Məhkəmə qərarları › İş №2(001)-1420/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1420/2024

05.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1420/2024 05.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı(bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-yə(bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış ünvanına dair tərtib edilmiş 09 dekabr 2023-cü il tarixdə AKT NDM 036591 nömrəli aktını qanunsuz hesab etməklə işıqdan istifadəyə görə hesablanmış borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində məcburi köçkün kimi yaşayır. Yaşadığı fərdi yaşayış evinə işıq sayğacı quraşdırılmış və sayğacın göstəricisinə uyğun olaraq işıq pulunu vaxtı vaxtında ödənişlər edirdi. xx.xx.2023-cü il tarixdə AKT NDM 036591 nömrəli əsasında, ona borc yazılmışdır. Sayğacın göstəricisinə uyğun olaraq elektrik enerjisindən istifadə etmişəm. Sonradan ona məlum olmuşdur ki, ona Azərişığın əməkdaşları iştirakı olmadan sayğaca hansısa müdaxilə etmişlər və 971.32 manat cərimə yazılmışdır. Azərişıq ASC-yə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qaydada, işıq sərfiyyatına görə ödənişləri eyni qaydada etdiyini və onun tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirdi. Azərişıq ondan akta görə hesablanmış borcu tələb edir. Onu da qeyd edir ki, əvvəlki qaydada işıq sərfiyyatı ilə sayğacın göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtı-vaxtında ödəmişdir və bu barədə ona heç bir irad bildirilməmişdir. O cümlədən abonent olaraq Azərişıq ASC-dən hər hansısa qanunsuz yolla oğurlamamışdır, sayğacın möhür və plombuna müdaxilə etməmişdir və elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməmişəm. Nəzərinə çatdırmaq istəyir ki, sayğac Binəqədi rayon enerji idarəsi tərəfindən qoyulmuşdur. Qeyd edilən borc həqiqətə uyğun olmayan yəni guya sayğaca müdaxilə nəticəsində və dəyəri ödənilməyən işıq sərfi kimi akt tərtibi ilə öz əksini tapmışdır. Onu da qeyd edir ki, uzun müddətli sayğaca tərəfindən hər hansısa müdaxilə olsa idi işığı mütamadi olaraq yoxlayan nəzarətçi bu qüsurun olduğunu aşkar etmiş olardı. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Sonuncu məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtı-vaxtında ödəyir. Sayğac "xxxx" ASC tərəfindən 30 il əvvəl quraşdırılmışdır. Halbuki, sayğac 5 ildən bir dəyişdirilməlidir. 07 dekabr 2023-cü ildə sayğacdan evə daxil olan kabel çürüdüyündən və küləkli hava olduğu üçün qırılaraq həyətdə turbanın üstünə düşmüşdür. O bu barədə Binəqədi rayon İşıq İdarəsinin İsa Ağayev və Orxan adlı əməkdaşlarına, hətta "xxxx" ASC-nin qaynar xəttinə məlumat vermişdir. Evdə qısaqapanma nəticəsində soyuducu və lampaları yanmışdır. Binəqədi rayon İşıq İdarəsinin ustası olan Orxan adlı şəxs 11 dekabr 2023-cü ildə evə elektrik enerjisinin verilməsini bərpa etdi. Binəqədi rayon İşıq İdarəsinin ustası olan Orxan evə elektrik enerjisinin verilməsini bərpa edən zaman ona sayğacın sxeminin düzgün işləmədiyini, sayğacın səhv quraşdırıldığını və sıfır xəttlə fazanın yerinin səhv qoşulduğunu bildirmişdir. "xxxx" ASC-nin nəzarətçiləri aktı tərtib edərkən ya onu, ya onun qardaşını dəvət etsə idilər hər şey aşkara çıxardı. O və ailəsi 15 gün işıqsız qaldılar. xx.xx.2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən evinə elektrik enerjisinin verilməsinin dayandırılmasını "xxxx" ASC-yə qadağan edilməsinə dair müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etdi və onun evinə elektrik enerjisinin verilməsi bərpa edildi. Hazırda da sayğac eyni vəziyyətdədir. O, qanunsuz qoşulma və sxemə müdaxilə etməmişdir. Bundan başqa o, həyətində sex işlətmir ki, sayğaca qanunsuz qoşulma etsin.

4. Verilən suallara cavab olaraq bildirdi ki, Akt ona xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Qardaşının evini bu ilin yanvar ayında təmir etmişlər, fevral ayında isə xırda işlər görmüşlər. Kabel qırıldan sonra evdə işıq zəif yanırdı, evdə olan işıqlar yanmışdır. Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hər ay elektrik enerjisindən istifadə üçün ona 30 manat pul ödənilir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evini 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşdükdən sonra atam tikmişdir. Fərdi yaşayış evi 2 otaqdan ibarətdir. Hazırda evdə ailəmlə birlikdə yaşayıram. Mən istifadə etdiyim elektrik enerjisinin pulunu vaxtı-vaxtında ödəyirəm. Sayğac "xxxx" ASC tərəfindən 30 il əvvəl quraşdırılmışdır. Təxminən 7 dekabr 2023-cü ildə sayğacdan evə daxil olan kabel çürüdüyündən və küləkli hava olduğu üçün qırılaraq həyətdə turbanın üstünə düşmüşdür. Mən bu barədə Binəqədi rayon İşıq İdarəsinin İsa Ağayev və Orxan adlı əməkdaşlarına, hətta "xxxx" ASC-nin qaynar xəttinə məlumat vermişəm. Hətta Binəqədi rayon İşıq İdarəsinin İsa Ağayev və Orxan adlı əməkdaşlarına videoçəkilişi də telefon vasitəsilə göndərmişəm. Evdə qısaqapanma nəticəsində soyuducum və lampalarım yanmışdır. Binəqədi rayon İşıq İdarəsinin ustası olan Orxan adlı şəxs 11 dekabr 2023-cü ildə evə elektrik enerjisinin verilməsini bərpa etdi. Binəqədi rayon İşıq İdarəsinin ustası olan Orxan evə elektrik enerjisinin verilməsini bərpa edən zaman mənə sayğacın sxeminin düzgün işləmədiyini, sayğacın səhv quraşdırıldığını və sıfır xəttlə fazanın yerinin səhv qoşulduğunu bildirmişdir. Binəqədi rayon İşıq İdarəsinin Orxan adlı əməkdaşı sayğacın düzgün quraşdırılmadığı barədə öz rəisinə məlumat vermiş, rəis isə artıq abonentə yəni mənə akt tərtib olunduğundan işimin məhkəməyə gedəcəyini və bu səbəbdəb sayğacda olan problemin aradan qaldırılmasını Orxana tapşırmışdır. Bütün bu halları Orxan və İsa Ağayev təsdiq edə bilərlər. Bundan başqa bildirmək istəyirəm ki, "xxxx" ASC-nin nəzarətçiləri aktı səhvən tərtib ediblər. Belə ki, mənim həyətimin girişində qardaşıma məxsus sayğac quraşdırılmış, qardaşımın evinin girişində isə mənə məxsus sayğac quraşdırılmışdır. "xxxx" ASC-nin nəzarətçiləri kənardan kabelin qırıldığını görmüşlər, lakin bu zaman qardaşımın evində işığının yanılı olmasından anlaşılmasızlıq nəticəsində akt tərtib etmişlər. Lakin "xxxx" ASC-nin nəzarətçiləri aktı tərtib edərkən ya məni, ya mənim qardaşımı dəvət etsə idilər hər şey aşkara çıxardı. Mən və ailəm 15 gün işıqsız qaldıq. xx.xx.2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən evimə elektrik enerjisinin verilməsinin dayandırılmasını "xxxx" ASC-yə qadağan edilməsinə dair müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etdim və mənim evimə elektrik enerjisinin verilməsi bərpa edildi. Əlavə olaraq bildirmək istəyirəm ki, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hər ay istifadə etdiyimiz elektrik enerjisinin ödənişinə görə 30 manat mənim katıma pul köçürülür. Belə olan halda mənim sayğaca müdaxilə etməyimə ehtiyac yoxdur. Bundan başqa mən evdə ekonom lampalardan istifadə edirəm. Verilən suallara cavab olaraq bildirmişdir ki, ardaşım 2022-ci ildə öz evinə ayrıca sayğac quraşdırdığı üçün mənim 2022-ci ildən sərfiyyatım aşağı düşmüşdür. Ev 2 otaqlı olmaqla 36 kv.metrdir, sayğac çöldə yerləşir, əvvəllər qardaşı ilə onun sayğacı bir idi, elektrik enerjisindən istifadəyə görə aylıq 13-15 manat arası ödənişlər edir, sayğac mexaniki tiplidir,ona borc barədə bildiriş göndərilməyib, lakin nəzarətçi ona yazılmış borc barədə şifahi olaraq məlumat vermişdir, sayğaca heç bir müdaxilə etməmişdir, iddia ərizəsində qeyd etdiyi 971.32 manat cərimənin 16.32 manatı onun debitor borcudur, lakin ərizədə səhv qeyd edilmişdir.

6. Sonuncu məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin nümayəndələri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Sayğaca baxış zamanı abonent tərəfindən sayğacın qoşulma ardıcıllığının pozulduğu və kənar mənbədən sıfır xətti götürülməklə sayğacın sxemdən kənarlaşdırıldığı müəyyən edilmişdir. İddiaçı çox güman ki, gecə saatlarında enerjidən sayğacdan kənar istifadə etmişdir. Eyni zamanda sayğac xarab olmadığı halda sayğacın hər 5 ildən bir dəyişidirilməsi düzgün deyil. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək 124 kv.saat enerjidən istifadə etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, sayğaca baxış zamanı abonent tərəfindən sayğacın qoşulma ardıcıllığının pozulduğu və kənar mənbədən sıfır xətti götürülməklə sayğacın sxemdən kənarlaşdırıldığı müəyyən edilmişdir. Bununla bağlı nəzarətçilər tərəfindən video çəkiliş də aparılmışdır. Nəzarətçilər tərəfindən bu barədə akt tərtib olunmuş, akt Azərişıq ASC-nin komissiya üzvlərinə göndərilmiş və komissiya üzvləri xx.xx.2023-cü il tarixdə istehlakçıya 365 gün ərzində sərfiyyat hesabatı aparmaqla 7996 kvts əlavə sərfiyyat üzrə 955 manat borc hesablamışlar.

8. Məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" ASC-də satışa nəzarət idarəsinin mühəndisi X4 ifadəsində bildirmişdir ki, Reyddə o, Quliyev Seyfəddin və Rzayev Mahir iştirak etmişlər. Onların hər biri ayrı-ayrı küçələrdə reyd aparırdılar. Seyfəddin Quliyev ona zəng vuraraq iddiaçının evində sıfır xəttlə fazanın yerinin dəyişdirilməsi faktını aşkar etdiyin bildirdi. Bununla bağlı Seyfəddin Quliyev tərəfindən video çəkiliş də aparılmışdır. Eyni zamanda onlar tərəfindən bu barədə akt tərtib olunmuş, akt Azərişıq ASC-nin komissiya üzvlərinə göndərilmiş və komissiya üzvləri xx.xx.2023-cü il tarixdə istehlakçıya 365 gün ərzində sərfiyyat hesabatı aparmaqla 7996 kvts əlavə sərfiyyat üzrə 955 manat borc hesablamışlar. Verilən suallara cavab olaraq şahid bildirdi ki, iddiaçını tanımır, kənar mənbədən sıfır xətti götürülməklə sayğacanı sxeminin kənarlaşdırmaq olur, onlar reydi səhərə yaxın təxminən 05:00 radələrində keçirtdikləri üçün iddiaçının iştirakını təmin etməmişlər, Kənar mənbədən sıfır xəttin götürülməsi xüsusi aparat vasitəsilə aşkar edilir, Sıfır xətti qırılıb dəmirin üstünə düşdüyü halda işıq yanmamalıdır, faza xətti isə qırılıb düşdüyü halda gərginlik olmamalıdır, lakin iddiaçının xəttində gərginlik var idi və işıq yanırdı, sıfır xəttlə fazanın yeri sayğacın aşağı hissəsindən və sayğacdan dəyişmək olur, sıfır xəttlə fazanın yerini sayğacdan dəyişmək üçün plombun qırılmasına ehtiyac yoxdur, indiqatorun girdiyi yernən müəyyən etdik ki, sayğacın qoşulma ardıcıllığı pozulmuşdur, Reydləri həftədə 1-2 dəfə keçiririk, hansı xəttdə itkinin çox olduğu müəyyən edilirsə, bizi həmin əraziyə reyd keçirməyə göndərirlər və reyd barədə bizə əvvəlcədən məlumat verilmir, hesabat komissiya tərəfindən aparılır, İsa adlı şəxsi tanımıram, onunla yalnız telefon vasitəsilə danışmışdır, Sayğac ardıcıllığı pozulmadığı halda sıfır xəttin haradan götürülməsindən asılı olmayaraq sayğac normal işləyir.

9. Məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" ASC-də satışa nəzarət idarəsinin mühəndisi X1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il səhər 05:00 radələrində ərazidə reyd keçirən zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Sayğaca baxış zamanı abonent tərəfindən sayğacın qoşulma ardıcıllığının pozulduğu və kənar mənbədən sıfır xətti götürülməklə sayğacın sxemdən kənarlaşdırıldığı müəyyən edilmişdir. İddiaçı sayğacda sıfır xəttlə fazanın yerinin dəyişdirmişdir. Bu zaman sayğacın impulsu dayanmışdır, ümumi cəm xəttində 7,1 apmer yük var idi və sayğac dövriyyədən keçən yükü hiss etmirdi. O, bununla bağlı video çəkiliş də aparmışdır. Şahid verilən suallara cavab olaraq bildirdi ki, onlar xüsusi vasitə ilə yoxlanış edirlər, yoxlanış zamanı sayğacın impuls lampası yanmasa da sayğacda 7.1 amper gərginlik var idi, sayğacın plombu qırılmadan dirəkdən sıfır xətti ilə fazanın yeri dəyişdirilə bilər, Xəttin qırılıb öz-özünə yerinin dəyişməsi mümkün deyil, reyd səhər tezdən olduğu üçün iddiaçının iştirakını təmin edə bilməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. "xxxx" ASC-nin əməkdaşları Kazımov.H, Quliyev.S, Rzayev.N tərəfindən tərtib edilən 036591 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı Sulutəpə, R.Allahverdiyev-700 ünvanında(abonent kodu:**********00051) sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın qoşulma ardıcıllığı pozulmuşdur, kənar mənbədən “0” xətti götürülməklə sayğac sxemdən kənarlaşdırılmışdır. Baxış zamanı aparılan ölçü zamanı İ=7.2A,P=1.6 kv.t, P sayğac=0

11. "xxxx" ASC-nin AKT Komissiyasının tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilən qərardan görünür ki, abonentə gündəlik 24 saat sərfiyyat nəzərə alınmaqla 365 gün hesablamaqla 7996 kvts(1.584 kvt x 24 saat x 0.7 x 365 gün-1717 kvts) itirilmiş elektrik enerjisi üçün 955 borc hesablanmışdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. İddiaçı Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fərdi yaşayış evində yaşayır və **********00051 abonent kodu verməklə elektrik enerjisini istehlak edir. Cavabdehin əməkdaşları tərəfindən keçirilən reyd zamanı iddiaçının sayğacında qoşulma ardıcıllığının pozulması müəyyən edilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə AKT tərtib edilmişdir. Belə ki, sayğaca baxış zamanı sayğacın kənar mənbədən “0” xətti götürülməklə sxemdən kənarlaşdırıldığı və sayğacın qoşulma ardıcıllığının pozulmasına görə sayğacın inpulsunun olmamasına baxmayaraq elektrik enerjisindən istifadə edildiyi aşkar edilmişdir. Bununla bağlı cavabdehin komissiya üzvləri tərəfindən qərar qəbul edilmiş və abonentə 955 manat borc hesablanmışdır. Borcu isə yuxarıda göstərildiyi kimi, elektrik qəbuledicilərinin gücü və sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün müddətinə hesablanmışdır.

13. İddiaçı sayğacın qoşulma ardıcıllığına hər hansı müdaxilə etmədiyini, bunun üçün hər hansı zərurət olmadığını, ona məcbur köçkün kimi hər ay elektrik enerjisindən istifadəyə görə dövlət tərəfindən ödəniş edildiyini, elektrik naqilinin qırılmasından sonra bu halın baş verdiyini bildirməklə iddiasını müdafiə edir və akta əsasən hesablanmış 955 manat borcun silinməsini tələb edir.

14. Cavabdeh tərəf isə hər hansı kənar müdaxilə olmadan sayğacın qoşulma ardıcıllığının pozulmasının mümkün olmadığını bildirməklə iddianı qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qaydalarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

21. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

22. Həmin qaydaların 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

23. Həmin qaydaların 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

24. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçının elektrik sayğacının qoşulma ardıcıllığı pozulmuşdur. Belə ki, həm aktı tərtib edən şəxslər məhkəmə iclasında şahid qismində dindirilmiş, həm akt tərtib edilən zaman aparılmış videoçəkiliş tədqiq edilmişdir. Üstəlik adi məntiqi dəyərləndirmə də onu deməyə əsas verir ki, sayğacın sıfır xəttinin istənilən mənbədən götürülməsi mümkündür və bu sayğacın qoşulma ardıcıllığını pozmur. Lakin sayğacın sıfır xətti ilə fazanın yerinin məqsədyönlü şəkildə dəyişdirilməsi qeyd edilən qüsurun yaranmasına səbəb ola bilər. Bu isə hər hansı kənar müdaxilə nəticəsində baş vermişdir. Bununla belə məhkəmə hesab edir ki, itirilmiş elektrik enerjisinin dəyəri cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarına uyğun hesablanmamışdır.

25. Belə ki, elektrik enerjisindən istifadə qaydalarının 8.17-ci bəndində qeyd edilmişdir ki, sayğacların qoşulma sxemləri pozulduqda keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla hesablanmalıdır. Odur ki, abonentə elektrik enerjisinin dəyəri qismində 678 kvt-a görə 54.24 manat hesablanmalı olduğu halda, əsassız olaraq 7996 kvts hesablanmışdır. Belə ki, itirilmiş elektrik enerjisinin dəyəri abonentə belə hesablanmalı idi:1.584 kvt X 24 saat X 0.7 X 90 gün- 1717 kvts=678 kvts. Bu isə 0.08 manat tariflə 54.24 manat təşkil edir. Göründüyü kimi abonentə 900.76(955-54.24) manat əsassız olaraq borc hesablanmışdır.

26. Odur ki, iddiaçının tələbi qismən əsaslı hesab edilməli və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 036591 saylı, xx.xx.2023-cü il tarixli AKT-a əsasən hesablanmış borcun 900.76 manat hissəsi abonentin hesabından silinməlidir. Tətbiq edilən prosessual normalar

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

30. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir

31. 112.1.7.-ci maddəsinə ödəmə ya xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

33. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır

34. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticə:

36. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 036591 saylı, xx.xx.2023-cü il tarixli AKT-a əsasən hesablanmış borcun 900.76 manat hissəsi abonentin hesabından(abonent kodu: **********00051) silinməli, iddia qalan hissədə təmin edilməməli və istehlakçının ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 036591 saylı, xx.xx.2023-cü il tarixli AKT-a əsasən hesablanmış borcun 900.76 manat hissəsi abonentin hesabından(abonent kodu: **********00051) silinsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad olduğu 30(otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar