Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1644/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində imzalanmış 23 iyun 2023-cü il tarixli MŞB/16- 001132 saylı “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 02 iyul 2015-ci təvəllüdlü X2 anadan olmuşdur. 2(004)-6560/2017 saylı 22 noyabr 2017-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, övladı onun yanında saxlanılmış, uşağın saxlanılması üçün aliment tutulmuşdur. 23 iyun 2023-cü il tarixli MŞB/16-001132 saylı mediasiya prosesi zamanı bağlanan Barışıq sazişinə əsasən, barışıq sazişi imzalandıqdan sonra:
1. Maraqlı şəxs, birgə nikahdan anadan olmuş 02 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatana qədər anası Ərizəçi ilə birlikdə Azərbaycan Respublikasından kənara çıxmasına və ümumvətəndaş pasportu almasına razıdır.
2. Ərizəçi birgə nikahından anadan olmuş övladları 02 iyul 2015-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasından kənara apararkən, hansı ölkəyə gedəcəkləri və hansı tarixdə geri qayıdacaqları barədə atası Maraqlı şəxs məlumat verəcək. O, cavabdehə istənilən notariat kontorunda razılıq ərizəsi vermək üçün 07 dekabr 2023cü il tarixdə pretenziya məktub göndərmiş, lakin heç bir xəbər olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi eyni zamanda qeyd etmişdir ki, Maraqlı şəxs barışıq sazişini icra etmədiyinə görə ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, maraqlı şəxs ilk əvvəl uşağın ölkədən çıxarılmasına icazə versə də, sonradan etibarnaməni ləğv etmişdir. Həmçinin barışıq sazişinin 2-ci şərti ilə də razı deyil, ona məlumat vermək istəmir. Məhkəmə iclası barədə Maraqlı şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan 23 iyun 2023-cü il tarixli MŞB/16-001132 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “Maraqlı şəxs, birgə nikahdan anadan olmuş 02 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik (18) yaşına çatana qədər anası Ərizəçi ilə birlikdə Azərbaycan Respublikasından kənara çıxmasına və ümumvətəndaş pasportu almasına razıdır. 2. Ərizəçi birgə nikahından anadan olmuş övladları 02 iyul 2015-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasından kənara apararkən, hansı ölkəyə gedəcəkləri və hansı tarixdə geri qayıdacaqları barədə atası Maraqlı şəxs məlumat verəcək.” barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3726/2019 saylı 19 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Maraqlı şəxs 02 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6560/2017 saylı, 22 noyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 290996 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Məmmədova (Dadaşova) Aygün Yaşar qızı arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Bununla yanaşı, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11-ci maddəsi müəyyən edir ki, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə görə yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Beləliklə qanunvericiliyin tələblərinə əsasən valideynlər arasında mübahisə mövcud olduqda yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Məhkəmə baxışı zamanı işdə olan sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində bağlanmış barışıq sazişi qismən icra edilsə də, həmin saziş üzrə Maraqlı şəxs öz üzərinə götürdüyü tərəflərin birgə nikahlarından olan övladları 02 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası Ərizəçi ilə birlikdə Azərbaycan Respublikasından kənara çıxması barədə etibarnaməni sonradan ləğv etdirmiş, ərizəçi tərəf də məhkəmə baxışı zamanı sözügedən barışıq sazişinin 2-ci şərti ilə razı olmadığını açıqca bildirmiş və bununla da bir daha təsdiq edilmişdir ki, hazırda tərəflər arasında həmin barışıq sazişinin icrasında mübahisə mövcuddur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış 23 iyun 2023-cü il tarixli MŞB/16-001132 nömrəli Barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər həmin şərtlərə miqrasiya qanunvericiliyinin məhkəmənin səlahiyyətinə aid etdiyi məsələləri daxil etmişdirlər. Halbuki, tərəflərin birinin razılığı olmadıqda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi yalnız məhkəmə tərəfindən həll olunan məsələlərdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı barışıq sazişinin predmeti tərəflərin birgə nikahlarından olan övladları 02 iyul 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası Ərizəçi ilə birlikdə Azərbaycan Respublikasından kənara çıxması və sair olduğundan, tərəflər arasında sazişin şərtləri ilə bağlı mübahisə mövcud olduğundan, miqrasiya qanunvericiliyinin imperativ tələbinə görə tərəflərin birinin razılığı olmadıqda yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məhkəmə qaydasında həll olunan tələb olduğundan, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış 23 iyun 2023-cü il tarixli MŞB/16- 001132 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməli, digər valideynin razılığı olmadan tərəflərin birgə nikahlarından olan övladlarının ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı hüququ pozulan valideynə həmin tələblə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təsdiq edilməsindən imtina edilməsini nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış 23 iyun 2023-cü il tarixli MŞB/16-001132 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Digər valideynin razılığı olmadan tərəflərin birgə nikahlarından olan övladlarının ölkə hüdudlarından kənara çıxarılması ilə bağlı hüququ pozulan valideynə həmin tələblə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov