Məhkəmə qərarları › İş №2(001)-1375/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1375/2022

31.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1375/2022 31.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında **********B0006 abunə kodu üzrə cavabdeh tərəfindən əsassız hesablanmış 154,09 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda quraşdırılmış elektrik sayğacı mərhum anası X1 adına olmuşdur və bu yaxınlarda sənədləşmə ilə bağlı məlum olmuşdur ki, bu ünvan üzrə elektrik enerjisi sərfiyyatına görə 154,09 manat borc vardır. Anası 13 iyun 1983-cü il tarixdə vəfat etmişdir. Bunun aydın araşdırılması ilə bağlı elektrik şəbəkəsinə müraciət etmiş, 17 fevral 2001-ci il tarixdən edilmiş ödənişlərin çıxarışı verilmişdir, çıxarışdan da aydın olur ki, 12 aprel 2006-cı il tarixədək AZM- lə ödənişlər həyata keçirilmişdir və bundan sonrakı müddət ərzində də sərfiyyata uyğun ödənişlər həyata keçirilmişdir, hər hansı bir borc məbləğinin qalığı görünmür. Artıq on ildən çox müddət keçmişdir və bu müddət ərzində ona borc olması barədə hər hansı bir xəbərdarlıq verilməmiş və ondan tələb edilməmişdir. Bu borc tamamilə əsassızdır, belə ki, onlar enerji sərfiyyatı ilə bağlı hər ay ödənişlər etmişdir, bu qədər borcun yaranması mümkünsüzdür və absurddur. Qeyd olunmalıdır ki, heç bir araşdırma aparılmadan borc hesablanmışdır, tərəfindən qeyri-qanuni enerjidən istifadəyə yol verilməmişdir, həmçinin sərfiyyatlara uyğun ödənişlər edilmişdir. Bununla da onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd olunmalıdır ki, bu amil cavabdeh tərəfindən araşdırılmamışdır, belə ki, borcun hansı əsasla yaranması barədə hər-hansı bir sübut yoxdur. Ona görə də cavabdeh tərəfindən hesablanmış əsassız borc məbləği silinməlidir. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş **********B0006 kodunun abunəçisi X2. Cavabdeh ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi baglanmamışdır. Cavabdeh ASC-nin tərəfindən iddiaçının hüququ pozulmamışdır (abunəçi olmadığına görə). İddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi deyil. Qeyd olunanlara iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya etirazı müdafiə etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının mənzili üzrə mövcud olan 154,09 manat məbləğində borc 2015-ci ilədək hesablanmış borcdur. İddiaçı mənzili özgəninkiləşdirmək istədiyi vaxt həmin borc məbləği ödənilməsə bunu edə bilməyəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 29 iyul 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Abunə kodu **********B0006 olan, abunə haqqında sənəddən görünür ki, ünvan 1 ünvanına sayğac oxunmasına görə 99,04 manat, aktlara görə isə 55,05 manat, cəmi 154,09 manat məbləğində borc hesablanmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 13 iyun 1983-cü il tarixdə ölmüşdür. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanına elektrik enerjisindən istifadəyə görə 2015-ci ilədək 154,09 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus mənzildə 2015-ci ilədək istifadə olunmuş elektrin enerjisinə görə hesablanmış borc məbləğinin ödənilməsi ilə əlaqədar cavabdeh tərəfindən beş ildən artıq müddətdə tələb irəli sürülmədiyindən həmin borcun ödənilməsinə dair öhdəliyə mülki qanunvericiliyin tələblərinə əsasən müddətin keçməsi əsası ilə xitam verilmişdir. Hazırda həmin mənzilə görə borcun mövcudluğu iddiaçı tərəfindən mənzilinin özgəninkiləşdirilməsi və s. hərəkətlər həyata keçirilərkən çətinliklər yaradacaq, bununla da iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırılacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda **********B0006 abunə kodu üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış 154,09 (bir yüz əlli dörd manat, doqquz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddianın qiyməti 1000 manatadək olduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda **********B0006 abunə kodu üzrə elektrik enerjisindən istifadəyə görə hesablanmış 154,09 (bir yüz əlli dörd manat, doqquz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar