Məhkəmə qərarları › İş №2(001)-1534/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1534/2021

18.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1534/2021 18.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1975-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan bacısı – X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1975-ci il təvəllüdlü bacısı X4 uzun müddətdir ki, xəstədir və o, 9 saylı şəhər poliklinikasında dispanser qeydiyyatındadır. Dəfələrlə müalicələrdə olsa da, nəticəsi olmamış və ona “şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. O, uzunmüddətli müalicələrdə olsa da yaxşılaşma halı baş verməmişdir. X3 Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ümumi xəstəlik üzrə İ qrup əlillik dərəcəsi verilmişdir, əmək qabiliyyətsizidr və kənar şəxsin qulluğuna ehtiyacı vardır. O, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur, öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanında malik deyildir. Bacısına o baxır və qulluq edir. Bacısına qəyyum təyin edilməsi barədə o, İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməsi bildirilsə də ona rəsmi cavab verilməmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 16020882 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx xxx 1975-ci il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş, yaşayış yeri ünvan 1dir. 9 saylı şəhər Poliklinikası tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X4 həqiqətən 2006-cı ildən poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır. O, birinci qrup əlildir. Diaqnoz: şizofreniya, paranoid forma. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 148 saylı rəyindən görünür ki, X4 şizofreniya, paranoid forma psixi xəstəliyindən əziyyət çəkir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X2 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx xxx 1975-ci il tarixdə Ermənistan, Masis rayonunda doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxx 1975-ci il tarixdə Ermənistan, Masis rayonunda doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar