Məhkəmə qərarları › İş №2(001)-140/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-140/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-140/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3997 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli MAS-3997 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 2401,21 manat əsas, 1106,78 manat mükafat və həmin günə hesablanmış 810,46 manat dəbbə pulu, 5065 manat dəymiş zərər olmaqla, ümumilikdə 9383,45 manat borc və ödənilmiş 114,24 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3997 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı “Khazar SD” minik markalı, 9-PZ-083 dövlət qeydiyyat nişanlı avtomobil 16.800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh illik 23% hesablanmaqla 24 ay müddətinə hər ay sabit məbləğ olmaqla 701,80 manat, ümumilikdə 20243 manat məbləğində pulu iddiaçının xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən avtomobil xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, avtomobilə 5065 manat dəyərində ziyan dəymişdir. Cavabdehin lizinq şirkətinə sonuncu ödənişi xx.xx.2021-ci il tarixdə 705 manat məbləğində olmuşdur. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdehin lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 2401,21 manat gecikdirilmiş əsas, 1106,78 manat gecikdirilmiş mükafat və 810,46 manat dəbbə pulu olmaqla, ümumilikdə 4318,45 manat gecikmə borcu yaranmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı MMC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, İddiaçı MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3997 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli MAS- 3997 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 2401,21 manat əsas, 1106,78 manat mükafat və həmin günə hesablanmış 810,46 manat dəbbə pulu, 5065 manat lizinq obyekti olan avtomobilə dəymiş zərər olmaqla, ümumilikdə 9383,45 manat borc və ödənilmiş 114,24 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Nəcəfli iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq (pretenziya) məktublarından görünür ki, Cavabdeh borcun ödənilməsi və müqavilənin birtərəfli ləğv edilməsi ilə bağlı məlumat göndərilərək borcun dərhal ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - “X8” MMC-nin qüsur aktından gürünür ki, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 5065 manat məbləğindədir. - Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta əsasən, İddiaçı MMC-yə məxsus olan “Xəzər” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə duracağa yerləşdirilmiş və həmin anda avtomobilin qabaq hissəsi tam əzik, sol arxa və sağ arxa qanadlar (krılo) əzik, təkərlər dəyişdirilmiş vəziyyətdə olmuşdur. - “Azərmaş MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3997 nömrəli “Daxili lizinq” müqaviləsinə və 1 nömrəli Əlavəyə əsasən, “Khazar SD” minik markalı avtomobil illik 23% olmaqla, 24 ay müddətinə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq müqaviləsinin ümumi məbləği 16800 manat təşkil etmiş, sonuncu lizinq müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 701.80 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür (ümumi olaraq 20243 manat). - xx.xx.2021-ci il tarixli təhvil-təslim aktınan görünür ki, satıcı "xxxx" MMC (təhvil verən), qəbul edən İddiaçı MMC (X4) və lizinq alan Cavabdeh “Khazar SD” minik markalı avtomobilin təhvil təslimini aparmış və bunu öz imzaları ilə təsdiq etmişlər. - Maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-3997 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 2401,21 manat əsas, 1106,78 manat mükafat borcu və 810,46 manat cərimə (dəbbə) pulu olmaqla, ümumilikdə 4318,45 manat borcu yaranmışdır. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4769- 8/1712 nömrəli ekspert rəyinə əsasən, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5068 manat təşkil edir. Həmçinin 2021-ci il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 15000 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısmda məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449-cü maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun mövafiq hissəsinin icra edildiyi gün üçün bank faizinin uçot dərəcəsi ilə möəyyənləşdirilir. Borc məhkəmə qaydasmda tutulduqda məhkəmə kreditorun tələbini qərarı çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edilən Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması öçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əasən öhdəlik üçün şəxsə verilə bilər; bunun nəticəsində o, əvəlki borclunu əvəz edir. Həmin məcəllənin 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alanadakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Adı çəkilən Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları müqavilənin ləğvini də tələb etmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – lizinq alan öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, lizinq verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cərimə borcu iddiaçı tərəfindən birtərəfli şəkildə təyin olunmuş məbləğdə deyil, 200 manat məbləğində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin dəymiş zərərlə bağlı hissəsinə münasibətdə AR Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, cavabdehdən 5065 manat məbləğində dəymiş zərər tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli “Daxili lizinq müqaviləsi” ləğv edilməli, Cavabdeh 2401,21 manat əsas, 1106,78 manat mükafat, 200 manat dəbbə pulu, 5065 manat dəymiş zərərin əvəzi olmaqla, cəmi 8772,99 manat borc və ödənilmiş 114,24 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3997 saylı “Daxili lizinq müqaviləsi” ləğv edilsin. Cavabdeh 2401,21 manat əsas, 1106,78 manat mükafat, 200 manat dəbbə pulu, 5065 manat dəymiş zərərin əvəzi olmaqla, cəmi 8772,99 (səkkiz min yeddi yüz yetmiş iki manat doxsan doqquz qəpik) manat borc və ödənilmiş 114,24 (bir yüz on dörd manat iyirmi dörd qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar