Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-139/2025 25.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş üzrə istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində, 1 saylı mədənin 6-cı sahəsində və Şirkətin saziş ərazi hüdudları daxilində lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Cavabdehin inşa etdiyi özbaşına tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X10 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş imzalanmış və xx.xx.2005ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 1 saylı mədənin 6-cı sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060 koordinatlar) daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Şirkətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Nümayəndə eyni zamanda məhkəməyə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq edərək, həmin ərazidə bir neçə şəxsin çıxarışının olduğunu və cavabdehin yaşadığı evin yaxınlığında dövlət tərəfindən inşa edilmiş orta məktəbin fəaliyyət göstərdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin, həmçinin cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X10 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neftqaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("xxxx") ilə X10 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır. Həmin Qanunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. İş materiallarında olan Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, nümayəndə cavabdehə qarşı irəli sürülmüş iddia tələbinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün təmin edilməməlidir. O, bildirmişdir ki, İ qrup əlil Cavabdeh mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 21 dekabr 1990-cı il tarixli 26 saylı sərəncamı ilə mənzil növbəsinə dayanmışdır. Sonradan Binəqədi rayon İcra Hakimiyyəti başçısının 11 may 2000-ci il tarixli 550 saylı sərəncamı əsasında onun mənzil növbəsindən çıxarılmaq şərti ilə ona fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə uyğun 600 kv.metr torpaq sahəsi ayrılmış və torpaq sahəsində inşaat işlərinin aparılmasına icazə verilmişdir. Bundan sonra o, həmin ərazini daş harasa almış və orada fərdi yaşayış evi inşa etmişdir. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi vətəndaş İ qrup əlil Cavabdeh Əbul oğlunun faktiki istifadəsində olan torpaq sahəsi mövcud torpaq qanunvericiliyinin tələbinə uyğun Binəqədi rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında verilmişdir və o, istifadə etdiyi torpaq sahəsini zəbt etməmişdir. Torpaq sahəsində inşa edilmiş tikili hər hansı qeyri-yaşayış sahəsi deyil, sərəncamla ayrılmış və təyinatına uyğun inşa edilmiş fərdi yaşayış evidir. İddia ərizəsindən də görünür ki, 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırmaki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X10 Bi.Vi. və ARDNŞ-ın Ortaq Şirkəti arasında Saziş imzalanmış və 29 aprel 2005-ci il tarixdə torpaq sahəsi cavabdehə ayrılarkən Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır, yəni həmin qanun cavabdehə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasından beş il sonra qəbul edilmişdir. Hətta cavabdehin yaşadığı evin yaxınlığında dövlət tərəfindən inşa edilmiş orta məktəb də fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində cavabdehə qarşı irəli sürülmüş iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 550 nömrəli, 11 may 2000-ci il tarixli sərəncamdan görünür ki, İ qrup əlil M.Ə.Ramazanova fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə əsasən 600.0 kv.m torpaq sahəsinin ayrılması və inşaat işlərinin aparılmasına icazə verilməsi, torpaq sahəsi ayrıldıqdan sonra vət. M.Ə.Ramzanovun mənzil növbəsindən çıxarılması, rayon memarı tərəfindən sahənin naturada nişanlanmasının həyata keçirilməsi və layihələşdirmə üçün tapşırıq verilməsi, vət. M.Ə.Ramazanova torpaq sahəsindən istifadə hüququna dair bir ay müddətində MKTB ilə notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanması, müqavilə bağlandıqdan sonra vət. M.Ə.Ramazanovun üzərinə kommunal xətlərinin qorunması, sahənin və ətraf ərazinin abadlaşdırma öhdəliyinin qoyulması, vət. M.Ə.Ramazanovun üzərinə müqavilə bağlandığı gündən etibarən bir aydan gec olmayaraq tikintiyə başlamaq və iki il ərzində başa çatdırmaq öhdəliyinin qoyulması barədə sərəncam verilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs qismində Cavabdeh cəlb edilməklə “cavabdehin Cavabdeh torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” barədə iddia ərizəsi üzrə iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-2887/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs qismində Cavabdeh cəlb edilməklə) “cavabdehin Cavabdeh torpaq sahəsinin ayrılmasına dair 550 saylı, 11 may 2000-ci il tarixli sərəncamının qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən hüquqi qüvvəsini itirdiyi üçün etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5812/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadından üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 30/2-5996/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 610.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla dörd tərəfdən mişar daş hasarla sərhədlənib (ara sərhədləri mişar daş hasarla sərhədlənib). Sahə üzərində tikintialtı sahəsi 96.0 kv.m olan yaşayış evi inşa olunub (yarımzirzəmili/1 mərtəbəli +mansardlı). Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi Oil) olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin üzərində mövcud olan tikilinin dövlət qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. “Google Earth” təsvirinə əsasən tikili 2013cü il təsvirində müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli 10/1862 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-5996/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi təxmini 610.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla dörd tərəfdən mişar daş hasarla sərhədlənib (ara sərhədləri mişar daş hasarla sərhədlənib). Sahə üzərində tikintialtı sahəsi 96 m2 olan yaşayış evi inşa olunub (yarımzirzəmili, 1 mərtəbəli, mansardlı). Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1. 395303.0844 4475367.0676;
2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi Oil) olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin üzərində mövcud olan tikilinin dövlət qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. “Google Earth” təsvirinə əsasən tikili 2013cü il təsvirində müşahidə olunur. Faktiki olaraq göstərilən torpaq sahəsinin daxilində mövcud olan yaşayış evinin (yarımzirzəmili, 1 mərtəbəli, mansardlı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin tikinti normalarına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 51a/151a saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarından görünür ki, X2 Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 51a/151a bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarından cavabeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1875/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1548/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs İddiaçı Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Mülki Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. Bununla yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir. “X5rşı” məhkəmə işində (həmin şikayətin verilməsinə əsas - 1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı özbaşına tikililər sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub) Avropa Məhkəməsi şikayətçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirərək, qeyd etmişdir ki, “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb". X9 Məhkəməsi bir daha xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır (bax: Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, “1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır”. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı şirkətinə Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsünün aparması üçün 2004-cü il tarixli sazişlə istifadəsinə torpaq sahəsi ayrılmışdır. Həmin saziş ərazisində fəaliyyət göstərən və ya göstərməyən neft quyuları vardır. 1 saylı mədənin 6-cı sahəsində və şirkətin saziş ərazisi hüdudları (1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060 koordinatlar) daxilində cavabdehin faktiki sahiblik etdiyi fərdi yaşayış evi (yarımzirzəmili/1 mərtəbəli +mansardlı) yerləşir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 550 nömrəli, 11 may 2000-ci il tarixli sərəncamdan görünür ki, İ qrup əlil M.Ə.Ramazanova fərdi yaşayış evinin tikintisi üçün Sulutəpə qəsəbəsi ərazisindən təsdiq olunmuş cizgiyə əsasən 600.0 kv.m torpaq sahəsinin ayrılması və inşaat işlərinin aparılmasına icazə verilməsi, torpaq sahəsi ayrıldıqdan sonra vət. M.Ə.Ramazanovun mənzil növbəsindən çıxarılması, rayon memarı tərəfindən sahənin naturada nişanlanmasının həyata keçirilməsi və layihələşdirmə üçün tapşırıq verilməsi, vət. M.Ə.Ramazanova torpaq sahəsindən istifadə hüququna dair bir ay müddətində MKTB ilə notarial qaydada təsdiq edilmiş müqavilənin bağlanması, müqavilə bağlandıqdan sonra vət. M.Ə.Ramazanovun üzərinə kommunal xətlərinin qorunması, sahənin və ətraf ərazinin abadlaşdırma öhdəliyinin qoyulması, vət. M.Ə.Ramazanovun üzərinə müqavilə bağlandığı gündən etibarən bir aydan gec olmayaraq tikintiyə başlamaq və iki il ərzində başa çatdırmaq öhdəliyinin qoyulması barədə sərəncam verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli 10/1862 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-5996/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi təxmini 610.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla dörd tərəfdən mişar daş hasarla sərhədlənib (ara sərhədləri mişar daş hasarla sərhədlənib). Sahə üzərində tikintialtı sahəsi 96 m2 olan yaşayış evi inşa olunub (yarımzirzəmili, 1 mərtəbəli, mansardlı). Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: 1. 395303.0844 4475367.0676; 2. 395277.9327 4475369.9091; 3. 395279.8770 4475391.8230; 4. 395308.2132 4475390.2060. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi (Binəqədi Oil) olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin üzərində mövcud olan tikilinin dövlət qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. “Google Earth” təsvirinə əsasən tikili 2013-cü il təsvirində müşahidə olunur. Faktiki olaraq göstərilən torpaq sahəsinin daxilində mövcud olan yaşayış evinin (yarımzirzəmili, 1 mərtəbəli, mansardlı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin tikinti normalarına və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh istifadəsində olan torpaq sahəsini və həmin sahədə tikinti aparmaq hüququnu Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 550 nömrəli, 11 may 2000-ci il tarixli sərəncama əsasən əldə etmişdir və ən əsası torpaq sahəsi ayrıldıqdan sonra vət. M.Ə.Ramazanovun mənzil növbəsindən çıxarılması həmin sərəncamda öz əksini tapmışdır. Bu aspektdən yanaşdıqda həmin fərdi yaşayış evinin özbaşına tikili olması müəyyən edilmir, əksinə torpaq sahəsi üzərində cavabdehin sahibliyi qanuni hesab edilməlidir. Həmçinin müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən cavabdehə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş, cavabdeh özünün mənzil şəraitini həll etmiş hesab edərək, uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, cavabdeh M.Mehmanzadə tərəfindən ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsinin özbaşına zəbt edilməsi təsdiq edilmədiyindən, iddiaçının sökülməsini xahiş etdiyi mübahisələndirilən tikili özbaşına tikili hesab edilmədiyindən, cavabdeh tərəfin həmin torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə gözlənti hüququ olduğundan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçı tərəfin cavabdehin adına verilmiş sərəncamın etibarsız hesab edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadına istinad etməsinə münasibətdə belə qənaətə gəlir ki, sözügedən sərəncam etibarsız hesab edilmədiyindən həmin qərardada istinad edilməsi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin mədən sahəsində və şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait İddiaçı Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov