Məhkəmə qərarları › İş №2(001)-1638/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1638/2023

06.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1638/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə 06 aprel 2023-cü il tarixdə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilərək, həmin akt üzrə ona təyin edilmiş 1037 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 1-ci döngənin sonunda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehin əməkdaşları tərəfindən 10 iyun 2022ci il tarixdə onun evinə quraşdırılmış mexaniki sayğac çıxarılaraq yenisi ilə əvəzlənmiş, sonradan onun məlumatı olmadan 15 sentyabr 2022-ci il tarixdə akt tərtib edilmiş və ona 1037 manat borc hesablanmışdır. Aktda göstərilmişdir ki, köhnə sayğacın çıxış plastmas borusunda olan əks klapan deşilmiş, boru ərimişdir. Halbuki, sayğacda baş vermiş bu problemlər onun təqsiri ucbatından deyil, sayğacın özünün keyfiyyətsizliyi ilə əlaqədar baş vermişdir. Bundan başqa, akt tərtib edilərkən onun iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək, izahatında göstərdi ki, cavabdehin əməkdaşları onun evinə daha əvvəl sayğac quraşdırarkən onun məlumatı olmamış, əməkdaşlar onun yetkinlik yaşına çatmamış oğluna akta imza etdirməklə köhnə sayğacı çıxarıb, yenisi ilə əvəzləmişlər. O, bundan xəbər tutan kimi aidiyyəti orqanlara şikayət etmiş, nəticədə 2022-ci ilin iyun ayında evinə yeni sayğac quraşdırılmışdır. Sayğac quraşdırılarkən onun cavabdehə istifadə etdiyi qaza görə borcu olmuş, bu borc onun ödənişlərindən hissə-hissə tutulmaqdadır. Lakin, 3 ay sonra borcun üzərinə daha 1037 manat əlavə edilmiş, o, bu barədə maraqlandıqda bu borcun aktla hesablandığını bilmişdir. Sayğac evin daxilində deyil, divarın küçəyə baxan hissəsinə quraşdırılmışdır. Onun daim həmin sayğaca nəzarət etmək imkanı olmadığı kimi, bu onun vəzifəsi deyil. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsi, 1037 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verilmiş, etirazda göstərilmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacı əməkdaşlar tərəfindən dəyişdirilərkən sayğaca müdaxilə faktı, yəni istehlakçı tərəfindən sayğaca müdaxilə nəticəsində istifadə olunan qaz sərfiyyatının qeydə alınmadığı aşkar olunmuşdur. Bu barədə abonentin özünün iştirakı ilə 10 iyun 2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akt tərtib edilmişdir. Aşkar olunan nöqsanlar iddiaçının diqqətinə çatdırılmış və o, qeyd olunan aktı imzalamışdır. Bunun nəticəsində cavabdeh tərəfindən itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək, faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Sonda iddianın təmin olunmaması xahiş edilmişdir. Mülki iş materiallarında olan: - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 10 iyun 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akta əsasən iddiaçının evinə quraşdırılmış Zenner G4 tipli sayğac yenisi ilə əvəzlənmişdir. - Cavabdeh İB “Qaz sayğacının yoxlanılması barədə” 29/1710-02400-1 saylı, 26 avqust 2022-ci il tarixli aktda göstərilmişdir ki, iddiaçının evindən götürülmüş sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunda olan əks klapanın deşildiyi və borunun əridiyi müəyyən edilmişdir. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda göstərilmişdir ki, 29/1710-02400-1 nömrəli akta əsasən iddiaçının evindən götürülmüş sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunda olan əks klapanın deşildiyi və borunun əridiyi müəyyən edilmişdir. Akt cavabdehin əməkdaşları tərəfindən imzalanmış, iddiaçı imza etməməklə, aktda onun imza etməkdən imtinası barədə qeyd mövcud deyildir. - Dəymiş ziyanın bərpasına dair tələbnamədə göstərilmişdir ki, qaz sayğacının nominal qaz sərfi 4 kub-metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın miqdarı 8640 kub-metrdir. - Abonentin saldosundan görünür ki, iddiaçıya məxsus evə 10 iyun 2022-ci il tarixdə “Zenner G4T Smart” tipli sayğac quraşdırılmış, 2022-ci ilin sentyabr ayına akt üzrə 1036,8 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan həmin məbləğ iddiaçıdan tələb oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də itirilmiş qazın miqdarı 8640 kub-metr hesablanmış, lakin bu miqdar qaz sayğacının nominal qaz sərfi 4 kub-metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən sayğaca müdaxilə faktı aşkar edilsəydi belə, itirilmiş qazın miqdarı iddiaçının evində olan qaz qurğularının gündəlik orta sərfiyyarına, orta günlük iş rejimi 24 saat deyil, daha ağlabatan müddətə hesablanmalı idi. Həmçinin, iddiaçının evinə 2022-ci ilin iyun ayında yeni sayğac quraşdırıldığı halda, 30 sentyabr 2022-ci il tarixli tələbnamədə borc üzrə hesabat müddətinin 90 gün kimi hesablanmasının hansı əsasla tətbiq olunması da cavabdeh tərəfdən məhkəməyə aydınlaşdırılmamışdır. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir. Bu məqamda məhkəmə qeyd edir ki, iddia tələbində 1037 manat borcun silinməsi göstərilsə də, 15 sentyabr 2022-ci il tarixli akta əsasən təyin edilmiş borcun 1036,8 manat olduğu müəyyən edildiyindən, iddia qismən təmin edilməli, sözügedən akt üzrə hesablanmış 1036,8 manat borc silinməlidir. İddia tələbinin aktın etibarsız hesab edilməsi hissəsinə münasibətdə isə, məhkəmə qeyd edir ki, tələbin bu hissəsi borcun silinməsini əhatə etməklə, formal olaraq qeyd edilmiş, aktın hansı əsasla etibarsız hesab edilməsinə dair nə iddia ərizəsində hüquqi əsaslandırma mövud deyil, nə də məhkəmə iclasındakı izahatında iddiaçı tələbinin bu hissəsini əsaslandırmamışdır. 15 sentyabr 2022-ci il tarixli həmin aktın məzmunundan da görünür ki, akt “Qaz sayğacının yoxlanılması barədə” MSK-29/1710-02400-1 saylı akta əsasən tərtib edilmiş, aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməsə də bu hal aktın etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, qeyd edilən akt vəzifə səlahiyyətlərinə uyğun olaraq Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmışdır. Aktın onlar tərəfindən tərtib edilməsi özlüyündə onun maraqlı şəxsin mənafeyinə xidmət etməsi anlamına gəlmir. Buna görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 1-ci döngənin sonunda yerləşən fərdi ev ünvanı üzrə tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 1036,8 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar