Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-149/2024 01.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəqani küçəsində yerləşən ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evinin həyətində özbaşına tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəqani küçəsində yerləşən ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evinin həyətində özbaşına tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəqani küçəsində yerləşən, ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissədə isə cavabdeh X2 mülkiyyətindədir. Fərdi yaşayış evi və torpaq sahəsi vərəsəlik hüququ əsasında onların mülkiyyətinə keçmişdir. İddiaçı Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsi Xəqani küçəsində yerləşən, ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi 0.059350 ha torpaq sahəsinin ½ hissədə pay hüququ ilə mülkiyyətçisi olsa da, öz mülkiyyətindən istifadə edə bilmir. Belə ki, cavabdeh və onun həyat yoldaşı torpağın bir hissəsini öz başına olaraq digər şəxslərə satmış, orada kənar şəxslərin ev tikmələrinə şərait yaratmışdır. Bundan başqa cavabdeh həyətdə tikdiyi əlavə tikililərdə kirayəçilər saxlayaraq, gəlir götürür. İddiaçı mülkiyyətində olan evə köçmək istəsə də, cavabdeh və ailəsi ona maneələr yaradır. İddiaçı dəfələrlə cavabdehə bu qanunsuz əməllərinə son qoymasını bildirsə də, heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də, iddiaçı cavabdeh tərəfindən qanunsuz tikilliərin sökülməsi tələbinə dair məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəqani küçəsində yerləşən ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evinin həyətində özbaşına tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinin tələblərinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 127. İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İİİ. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Maddə 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, ümumi sahəsi 37,80 m2, xüsusi mülkiyyətdə olan torpaq sahəsi 0,059350 ha olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəqani küçəsi 42 saylı fərdi yaşayış evinə dair İddiaçı və X1 hər birinin ½ hissədə olmaqla paylı mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il 3-16-16/2-10/4754 nömrəli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəqani küçəsində yerləşən 0.059350 ha torpaq sahəsində texniki pasportda öz əksini tapmayan tikililər mövcuddur. -A literli fərdi yaşayış evinə bitişik inşa olunmuş 1,8 x 3,1 metr ölçüdə köməkçi sahə (İ literli tikili tərəf). -3,42 x 4,1 metr ölçüdə yaşayış otağı, 4 x 3,6 metr ölçüdə giriş hissə, 1 x 1,66 metr ölçüdə sanitar qovşaq, 1,31 x 3,5 ölçüdə hamam tikilisi, həyətyanı sahədə 2,7 x 1,6 metr ölçüdə hin, 6,3 x 6,76 metr ölçüdə bir mərtəbəli fərdi yaşayış evi. 8,1 x 11,1 metr ölçüdə iki mərtəbəli fərdi yaşayış evi. Rəyin tədqiqiat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəqani küçəsində yerləşən 0.059350 ha torpaq sahəsində mövcud olan və texniki pasportda öz əksini tapmayan tualet və hin tikililərinin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinin 79.1.9-cu bəndinin, A literli fərdi yaşayış evinə bitişik inşa olunmuş yaşayış və yardımçı tikililərin və iki ədəd fərdi yaşayış evinin isə Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin 80.1-ci bəndinin tələblərində göstərilən ölçülər həddində olduğu müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-746/2022 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsi 42 saylı evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddiaçı cavabdeh tərəfindən özbaşına tikililər inşa edilməsini, torpaq sahəsinin satılmasını, nəticədə onun öz mülkiyyətindən istifadə edə bilməməsini iddia etsə də, iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, araşdırma zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə paylı mülkiyyətində olan torpaq sahəsində tikintisinə icazə tələb olunmayan tikintilər inşa etmişdir. Torpaq sahəsinin satılmasına dair isə iddiaçı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələbinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq sahəsinin mülkiyyətçisi isə, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər, tikintisinə icazə icazə tələb olunmayan tikinti obyektləri inşa edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdehin inşa etdiyi tikililərin özbaşına tikili olmadığı müəyyən olduğundan idddia ərizəsi təmin edilə bilməz. İddia ərizəsi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əşyada payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda o, öz payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb etmək, payın naturada ayrılması mümkün olmadıqda ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi tələb etmək, bu tələb təmin edilmədikdə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. (MM-in 215.2-ci, 220.6-cı mad.) Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəqani küçəsində yerləşən ümumi sahəsi 37,80 m2 olan 42 saylı fərdi yaşayış evinin həyətində özbaşına tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-149/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-149/2024
01.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver