Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-154/2024 11.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “magistral su xəttinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək, xəttin qanunla müəyyən edilmiş mühafizə zonasının boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2ndən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 2 ədəd hər birinin diametri 1420 mm olan magistral su kəmərlərinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsinə, xəttlərin mühafizə zonalarının boşaldılmasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri əhalisinin, dövlət, özəl və ictimai obyektlərinin içməli su ilə təchiz edilməsi gündəlik həyatı üçün mühüm əhəmiyyətə malikdir. Şəhərin içməli su ilə fasiləsiz və təhlükəsiz təmin edilməsi üçün su təchizatını təmin edən magistral su kəmərlərinin, kanalizasiya xidmətinin lazımi qaydada təşkil üçün isə kollektorlar və təzyiq xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Magistral su xətlərinə texniki baxış keçirilən zaman Cavabdeh tərəfindən "Su təchizatı və tullantı suları haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanunlarının və digər normativ hüquqi aktların tələbləri kobud qaydada pozulmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsindən keçən hər birinin diametri 1400 mm olan "Ceyranbatan orta" və "Kür-SNS" magistral su kəmərinin mühafizə zonasında tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Yuxarıda adı çəkilən özbaşına tikilinin inşası nəticəsində xətlərin böyük hissəsinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi qeyri-mümkün olmuşdur. Bu da "xxxx" ASC-nin nizamnamə üzrə müəyyən edilmiş funksiyalarının icrasında çətinliklər yaratmaqla yanaşı potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə səbəb olmaqla onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacaqdır. Bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsinə və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Eyni zamanda "xxxx" ASC-yə qarşı dəymiş ziyanın ödənilməsinə və digər tələblərlə məhkəmə iddialarının qaldırılmasına yol açır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına iştirak etməmişdir.
5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. İddiaçı ASC-nin “Bakı Sukanal” İdarəsinin Su təchizatı sistemlərinin istismarı şöbəsinin rəisi Əhmədov Qəhrəman, Magistral xətlərin istismarı sahəsinin rəisi ibrahim Allahquliyev və Su təchizatı sistemlərinin istismarı şöbəsinin mühəndisi Ağadadaş Məsimli tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilən aktdan görünür ki, İddiaçı ASC-yə məxsus Bakı şəhəri, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsindən keçən diametri 1400 mm olan SNS, “Ceyranbatan sol” və “Ceyranbatan orta” magistral su kəmərlərinə texniki baxış keçirilən zaman kəmərin mühafizə zonasında mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla özbaşına tikili inşa edildiyi aşkar edilmişdir. İnşa edilmiş tikili səbəbindən xəttə lazımı texniki xidmətin göstərilməsi mümkünsüz olmaqla yanaşı tikilidən istifadə edənlər üçün də, təhlükə yaradır. Sözügedən tikilinin X1 aid olduğu müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Bakı Sukanal” İdarəsi tərəfindən Yusifova (Abbasova) Vüsalə Nadir qızına ünvanlanan xx.xx.2022-ci il tarixli 01-xx/xx/1944 saylı xəbərdarlıqdan ünvanlanmış və ona AR CM-nin 222-2-ci maddəsinin tələbləri izah edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5698 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli, 109 nömrəli qərarı ilə təstiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi" qaydalarında qeyd olunanlara və "Su təhcizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 70-ci maddəsində qeyd olunanlara əsasən, magistral sunəqledici kəmərlərin, su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallara, boru kəmərlərinə münasibətdə mühafizə zonasının nəzərdə tutulduğu müəyyən edilir. Cavabdeh məxsus olduğu iddia edilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin diametri 1420mm olan "Ceyranbatan orta" magistral su kəmərindən 1,3 metr, SNS magistral su kəmərindən 5,4 metr aralıda yerləşməklə magistral su kəmərlərinin arasında qalan sahədə inşa edildiyi müəyyən edilmişdir. Sözügedən tikilinin diametri 1420mm olan "Ceyranbatan orta" magistral su kəmərindən 1,3 metr aralıda inşa edilməsini nəzərə alaraq, həmin tikilinin magistral su kəmərinin mühafizə zonası daxilində yerləşdiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manatdır.
9. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. Cavabdehə məxsus olan və magistral su kəmərinin mühafizə zolağı daxilində yerləşdiyi iddia edilən tikili iddiaçının nümayəndələri tərəfindən aşkar edilmişdir. Tikilinin cavabdehin faktiki sahibliyində olması iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş aktla təsdiq edilir.
11. İddiaçı cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edildiyi və müvafiq icazələr alınmadan su kəmərinin mühafizə zonasında tikinti işlərinin aparıldığını iddia edir və həmin tikilinin cavabdehin hesabına sökülərək, ərazidən çıxarılmasını xahiş edir.
12. Mübahisənin obyektiv həlli üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/5698 saylı rəyi ilə Cavabdeh məxsus olduğu iddia edilən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin diametri 1420mm olan "Ceyranbatan orta" magistral su kəmərindən 1,3 metr, SNS magistral su kəmərindən 5,4 metr aralıda yerləşməklə magistral su kəmərlərinin arasında qalan sahədə inşa edildiyi müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
13. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
14. 22-ci maddəsinin 2-ci bəndində qeyd edilmişdir ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.
15. 22-ci maddəsinin 5-ci bəndində qeyd edilmişdir ki, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
16. 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.
17. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası qanununun 70-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir:
18. a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək;
19. b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 21 avqust tarixli, 109 nömrəli qərarıilə təstiq edilmiş "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydalarının:
21. 1-ci bəndinə əsasən bu Qaydalar "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 858 nömrəli Fərmanına əsasən hazırlanmışdır.
22. 2-ci bəndinə əsasən hidrotexniki qurğuların mühafizə zonaları onlara bitişik, üzərində təbii ehtiyatların İstifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilən ərazilərdir.
23. 3-cü bəndinə əsasən bu ərazilərdə xüsusi rejimə əməl edilməsi, hidrotexniki qurğuların texniki və istismar vəziyyətinin yaxşılaşdırılması, sahilyanı ərazilərin abadlaşdırılması və mühafizə tədbirləri kompleksinin həyata keçirilməsi, hidrotexniki qurğuların təhlükəsizliyinin təmin edilməsinə müvafiq təminat yaradır.
24. 6-cı bəndinə əsasən hidrotexniki qurğuların təhlükəsizliyi üzrə təsnifatından asılı olaraq onların ətrafında mühafizə zonalarının ölçüləri aşağıdakı kimi qəbul edilir:
25. 6.1.2. Kanallar, kollektorlar, magistral sunəqledici kəmərlər və tunellər boyu onların suburaxma qabiliyyətindən asılı olaraq: 10 kub. m/san qədər olduqda - 10 m; 10- 30 kub. m/san olduqda - 25 m; 30-50 kub. m/san olduqda - 60 m; 50 kub. m/san-dən artıq olduqda - 100 m. məsafədə.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
27. “X4rşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.
28. Həyata qarşı ehtimal olunan hər bir təhlükə Konvensiya üzrə dövlət orqanlarının üzərinə həmin riskin qarşısını almaq üçün konkret tədbirlər görmək öhdəliyini qoymasa da, məsələn, əgər müəyyən edilsə ki, dövlət orqanları insanın və ya insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar idilər və ya xəbərdar olmağa borclu idilər və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görməyiblər, o halda vəziyyət fərqlidir (müvafiq dəyişiklərlə X2rşı məhkəmə işi üzrə xx.xx.1998-ci il tarixli qərar, Rezorts 1998-Vİİİ s.3159.b.116).
29. “Kalvelli və Çiqlio İtaliyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur.
30. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin diametri 1420mm olan "Ceyranbatan orta" magistral su kəmərindən 1,3 metr, SNS magistral su kəmərindən 5,4 metr aralıda yerləşməklə magistral su kəmərlərinin arasında qalan sahədə inşa edildiyi müəyyən edilmişdir. Sözügedən tikilinin diametri 1420mm olan "Ceyranbatan orta" magistral su kəmərindən 1,3 metr aralıda inşa edilməsini nəzərə alaraq, həmin tikilinin magistral su kəmərinin mühafizə zonası daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin nə torpaq sahəsinə dair, nə də torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədi yoxdur.
31. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, belə nəticəyə gəlir ki, cavabehə məxsus fərdi yaşayış evi ünvan 2ndə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 2 ədəd hər birinin diametri 1420 mm olan magistral su kəmərlərinin mühafizə zonasında yerləşdiyindən cavabdehin hesabına sökülərək, ərazidən çıxarılmalıdır. Tətbiq edilən prosessual normalar:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 2 ədəd hər birinin diametri 1420 mm olan magistral su kəmərinin mühafizə zonasında "Ceyranbatan orta" magistral su kəmərindən 1,3 metr, SNS magistral su kəmərindən 5,4 metr aralıda yerləşməklə magistral su kəmərlərinin arasında qalan sahədə ünvan 3 ünvanında inşa edilən Cavabdeh məxsus fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır.
34. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (əlli) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 2 ədəd hər birinin diametri 1420 mm olan magistral su kəmərinin mühafizə zonasında "Ceyranbatan orta" magistral su kəmərindən 1,3 metr, SNS magistral su kəmərindən 5,4 metr aralıda yerləşməklə magistral su kəmərlərinin arasında qalan sahədə ünvan 3 ünvanında inşa edilən Cavabdeh məxsus fərdi yaşayış evi cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev