Məhkəmə qərarları › İş №2(103)-3/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3/2023

27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3/2023 27.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bəkir qızının cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və X1 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı Bəkir qızının cavabdeh "xxxx" MMC-yə qarşı “yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 2(001)-13020/2015 nömrəli qətnaməsindən maraqlı şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 27 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş "xxxx" MMC ilə X3 arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 257 saylı müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.metr olan, 3 otaqlı yaşayış sahəsi müqavilənin 2-ci bəndində sadalananlarla təchiz etməklə (ümumi TQİ, daxili elektrik xətti, daxili sanitariya xətləri, mövsümi isti-soyuq su, xarici qapı pəncərə, girişdə dəmir qapı, mənzillərə dəmir seyf qapı, lift quraşdırılması, yüksək keyfiyyətli suvaq işi, pilləkən meydançası, pilləkən qəfəsinin plitələrlə üzlənməsi, rənglənməsi, məhəccərlərin quraşdırılması, otaqlara bir üz şpsklovka vurulması, daxili televiziya antena quraşdırılmasını təmin etməklə) alıcıya, yəni İddiaçı Bəkir qızına təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndlərinə əsasən alıcı həmin mənzilin müqabilində 3 gün ərzində 26364 ABŞ dolları pulu "xxxx" MMC-yə ödəməlidir.

2. İş materiallarına əlavə olunmuş xx.xx.2004-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş kassa mədaxil orderinə əsasən həmin müqavilə üzrə 26364 ABŞ dollarının manata məzənnəsi ilə ********* manat pul İddiaçı Bəkir qızı tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bəkir qızı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, “Gənclik” meydanı, 887-ci məhəllə ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.metr olan, 3 otaqlı yaşayış sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəllə ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.metr olan, 3 otaqlı yaşayış sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 2(001)- 13020/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh "xxxx" MMC tərəfindən 257 saylı 29 yanvar 2004-cü il tarixli müqavilə öhdəlikləri yerinə yetirilərək, Bakı şəhəri, “Gənclik” meydanı, 887-ci məhəllə ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının “B” korpusunun 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,08 kv.metr, yaşayış sahəsi 85,36 kv.m olan, 3 otaqlı mənzilin cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı Bəkir qızına təhvil verilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən hüquqlarına toxunulan şəxs X4 tərəfindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə sözügedən mənzil onun mülkiyyətindədir və xx.xx.2016-cı il tarixdə DƏDRX tərəfindən ona həmin mənzilə dair çıxarış verilmişdir. Qeyd edilən qətnamədə mənziln nömrəsi qeyd edilməməsinə baxmayaraq Binəqədi Rayon İcra Şöbəsi tərəfindən İddiaçı Bəkir qızı sahibi olduğu mənzilə qeyri-qanuni köçürülmüşdür və həmin mənzili tərk etmir. Bundan əlavə qətnamədə göstərilir ki, mənzilin ümumi sahəsi 155.02 kv.m-dir. Lakin onun mənzili 156,56 kv.m-dir. Heç bir əsas olmadan məhkəmə qətnaməsi üzrə Binəqədi Rayon İcra Şöbəsi onun hüquqlarını tapdalayır və mənzili özgənin istifadəsinə verilib.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında Plenum qeyd etmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, koorperativ isə həmin ahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun həmin əmlakın sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

14. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

15.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iddiaçının istinad etdiyi müqavilənin predmeti kimi müqavilənin 1-ci bəndində göstərilmişdir ki, Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, həmin sahədə aparılan tikintinin “Alıcı” tərəfindən maliyyələşdirilməsi, müqavilənin 2-ci bəndinə əsasən mənzilin həmin bənddə sadalanmış təchizatlarla “Alıcı”ya təhvil verilməsindən ibarət olmuşdur. Mənzilin qiyməti müqavilənin və 4-cü bəndlərində razılaşdırılmışdır. Müqavilənin 6.3-cü bəndinə əsasən müqavilələr imzalandığı gündən qüvvəyə minmişdir.

24. Birinci instansiya məhkəməsində işin faktiki halları ilə müəyyən olunmuşdur ki, müqavilədə istinad edilən mənzil mövcuddur. İddiaçı mübahisəli mənzilin dəyərini tam olaraq ödəmiş, mənzil tikilmiş, həmin mənzilin dəyərini tam ödəməklə mənzili müqaviləyə əsasən əldə etmişdir. Lakin hazırki vaxtadək cavabdeh müqavilə üzrə ödəliklərini tam yerinə yetirməyərək mənzili iddiaçıya təhvil verməmişdir.

25. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə maraqlarına toxunan şəxs X4 Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8389/2023 nömrəli qərarı ilə iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı Bəkir qızı) “Bakı şəhəri, Atatürk prospekti, 3078 “A” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında B korpusunun 13-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət, ümumi sahəsi 155,08 kv.metr olan 39 saylı mənzilinə çıxarışın verilməsi” barədə iddia tələbinin təmin olunmaması qərara alınmışdır.

26. Həmin qərardan apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini almışdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Məhkəmə aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

28. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

29. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli, 2(001)- 13020/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar