Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-150/2023 14.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, uzun müddət ərzində tanıdığı şəxs Cavabdeh2 onun etibarından sui-istifadə edərək, birinci vitse prezidentin dəstək komandasından olmasını, tez-tez onun yanında olmasını, mütəmadi olaraq onun tapşırıqlarını yerinə yetirməsini əsas gətirərək qohumu Fazil adlı şəxsi vəzifəyə təyin etməsi üçün müxtəlif vaxtlarda, müxtəlif məbləğdə ondan pul almışdır. Cavabdeh2 ona məxsus qızıl qol saatını mənimsəyərək, onu işlə təmin edəcəyinə dair vədlər vermiş, sonradan isə onu aldadıb xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolu 5A saylı evin 60 saylı mənzilini bibisi Svetlana Quliyevanın və bir neçə tanış şəxslərin mənzillərini alqı-satqı vasitəsi ilə banka depozitə qoyaraq nəticədə iri məbləğdə bankdan pul götürülməsinə, həmin mənzillər bir aydan gec olmayaraq təzədən sahiblərin adına köçürülməsinə, bu prossesdə dəstək komandasının adamlarının iştirak etməsinə və həmin adamlar tərəfindən mənzillərin alınmasına, buna görə də, heç bir təhlükənin olmamasına onu inandırmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə onu Bakı şəhəri 11 saylı notariat ofisinə aparmış, xüsusi mülkiyyətində olan mənzilinə dair tanımadığı şəxslə arasında 25500 manata alqı-satqı müqaviləsi bağlamış, mənzili sonradan şəxsiyyəti ona məlum olan mülki iş üzrə cavadeh Cavabdeh1 girov qomaqla 8000 ABŞ dolları pul götürmüşdür. 25500 manat puldan o, bir qəpik olsa belə götürməmişdir. Xeyli müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 faizə pul verəndir. Pərdələmək məqsədi ilə cavabdeh X3 ilə arasında xüsusi mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolu 5A saylı evin 60 saylı mənzilinə dair alqı-satqı müqaviləsi bağlanmış, əvəzinə Cavabdeh2 Cavabdeh1 hər ay faizlə pul vermişdir. Bir müddət keçdikdən sonra, Cavabdeh1 ona zəng vuraraq, Cavabdeh2 tərəfindən hər ay 560 ABŞ dolları pul veriləcəyini bildirmiş, lakin həmin puldan 500 manat verməsini, 2020-ci ilin avqust ayında 520 manat faiz borcu qaldığını, əgər pulun qalığının və gələcəkdə faiz pullarının vaxtı-vaxtında ödənişini etməyəcəyi halda 25500 manat pulunun geri qaytarılmasını, əks halda mənzili satacağını, satışdan 25500 manatın Cavabdeh1 çatacağını, qalan pulun isə ona qaytaracağını demişdir. Formal olaraq alqı-satqı keçirildiyini və həmin mənzilin faizçi tərəfindən girov kimi götürüldüyünü bilsəydi o, həmin əqdi bağlamazdı. O, hər iki cavabdeh tərəfindən aldadılmışdır. Bundan sonra o, dərhal Cavabdeh2 axtarmağa başlamış, onu tapa bilmədiyindən əlacsız qalaraq onun əməli barədə 2020-ci ilin dekabr ayında şikayət ərizəsi vermişdir. Nəticədə o, Bakı şəhəri Xətai rayon 36-cı Polis Bölməsinə dəvət olunmuş, orada müvafiq araşdırma aparıldıqdan sonra, axırıncı pul vermə əməliyyatı Binəqədi rayon ərazisində olduğundan material əvvəl Binəqədi rayon 5 saylı Polis Bölməsinə, sonra isə Binəqədi RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Orada müstəntiq Məmmədhüseyn Əliyev araşdırma aparmış, əsassız olaraq rədd qərarı qəbul etmiş, o, həmin qərardan prokurorluğa və sair instansiyalara şikayət verdikdən sonra, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Məmmədhüseyn Əliyevin qərarı ləğv edilmiş, materialın araşdırılması yenidən həmin müstəntiq Məmmədhüseyn Əliyevə həvalə edilmişdir. İşi araşdıran Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müstəntiqi X2 Vadim Vaqifoviç barəsində 178.2.4-cü maddəsi ilə cinayət işi başlamışdır. Cavabdeh2 çağırışlara gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmiş və icrası üçün Bakı şəhəri Binəqədi rayon 5-ci Polis bölməsinə göndərilmişdir. Oktyabr ayında Cavabdeh2 Bakı şəhəri Binəqədi rayon 5-ci Polis bölməsinin əməliyyatçıları tərəfindən saxlanılıb, bir neçə günə müstəntiq tərəfindən qətimkan tədbiri barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmiş, Cavabdeh2 barəsində 2 ay 20 gün müddətinə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Məmmədhüseyn Əliyev Cavabdeh2lə onu istintaq zamanı üzləşdirmiş, həmin zaman, Vadim bildirmişdir ki, evin alqı-satqısından olan 25500 manat pulu Cavabdeh2 şəxsən özü götürmüş və Cavabdeh1 2020-ci ilin mart ayından avqust ayına qədər hər ay 560 ABŞ dolları faizə pul ödəmişdir. Belə ki, 2021-ci ilin yanvar ayından avqust ayına qədər tanışı Gülya adlı qadın vasitəsi ilə 8000 manat pul Cavabdeh1 çatdırılmışdır. İstintaq zamanı Cavabdeh2 barəsində əlavə olaraq, Tərtər rayonunda iki nəfərin şikayətinə əsasən həmin cinayət işi davam etdirilməsi üçün Tərtər rayon Polis şöbəsinin İstintaq şöbəsinə göndərilmişdir. Cavabdeh1 sələmə pul verməklə qeyri-qanuni vergidən yayınmaqla məşğuldur. Cavabdeh1 külli miqdarda əsassız varlanmaqla qanunsuzluq edir. Müqaviləni birinci notarius təsdiq etməkdən imtina etdiyindən, Ruslanın dostu Əlinin tanıdığı notarius müqaviləni təsdiq etmişdir. İkinci notarius müqaviləni təcili təsdiq etmək üçün dedi ki, deyin ki, harasa uçursunuz. O, müqavilə bağlandıqdan sonra Ruslana 3000 ABŞ dolları verməmişdir. Mənzilin pulunu o, tam olaraq Vadimə vermişdir. Müqavilə bağlandığı gündən o, mənzilində yaşamqda davam edir. Ona görə ki, Ruslanda alqı-satqı müqaviləsinin rərdələnmiş əqd olmasını bilirdi, ona görə heç vaxt onu məznildən çıxarmaq üçün müraciət etməmişdir. Bundan başqa, bu məsələ başlayandan onda psixoloji problemlər yarandığından, gecələr yata bilmədiyimdən, mənfi psixi reaksiyalar yarandığından, iztirab hissləri keçirdiyindən, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona mənəvi zərərə görə hər birindən 10000 manat tələb edir. Bu işlə bağlı faizə pul verməklə qanunsuzluq etdiyinə görə, eyni zamanda vergidən yayındığına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243cü maddəsinin tərkibi var. Qətnamə qəbul olunan zaman Cavabdeh1 barəsində xüsusi qərardad çıxarılmalı və prokurora xəbər verilməlidir. Ona görə də Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 5A mənzil 60-a dair Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər birindən ona vurulmuş 10000 manat mənəvi zərərin ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsinə və eyni zamanda iddia ərizəsində göstərilən əsaslarla bağlı Cavabdeh1 barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ucuz, təmirsiz mənzilləri alıb təmir etdikdən sonra sataraq qazanc əldə edir. Dostu Əli ilə kafedə oturub çörək yeyən zaman saat 16-17 radələrində vasitəçi kimi tanıdığı Aynur xanım ona zəng edərək güzəştli mənzil satılmasını demişdir. O, mənzilin harada yerləşməsini soruşmuş, Aynur mənzilin Zığda yerləşməsini demişdir. O, mənzilin uzaqda olmasını sabah mənzilə baxa biləcəyini demiş, Aynur isə mənzilin ucuz qiymətə təcili satıldığını demişdir. Həmin vaxtadək o, Vadimi və Yelenanı tanımamışdır. Daha sonra o, Yelenadan mənzilin niyə təcili satılmasını soruşmuş, Yelena Dağıstandan tuşonka aldıqlarını pulunu verməli olduqlarını, gecikəcəkləri halda cərimə ödəyəcəklərini, ona görə mənzili təcili və ucuz satdıqlarını bildirmişdir. Yelena Vadimi ona xalası oğlu kimi təqdim etmişdir. Yelenanın mənzilin dəyəri həmin vaxt 30000-35000 manat olardı. O, mənzili təmir etdikdən sonra 37000-38000 manata sata bilərdi. Yelena və Vadim pulun həmin gün verilməsini, sabaha pulun lazım olmadığını demişlər. O, bütün işlərini Rəşadət adlı notariusla apardığından birlikdə Rəşadətin notariat ofisinə getmişlər. Lakin Rəşadət qısa müddət ərzində müqaviləni təsdiq edə bilməyəcəyini demişdir. Bundan sonra onlar 11 saylı notariat ofisinə getmişlər. Həmin notariusda imtina edərək təcili müqavilənin həmin gün təsdiq edilməsi üçün Yelenanın əlində bilet olmalı olmasını demişdir. O, həmin vaxt notariusun ofisindən çıxmış, lakin Vadimlə Yelena onun arxasınca gəlib onu saxlamışlar. 10-15 dəqiqəyə Yelena bilet alıb notariusa biletini təqdim etmiş, bundan sonra notarius müqaviləni təsdiq edə biləcəyini onlara demişdir. Yelena ilə Vadim mənzilin pulunu ondan qəbz verməklə almaq istəsələr də o, bu təkliflə razılaşmamışdır. O, mənzilə görə razılaşdıqları 15000 ABŞ dollarını banka keçirmiş, ona ödəniş qəbzini manatla vermişlər. Bundan sonra Yelena banka daxil olaraq pulu götürmüşdür. Müqavilə bağlanarkən o, Vadim, Yelena, Aynur iştirak etmişlər. Müqavilə bağlandıqdan sonra Vadim onun avtomobilində Yelenadan evin pulundan 3000 ABŞ dollarını alıb ona vermişdir ki, ola bilsin əllərinə pul düşsə aldıqları pulu qaytarıb mənzili geri götürərlər. O da halallıq olması üçün 3000 ABŞ dollarını Yelenadan almışdır. Vadim 2 aydan sonra ona zəng edərək Yelenanın 3000 ABŞ dollarını geri istədiyini ona demiş, bundan sonra o, Yelenaya zəng etmiş, Yelena ona səs yazısının olmasını bildirib pulu qaytarmasını tələb etmişdir. O, həmin vaxt 3000 ABŞ dollarını Vadimə vermiş, Yelenaya təkrar zəng edərkən Yelena 3000 ABŞ dollarını Vadimdən almasını təsdiq etmişdir. Daha sonra Vadim ondan pul istəməyə başlamış, o, əvvəl Vadimə 600ABŞ dolları vermiş, bir müddətdən sonra Vadim həmin məbləği qaytarmış, daha sonra ondan 1000 ABŞ dolları almış qaytarmış, daha sonra 3000 ABŞ dolları alsa da, qaytarmamışdır. Daha sonra Vadim yenidən ondan 600 ABŞ dolları almış, 500 manat qyatarmışdır. O, Vadimdən istirahətə getdiyi üçün aldığı pulu qaytarmasını tələb etmişdir. Lakin Vadim borcunu tam qaytarmamışdır. Antaliyadan qayıtdıqdan sonra onun anası vəfat etmişdir. Həmin ərəfədə Yelena ona zəng edərək Vadimin onu aldatmasını demişdir. Yelena onun yanına Arzu ilə gəlmiş, Arzu məhkəməyə müraciət ediləcəyini demiş, həmin vaxt o, Vadimdən şikayət etmələrini, ondan aldıqları pulu isə qaytarmalarını, mənzili geri götürmələrini demişdir. Bir müddətdən sonra Yelenadan Vadimin həbs olunmasını eşitmişdir. Daha sonra Yelena ona mənzilə görə 10000 manat verməsini qalan məbləği ayda 100 manat olmaqla hissə-hissə ödəməsini təklif etmiş, lakin o, bu təkliflə razılaşmamışdır. Bütün bu müddət ərzində Yelena satdığı mənzildə yaşamış, hal-hazırda da yaşayır. Vadimin bibisi kimi özünü təqdim edən Gülmirə ona Vadimin hissə-hissə göndərdiyi cəmi 7000 manatı vermişdir. Hal-hazırda iddiaçının iddia ərizəsini qəbul etmir və təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 izahatını təsdiq edərək əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı əqdin etibarsız olmasını tələb edir. İddiaçı əqdin etibarsızlığı üçün alqı-satqının onun aldadılması ilə həyata keçirilməsi və ona ödəniş edilməməsi əsaslarını gətirərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən tələb edir. Məhkəmə iddianı Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən, doğru olaraq icraata qəbul etsə də, 375.2-ci maddədə göstərildiyi kimi, cavabdeh olaraq verdiyi iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə iddianı rədd etməlidir. Çünki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Bakı şəhəri 11 saylı notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri Xətai rayonu Zığ yolu 5A saylı evin 60 saylı mənzilinə dair Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən hər birindən iddiaçıya vurulmuş mənəvi zərərə görə 10000 manat zərərin ödənilməsi barədə iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci və 373-384-cü maddələrinin tələblərində nəzərdə tutulmuş iddia müddətinin keçməsi ilə əlaqədar olaraq rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 2 saylı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh2 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, o, İddiaçı Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 5a saylı evin 60 saylı mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı bildirir ki, mənzil alqı-satqı kimi sənədləşdirilsə də faktiki olaraq girov qoymuş, buna görə də o, Cavabdeh1 fevral ayından avqust ayınadək 560 ABŞ dolları faiz ödəmişdir. O, 2021-ci il yanvar ayından avqust ayınadək Gülmira adlı qadın vasitəsilə Cavabdeh1 8000 manat vermişdir. 2020-ci ildə telefon danışıqları zamanı Cavabdeh1 həmin ilin sentyabr və oktyabr aylarının ödənişlərini şəriklərinə öz cibindən ödəməsini ona demişdir. xx.xx.2020ci il tarixli mənzilin alqı-satqı prosesi zamanı Muğanbank kassasından 25500 manat məbləğində pulu İddiaçı götürərək ona vermiş, o isə Cavabdeh1 vermişdir. 11 saylı notariat kontorundan çıxdıqdan sonra Cavabdeh1 öz maşınında əyləşərkən ona 8000 ABŞ dollar vermiş, bu puldan 400 ABŞ dolları Cavabdeh1 özünə götürmüş, 400 ABŞ dollar isə Aynur adlı qadına vermişdir. O, Cavabdeh1 mənzilin girov qoyulması barədə məlumat vermiş, pulu qaytardıqdan sonra mənzilin İddiaçı qaytarılacağını demişdir. O, mənzilin girov qoyulması barədə Cavabdeh1 ilə söhbət aparmış, İddiaçı bundan xəbərsiz olmuşdur. Cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Bakı şəhəri 11 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etmək istəyini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2, Bakı şəhəri 11 saylı notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı ümumi sahəsi 29,74 kv.m olan Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 5A nömrəli binanın 60 saylı mənzilini 25500 manata alıcıya satmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(061)-27/2022 saylı hökmündən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddia qismən təmin edilərək Cavabdeh2 12270 manat alınaraq mülki İddiaçı verilmiş, mülki iddianın 10000 manat mənəvi ziyanın ödənilməsi hissəsi təmin edilməmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(061)-27/2022 saylı hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh2 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı şəxsiyyəti istintaqa məlum olmayan Fazil adlı qohumunun Azərbaycan Respublikası Vergilər Nazirliyində yüksək vəzifəyə təyin ediləcəyini bildirib sonuncunu Vergilər Nazirliyində həmin şəxsin köməkliyi ilə işə düzəldəcəyini yalan vəd verərək İddiaçı etibarından sui istifadə edib ayrı-ayrı vaxtlarda onun 2018-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək olan müddət ərzində vahid niyyətlə Bakı şəhəri Xətai rayonu ərazisində 4600 ABŞ dolları, manat ekvivalenti ilə 7820 manat və 2600 manat pul vəsaitini, həmçinin 1500 manat dəyərində Geneve markalı qızıl qol saatını ələ keçirib zərəçəkmiş şəxs İddiaçı Vikorovnaya ümumilikdə 11920 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı ona olan inamından və etibarından sui-istifadə edərək sonuncuya olan pul borcunu qaytaracağını və birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pul qazanacaqlarını yalan vəd verərək İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin 2020-ci ilin fevral ayının 25-də Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda Cavabdeh1 25500 manata satılmasına nail olub vahid niyyətlə həmin pulun əvvəlcə 8000 ABŞ dollarını, manat ekvivalenti ilə 13600 manatını daha sonra hissə-hissə istintaqa dəqiq məlum olmayan vaxtlarda 6000 ABŞ dollarını, manat ekvivalenti ilə 10200 manatını Bakı şəhəri Nərimanov rayonu ərazisində Cavabdeh1 məxsus ofisdə ələ keçirib zərərçəkmiş şəxs Zubanova Viktorovnaya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən daha sonra müəyyən olunur ki, Cavabdeh2 ona Azərbayca Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində 2002-ci illədək 4 nömrəli notariat kontorunda köməkçi işləmiş, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi məhkum olunmuş, əməli 2018-cı ildə CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilərək cəzası 05 ilə endirilmiş və cəzasının sonu ilə azad edilmişdir. İddiaçı ilə 1998-ci ildə sənədlərlə iş gördüyündən onun işlədiyi Pasport və Qeydiyyat şöbəsində tanış olmuşdur. Həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. İddiaçı Vergilər Nazirliyində işə düzəldəcəyini vəd verərək 2018-ci ilin mart ayından 2019-cu ilin yanvar ayınadək olan müddət ərzində onun 4600 ABŞ dollarını, 2600 manatını və 1500 manat dəyərində qızıl qol saatını ələ keçirmişdir. Belə ki, Yelenadan qızıl qol saatını 2019-cu ilin təxminən yanvar ayında borcu olduğu üçün lombarda qoyub pul götürmək məqsəd ilə istəyib götürmüş, lakin lombard az pul verdiyi üçün 700 manata tanımadığı qızılla məşğul olduqlarını sonuncunu inandırmaq üçün bildirmiş, hətta ona bir neçə konservləşmiş tuşonka alaraq inandırmaq üçün pay vermişdir. Həmçinin o, İddiaçı 350 manat pul almadığını, əldə etdiyi pulları şəxsi ehtiyaclarının qarşılanmasına xərclədiyini bildirmişdir. Bahar Ağazadəyə borclu olduğu puldan 5000 manatı qaytarmışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə olan borcunu bir neçə aya ödəyəcəyini bildirmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(104)-548/2022 saylı qərarından müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(061)- 27/2022 nömrəli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı etibardan sui-istifadə və aldatma yolu ilə sonuncunun əmlakını ələ keçirmək məqsədi ilə sonuncuya olan pul borcunu qaytaracağını və birlikdə biznes fəaliyyəti ilə məşğul olaraq pul qazanacaqlarına yalan vəd verərək İddiaçı məxsus Xətai rayonu Zığ şossesi 5A saylı evin 60 saylı mənzilini xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospektində yerləşən 11 saylı notariat kontorunda Cavabdeh1 25500 manata satılmasına nail olması Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəsini alan xx.xx.2022-ci il tarixli 1(061)-27/2022 saylı hökmü ilə müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat kontorunda alqı-satqı müqaviləsi imzalayarkən İddiaçı ilə Cavabdeh1 niyyəti də daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaq olmamışdır. Belə ki, tərəflərin izahatlarından və tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, mənzilə dair alqı-satqı müqaviləsi əslində Cavabdeh1 verdiyi 25500 manatın qaytarılmasının təminatı olaraq bağlanmışdır. Bu səbəbdən mənzil mövcud dəyərindən ucuz qiymətə qiymətləndirilmiş, İddiaçı müqavilə bağlandıqdan sonra mənzili boşaldıb Cavabdeh1 təhvil verməmiş, sonuncu da mənzilin ona təhvil verilməsini tələb etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: -görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; -yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqına dair müqavilənin yalan əqd olması öz təsdiqini tapdığından iddiaçının əqdin etibarsız hesab edilməsinə, etibarsız əqd əsasında Cavabdeh1 adına DƏDRX-nin 1 Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın ləğvinə dair iddia tələbləri əsaslıdır, ona görə də bu tələblər təmin edilməlidir. Məhkəmə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil əqdin etibarsız hesab edilməsinə dair iddia tələbinə iddia müddətinin təbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Ona görə də iddiaçının əqdin əhəmiyyətsizliyinin təsdiq edilməsinə dair tələbinə iddia müddətinin təbiqi mümkün deyildir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, əqd bağlayarkən əhəmiyyətsiz əqd bağlamasını bilən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirə bilməsinə, bunların cavabdehlərin hərəkətləri nəticəsində baş verməsinə, cavabdehlərin hərəkətləri ilə vurulması iddia edilən və iddiaçı tərəfindən cəmi 20000 manat dəyərində qiymətləndirilmiş mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edib təmin etmir. Məhkəmə eyni zaman qeyd edir ki, Cavabdeh1 əhəmiyyətsiz əqd əsasında ona vurulan ziyanı tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu bərabər hissələrdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair vəsatətini təmin etmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmaqla Bakı şəhəri 11 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqına dair müqavilə etibarsız hesab edilsin. Cavabdeh1 adına verilmiş Bakı şəhəri Xətai rayonu Zığ yolu küçəsi 5A nömrəli binanın 60 saylı mənzilinə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ləğv edilsin. Cavabdeh1 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 dövlət rüsumuna görə 50 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-150/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-150/2023
14.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver