Məhkəmə qərarları › İş №2(001)-1365/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1365/2025

07.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1365/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Abdınbəyov küçəsi, ev 32B sahəsinə baxış keçirmişlər. Qaz sayğacına baxış keçirilən zaman təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Digər bir əsas məqam isə qaz sayğac fərdi yaşayış evi daxilində deyil, evin həyətindən kənardan hasara bərkidilmiş bir formadadır. Həmin akt tərtib edilərkən onun iştirakı olmamışdır. Ancaq aktda qeyd edilmişdir ki, güya o, akta imza etməkdən imtina etmişdir. Bütün bu göstərilənlər qəbul olunmuş bu aktı qanunsuz, əsasız və qeyri-obyektiv olmasına dəlalət edir. Əvvəla sayğacda hər hansı bir maneə olsaydı bu hal açıq surətdə adi gözlə özünü biruzə verərdi. Bunu isə hər ay sayğaca baxış keçirən Cavabdeh İB-nin əməkdaşları bilərdilər. Sayğac tam qaydasındadır, elektron göstərici ilə mexaniki göstərici arasında fərqliliklər yoxdur, yivli birləşmələr normal vəziyyətdədir. Plombun rəngi və vizual görünüşlə müəyyən edilən əlamətlərində hər hansı bir dəyişiklik yoxdur. Sayğacın klapanının işlək olub- olmaması sübut altındadır. Qayka plombu üçün nəzərdə tutulmuş qulacıq yerindədir. Tərəfindən mənşəyi məlum olmayan plombu olardısa bu çox qısa zaman kəsiyi ərizində sayğaca baxış keçirən əməkdaşlar tərəfindən bilinərdi, ən əsas odur ki, sayğaca kənar müdaxilə olunmamışdır. Eyni zamanda qeyri-qanuni şəkildə çəkilən sayğacdan əlavə qaz xətləri aşkar olunmamışdır. Qüsur aktında qeyd edilmişdir ki, sayğacın plomb yuvası zədəlidir. Yivli birləşmələr korroziyaya uğramışdır. Yivli birləşmələrin korroziyaya uğraması onun günahı deyil. Bundan əlavə, klapan sayğac daxilindədir. Ona müdaxilə etmək kimi bir təcrübəsi yoxdur. Cavabdeh İB-nin əməkdaşları elə olur ki, bir ay ərzində iki və daha çox gəlib sayğaca baxış keçirirlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilərək "Azəriqaz" İB tərəfindən qəbul olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 778 manat borcun ona məxsus **********200000 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bununla yanaşı, iddiaşı İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 777.60 manat məbləğində borcun silinməsi və cavabdehə artıq ödənilmiş 405 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2024-cü il üçün 777.60 manat məbləğində borcu vardır və aktın tərtib edildiyi tarixdən, yəni 2024-cü ilin mart ayından başlamaqla həmin ilin dekabr ayı da daxil olmaqla 405 manat (777.60-372.60=405) məbləğində pul vəsaiti həmin ünvana aid borca görə cavabdeh təşkilat tərəfindən tutulmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində (istifadəsində) olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 32B saylı evə baxış keçirilmiş, baxış zamanı sayğacın klapanının işlək olmaması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafının zədəli olması aşkar edilmişdir. Dəymiş zərərin hesablanması ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, cavabdeh tərəf hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********20000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1702AZ**********56 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Laboratoriyalar”ına göndərilmiş, həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 0170 saylı Akta əsasən “sayğacda ALARM-1 rejimi aşkar olunub, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnaməyə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 6480 kub.metr təşkil etmişdir. Hesablanmış 777.60 manat məbləğində dəymiş ziyan 2024cü ilin mart ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi, iddiaçı hüquqazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsinə öz etirazlarını bildirmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətində “sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan sol metrologiya plomb yuvasının ətrafı zədəlidir” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 777.60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 32B saylı evə (abonent kodu: **********20000) dair hesablanmış 777.60 manat məbləğində borc silinməli, əsassız borca görə cavabdeh tərəfindən tutulmuş 405 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə də qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 32B saylı evə aid qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********20000) hesablanmış 777.60 manat borc məbləğini silmək və cavabdeh tərəfindən borca görə iddiaçıdan tutulmuş 405 manat pul vəsaitini iddiaçıya geri qaytarmaq vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar