Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1383/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Vasilievnanın maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı mülki iş üzrə (Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Vasilievnanın maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. Ərizəçi Vasilievna maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1936-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X4 bir sira xəstəlik səbəbindən öz hərəkətlərinin mənasını başa düşmür və kənar şəxsin köməyi olmadan sərbəst yaşaması mümkün deyildir. X1 xalasıdır. X6 Borisonva xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Halhazırda ondan başqa xalasının qayğısına qala biləcək heç bir yaxın qohumu qalmamışdır. X2 maraqlarının və mənafeyinin müdafiə edilməsi üçün mülki hüquqi fəaliyyət qabiliyyətinin əldə edilməsi və həyata keçirilməsi zəruri olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi Vasilievna ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işin materialları:
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X7” X8 ambulator kitabçasından görünür ki, X4 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə “işemik insult, sağ orta beyin arteriya hövzəsində, koqnitiv funksiyaların zəifləməsi” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicə olmuşdur.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 699 saylı rəyindən görünür ki, X3 keçirilmiş işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması müəyyən edilir və X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər.
c) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
7. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir
8. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
9. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.
10. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
11. 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
12. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
15. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
16. 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
18. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
19. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
20. 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
21. Beləliklə X3 keçirilmiş işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilməsi, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması ərizəçinin izahatı, tibb müəssisəsinin arayışı və ekspert rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
22. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosssesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizəçi Vasilievnanın maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1936-cı il il tarixdə Şamaxı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova