Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1390/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Cavabdeh tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev ünvandakı (abonent kodu **********13400) sayğacla bağlı 1624,65 manat borc hesablanmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev ünvandakı (abonent kodu **********13400) sayğacla bağlı əsassız hesablanmış 1624,65 manat borc məbləğin hesab kodundan (kod: **********13400) silinməsi, Cavabdeh İB tərəfindən onlara vurulmuş 480 manat maddi ziyan (2021-ci ilin sentyabrında onların mülkləri sayılan iki ədəd smart tipli sayğacın qiyməti) və onlara şər ataraq şərəf və ləyaqətlərini təhqir etdikləri üçün 5000 manat təzminat ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev ünvandakı (abonent kodu **********13400) sayğacla bağlı 1624,65 manat borc hesablanmışdır. İB işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Haqqında akt tərtib edilmiş sayğac, hələ 2021-ci ilin sentyabr ayında İB “qoçuları” tərəfindən onlara xəbər vermədən oğurluq olaraq onların smart tipli iki sayğaclarını oğurlayaraq yerinə quraşdırılmış sayğaclardan biridir. Bu barədə İB direktoruna müraciət etmişlər. Sayğac onların mülkiyyəti hesab edilir və onlardan xəbərsiz götürülməsi oğurluq sayılır. Yeni quraşdırılmış sayğaclar isə həmin oğru dəstə tərəfindən quraşdırılarkən yenə də istehlakçı hüquqları da pozulmuş, bu sayğacların onlar tərəfindən qəbul edilməsinə dair heç bir sənəd yoxdur. Müraciətlərindən sonra yalnız sayğaclardan biri smart tipli sayğacla dəyişdirilmiş və akt tərtib olunmuşdur. Lakin köhnə sayğacın yoxlanılması onların iştirakı olmadan həyata keçirilmiş və borc hesablanmışdır. Sayğaca heç bir müdaxilə olunmayıb, sayğacda heç bir qüsur olmayıb. Cavabdeh iddia tələbinə yazılı etiraz ünvanlayaraq, göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********13400 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********0 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İBnin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. əmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə Akta”a əsasən “sayğacın hesablama mexanizminin plasmas qapağının üzərinə vurulan zavod qurğuşun plombu kəsici alətlə kəsilərək yapışqan maddə ilə yapışdırılıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 12960 kv.m təşkil etmişdir. Hesablanmış 1555,2 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağı ola bilməz. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alğı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndi (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildirilir ki, **********01490 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. İddiaçının sayğaca müdaxilə etməsi cavabdehin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesalanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yanlış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin cavabdehin nümayəndəsinin yazılı etirazına cavab olaraq məhkəməyə yazılı etiraz təqdim edərək, ünvanlayaraq bildirmişdir ki, bu etirazın əsassız və qanuna zidd olmasını, cavabdeh tərəfindən yenidən onların ünvanlarına böhtanlar yağdırmasını, onun imza atdığı etiraz ərizəsi vasitəsi ilə sübuta yetirmək istəyir. Cavabdeh görünür ki, altından imza atdığı sənədin böhtanla dolu olmasının fərqində deyildir. Cavabdeh, etirazında qeyd edir ki, sayğac çıxarılaraq yoxlanması üçün laboratoriyaya göndərilmişdir. Bu isə cavabdehin şər-böhtan yazmaqla məşğul olmasına sübutdur. Çünki sayğacın yenisi ilə əvəz olunmasını və onların iştirakı ilə onun düzgün işləmədiyini sübut etmək istəklərini, bu səbəbdən də onlara dəyən ziyanın ödənilməsini və sayğacların qanunsuz və oğurluq yolu ilə sökülərək dəyişdirildiyini Cavabdeh İB-nin prezidentinə xx.xx.2023-cü il tarixində WhatsApp ilə bildirmişdilər. Bunun sübutu kimi iddia ərizəsinə müvafiq sənədlər əlavə etmişlər. Lakin cavabdehin etirazından belə görünür ki, səlahiyyətli şəxsin bu sənədlərdən xəbəri yoxdur və bu səbəbdən də onlara böhtan atmalarını davam etdirir. Cavabdeh sənədlərlə tanış olsa idi, o bilərdi ki, onlar, mülkiyyətləri olan smart sayğacların qanunsuz və xəbərsiz sökülərək, əvəzində adi sayğacların (bu sayğaclar isə göstəriciləri iki dəfə çox yazırdı) quraşdırılmasına etiraz edərək, yeni smart sayğacların quraşdırılmısını Azəriqaz İB-nin rəhbərliyindən tələb etdikdən sonra, akt yazılan sayğac, yeni sayğacın quraşdırılması üçün sökülmüşdür. Yoxlamanın aparılmasını isə Azəriqazın prezidentinə müraciətlərində tələb etmişdilər. Bu cavabdeh tərəfindən Etiraz ərizəsi vasitəsi ilə onlara atdığı böhtan-şərin birinci sübutu. Cavabdeh tərəf etiraz ərizəsində qeyd edir ki: “Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmamasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz”. Cavabdehin bu iddiası da əsassızdır. Belə ki, məhkəməyə onların təqdim etdikləri, bilərəkdən sayğacların qutularını məhv etməklə özlərinin növbəti cinayətlərinə zəmin yaratmaları, cavabdehin başqasının əmlakı (pulu) ilə varlanmasına yol açır. Sayğacların həqiqi göstəricidən iki və daha çox yazması, cavabdehin varlanmaq marağından xəbər verir. Kiminləsə bazarlaşaraq, varlanmaq və s. Bu etirazda öz əksini tapan böhtana ikinci sübut. Cavabdeh etiraz ərizəsində bildirir ki, ziyanın ödənilməsi “....iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır..” Cavabdehin bu istinadı da onun iddia ərizəsindən xəbərdar olmamasını, imzaladığı sənədin cavabdehlik daşımasmı ya anlamır, ya da anlamaq istəmir. Belə ki, onlar məhkəməyə təqdim etdikləri bütün sənədlərdə göstərmişlər ki, sözü gedən sayğacın quraşdırılması və onun qəbulu, onların iştirakı olmadan qanunsuz olaraq həyata keçirilmişdir. Onlarda belə bir müqavilə olmayıb və yoxdur. Belə olan halda hansı müqavilədən söhbət gedə bilər? Müqavilə varsa, cavabdeh onu gətirərək hər şeyi aydınlaşdırsın. Onda məlum olar ki, kim kimə böhtan atır. Bu da bizə atılan böhtana üçüncü sübut. Onlara yazılmış qanunsuz cərimə, Azəriqazınm laboratoriya “yoxlamalarına” əsaslanır. Aktında qeyd olunur ki, “...sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombunun üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var.” Qeyd etmək yerinə düşər ki, bu iddianın böhtan olduğunu, həmin sayğac sökülərkən çəkdiyimiz foto şəkillə sübut kimi məhkəməyə təqdim etmişlər. Aktda göstərilən bu şər-böhtanı cavabdehin səlahiyyətli nümayəndəsi biraz da şiddətləndirərək, etiraz ərizəsində yazır “...sayğacın hesablama mexanizminin plasmas qapağının üzərinə vurulan zavod qurğuşun plombu kəsici alətlə kəsilərək yapışqan maddə ilə yapışdırılıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir.” Bu, cavabdehin nümayəndəsi tərəfindən bizə atılan dördüncü şər-böhtanın sübutudur. Bu ifadələrin müqayisəsindən belə qənaətə gəlmək olar ki, Etiraza imza atan səlahiyyətli nümayəndə ya bu sahədən xəbəri olmayan birisidir, ya da şər atmaqda özünü ağıllı və əvəzedilməz hesab edən, hər kəsi aldada biləcəyi fikrində olan eqoist şəxsdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Cavabdehin əməkdaşları və iddiaçının iştirakı ilə tərtib edilmiş 11 aprel 2023-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, iddiaçıya məxsus mənzildən sayğac çıxarılmışdır. - Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya **********13400 abonent kodu verilmiş, iddiaçıya məxsus mənzildə təbii qazla işləyən cihazlar kimi 4 gözlü qaz plitəsi və qənaətli su qızdırıcısı göstərilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” 27 aprel 2023-cü il tarixli, MSK-14-2-2/3-5-4349-1 nömrəli aktdan görünür ki, iddiaçının evindən götürülmüş sayğaca baxış keçirilmiş, xx.xx.2023-cü il tarixə elektron göstərici 2243 kubmetr olmuşdur. Sayğacın qoruyucu qapağına vurulan zavod qurğuşun plomblarının kəsildiyi, istismara yararsız olduğu göstərilmişdir. Həmin akt əsasında cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş, dəymiş ziyanın hesablanmalı olduğu göstərilmişdir. - “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, iddiaçının evi ilə bağlı qaz sayğacının nominal qaz sərfi 6 kub-metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın miqdarı 12960 kubmetr müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, 2023-cü ilin yanvar ayına qalıq və aktlar üzrə iddiaçıya 12960 kub-metr qazın sərfiyatına görə ziyan hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları» 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddiaya etirazı nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Təqdim edilmiş iddia tələbi aşağıdakı 3 hissədən ibarərtdir: - Cavabdeh tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev ünvandakı (abonent kodu **********13400) sayğacla bağlı 1624,65 manat borcun silinməsi; - Cavabdeh İB tərəfindən vurulmuş 480 manat maddi ziyanın tutulması; - 5000 manat mənəvi ziyanın tutulması. İddianın 1624,65 manat borcun silinməsi hissəsinə dair məhkəmə ilk növbədə qeyd edir ki, bu məbləğin iddiaçı tərəfindən hansı mənbəydən müəyyən etdiyi məlum deyil. Belə ki, ******* saylı akta əsasən iddiaçıya “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, iddiaçının evi ilə bağlı qaz sayğacının nominal qaz sərfi 6 kub-metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın miqdarı 12960 kub-metr müəyyən edilmişdir.Cavabdeh ziyanın məbləğini 1555,2 manat məbləğində dəyərləndirmişdir. Odur ki, məhkəmə həmin məbləğ üzrə araşdırma apararaq hesab edir ki, tələbin bu hissəsi əsaslıdır. İlk növbədə qeyd olunmalıdır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan sayğaca müdaxilə yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Lakin hər hansı səbəbdən istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması və ya istehlakçının pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi da istisna deyil. Belə olan halda, yalnız akta əsaslanan rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır. Bu səbəbdən cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, rəsmiləşdirmə zamanı digər sübutların əldə edilməsi (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması və sair) üçün tədbirlər görməlidir. Hazırki halda müəyyən edilir ki, iddiaçıya borcun hesanlanmasına əsas olan xx.xx.2023-cü il tarixli akt məhz cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” akt əsasında tərtib edilmişdir. Sayğacda aşkar edilən müdaxilə olmuşdur ki, bu, vizual görülə bilən müdaxilə olmadığından xx.xx.2023-cü il tarixdə həmin sayğac iddiaçının evindən götürülərkən tərtib edilmiş aktda bu barədə qeyd aparılmamışdır. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayayraq qeyd edir ki, cavabdehin özünün tabeçiliyində olan labaratoriyasında aparılan yoxlama nəticəsində qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plombanın üzərində və yuvasında əzik-cızıq izlərinin məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsini aktlardan başqa heç bir mötəbər sübutla təsdiq olunmur. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Hazırkı halda isə qaz sayğacına iddiaçı tərəfindən hər hansı müdaxilənin edilməsi sübut olunmur. Odur ki, Cavabdeh tərəfindən tərtib etdikləri xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev ünvandakı (abonent kodu **********13400) sayğacla bağlı hesablanmış 1555,2 manat borc əsassız olduğundan silinməidir. Cavabdeh İB tərəfindən vurulmuş 480 manat maddi ziyanın tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə görə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İddiaçı 480 manat maddi zərərin vurulmasını maddi hüquq normaları ilə əsaslandırmamaqla yanaşı, bu zərərin nədən qaynaqlandığını, cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsinə əmələ gəldiyinidə əsaslandıra bilməmişdir. Odur ki, qeyd olunan tələbi məhkəmə əsassız sayır. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulduğunu, zərərin əvəzinin 5000 manat təşkil etdiyini göstərsə də, mənəvi zərərin konkret nədən ibarət olmasını, habelə, zərərin miqdarının 5000 manat olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tutulması hissəsində də rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1555,2 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 1 küçəsi, döngə 19, 45 saylı ev üzrə (abonent kodu: **********13400) hesablanmış 1555,2 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev