Məhkəmə qərarları › İş №2(001)-1403/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1403/2021

22.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1403/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı1 nümayəndəsi və vəkili X2, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı1 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrəmülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin işçiləri tərəfindən tərtib edilmiş 18 may 2020-ci il tarixli, 1147 saylı müqavilənin və 18 may 2020-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yaşayış evinə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 18 may 2020-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 1.323,50 manat məbləğində cərimənin H**********8465 nömrəli abunə hesabından silinməsi və İddiaçı1 ilə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi arasında alqısatqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili X4 iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələblərinin cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 18 may 2020-ci il tarixli, 1147 saylı müqavilənin etibarsız hesab edilməsi, İddiaçı1 ilə cavabdeh “Cavabdeh” İstehsalat Birliyi arasında alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində azaldılmasının nəzərə alınmasını və tələbin qalan hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1403/2021 saylı, 22.04.2021-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “müqavilənin və aktın etibarsız hesab edilməsi, müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili X4 iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, nasazlıq yarandığından qaz sayğacı istifadə olunmuş maye qazın həcmini mənfiyə doğru hesablamışdır. Belə olan halda isə sayğac öz işini davam etdirərək, istifadə olunmuş maye qazın həcmini göstərir, lakin hər hansı məbləğdə borc hesablamır. İstehlakçı da hər hansı məbləğdə ödəniş etmədən maye qazdan istifadə etməyə davam edə bilir. Cavabdehin mütəxəssisləri də bu halı müəyyən etmişlər və sayğacı dəyişən zaman sayğacın göstəricilərinə uyğun istifadə olunmuş, lakin mənfiyə doğru işlədiyindən borc kimi göstərilməmiş məbləğ barədə sayğacın dəyişdirilməsinə dair aktda qeydiyyat aparmışlar. Başqa sözlə, həmin sayğac üzrə hər hansı cərimə məbləği yazılmamış və tələb edilmir, real olaraq yaranmış, lakin ödənilməmiş borc məbləği barədə qeyd aparılmış və həmin məbləğ tələb edilir. Bu səbəbdən də ayrıca akt tərtib edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ev İddiaçı2 istifadəsində və sahibliyindədir. “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin evdə olan G-4 markalı, 1302AZ**********14 nömrəli qaz sayğacına keçirilmiş baxış nəticəsində sayğacda nasazlığın olduğu müəyyən edilmiş və bununla bağlı tərtib edilmiş aktda bu barədə qeyd aparılmaqla sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Eyni zamanda, aparılmış hesablama nəticəsində 13017 m3 həcmdə maye qazın dəyərinin ödənilmədiyi aşkar edilmiş və bu barədə də akt da qeyd aparılmışdır. Bu məbləğ də İddiaçı2 tələb edilir. Həmin sayğac üzərində aparılmış müayinə zamanı sayğacın klapanının açılmadığı, sınaq qurğusunun yoxlanılmasının mümkün olmadığı, sayğacın mənfiyə işləməsi və yivli birləşmələrinin korroziyaya uğraması müəyyən edilmişdir. İddiaçı da sayğacda baş vermiş nasazlıqların aradan qaldırılmasına görə məsuliyyət daşımadığını və əsassız olaraq cərimənin hesablandığını iddia edir və cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin işçiləri tərəfindən tərtib edilmiş 18 may 2020-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsini, cavabdeh tərəfindən hesablanmış 1.323,50 manat pulun silinməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, hesablanmış 1.301,70 manat məbləğində pulun cərimə məbləği olmadığını, real olaraq istifadə edilmiş maye qazın dəyəri olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1ci və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Belə ki, mülki iş materiallarından da göründüyü kimi, ünvan 2 ünvanında yerləşən yaşayış evi İddiaçı2 istifadə və sahibliyindədir. Qazın verilməsi barədə alqı-satqı müqaviləsi də iddiaçı ilə deyil, məhz İddiaçı2 ilə bağlanmışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ da məhz İddiaçı2 aiddir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı1 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar