Məhkəmə qərarları › İş №2(001)-1537/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1537/2021

25.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1537/2021 25.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil1, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 nümayəndələri (vəkilləri) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin və etibarnamənin etibarsız hesab edilməsi” barədə ilkin və Cavabdeh2 və Cavabdeh1 İddiaçı və Cavabdeh3nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şirinov X6 Elxan Əhməd oğluna və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvəzindən etibarnamə üzrə Cavabdeh2 Vahid oğlu ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin və onun tərəfindən Cavabdeh2 Vahid oğluna verilmiş Bakı şəhəri 22 saylı notariat ofisində 17. Mart 2017-ci il tarixdə 1663 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Zaman X10 ilə 2016-cı ilin təxminən iyul-avqust aylarında alqı-satqı müqaviləsi bağlamış, həmin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsində yerləşən 58 saylı binanın 15 saylı mənzilinin dəyərini tam şəkildə Zaman X5 ödəməklə müəssisədən almışdır. Alqı-satqı müqaviləsinə əsasən həmin mənzil tam olaraq ona məxsusdur. Bir müddət sonra Cavabdeh2 aralarında olan münasibətlərdən istifadə edərək, onu xoş sözlərlə ələ alaraq özünə etibarnamə verməsini istəmişdir. Ona inanıb 17 mart 2017-ci il tarixdə Bakı səhəri 22 saylı notariat ofisində etibarnamənin məzmunu ilə tanış olmadan Elxana etibarnamə vermişdir. Müəyyən müddətdən sonra Elxan tərəfindən aldadıldığını, onun (Cavabdeh2) həmin etibarnamədən sui-istifadə edərək təxminən 2020ci ilin əvvəllərində ona məlumat vermədən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsində yerləşən 58 saylı binanın 15 saylı mənzilini həmin etibarnamə əsasında qanunsuz və əsassız olaraq iş üzrə digər cavabdehə satmış və satışdan əldə olunan vəsaiti tam olaraq mənimsəmişdir. Müqavilə bağlanarkən Elxan ona heç bir pul vəsaiti verməmişdir. Etibarnaməni alandan sonra Elxan həmin mənzilin sənədlərini də ondan xəbərsiz götürmüşdür. Elxandan mənzilin sənədlərini istəsə də, o sənədləri qaytarmamış, tələbləri olmasını, tələblərini yerinə yetirməsə mənzili ona verməyəcəyini demiş, lakin tələblərini bildirməmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, həmin mənzil Cavabdeh2 yoldaşının adınadır. Belə ki, 2020-ci ilin əvvəllərində Cavabdeh2 həmin mənzili iş üzrə ikinci Cavabdeh1 ilə birlikdə ələ keçirmişdir. Cavabdeh2 onun adından həmin etibarnamədən sui-istfadə edərək, ona heç bir məlumat vermədən, etibarnamə əsasında Cavabdeh1 ilə müqavilə bağlamış və həmin mənzili Könülün adına rəsmiləşdirmişdir. Nəticə etibarı ilə bütün bu əməliyyatlardan onun heç bir məlumatı olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh2 və X11 isə İddiaçı və Cavabdeh3nə qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilinə dair Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 07 mart 2011-ci il tarixli, 10 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ilkin iddiada qeyd olunanlar tamamilə yalandan ibarət olduğundan onu qəbul etmirlər. Onlar Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilini Zaman X2 təxminən 2016-cı ildə əvvəllər ev alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdıqları və yaxın münasibətlərdə olduqları İddiaçı vasitəsilə almışlar. Belə ki, onlar əvvəllər Rusiya Federasiyasında yaşamış, Bakıya ildə bir-iki dəfə gəlmişlər. Ona görə də həmin mənzili ilk dəfə olaraq Zaman X2 Vahidin adına rəsmiləşdirmişlər. Mənzilin pulunu onlar Vahidə vermişlər. Mənzilin dəyərinin bir hissəsi olan 65000 manat pulu Vahidə Bakıda bir neçə şəxsin iştirakı ilə şəxsən özünə vermişlər. Bundan başqa isə mənzilin müqavilədə olan dəyəri olan 36000 manat pulu Vahidin sözünə əsasən Zaman X5 ödəmişlər. Daha sonra onlar Vahiddən həmin mənzilə dair adlarına etibarnamə verməsini istəmişlər. Vahid həmin mənzilə dair Cavabdeh2 adına 17 mart 2017-ci il tarixdə etibarnamə vermişdir. Vahid ilə yaxın münasibətləri olduğundan və ondan etibarnamə almalarına baxmayaraq mənzilin öz adlarına sənədləşdirməsinə də tələsməmişlər. Lakin Vahid onlara 2020-ci ilin əvvəllərində təkid edərək demişdir ki, bu dünya ölüm itim dünyasıdır, bilmək olmur insanın başına nələr gələ bilər, ona görə də mənzilinizi öz adınıza sənədləşdirin. Elxan da Vahidin bu sözünə görə, həmin etibarnamə ilə mənzili 23 yanvar 2020-ci il tarixdə arvadı Könülün adına sənədləşdirmişdir. Göründüyü kimi, mübahisəli mənzilə dair Vahidin istinad etdiyi 07 mart 2011-ci il tarixli 10 saylı müqavilə formal xarakterli müqavilə olmuşdur. Yəni, həmin mənzilin əsl mülkiyyətçisi İddiaçı deyil, onlar olmuşlar. Ona görə də İddiaçı özü ev alqı-satğısı ilə məşğul olduğu, tam anlaqlı və fəaliyyət qabiliyyətli insan olduğu halda Əhmədovların onu hər-hansısa qaydada aldatmaları, ondan aldatma yolu ilə etibarnamə almaları və onun mənzilini mənimsəmələri gülünc məsələdir. İddiaçının iddia tələbinin yalan olması onda da təsdiq olunur ki, o iddia tələbində mənzili 2016-cı ilin iyul-avqust aylarında almasını bildirməsinə baxmayaraq işdə olan sənədlərdən onun adına olan müqavilənin tarixinin 07 mart 2011-ci il olduğu aydın olur. Bütün bunlar Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilinə dair Zaman X10 ilə İddiaçı arasında bağlanmış 07 mart 2011-ci il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməli olduğunu göstərir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək onun təmin olunmasını, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Zaman X10 ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsində yerləşən 58 saylı binanın 15 saylı mənzilə dair alqı-satğı müqaviləsini 2016-cı ilin təxminən iyul-avqust aylarında bağlamışdır. Alğı-satqı müqaviləsi onun adına sənədləşdirilsə də, əslində mənzil Rasimin puluna alınmış və Rasimə məxsus olmuşdur. Bir müddət sonra Rasimin tapşırığı ilə Vahid Elxana etibarnamə vermişdir. Sonradan Elxan həmin etibanamə ilə mənzili arvadı Könülün adına keçirmişdir. Müqavilə bağlanarkən Elxan ona pul verməmişdir. Qarşılıqı iddia ərizəsini isə tam əsassız hesab edir. Ona görə ki, Elxan və ya Könül heç vaxt mənzilin sahibi olmayıblar. İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 bənzər məzmunda izahat verərək, ilk iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 təmsil etdiyi şəxslərin iddiasını müdafiə edərək təmin edilməsini, ilk iddianın isə rədd olunmamasını xahiş etmiş, izahatında həmçinin göstərmişdir ki, ilk iddiaçı ev alqı-satğısı ilə məşğuldur, bu mənada Əhmədovların onu hər-hansısa qaydada aldatmaları, ondan aldatma yolu ilə etibarnamə almaları və onun mənzilini mənimsəmələri gülünc məsələdir. Mənzilin əsl mülkiyyətçisi ilk iddiaçı deyil, Əhmədovlardır. İlk iddia iddiaçının özünün də izahatları ilə təkzib olunur. Belə ki, ilk iddiaçının özü də məhkəmə iclasları zamanı verdiyi izahatlarında müqaviləni formal olaraq bağladığını etiraf etmişdir. Qarşılıqlı iddiaya gəldikdə isə, həmin iddia məhz qeyd edilən hala – yəni, İddiaçı adına bağlanmış müqavilənin formal olmasına əsaslanmaqdadır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ilk iddianı qəbul etməyək, qarşlıqlı iddianı isə müdafiə edərək izahatında bildirmişdir ki, o, İddiaçı 30 ildir tanıyır. Onlar dost olmuşlar. O, ev almaq üçün ona pul vermişdir. Sonra isə o evi almışdır. Evi alan zaman sənədləşməyə çox vaxt gedəcəyi üçün ona etibarnamə verdi ki, nə vaxt vaxtı olsa sənədləşməni aparsın. O da Rusiyaya getmişdir. O, Vahidə müraciət edəndə ki, o onlara düzgün etibarnəmə verməmişdir, başqa etibarnamə versin, o ona demişdir ki, get evi öz adınıza sənədləşdir. Bundan sonra o, evi yoldaşının adına sənədləşdirmişdir. O, Rusiyada olduğu müddət ərzində Vahidlə dəfələrlə danışmışdır. Həmin müddət ərzində də münasibətləri normal olmuşdur. Həmin vaxt onların xəbəri olmadan Vahid onları məhkəməyə veribmiş. Yoldaşı bu işlə əlaqdar Cavabdeh3 MTK-ya yaxınlaşmış, ona bildirmişlər ki, Vahid onlara deyib ki, ödənişlər edilib, narahat olmayın. Lakin biz Cavabdeh3 MTK-nın nümayəndəsindən məhkəmədə həmin nüansları deməsini istədikdə o onlardan bunun qarşılığında pul istədi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, pulu Rusiyadan gəlib Vahidə vermişdir. Onlar pulu əvvəldən vermişlər. Onlar evin nə vaxt veriləcəyini bilməmişlər. Şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Rasim Mürsəlovun arvadıdır. 2016-cı ildə tanış olmuşlar. Vahidlə Rasim uşaqlıq dostudurlar. Rasim Rusiya vətəndaşıdır. Rasimlə ailə qurandan sonra Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, 58 saylı evin 15 saylı mənzilinə gəlin köçərək bu mənzilə öz cehiz əşyalarını gətirmişdir. Mənzildə özü yaşayır. Bakı şəhərinə gəlib gedəndə həmin mənzildə qalır. Onun və iki uşağının əşyaları həmin mənzildədir. Bakıda olmayanda mənzili Vahidə tapşırırlar. Ona görə də onun da bəzi əşyaları mənzildə ola bilər. Vahid Elxana etibarnamə vermişdi ki, həmin onun adına keçirtsin. Buna (etibarnamə verməyə) onlar icazə vermişlər. X13 arasında mübahisələri olandan sonra 2020-ci ildə Elxan mənzili arvadı Könülün adına keçirmişdir. O, keçən ilin sentyabr ayından Bakı şəhərinə gəlmişdir. Şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, Rasimin bacanağıdır. 2016-cı ildə Rasim Zeynəblə ailə qurmuş və Zeynəb Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilinə gəlin köçərək öz cehiz əşyalarını bu mənzilə gətirmişdir. Onun qızı da 2 ay Rasimə məxsus həmin mənzildə qalmışdır. Elxanın apardığı alğı-satqıdan məlumatsızdır. Şahid qismində ifadə vermiş X12 ifadəsində bildirmişdir ki, Zeynəbin bacısı oğludur. Zeynəb Bakı şəhərində olmayanda mənzilə gəlib gedib-gedərək nəzarətdə saxlamışdır. Çünki həmin vaxt Vahid rayonda yaşayırdı. 2020-ci ildə 20 gün Zeynəb və Rasimin mənzilində yaşamışdır. Etibarnamədən və alğı-satqıdan məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə Cavabdeh3 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, Cavabdeh3 tərəfindən məhkəməyə göndərilmiş “2(001)-1537/2021 saylı mülki iş üzrə Münasibət” adlandırılan 08 iyun 2021-ci il tarixli 43 saylı ərizədə qeyd edilmişdir ki, İddiaçı ümumi sahəsi 80 (səksən) kv.metr təşkil edən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzili 36.000 (otuz altı min) manat olan dəyərini X4 ödəyərək, 19 iyul 2016-cı il tarixdə satın almışdır. Qanunvericilikdə nəzərdə tutulmuş hüquqi prosedurlar həyata keçirilərək, qeyd edilən mənzilə dair Cavabdeh3 ilə İddiaçı arasında 10 saylı müqaviləyə imzalanmış və həmin müqavilə ilə mənzil sonuncunun adına rəsmiləşdirilərək, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqverici sənədlər, o cümlədən müqavilə, kassa mədaxil orderi və maliyyə arayışı İddiaçı təqdim edilmişdir. İddiaçı mənzili mülkiyyətinə qəbul etdikdən sonra qeyd edilən mənzildə təmir işlərinə başlamış, mənzildə təmir işləri təxminən 4 ay müddətində aparılmışdır, təmir başa çatdıqdan sonra İddiaçı ailəsi ilə birlikdə bu günə qədər qeyd edilən mənzildə yaşayır. Cavabdeh3 ilə İddiaçı arasında müqavilə tərtib edilərkən müqavilədə müqavilə tarixinin 19 iyul 2016-cı il əvəzinə texniki səhvə yol verilərək, səhvən 07 mart 2011-ci il kimi qeyd edilmişdir. Bununla bağlı İddiaçı Cavabdeh3 EİM-nə 18 sentyabr 2016-ci il tarixli ərizə təqdim edərək, müqavilənin tarixi hissəsində düzəlişin edilməsini xahiş etmiş, nəticədə İddiaçı ilə Cavabdeh3 EİM-i arasında 20 sentyabr 2016-cı il tarixli, “10 saylı 07 mart 2011-ci il tarixli müqaviləyə əlavələrin edilməsinə dair” əlavə Razılaşma imzalanmış, razılaşma müqavilənin tərkib hissəsi hesab edilərək, razılaşmaya əsasən müqavilənin tarixi “19 iyul 2016-cı il” hesab edilmişdir. Həmçinin, İddiaçı 22 mart 2017-ci il tarixdə Cavabdeh3 EİM-nə gələrək ərizə ilə təqdim edərək bildirmişdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzilə Çıxarışın və texniki pasportun verilməsinə dair ərizə ilə Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət etmişdir, səhhətində yaranmış problemlərlə əlaqədar müalicə olunmaq üçün Rusiya Federasiyasına gedir, Çıxarışın və texniki pasportun verilməsi üçün nəzərdə tutulan yerli baxışlarda iştirak edə bilməyəcəyini, həmçinin həmin vaxt həyat yoldaşının da rayonda olacağını nəzərə alaraq yaxın dostu Rasimin məsləhəti ilə ünvan 1 ünvanda qeydiyyatda olan Rasimin yeznəsi Cavabdeh2 22 saylı notariat kontorunda etibarnamə vermiş və sonuncunun qeyd edilən mənzilə daxil olmasına şəraitin yaradılmasını xahiş etmişdir. 2020-ci ilin yanvar ayında Cavabdeh2 Cavabdeh3 EİM-nin Kazımovski küçəsi, 58 ünvanda yerləşən ofisinə gələrək 17 mart 2017-ci il tarixli, AR-İ № 471315 nömrəli Etibarnaməyə əsasən İddiaçı təmsil etdiyini və 10 saylı müqaviləyə əsasən İddiaçı məxsus olan Kazımovski küçəsi, 58 saylı evin 15 saylı mənzilinin Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. Cavabdeh2 tərəfindən təqdim edilmiş etibarnamənin və mənzilə dair hüquqverici sənədlərin əsillərini nəzərdən keçirərək Binəqədi rayonu, Kazımovski küçəsi, ev 58, 15 saylı mənzil 23.01.2020-ci il tarixli 10 saylı müqavilə ilə ünvan 2 ünvanda yaşayan Cavabdeh1 adına rəsmiləşdirilmişdir, Cavabdeh3 EİM-si ilə İddiaçı arasında imzalanmış 10 saylı müqavilənin, maliyyə arayışının və etibarnamənin əsilləri Cavabdeh2 götürülməklə, mənzilə dair yeni hüquqverici sənədlər Cavabdeh1 təqdim edilmişdir. O ki qaldı qarşılıqlı iddiada qeyd edilən Cavabdeh3 EİM-si ilə İddiaçı arasında imzalanmış 10 saylı müqavilənin formal xarakterli olmasına və 36.000 manat pulun Cavabdeh2 tərəfindən Cavabdeh3 EİM-nə ödənilməsinə, bununla bağlı bilirmişlər ki, Cavabdeh2 tərəfindən Cavabdeh3 EİM-nə heç bir vəsait ödənilməmişdir, qarşılıqlı iddiaçıların dedikləri əsassız və yalandır. Belə ki, mübahisəli mənzilin İddiaçı adına rəsmiləşdirilməsində Cavabdeh3 EİM-i satıcı olmayıb, yəni İddiaçı mənzili Cavabdeh3 EİM-dən satın alınmayıb ki, Cavabdeh3 EİM-nə pul ödənilsin, mənzilin əvvəlki mülkiyyətçisi X9 olub, onlarda olan məlumata görə mənzilin dəyəri İddiaçı tərəfindən Yeganə İsmayılovaya tam ödənilib, bununla da İddiaçı həmin mənzili 19 iyul 2016-cı il tarixdə satın alıb, mənzilin əvvəlki mülkiyyətçisi X9 ilə İddiaçı arasında olan münasibətlərdə Cavabdeh3 EİM-in heç bir iştirakı olmamışdır. Həmçinin, mübahisəli mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsində Cavabdeh2 etibarnamə əsasında çıxış edərək, İddiaçı təmsil edib, mənzilin alıcısı qismində isə Cavabdeh1 çıxış edib, belə olan təqdirdə, mənzil mülkiyyətçisi hesab olunan Vahid Əhmədovu təmsil edən şəxsin mənzil üçün Cavabdeh3 EİM-nə pul ödəməsi nəqədər məntiqə uyğun olur?. Göründüyü kimi bunula da sübut olunur ki, qarşılıqlı iddiaçıların Cavabdeh2 36.000 manat pulun Cavabdeh3 EİM-nə ödənilməsinə dair iddiaları yalan və böhdandır, Cavabdeh2 etibarnaməni istifadə edərək İddiaçı məxsus mənzili həyat yoldaşnın adına rəsmiləşdirməklə, faktiki olaraq şəxsi maraqlarını təmin etməklə özününküləşdirmişdir. İddiaçı 2021-ci ilin yanvar ayında Cavabdeh3 EİM-nə verdiyi məlumatla məlum olmuşdur ki, ona məxsus olan mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsindən xəbəri və məlumatı olmamışdır, Cavabdeh2 İddiaçı etibarından sui-istifadə edərək mənzili öz həyat yoldaşının adına rəsmiləşdirmişdir, bununla bağlı İddiaçı 17 mart 2017-ci il tarixli, AR-İ № 471315 nömrəli Etibarnaməni ləğv etdirərək, Cavabdeh1 ilə Cavabdeh3 EİM-si arasında imzalanmış 23.01.2020-ci il tarixli 10 saylı müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən mənzilin 2020-ci ildə Cavabdeh1 adına rəsmiləşdirilməsinə baxmayaraq, İddiaçı mübahisəli mənzili 2016-cı ildə aldıqdan, şəxsən təmir etdirdikdən sonra, hal-hazırda da qeyd edilən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır, xidmətlər üzrə ödənişlər İddiaçı tərəfindən aparılır. Bütün bunlara əsasən, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi, 58 saylı evin, 15 saylı mənzilinə dair Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış 07.03.2011-ci il tarixli, 10 saylı müqavilənin etibarsız hesab edilməsinə barədə məhkəməyə təqdim etdiyi iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri təmin olunmamalıdır. Belə ki, Cavabdeh3ndən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, həmin müəssisə ilə Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Kazımovski küçəsi 58 saylı evin 15 saylı mənzilinə dair 23.01.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqavilədə mənzilin dəyəri 36000 manat olaraq qeyd edilmiş, 15-ci bənddə isə dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh3 ödəniş cədvəlində və maliyyə arayışında da mənzilin dəyərinin tam ödənildiyi göstərilmişdir. Cavabdeh3 tərəfindən həmçinin İddiaçı həmin mübahisəli mənzilə dair Cavabdeh2 adına verdiyi 17.03.2017-ci il tarixli etibarnamə, o cümlədən üstləri cızıqlanmaqla həmin müəssisə ilə İddiaçı arasında mübahisəli mənzilə dair 07.03.2011-ci il tarixdə bağlanmış müqavilə, mənzilin dəyərinin tam ödənildiyini əks etdirən eyni tarixli kassa mədaxil qəbzi və ödəniş cədvəli də əlavə olunmuşdur. Həmin sənədlərdən aydın olur ki, İddiaçı Bakı şəhəri 22 saylı notariat kontorunda təsdiq edilmiş 17.03.2017-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh2 Cavabdeh3 tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbi Kazımovski küçəsində inşa edilən yaşayış binasında 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 80 kv.m., o cümlədən yaşayış sahəsi 44,3 kv.m., qeyri-yaşayış sahəsi 35,7 kv.m. olan 2 otaqdan ibarət mənzili özəlləşdirməyi, yüklülük barədə (forma 1) arayşı, 2 nömrəli formada arayış almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, ərizə yazmağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün əməliyyatları etməyi 10 il müddətinə (qüvvədə olma tarixi 17.03.2027-ci il) etibar etmişdir. İddiaçı mübahisəli mənzilinin dəyərini tam şəkildə Cavabdeh3nə ödəməklə müəssisədən aldığını, həmin mənzilin ona məxsus olduğunu, yaxşı münasibətdə olduğu Cavabdeh2 inanıb məzmunu ilə tanış olmadan ona 17 mart 2017-ci il tarixdə Bakı şəhəri 22 saylı notariat ofisində etibarnamə verdiyini, sonuncunun isə mənzili həmin etibarnamə əsasında qanunsuz və əsassız olaraq arvadı Cavabdeh1 adına rəsmiləşdirdiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüş, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1 - 337.3, 339.2-ci və 339.2 – 339.3-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 363.1-ci maddəsinə əsasən bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə) istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən, notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. İşin hallarından göründüyü kimi, ilk iddiaçının etibarsız sayılmasını tələb etdiyi etibarnamə qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmamışdır. Əksinə, işin hallarından aydın olur ki, etibarnamə verilərkən tərəflər səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi məhz etibarnamə verilməsinə yönəlmiş, etibarnamə konkret məqsədlə verilmiş, etibarnamə forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Bundan əlavə, ilk iddiaçı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında (həmçinin iddia ərizəsinin məzmununda da müşahidə etmək mümkündür) onun Cavabdeh2 tərəfindən xoş sözlərlə ələ alındığını, etibarnaməni onun məzmunu ilə tanış olmadan verdiyini və bununla da etibarından sui-istifadə edilərək aldadıldığını bildirmiş, daha sonra isə verdiyi izahatlarında bildirmişdir ki, o, etibarnaməni Rasimin tapşırığı ilə mənzilin məhz Rasimin adına rəsmiləşdirilməsi üçün vermişdir. Göründüyü kimi, izahatlar arasında kəskin ziddiyyətlər mövcuddur və bunlar da iddiaçının verdiyi izahatların həqiqəti əks etdirməsinə əsaslı şübhələr yaradır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir edilənləri ümumiləşdirilərək məhkəmə belə nəticəyə gəlir ki, ilk iddiaçının iddia tələbinin “etibarnamənin etibarsız hesab edilməsi” hissəsi təmin edilməməlidir. Məhkəmə ilk iddia tələbinin digər hissəsi ilə əlaqədar qeyd edir ki, ilk iddiaçı “Cavabdeh2 Vahid oğlu (ilk iddiaçının əvəzindən) ilə Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi”ni tələb etsə də, lakin ilk iddiaçı həmin müqavilənin mövcudluğu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (AR MPM maddələr 77.1. və 14.2) Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, əgər müqavilə məhkəməyə təqdim olunsaydı belə, məhkəmənin zənnincə iddia tələbi bu hissədə təmin edilə bilməzdi. Belə ki, məhkəmə tədqiqatı zamanı ilk iddiaçı əvvəlki məhkəmə iclaslarında, habelə iddia ərizəsində qeyd olunan müqavilənin etibarsızlığının əsası kimi məhz özü tərəfindən verilmiş etibarnamənin etibarsızlığı ilə əlaqələndirsə də, daha sonra ümumiyyətlə həmin mənzilin formal olaraq onun adına rəsmiləşdirilməsini, əslində həmin mənzilin Cavabdeh1 qardaşı olduğu bildirilən Rasim adlı şəxsin pulu ilə alınmasını və ona məxsus olması hallarını irəli sürmüş, bu halları sübut etmək üçün məhkəməyə vəsatətlə müraciət edərək, şahidlərin dindirilməsini xahiş etmişdir. İlk iddiaçının qeyd etdiyi faktları şahidlər təsdiqləsə də, lakin məhkəmə həmin şahidlərin ifadələrini hər hansı formada mötəbər sübut kimi qiymətləndirə bilməz. Belə ki, iddia verildiyi vaxtdan ilk iddiaçının özünün verdiyi izahatların məntiqi ardıcıllıqla bir-birini tamamlamaması, şahidlərin ifadələri də ilk iddiaçının sonradan verdiyi izahatlarla bəzi məqamlarda eyni məzmunda olması və eyni zamanda ziddiyyətli olması qeyd olunan halların düzgünlüyünə inam yarada bilməmişdir. Eyni zamanda ilk iddiaçının qeyd etdiyi nüansları Cavabdeh3 X14 də təkzib etmiş və mübahisəli mənzilin məhz İddiaçı satıldığını, onun tərəfindən təmir edildiyini, təmirin bitməsindən bu günə qədər həmin mənzildə yaşadığını (bu halı ilk iddiaçının özü də məhkəmə iclasında qeyd etmişdir) bildirmişdir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı isə qeyd edir ki, qarşılıqlı iddiaçılar həmin mənzili İddiaçı vasitəsilə aldıqlarını, mənzilə görə 65000 manat pulu İddiaçı ödədiklərini, bununla da 07 mart 2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin ilk iddiaçı ilə formal olaraq bağlandığını bildirərək, 07 mart 2011-ci il tarixli müqavilənin etibarsızlığını irəli sürsələr də bu hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi, qarşılıqlı iddiaçıların iddialarının əsasları formal mülahizələrdən ibarət olmaqla, özözlüyündə əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə Cavabdeh3 Elmi-İstehsalat Müəssisəsi iddiaya münasibət ərizəsində 07 mart 2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin tarixində texniki yanlışlıq olduğunu, bu səbəbdən müqaviləyə əlavə və dəyişikliklər edilərək müqavilənin tarixinin “19 iyul 2016-cı il” hesab edildiyini qeyd etsə də, bununla bağlı hər hansı sübutu ərizəsinə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia və qarşılıqlı iddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin və etibarnamənin etibarsız hesab edilməsi” barədə ilkin və Cavabdeh2 və Cavabdeh1 İddiaçı və və Cavabdeh3nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbləri təmin edilməsinlər. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar