Məhkəmə qərarları › İş №2(001)-1444/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1444/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1444/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı müqaviləsinin ləğv edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, 23.12.2018-ci il tarixdə Cavabdeh MMC-nin Azadlıq E.Naxçıvani küçəsindəki filialından 682 manat dəyərində Huawei P-20 Lite markalı mobil telefonu BL224974 saylı nisyə satış müqaviləsinə əsasən 33 manat əvvəlcədən ödəniş etməklə 18 aylıq kredit şərtləri ilə almışdır. Mobil telefonu aldıqdan 2 gün sonra telefon sönmüş və bir daha açılmamışdır. O, bununla bağlı telefonu aldığı mağazada aidiyyatı üzrə şəxslərə məlumat vermiş və telefonu baxılması üçün mağazanın servis xidmətinə təqdim etmişdir. Bir həftə sonra onunla əlaqə saxlayıb telefonda 35 manat civarında qüsur olduğu və bu məbləğin onun tərəfindən ödəniləcəyi halda qısa müddətdə telefon təmir olunaraq istifadəsinə geri veriləcəyini bildirmişlər. Lakin təqribən 15-20 gün sonra yenidən onunla əlaqə saxlayaraq telefondakı qüsurun daha ciddi olduğunu və təmir edə bilmədiklərini, telefonda 400-450 manat dəyərində bir zədə aşkarlandığını, telefonun daxilindəki mühüm hissələrin işlək olmadığını bildirmiş və yenidən təmir üçün bu məbləği ondan tələb etmişlər. O, istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd edilmiş qüsuru olan mal satılarkən istehlakçının hüquqlarını nəzərə almalarını və mobil telefonu yenisi ilə əvəz etmələrini və ya mövcud işlək olmayan mobil telefonu mağazaya geri verərək kredit müqaviləsinin ləğvini tələb etmişdir. Onun qanunda nəzərdə tutulmuş hüquqlarına məhəl qoymadan işlək olmayan mobil telefonu ona geri verərək müqavilədə nəzərdə tutulmuş aylıq ödənişi etməli olduğunu bildirmişlər. Bundan sonra o, mağaza rəhbərliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışmış, lakin bu mümkün olmadığı üçün birbaşa mağazanın problemli kreditlər şöbəsinə ərizə ilə müraciət edərək mobil telefonun işlək olmamasını əsas göstərib ödənişi etməyəcəyini bildirmişdir. Mağazada yenidən cihazı ondan təhvil alaraq servisə təqdim ediləcəyini, təmir olunacağını və ya yenisi ilə əvəz ediləcəyini bildirmələrinə baxmayaraq bir müddət sonra onunla əlaqə saxlayaraq mobil telefonu ona geri qaytarıb telefonun onun tərəfindən 400-450 manat ödənilməməsi halında təmirinin mümkünsüz olduğunu bildirmişlər. O, mübahisənin həll edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmin iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə bağlı verilən 15.10.2019-cu il tarixli 19676/20482 saylı rəyə əsaslanaraq o, Cavabdeh MMC-yə 12.12.2019-cu ildə pretenziya məktubu ünvanlamışdır. Məktub Cavabdeh MMCnin Azadlıq E.Naxçıvani küçəsindəki filialında HR mütəxəssisi vəzifəsində çalışan R.Muradova tərəfindən təhvil alınmış və bu barədə mağazanın hüquq şöbəsinə məlumat verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq ona heç bir cavab verilməmiş və ona xəbərdarlıq məktubu ünvanlayaraq 20.10.2020-ci il tarixinədək hesablanmış 904,72 manat borcun olduğunu və ödənməyəcəyi təqdirdə məhkəmədə iddia qaldıracaqlarını bildirmişlər. Ona görə də 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsinin ləğv edilməsinə, 33 manat əvvəlcədən ödəniş etdiyi məbləğin cavabdeh tərəfindən ona geri qaytarılmasına, 1 ədəd Huawei P-20 Lite markalı mobil telefonun ondan alınaraq cavabdehə geri qaytarılmasına, cavabdeh tərəfindən müqaviləyə əsasən onun adına hesablanmış 904,72 manat borcun əsassız hesab edilməsinə, cavabdehdən onun xeyrinə məhkəmə tərəfindən müəyyən ediləcək miqdarda ona dəymiş mənəvi zərərin əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsinə əsasən iddiaçıya 682 manat dəyərində olan Huawei P-20 Lite markalı mobil telefon 33 manat əvvəlcədən ödəniş etməklə 18 ay müddətinə hissə-hissə ödəmək şərtilə satılmışdır. Həmin müqavilə üzrə iddiaçı heç bir ödəniş həyata keçirməmiş, əsas borca görə 649 manat, cərimə borcuna görə 255,72 manat borcu yaranmışdır. Bu barədə iddiaçıya xəbərdalıq edilməsinə baxmayaraq iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı aldığı mobil telefonda nasazlığın yaranmasını bildirib telefonu cavabdehə təqdim etmiş, X3 MMC-nin 01.02.2019-cu il tarixli texniki rəyinə əsasən iddiaçının 27.12.2018-ci il tarixli müraciəti ilə Huawei P20 Lite markalı mobil telefona texniki baxış keçirilmiş və cihazın mexaniki zədə nəticəsində platasının sıradan çıxması müəyyən edilmişdir. Mexaniki təsirdən yaranan qüsurlar satıcının verdiyi zəmanətə daxil olmadığından iddiaçıya ödənişli xidmət barədə məlumat verilmişdir. Lakin iddiaçı aldığı telefonu öz vəsaiti hesabına təmir etdirməmişdir. Mobil telefonda yaranmış nasazlıq iddiaçının təqsirinə görə baş vermişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında bağlanmış 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsindən müəyyən olunur ki, satıcı qiyməti 682 manat İMEİ kodu **********54925 olan Huawei P20 Lite 64 GB BL markalı mobil telefonu alıcıya verməyi, alıcı isə onu qəbul edib qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, İddiaçı 33 manat ilkin ödəniş etməklə 23.01.2019-cu il tarixdən 23.05.2020-ci il tarixədək olan dövr ərzində hər ay 37 manat, 23.06.2020-ci il tarixdə 20 manat olmaqla cəmi 649 manat borcu 18 ay müddətinə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin 23.12.2018-ci il tarixli zəmanət talonundan müəyyən olunur ki, alıcı İddiaçı aldığı qiyməti 649 manat olan 1 ədəd Huawei P20 Lite 64 GB BL markalı mobil telefon üçün 1 il zəmanət verilmişdir. Zəmanət talonu məhsulun modeli, satış tarixi, şirkətin möhürü alıcının imzası aydın şəkildə oxunduğu halda etibarlıdır. Məhsulun modeli və seriya nömrəsi zəmanət talonunda göstərilənlərlə uyğun gəlməlidir. Bu şərtlər pozulduğu, talonda göstərilən məlumatlar dəyişdirildiyi, qaralandığı, silindiyi və ya yenidən yazıldığı halda zəmanət talonu etibarsız hesab edilir. Zəmanət talonunun itirilməsi halında dublikat verilmir. Bu halda İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zəmanət müddəti məhsulun istehsal tarixindən hesablanır və bir il müddətində ödənişsiz xidmət göstərilir. X3 MMC-nin 01.02.2019-cu il tarixli texniki rəyindən müəyyən olunur ki, İ.Həsənovun 27.12.2018-ci il tarixli müraciəti ilə Huawei P20 Lite markalı mobil telefona texniki baxış keçirilmiş və cihazın mexaniki zədə nəticəsində platasının sıradan çıxması müəyyən edilmişdir. Mexaniki təsirdən yaranan qüsurlar zəmanətə daxil deyildir. Ödənişli xidmət barədə müştəriyə məlumat verilmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 20.10.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə müqavilənin ləğvi, borcun, ona hesablanmış cərimələrin və məhkəmə xərclərinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 19.01.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə müqavilənin ləğvi, borcun, ona hesablanmış cərimələrin və məhkəmə xərclərinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli 2(001)-4896/2019 saylı qərardadından müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə ekspert qarşısında: 1.İddiaçı Cavabdeh MMC-dən aldığı Huawei P20 Lite 64 GB BL markalı mobil telefonda mövcud olan qüsurun yaranma səbəbi nədir? 2.mövcud olan qüsurun aradan qaldırılması manatla nə qədər xərc tələb edir? suallarının qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2019-cu il tarixli 19676/20482 saylı rəyindən müəyyən olunur ki, təqdim olunmuş 1 ədəd Huawei markalı P 20 Lite modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdə deyildir. Mobil smartfonun gövdəsində-üzərindəki ekran səthində tamlığı pozan dərin cızıqlar, eyni zamanda cihazın səthində elektrokorroziya, naməlum ləkələr izləri müəyyən olunmamışdır. Təqdim olunmuş 1 ədəd Huawei markalı P 20 Lite modelli mobil smartfonun daxili sxem quruluşunda müdafiə örtüyü müəyyən edilməmişdir. Tədqiq olunan mobil smartfonun işləməməsinin səbəbi, daxilində cərəyan sxeminin işləməməsi ola bilər. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı məxsus mobil smartfonda aşkar edilmiş qüsurun yaranma səbəbini (istifadə və ya onun saxlanması, qaydalarını pozması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəlmə) müəyyən etmək mümkün deyildir. Buna səbəb mobil smartfonda əmələ gəlmiş qüsurun yaranma səbəbinin fiziki xarakterli olmasıdır. Texniki və yaxud fiziki qüsur olduqda mobil smartfon yaddaşında hər hansı bir formada qüsurun yaranma səbəbi qeyd edilmir. Qeyd olunandan fərqli olaraq mobil smartfonda proqram və məntiq qüsuru (proqram təminatı qüsurları, donmalar, interaktiv bölmələrin nasazlığı və d.) yarananda həmin qüsurun yaddaşda əks etdiyi izlərə və qeydlərə görə müəyyən etmək mümkün olur. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı 12.12.2019-cu il tarixli pretenziya məktubundan müəyyən olunur ki, İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19676/20482 nömrəli 15.10.2019-cu il tarixli ekspert rəyini rəhbər tutaraq Cavabdeh MMC-nin Azadlıq filialındakı mağazasından almış olduğu qüsurlu Huawei P20 Lite 64 GB BL markalı mobil telefonun qaytarılmasını, kredit müqaviləsinin ləğv edilməsini və əvvəlcədən ödəmiş olduğu 33 manatın geri ödənilməsini Cavabdeh MMC-dən tələb etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 28.03.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-nin mövqeyi ilə razılaşmadığı halda İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Həmin Məcəllənin 424.2.-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3.-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 424.4.-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 424.5.-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlandıqdan sonra satıcı Huawei P20 Lite markalı mobil telefonu alıcıya təhvil vermiş, daha sonra alıcı satıcıya telefonda qüsurun olmasını bildirmiş, satıcı X3 MMC-nin 01.02.2019-cu il tarixli texniki rəyinə əsaslanaraq Huawei P20 Lite markalı mobil telefonun mexaniki zədə nəticəsində platasının sıradan çıxmasını, mexaniki təsirdən yaranan qüsurlara zəmanət vermədiyini bildirib alıcıya ödənişli xidmət təklif etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.10.2019-cu il tarixli 19676/20482 saylı rəyi ilə 1 ədəd Huawei markalı P 20 Lite modelli mobil smartfonun hal-hazırda işlək vəziyyətdə olmadığı, mobil smartfonun gövdəsində-üzərindəki ekran səthində tamlığı pozan dərin cızıqlar, eyni zamanda cihazın səthində elektrokorroziya, naməlum ləkə izləri müəyyən olunmadığı, mobil smartfonun daxili sxem quruluşunda müdafiə örtüyünün müəyyən edilmədiyi, tədqiq olunan mobil smartfonun işləməməsinin səbəbinin daxilində cərəyan sxeminin işləməməsinin ola bilməsi, aşkar edilmiş qüsurun yaranma səbəbinin müəyyən edilməsinin mümkün olmadığı, buna səbəbin mobil smartfonda əmələ gəlmiş qüsurun yaranma səbəbinin fiziki xarakterli olması, texniki və yaxud fiziki qüsur olduqda mobil smartfon yaddaşında hər hansı bir formada qüsurun yaranma səbəbinin qeyd edilmədiyi, mobil smartfonda proqram və məntiq qüsuru (proqram təminatı qüsurları, donmalar, interaktiv bölmələrin nasazlığı və d.) yarananda həmin qüsurun yaddaşda əks etdiyi izlərə və qeydlərə görə müəyyən edilməsinin mümkün olduğu müəyyən olmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi iddiaçıya satılan Huawei P20 Lite markalı mobil telefonun, istehlakçının təqsiri üzündən mexaniki zədə nəticəsində, platasının sıradan çıxması bildirsə də bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsinə əsasən satıcı istehlakçıya qüsurlu Huawei P20 Lite markalı mobil telefon satıldığından və bu qüsuru öz vəsaiti hesabına aradan qaldırmaq niyyətində olmadığından, istehlakçının müqavilənin ləğv edilməsinə dair tələbi əsaslıdır, ona görə də təmin edilir. Məhkəmə tərəflər arasında bağlanan müqaviləyə əsasən istehlakçıya qüsurlu əşya satılmasını nəzərə alıb hesab edir ki, iddiaçının bu müqavilə üzrə ödədiyi 33 manatın satıcı tərəfindən ona, qüsurlu Huawei P20 Lite markalı mobil telefonun isə alıcı tərəfindən satıcıya qaytarılmasına dair tələbi də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddiaçının satıcı tərəfindən tələb olunan 904,72 manat borcun əsassız hesab edilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verildiyindən həmin müqavilə qüvvədə olan müddətdə hesablanan borcun yoxlanmasına, əsaslı və ya əsassız hesab edilməsinə zərurət yoxdur. Belə ki, müqavilənin ləğv edilməsi nəticəsində həmin öhdəliyə də xitam verilir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, iddiaçı keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir tutarlı sübutu məhkəməyə təqdim edə bilmədiyindən, MPM-in 77.1 və 14.2-ci maddələrinin tələbləri baxımından iddia ərizəsi bu hissədə sübuta yetirilməməsi əsası ilə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsi ləğv edilsin. 23.12.2018-ci il tarixli BL224974 saylı nisyə satış müqaviləsi üzrə İddiaçı satılmış qüsurlu Huawei P20 Lite markalı mobil telefon Cavabdeh MMC-yə geri qaytarılsın. Cavabdeh MMC-dən 33 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh MMC-dən dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar