Məhkəmə qərarları › İş №2(001)-1508/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1508/2023

06.02.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1508/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs və Bakı 3 saylı Mediasiya Təşkilatı cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, MŞB/3-01218 nömrəli xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, birinci tərəf qismində ikinci tərəf Maraqlı şəxs ilə birlikdə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Müraciətləri əsasında MŞB/3-01218 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı Maraqlı şəxs ilə müəyyən razılaşmaları olmuş və bu barədə aralarında Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişi onların və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. Lakin, Barışıq Sazişinin təsdiq olunmasına baxmayaraq Maraqlı şəxs tərəfindən Sazişin şərtləri icra olunmamışdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq Sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir.Hesab edir ki, MŞB/3-01218 nömrəli xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək,ərizədə yazılanlara uyğun izahat verdi. Eyni zamanda bildirdi ki, xx.xx.2022-ci il tarixli Barışıq Sazişi əsasında onunla Maraqlı şəxs birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatadək saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay aldığı təqaüdünün yarısının ona verilməsi hissəsində razılaşmışlar. Maraqlı şəxslər Maraqlı şəxs və Bakı 3 saylı Mediasiya Təşkilatı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 115759 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında nikah 18 sentyabr 2004-cü il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2244 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. AZ-İ seriyalı 643418 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 01 iyul 2005-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır; AZ-İİİ seriyalı 485728 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 17 mart 2009-cu il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır; 22 iyul 2022-ci il tarixdə, Bakı 3 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi “Birinci tərəf”, Maraqlı şəxs isə “İkinci tərəf” olmaqla aralarında bağlanmış MŞB/3-01218 №-li barışıq sazişindən görünür ki, Birinci tərəf Saziş İmzalandıqdan sonra ikinci tərəflə alimentin tutulması hissəsində razılaşmış və nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması hissəsində iddiasını dayandırır. Belə ki, İkinci tərəf xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi birinci tərəfə 01 avqust 2022-ci il tarixdən başlayaraq, hər ay aldığı təqaüdünün yarısını, yəni 2022-ci il üçün 654(altı yüz əlli dörd) manat məbləğində alimentin birinci tərəfə (Ərizəçi) verilməsi hissəsində razılaşmışlar. Lakin sazişin icrası ikinci tərəfin günahından pozulduğu halda birinci tərəf iddiasını davam etdirəcəyi və ikinci tərəfə qarşı nikahın pozulması, azyaşlı uşaqların ananın himayəsində saxlanılması və uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirdi. İkinci tərəf Maraqlı şəxs öhdəlik götürdü ki, uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 avqust 2022-ci il tarixdən başlayaraq hər ay aylıq təqaüdünün yarısı məbləğdə vəsaiti birinci tərəfə ödəyəcəkdir və barışıq sazişini heç vaxt pozmuyacaqdır. 16 yanvar 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 22 iyul 2022-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 22 iyul 2022-ci il tarixdə Bakı 3 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış aşağıdakı şərti özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: - İkinci tərəf Maraqlı şəxs xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf Ərizəçi 01 avqust 2022-ci il tarixdən başlayaraq, hər ay aldığı təqaüdünün yarısını, yəni 2022-ci il üçün 654 (altı yüz əlli dörd) manat məbləğində alimenti ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar