Məhkəmə qərarları › İş №2(001)-1604/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1604/2022

26.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1604/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik yerüstü neft kəmərinin yeraltı keçən hissəsinin 4-cü km-də, 39 T 0399045; 447790 saylı kordinat üzrə, kəmərdən təqribən 1.2 metr aralı məsafədə, 1-cı sırada kəmərə paralel, mühafizə zonası daxilində içərisində yaşayış olan evin həyətyanı sahəsinin ön hissəsində, mövcud hasar formasında düzülmüş mişar daşlarının arxa hissəsində 2 mişar daşı hündürlüyündə, 20 metr uzunluğunda yeni hasar tikintisi işlərinin aparılması faktı cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Hazırki mülki iş üzrə iddia ərizəsində iddiaçı tərəfindən Cavabdeh qarşı iddia qaldırılmış olsa da, cavabdehin qeydiyyat ünvanı barədə hər hansı sənəd iş materiallarına əlavə edilməmiş, cavabdehin faktiki ünvanı kimi mövcudluğu müəyyən edilməyən və iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq edilməyən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi qeyd edilmişdir. Məhkəmə tərəfindən isə Elektron Məhkəmə İnformasiya Sistemindən(AZE MİS) istifadə etməklə cavabdehin rəsmi qeydə alındığı yeri müəyyən etmək mümkün olmamışdır. Belə ki, cavabdehlə bağlı hər hansı məlumat Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmir. Lakin cavabdehin prosessual qanunvericiliyə əsasən lazimi qaydada xəbərdar edilməsi işə mahiyyəti üzrə baxılması üçün vacib amillərdən biridir. Çünki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri çəkişmə prinsipidir. Ona görə də çəkişmə prinsipinin təmin edilməsi üçün, dolayısı ilə məhkəmə bildirişinin ehtimal olunan ünvanda yaşayan şəxsə deyil, konkret olaraq cavabdeh kimi cəlb edilmiş şəxsə(dəqiq rekvizit məlumatları göstərilməklə) və həmin şəxslərin ünvanına(rəsmi qeydiyyatda olduğu) göndərilməsi vacibdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə göndərilməli olan bildirişlərin çatdırılmasının öz üzərinə götürülməsi, onu cavabdehin şəxsiyyətini müəyyən etməyə imkan verən eyniləşdirmə məlumatlarını iddia ərizəsində göstərmək vəzifəsindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmçinin həmin Məcəllənin 139.2-ci maddəsində məhkəmə bildirişində göstərilməli olan məlumatlar sadalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 149, 152.1,152.2, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa olunmuş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün iddiaçı SOCAR-ın İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar