Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə (Açar sözlər: icarə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi, 0.08 ha torpaq sahəsi ilə birlikdə tam pay hüququ üzrə ********** Qeydiyyat nömrəsi ilə, xx.xx.2015-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır.
2. İcarəyə verən X8 ilə icarəçi Cavabdeh2 MMC-nin adından Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən, icarəyə verən Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evini mülkiyyətindəki 0.08 ha torpaq sahəsi ilə birlikdə aylıq icarə haqqı 1165 manat olmaqla, xx.xx.2025-ci il tarixədək Cavabdeh2 MMC-nin icarəsinə vermişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 304/2018 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) İddiaçı cavabdeh X6 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 40.000 ABŞ dolları borcun (ödəniş gününə manata məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında X6 məxsus olan Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 6610/2018 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin olunaraq, cavabdeh X2 xx.xx.2017-ci il tarixli beh müqaviləsinə əsasən beh kimi verilmiş 60000 manat məbləğində pulun iki misli, yəni 120000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin tutularaq iddiaçı Cavabdeh1 Zülfiqar oğluna ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 Zülfiqar oğlu ilə X1 rayonu Novxanı kəndində yerləşən, cavabdehə məxsus 0,08 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi ilə birlikdə və həmin torpaq sahəsinin ətrafında olmaqla bələdiyyəyə məxsus və cavabdeh tərəfindən əldə olunaraq satılmalı olan 0,12 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüş, iddiaçı cavabdehə 60000 manat beh vermiş, lakin cavabdeh müqavilə şərtləri pozulmaqla, həmin behi qaytarmaqdan yayınmışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmasının təmini üsulu kimi, qeyd olunan əmlakın icarəyə verilməsi barədə xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Zülfuqar oğlundan və Cavabdeh2 MMC-dən müştərək qaydada xx.xx.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqının və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən, X4 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən pendir sexi 7 illik, 2025-ci ilədək, aylıq icarə haqqı 1165 manat olmaqla Cavabdeh1 Zülfuqar oğluna icarəyə verilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun İ.Ağayevə qarşı 40000 ABŞ dolları borc pul tələbinə dair iddiası təmin edilmiş və qətnamə qüvvəsini almışdır. Həmin qətnamənin icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli təklifi ilə İ.Ağayevin ona olan 40000 ABŞ dolları məbləğində borc pulun qarşılığında borclunun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi 51000 manat dəyərində qiymətləndirilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən borc əvəzi kimi tələbkara təklif edilmişdir. O, həmin təklifı qəbul etmiş, sözügedən daşınmaz əmlakın onun adına rəsmiləşdirilməsi üçün tədbir görülməsini İcra və Probasiya Şöbəsindən xahiş etmişdir. Nəticə etibarı ilə əmlak onun adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, bu barədə çıxarış verilmişdir. İcarəyə verilən əşyanın mülkiyyətçisi dəyişərsə, bu hal icarə hüquq münasibətlərinin xitamına səbəb olmur, icarə münasibətləri saxlanılır, yəni öhdəlik dəyişmir, yalnız öhdəlikdə şəxslər dəyişir ki, bu həmin öhdəliyin mahiyyətini pozmur. Bu səbəbdən də cavabdeh icarə müqaviləsi üzrə icra haqqlarını yeni mülkiyyətçiyə, yəni ona ödəməlidir. Lakin cavabdeh bunu bildiyi halda ona münasibətdə vicdanlı davranmamış, xx.xx.2019-cu il tarixdən icarə haqqını iddiaçıya ödəmək əvəzinə bundan yayınmış, bununla da icarə müqaviləsi üzrə borcu yaranmışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş №2(004)-254/21) iddia rədd edilmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı yeni mülkiyyətçi olaraq icarə hüququnun ona məxsus olmasını iddia edirsə, o bu barədə cavabdehə rəsmi xəbərdarlıq etməli, hüququnun həyata keçirilməsində hər hansı maneə olarsa icarə müqaviləsinin müddəalarının (tərəflərlə bağlı) dəyişdirilməsi ilə bağlı məhkəmə müdafiəsindən istifadə hüququnu nəzərə almalıdır ki, bu mülki iş üzrə də belə bir tələb irəli sürülməmişdir
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 390.1, 340.2, 460.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Sadıqov sədrlik edən və məruzəçi, Q.Əsgərov və A.İmanov) 2(103)-4708/2021 nömrəli, 17 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 254/2021 nömrəli, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən xx.xx.2019-cu il tarixindən hesablanmaqla ödənilməmiş 17475 manat icarə haqqı və icarə müqaviləsinə xitam verilənədək müqavilə üzrə hər ay üçün icarə haqqı kimi nəzərdə tutulmuş 1165 manat məbləğində pul tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Əliyev, iş № 2(102)-5988/21) cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yeni apellyasiya baxışına qaytarılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı Bakı Apllyasiya məhkəməsinə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi Vəkil1 isə ərizə göndərərək həmin vəsatətin (ərizənin) heç bir mötəbər sübutla təsdiq olunmadığını nəzərə alaraq rədd edilməsini və işə onların iştirakı olmadan baxılmaqla apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyası ərizəyə İddiaçı xəstəliyi ilə bağlı hər hansı mötəbər sənəd (sübut) əlavə olunmadığını nəzərə alaraq vəsatəti əsassız saydı və rədd etdi.
17. İşdə iştirak edən digər şəxslər də məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə. 718. İcarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Maddə. 699.1. Kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin bütünlüklə ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan məhkəmə kollegiyası qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən (qətnamənin ləğv olunması hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi yenə də rədd edilməlidir.
22. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, iddia tələbi iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququna əsasən irəli sürülmüşdü və hazırda həmin hüququn qeydə alınması mübahisələndirilir, onda məhkəmə cavabdeh tərəfin vəsatətini nəzərə alaraq digər işə baxılıb qurtaranadək hazırkı işin icraatının MPM-nin 254.1.4-cü maddəsinə əsasən dayandırılması məsələsini müzakirə edərək qərar qəbul etməli idi. Əks təqdirdə tərəfin vəsatəti ilə bağlı qərarın qəbul edilməməsi MPM-nin 9-cu maddəsində nəzərdə tutulan çəkişmə prinspinin tələblərinə uyğun gəlmir. Bundan başqa, məhkəmələr müəyyən etmişlər ki, həm hazırkı işdə olan tərəflər arasında və həm də ayrılıqda İddiaçı ilə X8 arasında, sonuncu ilə Cavabdeh1, Cavabdeh2 MMC arasında çoxsaylı məhkəmə mübahisələri olmuş və qərarlar qəbul edilmişdir. Həmin mübahisələr zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 98.2 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin başqa şəxslərə satılması, əvəzində beh alınması, behin geri tələb olunması mübahisəsinə baxılmış, hazırkı iddiaçı həmin işdə maraqlı şəxs kimi qoşulmuşdur. Eyni zamanda İddiaçının X6 qarşı pul tələbinə baxılmış və həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı X6 və digərlərinə qarşı evin və torpaq sahəsinin boşaldılması barədə tələbinə baxılmış və məhkəmə qərarları qəbul edilmişdir. İşdən görünür ki, həmin mübahisələr zamanı eyni zamanda X8 ilə Cavabdeh2 MMC arasında bağlanmış icarə müqaviləsi müzakirə predmeti olmuşdur. Qeyd olunan icarə müqaviləsinin etibarlı müqavilə olub-olmaması, həmin müqavilə əsasında icarəyə verənə həqiqətən icarə haqqı ödənilib-ödinəlməməsi və.s. hallar müzakirə olunmuş, hazırkı iş üzrə iddiaçı özü də həmin müqavilənin etibarlılığını şübhə altına almışdır. Lakin hazırkı işə baxılarkən qeyd olunan mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarlarının mövcud mübahisə ilə bağlılığı, sübutu əhəmiyət kəsb edibetməməsi müzakirə olunmamışdır.
23. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
24. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı X5 (üçüncü şəxs Cavabdeh1) cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və ləğv olunması tələbinə dair mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.
25. İcraatın dayandırılmasına səbəb olan hal aradan qalxdıqdan, yəni həmin iş üzrə qəbul edilmiş yekun qərar qanuni qüvvəyə mindikdən sonra hazırkı işin icraatı təzələnmiş və müəyyən olunmuşdur ki, iddiaçı X5, Cavabdeh1 və qeyrisinin cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi və ləğv olunması tələbinə dair iddiaları Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)- 1822/2022 saylı qətnaməsi ilə təmin olunmuş, mübahisəli əmlaka dair İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarış etibarsız sayılmış və həmin əmlaka dair reyestrdəki məlumatların əvvəlki vəziyyətə qaytarılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-10/2024 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, mübahisəli əmlak tələbkara borcun əvəzi kimi verilərkən protokolla rəsmiləşdirilməmişdir, əmlakın icra məmurunun məktubu əsasında tələbkara təqdim edilməsi və həmin məktub əsasında tələbkarın adına xüsusi mülkiyyət kimi qeydiyyatın aparılması qanuni olmamışdır.
26. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. MPM-in 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
28. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
29. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
30. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
33. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə öz istifadəsində olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi.
34. Hazırda iddiaçının mübahisəli əmlaka mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur. Onun həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə eibarsız sayılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarı ilə iddiaçının tələb irəli sürdüyü əmlaka dair onun adına xüsusi mülkiyyət kimi qeydiyyatın aparılmasının qanuni olmadığı müəyyən edilmişdir.
35. Bu baxımdan, iddiaçı hazırkı tələbi irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz.
36. Ona görə də apellyasiya şikayəti qismən (qətnamənin ləğv olunması hissəsində) təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia subyektiv hüququn olmaması əsası ilə rədd olunmalıdır.
37. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianın əsassız sayıb rədd etməkdə haqlı olsa da, hazırda iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edildiyindən iddia tələbi də məhz bu əsasla rədd olunmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh1 qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.