməyə bildirdi ki, Bakı şəhəri, Binəqədi Rayonu, Biləcəri qəsəbəsi 4-cü məhəllə adlanan ünvanda yerləşən ev xalası oğlu İddiaçı məxsus olsa da, həmin ünvanda o ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin mart ayında Cavabdeh İB-nin əməkdaşı X7 ilə danışaraq ünvana xətt çəkilməsinə razılaşmış, Kənan Hüseynovun kartına hissə-hissə 800 manat pul göndərdikdən sonra ünvana qaz xətti çəkilərək abonent kodu verilmiş, lakin sayğac quraşdırılmamışdır. Kənan vədinə əməl etmədiyindən və pulu qaytarmadığından o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, bu barədə araşdırılma aparılmış və ona pulu qaytarılmışdır. Onlar istilik kimi elektrik sobasından istifadə etmiş, qanunsuz olaraq qazdan istifadə etməmişlər. Aktlar yazılan tarixlərdə isə həmin ünvanda ümumiyyətlə yaşayış olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı; xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktlardan və aktlara əlavə edilmiş foto şəkillərdən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən altı ay ərzində demək olar ki, hər ay iddiaçıya məxsus ünvana dair eyni məzmunlu aktlar tərtib edilmiş, aktlara eyni görünüşlü foto şəkillər əlavə edilmiş və hər dəfə sayğacdan kənar xəttin ləğv edilməsi aktlaşdırılmışdır. Cavabdeh tərəfindən hər ay akt yazılan müddətdə hüquq-mühafizə orqanlarına müraciətin olmasına dair hər hansı sübut iş materillarında mövcud deyil. Həmçinin qeyd olunmalıdır ki, yuxarıda sadalanan aktlarda aktlar yazılan vaxt istehlakçının abonent kodu göstərilsə də, istifadəsində ol(malı ol)an qaz sayğacının məlumatları göstərilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Bineqədi rayonu, Biləcəri qəsəbəsi, ev 4-də yaşayan X4 xx.xx.2023-cü il tarixdə 43-cü PB-ye ərizə ilə müraciət edərək Kənan adlı şəxs ona qaşı dələduzluq edərək sayğac qoydurmaq adı ilə ondan ümumilikdə 800 manat almış lakin verdiyi sözə əməl etməyərək sayğac qoşdurmamışır. Həmin şəxslə bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı X7 izahatında bildirmişdir ki, təxminən 6-7 ay bundan qabaq Orxan adlı şəxs yaşadığı evə sayğac quraşdırması üçün ona müraciət etmiş və onunla 800 manat müqabilində razılaşmışdır. Orxan Kənanın kart hesabına 800 manat pulu köçürtmüşdür. Lakin bəzi səbəblərə görə həmin söz verdiyi qaz sayğacını quraşdıra bilməmişdir. Təhqiqat araşdırması zamanı əmlak mülkiyyətçisinə ümumilikdə 800 manat dəyərində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Bineqədi RPl-nin 43-cü PB-nin tehqiqatçısı tərəfindən X2 müraciəti əsasında toplanmış HK-1/2631 saylı material araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPl-nin İstintaq şöbəsinə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5620/2022 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “ ... Tərəflər arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdehin 2 saylı çağrı xidmətinin 4-cü dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli əmrləri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə xitam verilmişdir. Hər iki əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsi göstərilir. ... İddiaçı cavabdehin 30 iyun 2022-ci il tarixli, № SOCAR**********00040020A00166 saylı və 07 iyul 2022-ci il tarixli № SOCAR**********00070020B00176 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrlərinin ləğv edilməsi, onun Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilməsi və xx.xx.2022-ci il tarixindən etibarən boş dayanmasına görə həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsi qanuni qüvvəsini alana qədər hesablanaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir”. Həmin qətnamə ilə Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli, SOCAR**********00040020A00166 saylı və xx.xx.2022-ci il tarixli SOCAR**********00070020B00176 saylı əmrləri ləğv edilmiş və X7 Cavabdeh İB-nin Təmir-Tikinti İdarəsinin 104-Çağrı sahəsinin 2 saylı çağrı xidmətində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilmişdir. X1 məhz Cavabdeh əməkdaşı olması iş materialları ilə öz təsdiqini tapır. İş materiallarında olan abonent kodu **********00030 olan İddiaçı saldosundan görünür ki, abonentin ünvanında xx.xx.2023-cü il tarixdə (*həmin abonent kodu üzrə birinci akt yazılandan 10 ay sonra) Zenner G4T Smart tipli sayğac quraşdırılmış və abonentə “qalıq və aktlar” üzrə 2022-ci ilin sentyabr ayından (*halbuki cavabdehin özünün məhkəməyə təqdim etidiyi aktlardan birincisi xx.xx.2022-ci il tarixə aiddir) 4544,40 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2724-9/2791 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdehnə 1 gün üçün vurulmuş ziyan 5,33 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə müvafiq olaraq, öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsaəsn, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə müvafiq olaraq, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.6-cı bəndinə görə, gaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.5-ci bəndinə müvafiq olaraq, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə yuxarıda sadalanan normaların məzmununu nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, vətəndaş həqiqətən də aktlar yazılan 6 ay ərzində hər ay yenidən qanunsuz qaz xəttini bərpa etdiyi halda Cavabdeh qeyd olunan müddət ərzində nə hüquq mühafizə orqanlarına, nə də ki, məhkəməyə müraciət etməməsi ağlabatan mühakiməyə tabe olmur. Eyni zamanda qaz sayğacının **********00030 abonent kodu üzrə “qalıq və aktlar”a ilk “borcun” yazıldığı tarixdən 13 ay keçdikdən sonra quraşdırılmasının hər hansı qanuni və (ya) məntiqi izahı cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/2724-9/2791 saylı ekspert rəyini əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, İV məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00030) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 4384,50 (*4544,40 – 159,90 ( = 5,33x30)) manat hissəsi silinməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, DYP-nin alt hissəsi, İV məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00030) Cavabdeh tərəfindən hesablanmış borc məbləğinin 4384,50 (dörd min üç yüz səksən dörd manat əlli qəpik) manat hissəsi silinsin İddia ərizəsi qalan hissədə təmin edilməsin. 63,84 (altmış üç manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar