Məhkəmə qərarları › İş №2(001)-1506/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1506/2025

18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1506/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı cavabdeh “İri Şəhərlərinin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsinə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC Binəqədi Sukanal İdarəsi tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə artıq hesablanmış 240 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi əsasında cavabdeh "xxxx" ASC Binəqədi Sukanal İdarəsi, “İri Şəhərlərinin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində uzun müddətdir ki, yaşayır. Bildirir ki, "xxxx" ASC-nin əməkədaşları tərəfindən 14 avqust 2024-cü il tarixində 117489 nömrəli akt tərtib edilmiş və aktda əsasən mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri-qanuni sudan istifadə etməsi və buna görə də 240 manat borc tərtib edilmişdir. Qeyd etmək istəyir ki, ona qarşı tərtib edilmiş akt əsassız və qanunsuzdur. Belə ki, o, bugünə kimi ortalama həmin su sərfıyyatından istifadə etməmiş və bundan əlavə olaraq sözügedən mexaniki su sayğacı çöldə yerləşir və akt tərtib olunan zaman nə o, nədə ki, ailə üzvlərindən heç biri iştirak etməmişdir. Özlərinə bu barədə şikayət etdikdə cərimənin ödənilib bitənə kimi sudan istifadə etməyinə qadağa qoyulmuşdur. Hazırda həmin ünvanda sudan istifadə edə bilmir. Onun mənzilinə tərtib olunan su borcu hazırki gün qaldığı üçün tərtib olunmuş 240 manat borcun hamının ödənilib sayğac sıfırlanana kimi sudan istifadə etməyəcəyi barədə məlumat verilmişdir. Hazırki vəziyyətdə onun maddi imkanı 240 manat borcun silinməsinə çatmır. Yaranan mübahisədə hal-hazırda mövcud olan 240 manat borcunun silinməsini məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafəi edərək izahatında göstərmişdir ki, idarənin əməkdaşları gəlib akt tərtib edəndə o, rayonda olmuş, tərəfindən heç bir akt imzalanmamışdır. Gəlini evdə olmuş, həyətə buraxmırdı, lakin buna baxmayaraq əməkdaşlar həyətə daxil oldular. Həyətində böyük su çəni quraşdırılıb, çənə su vurulan zaman sayğac işləyir, lakin digər xətlərdən suyu açanda sayğac sərfiyyəti yazmır, buna səbəb odur ki, bütün xətlər çənə bağlıdır. Buna baxmayaraq akt tərtib etmişlər. 2-3 gün sonra aktdan məlumat almış və işçiləri dəvət edərək yenidən baxış keçirilməsini təklif etmişdir. Baxış keçirildi və razılaşma oldu, borcun silindiyini bldirdilər, lakin silinmədiyi səbəbindən məhkəmə müraciət etmişdir. Hazırda iddia tələbinin təmin edilməsini xahiş etdi. O, həmçinin məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasında iştirakı olmadan işə baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, təmsil etdiyi qurumun əməkdaşlar tərifindən qanunsuz qoşulma aşkar olunma səbəbi ilə iddiaçıya cərimə yazılmışdır. Tərəflərindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, əsassız cərimə hesablanmışdır. Ona görə də iddianın təmin olunmasına etiraz etmir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. İşin hallarından görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin nümayəndəsinin iddianı etirafı məhkəmə tərəfindən qəbul olunmalı, iddia təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********000) su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə “İri Şəhərlərinin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsi tərəfindən artıq hesablanmış 240 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********000) su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə “İri Şəhərlərinin Birləşmiş Su Təchizatı” publik hüquqi şəxsi tərəfindən artıq hesablanmış 240 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar