Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1521/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5 ev 241 (Abonent kodu: **********00000) ünvanı üzrə xx.xx.2012-ci il tarixinə hesablanmış, müqavilə üzrə 3 illik iddia müddəti ötürülmüş 324 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etmiş və məhkəməyə ərizə təqdim edərək, səhhəti ilə bağlı növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının bu barədə ərizəsini nəzərə alıb, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək və iddiaya qarşı verilmiş yazılı etirazı müdafiə edərək, iddiaçının 2012-ci ilin dekabr ayına 324,40 manat məbləğində borcunun olduğunu, həmin məbləğin 2012-ci ilin dekabr ayında smart saycağın saldosuna daxil edildiyini, 2013-cü ilin fevral və 2017-ci ilin dekabr ayında iddiaçı tərəfindən karta yüklənən məbləğlərdən borca görə tutmaların aparıldığını, bununla da iddiaçının borc məbləğindən məlumatlı olduğunu və bu baxımdan iddia müddətini ötürdüyünü bildirmiş və iddia müddəti ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbini nəzərə alıb, cavabdeh tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5-də yerləşən 241 saylı fərdi yaşayış evi İddiaçı istifadə və sahibliyindədir. Həmin ev Cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində mexaniki qaz sayğacı quraşdırılmaqla iddiaçıya **********00000 nömrəli abonent kodu verilmişdir. 2012-ci ilin iyul ayında cavabdehin əməkdaşları tərəfindən həmin evdə olan qaz sayğacına keçirilmiş baxış zamanı qaz xəttindən kənar qoşulma halına yol verildiyi aşkar edilmiş və itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 1.728 m3 həcmində ziyanın vurulması əsası ilə akt tərtib edilmiş və bu həcmdə qazın dəyərini təşkil edən ( 1 m3 0,10 manatdan hesablanmaqla) 172,80 manat məbləğində pulun iddiaçıdan tutulması barədə qərar qəbul edilmişdir. xx.xx.2012-ci il tarixdə mövcud olan qaz sayğacı Smart G-4 İTRON tipli, 1202AQ**********1 qaz sayğacı ilə əvəz edilmişdir. İstifadə edilmiş maye qazın həcminə uyğun olaraq ödənişlər aparılmadığından həmin vaxt iddiaçının cavabdehə 151,60 manat məbləğində borcu yaranmışdır. Həm bu, həm də qeyd edilən 172,80 manat, cəmi 324,40 manat məbləğində pul 2012-ci ilin noyabr ayında borc qismində iddiaçının hesabına (saldosuna) daxil edilmişdir. Ötən dövr ərzində maye qazın alınması üçün smart karta yüklənən pulun ümumilikdə (1,50+2+4+4+2+4+5,50 = 23) 23 manat məbləğində hissəsi həmin borc məbləğindən silinmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən borcun xx.xx.2012-ci il tarixə hesablandığını, bu borcun tələb edilməsi üçün iddia müddətinin ötürüldüyünü bildirir və iddia müddətinin ötürülməsi səbəbindən borcun silinməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, 2013-cü ilin fevral və 2017-ci ilin dekabr aylarında iddiaçı tərəfindən karta yüklənən məbləğlərdən borca görə tutmaların aparıldığını, bununla da iddiaçının borc məbləğindən məlumatlı olduğunu, bu baxımdan iddia müddətini ötürdüyünü bildirir və iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər 5 il keçdikdən sonra qüvvəsini itirir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.2-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Məhkəmə, ilk növbədə qeyd edir ki, hər iki tərəf iddia müddətinin tətbiq edilməsini tələb edir. İddiaçı bu müddəti tətbiq etməklə iddianın təmin edilməsi, cavabdeh isə iddianın rədd edilməsini tələb edir. Halbuki, qüvvədə olan qanunvericiliyin bu məsələni tənzimləyən müddəalarının mənası və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən, habelə digər aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından hər iki tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Başqa sözlə, iddiaçı onun cavabdehə yaranmış borcunu iddia müddəti tətbiq edilməklə silinməsini tələb edə bilməz. Cavabdehin bu barədə ərizəsi əsasında iddianın rədd edilməsi isə istisna olunur. Eyni zamanda, nəzərə alınmalıdır ki, silinməsi tələb edilən borcun 172,80 manat hissəsi maye qazdan qaz xəttindən kənar, qanunsuz yolla istifadə edilməsi, yəni iddiaçının təqsirli, hüquqa zidd əməlləri nəticəsində yaranmış və cavabdehə vurulmuş zərər kimi qiymətləndirilən məbləğidir. İddiaçı həmin məbləğin cavabdeh tərəfindən əsassız olaraq hesablandığını mübahisələndirmir və bu məbləğin hesablanmasına səbəb olan aktın və onun əsasında qəbul edilmiş qərarın ləğvini tələb etmir. Bu məbləğin məhz iddia müddəti tətbiq edilməklə silinməsini tələb edir ki, bu da artıq qeyd edildiyi kimi hüquqi baxımdan mümkün deyil. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir. Silinməsi tələb edilən borcun qalan, yəni 151,60 manat hissəsi isə istifadə edilmiş maye qazın dəyərinin ödənilməməsi, yəni iddiaçı tərəfindən öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində və məhz xx.xx.2012-ci il, yəni Smart G-4 İTRON tipli, 1202AQ**********1 qaz sayğacı quraşdırılan tarixədək yaranmış borc məbləğidir. Belə ki, iddiaçının ünvanı üzrə xx.xx.2012-ci il tarixədək mexaniki sayğacdan istifadə edilməsi belə bir borcun yaranmasını istisna etmirdi. Bununla belə, iddiaçının ünvanına cavabdeh tərəfindən sayğacın quraşdırılması tarixindən etibarən tərəflər arasında müqavilə münasibətləri yaranmış və bu münasibətlər çərçivəsində cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5-də yerləşən 241 saylı fərdi yaşayış evini maye qazla təchiz etmək, iddiaçı isə istifadə edilmiş maye qazın həcminə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürmüşdür. Lakin iddiaçı üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməyərək, istifadə edilmiş maye qazın həcminə uyğun olaraq ödənişlər etməmiş, nəticədə cavabdehə borcu yaranmışdır. Cavabdeh də məhz bu münasibətlərə istinadən iddiaçıya 151,60 manat məbləğində borc hesablamış və hər dəfə iddiaçı tərəfindən maye qazın alınması məqsədi ilə aparılmış ödənişlərin müəyyən hissəsini bu borcun silinməsinə yönəldir. Lakin nəzərə alınmalıdır ki, 151,60 manat məbləğində borc xx.xx.2012-ci il tarixədək, yəni 10 ilə yaxın müddət bundan əvvəl yaranmış borc məbləğidir və bu xidmətlərə görə ödənişlər vaxtaşırı ödənişlərə aid edildiyindən Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbləri baxımından iddiaçının bu borcu ödənilməsi barədə tələbləri 5 il keçdiyindən artıq qüvvəsini itirmişdir. Bu səbəbdən cavabdeh hazırda bu borc üzrə tutma apara bilməz və iddiaçının bu borcun ödənilməsi üzrə öhdəliyinə müddət etibarı ilə xitam verilməlidir. Bu da öz növbəsində iddia tələbinin bu hissədə təmin edilməsi üçün əsas yaradır və bu məbləğin silinməsini şərtləndirir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5-də yerləşən 241 saylı fərdi yaşayış evi (abonent kodu **********00000) üzrə maye qazdan istifadə edilməsinə görə yaranmış 151.60 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. İddianın qiyməti nəzərə alınmaqla hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və İddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5-də yerləşən 241 saylı fərdi yaşayış evi (abonent kodu **********00000) üzrə maye qazdan istifadə edilməsinə görə yaranmış 151.60 (bir yüz əlli bir manat, altmış qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-1521/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1521/2022
20.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver