Məhkəmə qərarları › İş №2(3-7)-754/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-754/2026

23.06.2026 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-754/2026 23.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi (maraqlı şəxs GülMaraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs GülMaraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs GülMaraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2025-ci il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında Bakı * saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin 5-ci bəndində GülMaraqlı şəxs birgə nikah dövründə əldə edilmiş ** DY *** nömrə nişanlı, «Nissan Kicks» markalı avtomobil üçün 8000 manat məbləği Ərizəçi plastik kart vasitəsi ilə ##.##.2025-ci il tarixədək tam həcmdə ödəməyi öhdəlik götürmüşdür.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında ##.##.2011-ci il tarixdə bağlanmış və Binəqədi rayon Qeydiyyat şöbəsində 1911 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin «Maraqlı şəxs ilə birgə nikah dövründə əldə edilmiş ** DY *** nömrə nişanlı, «Nissan Kicks» markalı avtomobil üçün 8.000 manat məbləği Ərizəçi plastik kart vasitəsi ilə ##.##.2025-ci il tarixədək tam həcmdə ödəməyi öhdəlik götürür» hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizəçi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onunla GülMaraqlı şəxs arasında Bakı * saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən tərəflər barışıq üçün vaxt verilmədən nikahın pozulması, birgə nikahdan anadan olmuş ##.##.2015-ci il təvəllüdlü X1 atası Ərizəçi himayəsində, ##.##.2013-cü il təvəllüdlü X2 anası Maraqlı şəxs yanında yetkinlik yaşına çatanadək saxlanmaları, aliment, uşaqla ünsiyyətə dair razılıq əldə etmişlər, həmçinin Maraqlı şəxs birgə nikah dövründə əldə edilmiş ** DY *** nömrə nişanlı, «Nissan Kicks» markalı avtomobil üçün 8.000 manat məbləği Ərizəçi plastik kart vasitəsi ilə ##.##.2025-ci il tarixədək tam həcmdə ödəməyi öhdəlik götürmüşdür. Hazırda maraqlı şəxs barışıq sazişinin müvafiq olaraq 5-ci bəndini icra etməkdən boyun qaçırdığından, həmin barışıq sazişinin həmin hissədə məcburi icraya yönəldilməsinə zərurət yaranmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) Ərizəçi ərizəsi təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı * saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixdə mediasiya prosesində bağlanılmış barışıq sazişinin aşağıdakı məzmunda təsdiq edilmişdir: «Maraqlı şəxs ilə birgə nikah dövründə əldə edilmiş ** DY *** nömrə nişanlı, «Nissan Kicks» markalı avtomobil üçün 8.000 manat məbləği Ərizəçi plastik kart vasitəsi ilə ##.##.2025-ci il tarixədək tam həcmdə ödəməyi öhdəlik götürür».

6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1, 355-26.1.1 və 355-26.1.2-ci maddələrinə, habelə «Mediasiya haqqında» Qanunun 34.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs GülMaraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Maraqlı şəxs GülMaraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ərizəçi Ərizəçi ilə aralarında ##.##.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən 99 DY451 dövlət qeydiyyat nişanlı, «Nissan Kicks» markalı avtomobil üçün 8000 manat məbləği Ərizəçi plastik kart vasitəsi ilə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ərizəçi Ərizəçi birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında barışıq sazişinin qeyd olunan maddəsinin icra edilmədiyini iddia etmişdir. Lakin, o barışıq sazişi üzrə ərizəçiyə ödənilməli məbləğin bir hissəsini ödəmişdir. Buna baxmayaraq, ərizəçi məhkəməyə müraciət edərək barışıq sazişinin həmin hissədə məcburi icraya yönəldilməsinə zərurət olduğunu bildirmişdir (təsdiqedici sübutlar məhkəmə iclaslarında təqdim olunacaqdır).

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında ərizəçi Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mediasiya prosesi nəticəsində maraqlı şəxslə aralarında bağlanmış barışıq sazişinə görə, sonuncu birgə nikah dövründə əldə edilmiş avtomobilə görə 8000 manat vəsaiti plastik kart vasitəsi ilə ##.##.2025-ci il tarixədək tam həcmdə ona ödəməyi öhdəsinə götürmüşdür. Öz adına bank hesabı açdıraraq bu barədə maraqlı şəxsə məlumat vermişdir. Lakin, o, barışıq sazişi üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Sədrlik edənin sualına cavab olaraq ərizəçi bildirmişdir ki, maraqlı şəxs barışıq sazişi üzrə hər hansı ödəniş etməmişdir, onun birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməkdə məqsədi pul vəsaitinin ödənilməsini yubatmaqdır. Ərizəçi sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

12. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

13. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

14. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir.

15. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

17. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

18. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

24. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

25. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

26. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar. Daha sonra tərəflər ailə münasibətlərindən irəli gələn məsələlərin həlli ilə bağlı mediasiya təşkilatına müraciət etmişlər. ##.##.2025-ci il tarixdə Bakı * saylı Mediasiya Təşkilatında tərəflər arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin 5-ci bəndində GülMaraqlı şəxs birgə nikah dövründə əldə edilmiş ** DY *** nömrə nişanlı, «Nissan Kicks» markalı avtomobil üçün 8000 manat məbləği Ərizəçi plastik kart vasitəsi ilə ##.##.2025-ci il tarixədək tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Ərizəçi Ərizəçi barışıq sazişinin könüllü icra edilmədiyini əsas gətirərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

34. Ərizəçinin xahişi mediasiya prosesində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq olunmasından ibarətdir.

35. Kollegiyanın qənaətinə görə, işin hallarına “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Prosessual Məcəllənin “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”-dan bəhs edən fəslinin müddəaları əsasında hüquqi qiymət verilməlidir.

36. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçinin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququ onun mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüququdur.

37. Bununla belə, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi də nəzərdə tutulmuşdur ki, buna əsas verən halların dairəsi də MPM-nin 355-26.1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə deyilir ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

38. Bu baxımdan, barışıq sazişinin təsdiq olunub-olunmaması məsələsi həll olunarkən ilk növbədə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsinin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmalıdır.

39. Işin müəyyən edilmiş və faktiki hallarından görünür ki, tərəflər mediasiya prosesində birgə nikah dövründə əldə edilmiş avtomobilin dəyərinin ½ hissəsinin ödənilməsi barədə öz aralarında razılıq əldə etmişlər.

40. Kollegiya göstərir ki, barışıq sazişində tərəflər sərbəst iradə ifadə edərək birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü barədə razılığa gəlmişlər və bu hissədə saziş “Mediasiya haqqında” Qanunda nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, sazişin qanunazidd olması, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması halları müəyyən edilməmişdir.

41. Maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətində barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilmiş bəndini könüllü icra etməsi barədə dəlil irəli sürmüş, lakin bu barədə məhkəməyə sübut təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmişdir.

42. Qeyd edilənlərin yekunu olaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Maraqlı şəxs GülMaraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar