Məhkəmə qərarları › İş №2(001)-1357/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1357/2023

30.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1357/2023 30.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi X2, Ərizəçi qızının, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi qızının (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi qızı (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il təvəllüdlü qardaşı İİ qrup əlil X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. 3 ildən artıqdır ki, xx.xx.1976-cı il təvəllüdlü qardaşı X6 ilə birlikdə yaşayır, ata və anaları vəfat etmişdir. Himayəsində olan xx.xx.1976-cı il təvəllüdlü qardaşı İİ qrup əlil X6 anadangəlmə daun xəstəsidir. Onun daim qulluğa və mütəmadi olaraq müalicəyə ehtiyacı var. O, özünü tam sərbəst idarə edə bilmir. Çünki, ciddi davranış pozuntuları diaqnozundan əziyyət çəkir. Məhz bu səbəbdən onun adından sənədlərin verilməsində, təyin olunmuş dərmanların alınmasında eləcə də, digər işlərin görülməsində çətinlik çəkdiyi üçün onu himayəsinə götürmək məcburiyyətindədir. O, 25 saylı Binəqədi rayonu şəhər poliklinasında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA4574962 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. 4 saylı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 (FİN 32Z2H0V) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ailə başçısını itirməyə görə (ikinci dərəcə əlil kimi) 268,62 (iki yüz altmış səkkiz manat altmış iki qəpik) manat məbləğində əmək pensiyası alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X5 daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik aşkar olunur. X6 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X4 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar